Sərbəst
toplaşmaq azadlığı ilə bağlı hüquqi
disbalans aradan qaldırılmalıdır
Sərbəst
toplaşmaq azadlığı tarix boyu insan hüquqları
uğrunda mübarizənin əsas leytmotivini təşkil
etmiş, ayrı-ayrı cəmiyyətlərdə
demokratiyanın mühüm göstəricisi kimi dəyərləndirilmişdir.
İnsanlar onları narahat edən, qayğılandıran məsələləri
ictimailəşdirərək mərkəzi hakimiyyətin diqqətinə çatdırmaq,
eləcə də hər hansı məsələyə sivil
qaydada etiraz etmək baxımından sərbəst toplaşmaq
azadlığına yüksək dəyər vermiş,
fundamental hüquq kimi təminatını vacib
saymışlar. Müasir dövrdə də sərbəst
toplaşmaq azadlığı vətəndaş fəallığının
və təşəbbüskarlığının
mühüm vasitəsi kimi nəzərdən keçirilir.
İnsanların qarşılaşdıqları problemlərin
həlli məqsədilə bir araya gəlməsi, ortaq
görüş və düşüncələrini
paylaşması, istənilən məsələ ilə
bağlı mövqelərini ortaya qoyması sərbəst
toplaşmaq azadlığının ictimai əhəmiyyətini
şərtləndirən mühüm amillərdir.
Sərbəst
toplaşmaq azadlığı demokratiyanın vacib
ünsürü olan vətəndaş cəmiyyətinin
formalaşması və inkişafı baxımından zəruri
hüquq hesab olunur. Məhz bu azadlıq vasitəsilə
insanlar hər cür zorakılıqdan, vandalizmdən kənar,
sivil çərçivədə etirazlarını ifadə
edir, özünütəsdiq imkanı əldə edirlər.
Sərbəst toplaşmaq azadlığı sivil siyasi
mübarizənin vacib elementi kimi çox əsrlər bundan əvvəl
formalaşsa da, onunla bağlı ilk mükəmməl nəzəriyyələr
XIX əsrdə yaranmağa başlamışdır.
Dövrünün böyük filosofları Jan Jak Russo, Con
Lokk və digərlərinin əsərlərində sərbəst
toplaşmaq azadlığı demokratik inkişaf
baxımından təminatı vacib olan hüquq kimi dəyərləndirilmişdir.
Hesab olunurdu ki, sərbəst toplaşmaq azadlığı
mahiyyəti etibarilə çox zəngin bir haqq olub, söz,
fikir, məlumat azadlıqlarından heç də az əhəmiyyət
daşımır. Azad fikirli insanlar öz düşüncələrini,
mövqelərini bildirmək, etiraz etmək məqsədilə
bir yerdə toplaşmaq istəklərini piketlər,
yürüşlər, mitinqlər vasitəsilə
reallaşdırırlar. Bu azadlıqlar bir-birini şərtləndirir
və bir-birindən doğur. Plüralist demokratiya
üçün vacib şərt təkcə müxtəlif
fikirlilik deyil, həm də bu fikirləri çatdırmaq
üçün müxtəlif alətlərin, mexanizmlərin
formalaşdırılmasıdır. Bu mənada, sərbəst
toplaşmaq azadlığı insanlara söz və fikir
azadlığından bir addım irəliyə getməyə
imkan verir. Eyni düşüncələri paylaşan insanların
bir araya gələrək təşkilatlanması isə bu
düşüncələrin cəmiyyətə
çatdırılmasına və həyata keçirilməsinə
imkan verir.
Sərbəst
toplaşmaq azadlığı əsas insan hüquqlarından
biri kimi müxtəlif milli və beynəlxalq aktlarda öz
dolğun əksini tapmışdır. Müasir qanunvericilik
aktlarında vətəndaşların siyasi və ictimai fəallığının
formaları kimi toplaşmaq azadlığının mitinq,
yığıncaq, nümayiş, piket və digər
üsullarla həyata keçirilməsi öz əksini
tapmışdır. İnsanların bir yerə toplaşaraq
öz fikirlərini açıq ifadə etməsi heç də
həmişə siyasi maraqlarla bağlı olmasa da, bir
sıra hüquq ədəbiyyatlarında dinc toplaşmaq
azadlığı siyasi hüquq və azadlıqların tərkib
hissəsi kimi nəzərdən keçirilir. Sərbəst
toplaşmaq azadlığı ən müxtəlif məsələlər
üzrə fikir ifadə etmə və fikir mübadiləsi
üçün əlverişli üsullardan biridir. Sərbəst
toplaşmaq azadlığı yalnız dinc və silahsız
yığıncaqları nəzərdə tutur. Yəni,
insanların hər hansı məsələ ilə
bağlı keçirdikləri toplantılar dinc xarakterli
olmalı, həmin toplantını təşkil edənlər
tərəfindən heç bir qanun pozuntusuna yol verilməməli,
ictimai asayiş pozulmamalıdır.
Sərbəst
toplaşmaq azadlığı vasitəsilə siyasi, ictimai və
mədəni həyatın inkişafı təmin edilir. Sərbəst
toplaşmaq azadlığının
reallaşdırılması vasitələri müəyyən
bir kütlənin, azlığın və ya çoxluğun
iradəsini ortaya qoymaq baxımından da əhəmiyyətlidir.
Bu vasitələrlə eyni baxışlara sahib olan
ayrı-ayrı fərdlər özlərini təqdim etmək
üçün daha geniş resurs və imkanlara malik qruplarda
təmsil olunurlar. Fikirlər bir insana yox, insanlar qrupuna aid
olduqda isə onların eşidilmək, qarşı fikirlərlə
rəqabət aparmaq, müzakirə olunmaq, qərarlar verilərkən
nəzərə alınmaq imkanları daha çox olur. Sərbəst
toplaşmaq azadlığının bütün şərtlərinin
təminat altına alınmadığı şəraitdə
plüralist demokratiyadan danışmaq mümkün deyildir.
BMT tərəfindən
qəbul edilmiş 1948-ci il 10 dekabr tarixli "İnsan
hüquqları haqqında ümumi bəyannamə"də
deyilir ki, "Hər bir şəxs dinc yığıncaqlar və
assosiasiyalar azadlığı hüququna malikdir". BMT-nin
1966-cı il 16 dekabr tarixli "Mülki və siyasi hüquqlar
haqqında beynəlxalq pakt"ının 21-ci maddəsində
göstərilir ki, "Dinc yığıncaqlar keçirmək
hüququ qəbul edilir. Bu hüquqdan istifadəyə qanuna
müvafiq surətdə qoyulan və demokratik cəmiyyətdə
dövlətin və ictimaiyyətin təhlükəsizliyi,
ictimai asayiş, əhalinin sağlamlığının və
mənəviyyatının və yaxud başqa şəxslərin
hüquq və azadlıqlarının qorunması mənafeləri
üçün zəruri olan məhdudiyyətlərdən
başqa, heç bir məhdudiyyət qoyula bilməz".
Avropa
İnsan Hüquqları Konvensiyasının 11-ci maddəsində
göstərilir. "1. Hər kəsin dinc toplaşmaq
azadlığı və öz maraqlarını müdafiə
etmək üçün həmkarlar ittifaqları yaratmaq və
onlara qoşulmaq hüququ da daxil olmaqla başqaları ilə
birləşmək azadlığı hüququ var. 2. Bu
hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik
və ictimai asayiş maraqları naminə,
iğtişaşın və cinayətin
qarşısını almaq üçün,
sağlamlığın və mənəviyyatın
mühafizəsi üçün və ya digər şəxslərin
hüquq və azadlıqlarının müdafiəsi
üçün qanunla nəzərdə tutulmuş və
demokratik cəmiyyətdə zəruri olanlardan başqa
heç bir məhdudiyyətlər qoyula bilməz".
Beynəlxalq
hüquqa həssaslıqla yanaşan, milli qanunvericiliyini
dünya standartlarına uyğunlaşdıran Azərbaycanda
insanların sərbəst toplaşmaq
azadlığının maksimum səviyyədə təminatı
üçün bütün zəruri tədbirlər
görülür. Azərbaycan Respublikasının 1995-ci il 12
noyabr tarixli Konstitusiyasının 49-cu maddəsində bu
azadlıq təsbit olunmuşdur. Həmin maddədə deyilir
ki, "Hər kəsin başqaları ilə birlikdə sərbəst
toplaşmaq azadlığı vardır. II. Hər kəsin
başqaları ilə birlikdə müvafiq dövlət
orqanlarını qabaqcadan xəbərdar etməklə dinc,
silahsız yığışmaq, yığıncaqlar, mitinqlər,
nümayişlər, küçə yürüşləri
keçirmək, piketlər düzəltmək hüququ
vardır".
"Sərbəst
toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikasının
Qanunu 1998-ci ilin 13 noyabrında qəbul edilmişdir. Avropa
Şurası Venesiya Komissiyasının müsbət rəyini
almış bu qanun Azərbaycan Respublikasının
Konstitusiyasına, Azərbaycanın qoşulduğu beynəlxalq
konvensiyalara uyğun olaraq qəbul edilmişdir.
Toplantıların keçirilməsi üçün
müvafiq icra hakimiyyəti orqanından icazə
alınmaması qanunun əsas xarakterik cəhətidir.
Kütləvi aksiyaların keçirilməsi
üçün xəbərdarlıq prosedurları, yerin
müəyyənləşdirilməsi, toplantıların məhdudlaşdırılması
və ya dayandırılması əsasları qanunda dəqiq
təsbit edilmişdir. İctimai və dövlət təhlükəsizliyi
mənafelərinin qorunması, ictimai asayişin
pozulmasının qarşısının alınması,
iğtişaş və ya cinayətlərin baş verməməsi,
əhalinin sağlamlığının mühafizəsi, əxlaq
normalarının və mənəviyyatın mühafizəsi,
habelə başqa şəxslərin hüquq və
azadlıqlarının müdafiəsi məqsədilə sərbəst
toplaşmaq azadlığının məhdudlaşdırılması
hüquqi əsaslar kimi qanunun 7-ci maddəsində öz əksini
tapmışdır.
"Sərbəst
toplaşmaq azadlığı haqqında" Azərbaycan
Respublikası Qanununun tələblərinin pozulmasına
görə bu gün qüvvədə olan Azərbaycan
qanunvericiliyi ilə inzibati və cinayət məsuliyyətləri
müəyyən edilmişdir. Azərbaycan
Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində
məsuliyyət müəyyən edən maddələrin
dispozisiya və sanksiya hissələrində hüquqi
uyğunsuzluq mövcuddur. İnzibati Xətalar Məcəlləsinin
bu gün qüvvədə olan 298-ci maddəsi bir hissədən
ibarətdir və maddənin dispozisiyasında
"Yığıncaqların, mitinqlərin, nümayişlərin,
küçə yürüşlərinin və piketlərin
təşkilinin və keçirilməsinin qanunvericiliklə
müəyyən edilmiş qaydasının pozulmasına
görə" inzibati-hüquqi məsuliyyət müəyyən
edilir.
Göründüyü
kimi, toplantıların təşkili və keçirilməsi
qaydalarının pozulmasına görə yalnız təşkilatçılar
üçün inzibati məsuliyyət nəzərdə
tutulmuşdur. Lakin belə toplantıların
iştirakçılarının məsuliyyətindən isə
söhbət getmir. Qanunsuz toplantıların bilavasitə
iştirakçılarının inzibati məsuliyyətinin
istisna olunması bu qəbildən olan qanun pozuntuları ilə
inzibati-hüquqi mübarizənin effektivliyini azaldır.
Qanunsuz toplantıların hərəkətverici qüvvəsi
olan iştirakçıların inzibati məsuliyyətdən
kənarda qalması həmin maddənin hüquqi
natamamlığını daha da qabardır. Nəzərə
alsaq ki qanunsuz toplantıların əsas hərəkətverici
qüvvəsi iştirakçılardır,
iştirakçıların hərəkətlərinə təşkilatçının
tam nəzarət imkanları məhduddur, qanunsuz toplantılar
ictimai asayişin kütləvi şəkildə pozulması və
digər insanların hüquqlarının əhəmiyyətli
dərəcədə pozulması təhlükəsi
yaradır, onda qanunsuz toplantıların ictimai təhlükəlilik
dərəcəsinin yüksək olduğu aşkar
görünür. İctimai təhlükəlilik dərəcəsi
yüksək olan xətalarda təşkilatçı ilə
yanaşı, iştirakçı üçün də
inzibati məsuliyyətin müəyyən edilməsi zəruridir.
Qanunvericiliyin tələblərini pozaraq təşkil edilib keçirilən toplantılar zamanı təşkilatçı ilə yanaşı iştirakçı üçün də inzibati məsuliyyətin müəyyən edilməsi dünya təcrübəsinə uyğundur. Belə ki, Belarus, Moldova, Qazaxıstan, Rusiya, Tacikistan, İtaliya, Almaniya, Böyük Britaniya, Fransa və s. ölkələrin analoji qanunlarında qanunsuz toplantıların iştirakçıları üçün də inzibati məsuliyyət müəyyən edilmişdir.
Qanun pozuntusuna qarşı hüquqi mübarizənin effektivliyinin ən vacib şərtlərindən biri qanun pozuntusu ilə bu pozuntuya görə tətbiq edilən inzibati tənbeh tədbiri və ya cinayət cəzası arasında hüquqi uyğunluğun olmasıdır. Konkret halda inzibati xəta ilə bu xətaya görə nəzərdə tutulmuş inzibati tənbeh tədbiri arasında hüquqi disbalansın olması faktiki olaraq inzibati tənbeh tədbirinin öz məqsədinə nail ola bilməməsini sərgiləyir. Çünki Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh tədbirinin məqsədi, "...inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq"dır. "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun tələblərinin pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 298-ci maddəsinin sanksiya hissəsində xəbərdarlıq və çox cüzi məbləğdə cərimənin (7 manatdan 13 manatadək) nəzərdə tutulması həmin məcəllənin 22-ci maddəsində təsbit olunan inzibati tənbeh tədbirinin məqsədlərinə ziddir. Çünki qanunsuz toplantıların təşkili və keçirilməsinə görə xəbərdarlıq və ya 7 manatdan 13 manata qədər cüzi inzibati cərimə inzibati xəta törədən şəxsi nə tərbiyələndirə, nə də onu və digərlərini yeni xətalar törətməkdən çəkindirə bilər. Xəbərdarlıq inzibati tənbeh tədbirləri sistemində ən yüngül tənbeh tədbiridir. Xəbərdarlıq və ya 7 manatdan 13 manatadək cərimə kimi çox yüngül inzibati tənbeh tədbirləri törədilən inzibati xətanın (qanunsuz yığıncaq, nümayiş, küçə yürüşü, piket) ictimai təhlükəlilik dərəcəsi ilə hüquqi uyğunluq təşkil etmir. Törədilən əməllərlə tətbiq edilən tənbeh tədbirləri arasında mövcud hüquqi disbalans Azərbaycanda hüquqi dövlət, demokratik cəmiyyət qurulması və ictimai asayişin etibarlı qorunması arzusunda olan şəxsi qane etdiyini düşünmürəm. Bu gün qüvvədə olan qanunvericiliyə görə qanunsuz toplantıların təşkili və keçirilməsində təkrarlıq cinayət məsuliyyətinə səbəb olmur. Biz belə bir müddəanı bu maddəyə gətirmək fikrində deyilik. Amma Qazaxıstan, Tacikistan, Belarus, Ukrayna, Türkmənistan və s. ölkələrin analoji məcəllələrində inzibati xətanın il ərzində təkrar törədilməsi cinayət məsuliyyətinə səbəb olur.
Qanun statik bir təsisat olduğu üçün cəmiyyətin dinamik inkişafı ilə ayaqlaşmır. Bu, təbii bir haldır. Qanunun, cəmiyyətin inkişaf səviyyəsinə, formalaşmış və ya formalaşmaqda olan ictimai münasibətləri tənzimləyə biləcək vəziyyətə gətirilməsi qanun yaradıcılığı fəaliyyətinin əsas elementlərindəndir. Burada hüquqi çevikliyin nümayiş etdirilməsi vacib məsələdir. Çünki cəmiyyətin inkişaf səviyyəsinə uyğun gəlməyən qanun çox çevik şəkildə dəyişdirilməsə və ya yeni qanunla əvəzlənməsə, ictimai münasibətlərin həmin sferası ya tənzimlənməyəcək, ya da qüsurlu şəkildə tənzimlənəcək. Bu da hər bir halda daha böyük qanunsuzluqlara yol açır. Odur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 298-ci maddəsi yeni redaksiyada verilməli və qanunsuz toplantıların təşkilatçıları ilə yanaşı, iştirakçıları üçün də inzibati məsuliyyətin müəyyən edilməsi bu sahədə hüquqi tənzimlənməni daha da dəqiqləşdirər. İctimai təhlükəlilik baxımından təşkilatçının əməlinin iştirakçının əməlinə nisbətən daha təhlükəli olması nəzərə alınmaqla təşkilatçıya tətbiq ediləcək inzibati tənbeh tədbiri də iştirakçı üçün nəzərdə tutulacaq inzibati tənbeh tədbirindən ağır olmalıdır.
Tərəfimdən 298-ci maddənin sanksiya hissəsinə ictimai işlər adlı yeni bir tənbeh növünün də daxil edilməsi təklif edilmişdir. İctimai işlər bu gün Cinayət Məsəlləsində cinayət cəzasıdır. Bu cəza növünün İnzibati Xətalar Məcəlləsinə inzibati tənbeh növü kimi daxil edilərək 298-ci maddənin də sanksiya hissəsində nəzərdə tutulması məhkəməni tənbeh növünü təyin edərkən inzibati cərimə, yoxsa inzibati həbs kimi "primitiv dilemma" qarşısında qalmaqdan xilas edər. Çünki bu gün İnzibati Xətalar Məcəlləsində əsas və işlək tənbeh növləri kimi inzibati cərimə və inzibati həbsdən istifadə edilir ki, bu da hüquqi məqsədəuyğunluq baxımından düzgün hesab edilə bilməz. İctimai işlərin İnzibati Xətalar Məcəlləsinə daxil edilməsi məhkəmələrin əməlin ictimai təhlükəlilik dərəcəsinə daha çox uyğun olan ədalətli tənbeh növünü seçmək imkanlarını genişləndirər.
Qanunsuz toplantıların iştirakçıları üçün üç yüz manatdan altı yüz manatadək inzibati cərimə və ya yüz altmış saatdan iki yüz saatadək ictimai işlər və ya on beş günədək inzibati həbs tənbeh tədbirlərinin müəyyən edilməsi daha məqsədəuyğun olar. Təşkilatçı fiziki şəxslər üçün isə min beş yüz manatdan üç min manatadək cərimə və ya iki yüz saatdan iki yüz qırx saatadək ictimai işlər və ya on beş günədək inzibati həbs, təşkilatçı vəzifəli şəxslər üçün üç min manatdan altı min manatadək cərimə, təşkilatçı hüquqi şəxslər üçün isə on beş min manatdan otuz min manatadək cərimə müəyyən edilməsi həmin əməlin ictimai təhlükəlilik dərəcəsinə daha çox uyğundur.
Qanunla müəyyən edilmiş qaydada təşkil edilməyən toplantıların təşkilatçıları ilə yanaşı, iştirakçıları üçün də inzibati məsuliyyətin müəyyən edilməsi, habelə sanksiyaların sərtləşdirilməsi qanunauyğun şəkildə təşkil edilmiş toplantıların keçirilməsinə mane olmağa görə inzibati məsuliyyət nəzərdə tutan 49-cu maddəyə də yenidən baxılması zərurətini yaratdı. Amma bu maddəyə edilən dəyişikliklərlə bağlı ümumiyyətlə, maraqlanan yoxdur. Çünki bu maddə, obrazlı desək, "siyasi şou düzəltmək üçün yararsız" maddədir. Həmin maddədə "Qanunvericiliklə müəyyən edilmiş qaydada təşkil edilən yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin keçirilməsinə mane olmağa görə" inzibati məsuliyyət müəyyən edilmişdir. Fiziki şəxslər üçün beş manatdan otuz manatadək, vəzifəli şəxslər üçün isə əlli manatdan yetmiş manatadək miqdarda cərimələr nəzərdə tutulmuşdur. Əməlin ictimai təhlükəlilik dərəcəsi ilə nəzərdə tutulmuş cüzi cərimələr arasında hüquqi uyğunluğun olmaması burada da özünü aydın göstərir. Ona görə də cərimələrin artırılaraq əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğunlaşdırılması zərurəti kəskin şəkildə görünür. Qanunla müəyyən edilmiş qaydada təşkil edilən toplantıların keçirilməsinə mane olmağa görə fiziki şəxslər üçün min beş yüz manatdan üç min manatadək, vəzifəli şəxslər üçün üç min manatdan altı min manatadək, hüquqi şəxslər üçün isə on beş min manatdan otuz min manatadək miqdarda cərimə təklif edilmişdir. Göründüyü kimi, 49-cu maddənin təsir dairəsi genişləndirilmişdir. Bu gün qüvvədə olan redaksiyada maddənin subyekti yalnız fiziki və vəzifəli şəxslər hesab edilir. Lakin belə toplantıların keçirilməsinə hüquqi şəxslərin də mane ola biləcəyini nəzərə alaraq hüquqi şəxslərin də subyektlər sırasına daxil edilməsi təklif edilmişdir. Fikrimizcə, subyektlərin dairəsinin genişləndirilməsi və sanksiyanın sərtləşdirilməsi qanuni toplantıların keçirilməsinə mane olan şəxslərlə mübarizənin kəskinliyini artırmış olar. Başqa bir cəhətə də fikir vermək lazımdır. Qanunsuz toplantıların təşkilatçılıarı üçün və qanuni toplantıların keçirilməsinə mane olan şəxslər üçün eyni məbləğdə cərimələr təklif edilmişdir. Çünki qanunla müəyyən edilmiş qaydada təşkil edilən toplantıların keçirilməsinə mane olan şəxslərlə kəskin mübarizənin aparılması da dövlətin maraqları daxilindədir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə qanunsuz toplantılar "vətəndaşların hüquq və qanuni mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda" 169-cu maddənin 1-ci hissəsi ilə cinayət məsuliyyəti meydana çıxır. "Toplantıların keçirilməsi zamanı toplantıda iştirak edənlər tərəfindən odlu və ya soyuq silah, yaxud partlayıcı maddə və qurğular, eləcə də ətrafdakıların həyat və sağlamlığı üçün təhlükə törədən sair maddə və əşyaları gəzdirmə" isə həmin maddənin 2-ci hissəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Maddənin 1-ci hissəsində cərimənin məbləği üç yüz manatadək, 2-ci hissəsində isə yüz manatdan beş yüz manatadəkdir. Fikrimcə, bu məbləğdə cərimələr həmin maddədə nəzərdə tutulmuş iki-üç il azadlıqdan məhrumetmə cəzasının alternativi ola bilməz. Burada da nəzərdə tutulmuş cərimələr cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinə uyğun deyil. Bu səbəb üzündən də bu maddənin hər iki hissəsində cərimənin beş min manatdan səkkiz min manatadək müəyyən edilməsi təklif edilmişdir.
Qanun dövlətin hüquq siyasətinə uyğun olmaqla yanaşı, cəmiyyətdə ictimai münasibətləri daha dəqiq, dolğun və çevik şəkildə tənzimləmək kimi mühüm bir funksiyanı icra edir. Hüquqi məsələlərə "tipik müxalifətçi" mövqeyindən yanaşmaq, mənsub olduğu siyasi partiyaya siyasi "dividendlər" qazandırmaq, özünü və partiyasını xalqa "sevdirmək" yolunu tutan bəzi soydaşlarımız qanunla müəyyən edilmiş qaydada təşkil edilməyən toplantıların iştirakçıları üçün də inzibati məsuliyyətin təklif edilməsinin dünya təcrübəsinə uyğun olmadığını söyləməklə bunu az qala, "hüquqi sensasiya" kimi qələmə verməyə çalışırlar. Qanunsuz toplantıların iştirakçılarının da inzibati məsuliyyətə cəlb edilməsi dünya təcrübəsinə uyğundur.
Təklif edilən inzibati cərimələrin orta aylıq əməkhaqqına uyğun olmadığını söyləməklə yuxarıda qeyd edilən "məqsəd"lərə nail olmaq istəyən bəzi soydaşlarımızın bu arqumenti də əsassızdır. İstər inzibati tənbeh kimi, istərsə də cinayət cəzası kimi cərimə qanun pozuntusu törətmiş şəxsin aylıq əməkhaqqına və aylıq gəlirlərinə deyil, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Nəzərdən qaçırmaq olmaz ki, cərimə inzibati qanunvericiliyə görə tənbeh, cinayət qanunvericiliyində isə cəza tədbiridir. O, vergi növü deyil ki, şəxsin gəlirlərinə uyğunlaşdırılsın. Cərimə tərbiyələndirici və çəkindirici məqsədləri güdən inzibati tənbeh tədbiri və cinayət cəzasıdır. Tənbeh və cəza tədbirini qanun pozuntusu törədənin gəlirlərinə "uyğunlaşdırmaq" düzgün hesab edilə bilməz! Bu, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 22-ci, Cinayət Məcəlləsinin isə 41-ci maddəsinə zidd olardı. Bu maddələrin tələblərinə görə cərimənin məqsədlərindən biri də həm qanun pozuntusu törədən şəxsi, həm də digərlərini yenidən belə əməllər törətməkdən çəkindirməkdir. Odur ki, cüzi cərimə belə bir məqsədə nail ola bilməz. Cərimənin fəlsəfəsi də qanun pozuntusu törədənin maliyyə vəziyyətinə zərbə vurmaqdan ibarətdir. Azərbaycan Respublikası CM-in 44.2-ci maddəsinə əsasən məhkəmə yalnız cəza təyin edərkən məhkumun əmlak vəziyyətini nəzər alır ki, bu da maddənin sanksiya hissəsində nəzərdə tutulmuş alternativ cəzaların və cərimənin minimum və maksimum hədləri daxilində edilir. Yəni, təyin ediləcək cəriməni ödəyə bilməyəcək şəxsə başqa tənbeh və yə cəza təyin edilir.
Qanunsuz toplantıların keçirilməsinə görə Avropa ölkələrinin əksəriyyətində daha sərt məsuliyyətlər müəyyən edilmişdir. İtaliyanın 1931-ci ildə qəbul edilmiş "Mitinqlərin keçirilməsinin tənzimlənməsi qaydaları" adlı qanununa görə əyalət polisi ofisinin direktoru (kvestor) tərəfindən icazə verilməmiş mitinqin təşkilatçısı 6 ay müddətinə həbs və 103 avrodan 413 avroyadək cərimə ilə cəzalandırılır. Əgər toplantı kvestor tərəfindən qadağan edilmişdirsə, onda tabe olmayan hər kəs 1 ilədək həbs və 206 avrodan 413 avroyadək cərimə ilə cəzalandırılır. Mitinqin dayandırılması qaydasına riayət etməyənlər isə 1 aydan 1 ilədək həbs və 30 avrodan 413 avroyadək cərimə ilə cəzalandırılırlar.
Almaniyanın 1978-ci il redaksiyasında olan "Toplantılar və küçə yürüşləri haqqında" qanununa görə təşkilatçıların icazə alması zəruridir. Əgər toplantıya icazə verilməmişdirsə, toplantını keçirməyə cəhd edən hər kəs polis tərəfindən tutulur və 1 aylıq əməkhaqqı qədər cərimə edilir. İctimai qayda kobud şəkildə pozularsa və ya zorakılıq hərəkətləri edilərsə, bu, cinayət məsuliyyətinə səbəb olur. İcazə verilməyən mitinqlərin təşkilatçıları 1 ilədək həbs ilə cəzalandırılırlar. Toplantının məqsədinə uyğun olmayan şüarların səsləndirilməsi qadağandır və toplantının dağıdılmasına səbəb olur.
Böyuk Britaniyada bu məsələlər "İctimai qayda haqqında" aktla tənzimlənir. Təşkilatçılar hakimiyyəti 6 gün əvvəl yazılı xəbərdar edirlər. Bu tələbin pozulması 1000 funt cərimə ilə cəzalandırılır. İcazə verilməmiş toplantının keçirilməsinə görə təşkilatçılar 3 aya qədər həbs və ya 2500 funt, iştirakçılar isə 1000 funt cərimə ilə cəzalandırılırlar. ABŞ-da toplantılarla bağlı hər ştatın öz qanunu var. Nyu-Yorkda 45 gün, Los-Ancelesdə 40 gün, Vaşinqtonda 15 gün (Azərbaycanda bu müddət 5 gündür) əvvəl toplantı keçiriləcəyi barədə hakimiyyət xəbərdar edilir. Toplantılar zamanı qanun pozuntularına görə cərimə 3000 dollara qədərdir. Texas ştatında isə 6 ayadək həbs də mövcuddur. İllinoys ştatında isə cərimə 2500 dollar və ya 1 ilədək həbs nəzərdə tutulur.
Fransada toplantıların keçrilməsinə icazəni şəhər və ya ərazi polisinin prefekti verir. Polisin 2 dəfə "dağılışın" əmrinə tabe olmayan iştirakçılar tutulur və 1 ilədək həbs və ya 15 min avro cərimə edilir. Əgər toplantı iştirakçısı tanınmamaq üçün sifətini tam və ya qismən örtərək gizlədərsə, 3 ilədək həbs və ya 45 min avro cərimə edilir. Toplantı iştirakçıları silah gəzdirərsə də, həmin cəza ilə cəzalandırılırlar. Toplantının icazəsiz olması barədə xəbərdarlıqdan sonra isə hərəkətlərini davam etdirən həmin şəxslər 5 ilədək həbs və ya 75 min avroyadək cəriməyə məruz qalırlar. Əgər izacə verilməmiş toplantıda əcnəbi şəxslər iştirak edirsə, onlar ya ömürlük, ya da 10 il müddətinə Fransaya gəlmək hüququndan məhrum edilirlər.
"Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikası Qanununda dəyişikliklər və bu dəyişikliklərlə bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrinə əlavə və dəyişikliklər edilməsi insanların sərbəst toplaşmaq azadlığı, habelə dinc toplantılar keçirilməsi əleyhinə deyildir. Məqsəd ictimai asayişin daha etibarlı şəkildə qorunması, qanunauyğun və dinc toplantıların keçirilməsi təcrübəsinin formalaşdırılması, hüquqi tənzimlənmənin dəqiqləşdirilməsi, əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğun tənbeh və cəzanın tətbiq edilməsi, qanunsuz əməllərdən çəkindirmək, Azərbaycan Respublikası qanunvericiliyinin dünya standartlarına uyğunlaşdırılması, habelə bu sferada ictimai münasibətlərin daha mükəmməl tənzimlənməsini təmin etməkdir.
Noyabr ayının 2-də Milli Məclis plenar
iclasında bu qanun layihələrini müzakirə edərək
qəbul etmişdir. Həmin layihələr hazırlanarkən
dünyanın 30-dan artıq ölkəsinin təcrübələri
öyrənilmişdir. Amma heç bir ölkənin
analoji qanunu etalon kimi götürülməmişdir.
Çünki ölkə Prezidenti cənab İlham Əliyevin
dediyi kimi, biz heç kimi təqlid etmirik, Azərbaycan
xalqının və dövlətinin mənafelərinə,
inkişaf xüsusiyyətlərinə uyğun olan qabaqcıl
təcrübədən istifadə edirik.
Xalq qəzeti.- 2012.- 7 noyabr.- S. 5.