Natəvan irsinə məhəbbət

 

Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialında sonuncu Qarabağ xanının qızı, şairə Xurşidbanu Natəvanın anadan olmasının 180 illiyinə həsr olunmuş yubiley mərasimi keçirildi.

 

Tədbiri giriş sözü ilə filialın direktoru, professor Xəqani Məmmədov açdı. Baş müəllim Qərənfil Rzayeva "Xurşidbanu Natəvanın həyatı və yaradıcılığı" mövzusunda məruzə etdi. Natiq XIX əsrin 50-ci illərindən bədii yaradıcılığa başlayan Xurşidbanu Natəvanın məhəbbət lirikası, təbiət gözəlliklərinə həsr edilmiş şeirləri və ictimai-siyasi məzmunlu qəzəllərinin sənətkarlıq xüsusiyyətlərindən bəhs etdi. O qeyd etdi ki, Natəvanın əsərləri bədii sənətkarlıq baxımından kamil sənət nümunələri olub, incə mətləblər, dərin hisslər təlqin edən qüvvətli lirika, poetik yüksəkliyə malik zəngin mənəvi irsdir.

Natəvanın ədəbi-bədii fəaliyyəti, "Məclisi-üns" ədəbi məclisinə maddi-mənəvi qayğısı, xeyirxah əməlləri, elmi, sənət adamlarını himayə etməsi yüksək insani dəyərlər kimi qiymətləndirildi. Dahi Füzulinin ədəbi ənənələrindən bəhrələnən Natəvan ana dilimizdə parlaq şeiriyyət yaratmışdır.

Filialın baş müəllimi Əli Əhmədov da Xan qızı adı ilə tanınan Xurşidbanu Natəvanın xeyirxah təşəbbüs və əməllərindən, yüksək insanpərvərliyindən danışdı. Sonda filial əməkdaşlarının və tələbələrin iştirakı ilə təşkil olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirildi.

 

 

Ziyəddin SULTANOV

 

Xalq qəzeti.- 2012.- 7 noyabr.- S. 4.