Londonda Beynəlxalq Turizm Sərgisi keçirilir

 

Böyük Britaniyanın London şəhərində keçirilən "WTM 2012" Beynəlxalq Turizm Sərgisində Azərbaycan Respublikası mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi altında nümayəndə heyəti iştirak edir. Bu barədə nazirliyin rəsmi saytı (mct.gov.az) məlumat yayıb.

Məlumatda bildirilir ki, sərgidə 11 yerli turizm şirkəti, 2 mehmanxana və Azərbaycan Qolf Federasiyası təmsil olunur.

Sərgidə respublikamızın turizm imkanlarını əks etdirən 105 kv.m sahədə lövhə quraşdırılmış, lövhədə "Azərbaycan Hava Yolları" aviaşirkəti üçün xüsusi yer ayrılmışdır. Sərgiyə gələn ziyarətçi və iştirakçılara ingilis dilində müxtəlif növ reklam-çap məhsulları, eləcə də digər təbliğat materialları paylanmışdır.

2002-ci ildən başlayaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyiyerli turizm şirkətləri artıq onuncu dəfədir ki, "WTM" Beynəlxalq Turizm Sərgisində iştirak edir. Ötən il sərgidə ölkəmiz ilə yanaşı, 185 ölkədən 5117-yə yaxın şirkət təmsil olunmuşdur.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2012.- 8 noyabr.- S. 7.