Yeni Azərbaycan Partiyası dövlətçiliyimizin inkişafında müstəsna rol oynayıb

 

Partiyanın yaranmasının 20-ci ildönümü ilə əlaqədar Nəsimi rayon təşkilatında keçirilən tədbirdə bu barədə ərtaflı danışıldı.

 

Dünən Yeni Azərbaycan Partiyasının yaranmasının 20-ci ildönümü münasibətilə Tibb Universitetində təntənəli tədbir keçirilmişdir. Tədbiri açıq elan edən YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı partiyanın ölkəmizin ictimai-siyasi həyatındakı müstəsna rolundan söhbət açdı. Yeni Azərbaycan Partiyasının ölkənin ən güclü siyasi qüvvəsinə çevrilməsində partiyanın yaradıcısı, ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərini ön plana çəkən təşkilat sədri qeyd etdi ki, həmin dövrdə ağır və çıxılmaz vəziyyətdə olan ölkədə xalqı arxasınca apara biləcək siyasi partiyanın yaradılmasına zəruri ehtiyac var idi. Həmin vaxt tez-tez hakimiyyət dəyişiklikləri və daxili siyasi qarşıdurmanın dərinləşməsi sayəsində ölkədə böhran vəziyyəti qorxulu həddə çatmışdı. Cəmiyyət ümumxalq inamına malik olan və ilk növbədə milli birliyə, vətəndaş həmrəyliyinə əsaslanaraq ölkəni böhrandan xilas etməyə qadir olan yeni siyasi qüvvəyə ehtiyac duyurdu. Belə bir lider isə yalnız tarixi şəxsiyyət Heydər Əliyev idi. Xalq son ümid yeri kimi ulu öndərə müraciət etdi.

M.İbrahimqızı dedi ki, ürəyi həmişə xalqı, milləti və Vətəni ilə döyünən müdrik şəxsiyyət Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasına razılıq verdi. Ümummilli lider Heydər Əliyev ziyalıların müraciəti ilə tanış olduqdan sonra dərhal onlara cavab ünvanlamış, ölkəmizdəki mövcud ağır və dözülməz vəziyyəti təhlil etmiş, çıxış yollarını da göstərmişdir. Ulu öndər ziyalılara cavabını belə yekunlaşdırmışdır:"Son zamanlar Azərbaycanın parçalanmasına yönəldilmiş meyllərin təzahürü böyük təhlükə yaradır. Belə meyllərin qarşısı qətiyyətlə alınmalıdır. Yaranan problemlər sivil və demokratik yollarla həll edilməlidir. Azərbaycan onilliklərlə, yüzilliklərlə onun ərazisində yaşayan bütün insanların vətəni olmuşdur. Yaranmış vahid, bütöv Azərbaycanın demokratik prinsiplər əsasında qorunub saxlanması və inkişaf etdirilməsi, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi üçün mühüm vəzifə və əsas şərtdir. Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən yeni Azərbaycan siyasi partiyasının yaradılması obyektiv zəruriyyətdən doğulur. Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Əgər belə partiya yaradılarsa, onun fəaliyyətində fəal iştirak etməyə hazıram".

Yeni Azərbaycan Partiyası yarandığı gündən müstəqilliyimizin möhkəmləndirilməsində, milli dövlətçiliyimizin inkişafında və ölkəmizin beynəlxalq aləmə inteqrasiyasında müstəsna rol oynamışdır. Natiq partiyanın siyasi xəttinin, ideyalarının bu gün möhtərəm Prezidentimiz, YAP sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğulayaraq dedi ki, hazırda Azərbaycanın dünya miqyasında qazandığı uğurlara görə ulu öndər Heydər Əliyevə və onun siyasi kursunu layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevə borcluyuq. O qeyd etdi ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri - daimi üzv seçilməsi və bu quruma bir dəfə sədrlik etməsi ölkəmizin dünya birliyində reytinqinin sürətlə artmasının göstəricisidir.

M.İbrahimqızı hazırda müstəqil dövlətimizin dünya birliyinin layiqli üzvlərindən birinə çevrildiyini vurğulayaraq bütün bunların Yeni Azərbaycan Partiyasının sədri, dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi uğurlu diplomatik fəaliyyətinin nəticəsi olduğunu diqqətə çatdırdı.

Hazırda ölkəmizin sürətli inkişaf yoluna qədəm qoyduğunu xatırladan təşkilat sədri xalqımızı narahat edən problemlərdən də söhbət açdı. O dedi ki, hər bir azərbaycanlını narahat edən əsas problem işğal altında olan torpaqlarımızın azad edilməsi və soydaşlarımızın öz doğma ocaqlarına qaytarılmasıdır. Bir vaxtlar ölkəyə rəhbərlik etmiş səriştəsiz, təcrübəsiz və siyasi naşıların günahı üzündən bu gün torpaqlarımızın iyirmi faizi hələ də işğal altındadır. M.İbrahimqızı əminliklə bildirdi ki, işğal altında olan torpaqlarımız məhz Prezident İlham Əliyevin siyasi fəaliyyəti nəticəsində azad olunacaq.

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev, YAP Nəsimi rayon idarə heyətinin üzvü, AMEA-nın üzvü Kamal Abdullayev, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov və digərləri çıxış edərək YAP-ın iyirmi il ərzində keçdiyi uğurlu yoldan danışdılar. Qeyd olundu ki, Nəsimi rayon təşkilatının yubiley tədbirini Tibb Universitetində keçirilməsi təsadüfi deyil. İyirmi il əvvəl məhz bu təhsil ocağında YAP Nəsimi rayon təşkilatı təsis olunmuşdur.

Sonra veteran partiya üzvlərinə mükafatlar təqdim olundu. Tədbir maraqlı konsert proqramı ilə başa çatdı.

 

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2012.- 8 noyabr.- S. 4.