Bayrağımız qürur mənbəyimizdir!

 

Dövlət Bayrağı Meydanı. Bu səhər Xəzərin sahilində payız küləyinin sərinliyi duyulurdu. Meydana gələnlərin çöhrəsində şadlıq əhval-ruhiyyəsi, bayram ovqatı ürəklərdə xoş duyğular yaradırdı.

 

Bayram tədbirinə gələnlər möhtəşəm üçrəngli Dövlət bayrağımızın əzəmətlə dalğalandığını böyük qürur və iftixarla seyr edirdilər. Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2009-cu il noyabrın 17-də Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında imzaladığı sərəncama əsasən hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin Təhsil, Gənclər və İdman Nazirlikləri ilə birgə keçirdiyi Dövlət Bayrağı Gününə həsr olunmuş "Bayrağımız-qürur mənbəyimizdir!" adlı tədbir başladı. Meydan kompleksinin konfrans salonunda Dövlət Sərhəd Xidmətinin nümunəvi hərbi orkestrinin ifası ilə təntənəli şəraitdə Dövlət Bayrağı Gününə həsr olunan rəsm müsabiqəsi açıq elan edildi.

Azərbaycan Respublikasının Dövlət himni səsləndi. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi Rəşad Məmmədov bayram iştirakçılarını salamlayaraq dedi:

-Bugünkü bayram bizim üçün xüsusi əhəmiyyət daşıyır. Başımız üzərində dalğalanan üçrəngli bayrağımız 70 ildən sonra ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə xalqımızın istiqlal rəmzi kimi rəsmən təsdiq edilib. Ümummilli liderimiz demişdir: "Azərbaycan bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir.

Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil, bunu dərk etsin,qiymətləndirsin. Bayrağa olan məhəbbət, vətənə, xalqa, dövlətə olan məhəbbətə bərabər olsun. Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun. Bu bayraq tək rəsmi yerlərdə-idarələrdə, küçələrdə, saraylarda, məktəblərdə yox, gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun".

Ümummilli liderin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev ölkəmizin milli dövlət rəmzlərini uca tutaraq, 2010-cu il sentyabrın 1-də memorial abidə-istirahət parkının təntənəli açılış mərasimində iştirak etmiş və dünyanın ən uca və böyük üçrəngli bayrağını dalğalandırmışdır. Bu, Prezidentimizin dövlət rəmzlərinə verdiyi dəyərin bariz nümunəsidir.

Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət, həmçinin ordu quruculuğu sahəsində görülən işlər bizə əminlik verir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləndən sonra dövlət bayrağımız işğal altında olan torpaqlarda yenidən dalğalanacaqdır.

Çıxış edənlər qeyd etdilər ki, Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi ikinci ildir məktəblilər arasında Dövlət Bayrağı Gününə həsr olunan rəsm müsabiqəsi keçirir. Keçən il bu müsabiqəyə 100 məktəbli qatılmışdısa, bu il onların sayı xeyli artmışdır. Cari ilin oktyabrın 1-dən 25-dək Azərbaycanın bütün məktəblərindən müsabiqəyə 460 rəsm əsəri təqdim olunmuşdu.

Mərasimin musiqili-əyləncəli proqramında istedadlı gənclər öz məharətlərini göstərdilər. "Batter-flay" musiqi qrupunun üzvləri, gənc bəstəkar Ülviyyə Xəlilovanın yetirmələrinin oxuduqları mahnılar və Uşaq Əyləncə Mərkəzinin "Ay işığı" rəqs qrupunun ifaları, Prezident təqüdçüsü Yasin Həsənovun və başqalarının çıxışı hərarətli alqışlarla qarşılandı.

Təntənəli musiqi sədaları altında əllərində Azərbaycan bayraqlarını tutan müəllim və şagirdlərin müşayiəti ilə müsabiqənin qalibləri elan edildi. Geniş salonda sərgilənən 100 əsər müəllifindən 5-nin azyaşlı olduğu qeyd olundu. Qaliblərə mükafatları Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi Rəşad Məmmədov, Azərbaycan Rəssamlıq Akademiyasının professoru, xalq rəssamı Səlhab Məmmədov, Təhsil Nazirliyi tərbiyə və məktəbdən kənar müəssisələrlə iş şöbəsinin müdiri Ağababa İbrahimov təqdim etdilər. Münsiflər heyəti qaliblər və müsabiqə iştirakçıları ilə birlikdə Dövlət Bayrağı Muzeyini ziyarət etdilər.

Sonra Dövlət Bayrağı Meydanı ərazisində Azərbaycan incəsənət ustalarının ifasında tamaşaçılara möhtəşəm konsert proqramı təqdim edildi.

 

 

Afət SADIQOĞLU

 

Xalq qəzeti.- 2012.- 11 noyabr.- S. 3.