Konstitusiyamız Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesində misilsiz rola malikdir

 

Bu Konstitusiya Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunmasına əsas verən bir sənəddir. Azərbaycan ərazisinin bölünməzliyini dünyada bir daha təsdiq edən, Azərbaycanda hakimiyyətin hansı bir qrup tərəfindən olursa-olsun, mənimsənilməsinin qarşısını alan bir sənəddir. Ona görə də bu bizim Qarabağ məsələsini, Ermənistanla Azərbaycan arasında olan münaqişə məsələsini də həll etməyə kömək edəcəkdir.

 

Heydər ƏLİYEV,

Ümummilli lider

 

 

Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etməsindən sonra keçirilən ilk demokratik və ədalətli parlament seçkilərinin və eyni zamanda ilk milli Konstitusiyamızın qəbul edilməsinin növbəti ildönümü bütün soydaşlarımız tərəfindən böyük məmnunluq və iftixarla qeyd olundu. Çünki ölkəmizdə dövlət quruculuğu prosesinin uğurla başa çatdırılmasında həmin hadisələrin, xüsusən müasir dövrün tələblərinə tam cavab verən Konstitusiyanın nə qədər böyük rol oynadığını izah etməyə ehtiyac yoxdur.

Heç kəsə sirr deyil ki, müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının formalaşdırılması, dövlətçiliyin milli-ideoloji düşüncə tərzinə çevrilməsi prosesi ulu öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Respublikası Konstitusiyasının prinsipial müddəaları əsasında həyata keçirilmişdir. Əsas Qanun müasir dünyada geniş yayılmış hakimiyyət bölgüsü, Konstitusiya nəzarəti, siyasi plüralizm, insan hüquqlarının qorunması prinsiplərinə əsaslanır. Əsas Qanun yüksək və birbaşa hüquqi qüvvəyə malik olmaqla ölkəmizdə qanunların aliliyinə hörmətlə yanaşma prinsipini müəyyənləşdirmişdir.

Sürətli iqtisadi inkişafı, qətiyyətli, müstəqil xarici siyasəti ilə diqqəti özünə cəlb edən Azərbaycanın bugünkü uğurları ulu öndər Heydər Əliyevin siyasi müdrikliyi nəticəsində ərsəyə gəlmiş ilk milli Konstitusiyamızın mükəmməlliyinin, müasirliyinin və möhtəşəmliyinin nəticəsidir. Bütün bunların belə olacağını sanki, əvvəldən bilən ulu öndər ümidvar olduğunu bildirmişdi ki, 1995-ci ildə qəbul edilən Konstitusiya uzunömürlü olacaq və bir çox illər, onilliklər boyu Azərbaycan Respublikasının, Azərbaycan xalqının demokratiya yolu ilə, hüquqi-demokratik dövlət quruculuğu yolu ilə inamla irəliləyişini, iqtisadi-siyasi inkişafını müəyyən edəcəkdir. Və zaman ulu öndərin həmin ümidlərini doğrultdu. Müstəqil Azərbaycan bütün dünyada əsas insan hüquqlarının tam şəkildə qorunmasını təmin edən ölkə kimi, mətbuat üzərindən senzuranı götürən dövlət kimi yeni nüfuz qazandı və sürətli inkişaf yoluna qədəm qoydu. Müstəqil Azərbaycan ölüm hökmünün ləğvinə nail olan ilk Şərq ölkəsi olaraq Əsas Qanunda insan hüquq və azadlıqlarına əbəs yerə böyük önəm vermədiyini sübut etdi. Bütün bu amillər Azərbaycanın Avropa ailəsinə inteqrasiyasını sürətləndirdi və yeni əsrin ilk ilində Azərbaycan Avropa Şurasının tamhüquqlu üzvlüyünə qəbul edildi, insan hüquqları ilə bağlı əsas beynəlxalq konvensiyalara qoşuldu, bu sahədə üzərinə mühüm öhdəliklər götürdü.

Bu məqamda xatırladaq ki, 1993-cü ilin iyun ayına qədər bəzi avropalı mütəxəssislər Azərbaycanın sivil, demokratik, dünyəvi və hüquqi dövlət quruculuğu kursu götürəcəyinə böyük şübhə ilə yanaşırdılar. Ancaq həmin tarixdən sonra onlar çox böyük etiraflar səsləndirmək məcburiyyətində qalmışdılar. Heydər Əliyevin parlament sədri seçilməsindən etibarən, xüsusən, dövlət başçısı vəzifəsinə seçildikdən dərhal sonra dəfələrlə bəyan etdiyi fikirlər ölkə əhalisi və xaricdəki dostlarımız tərəfindən böyük səmimiyyətlə qəbul edilirdi. Hamı birmənalı şəkildə inanırdı ki, ulu öndərin "Biz sivil, hüquqi, dünyəvi və demokratik dövlət quruculuğu kursu götürəcəyik" - deyə verdiyi bəyanatlar günün reallığına çevriləcək. Ancaq yuxarıda qeyd etdiyimiz bəzi xarici dairələr bu qənaətdə idilər ki, uzun müddət SSRİ rəhbərliyində işləmiş Heydər Əliyev demokratik dövlətçilik prinsiplərini yaxına buraxmayacaq. Tarix onların yanlış mövqedə olduğunu tez bir zamanda sübuta yetirdi. 1995-ci ilin dekabrında Almaniya parlamentinin ən tanınmış simalarından olan Villi Vimmer açıq şəkildə etiraf etdi ki, Heydər Əliyevin demokratik dövlətçilik yolu tutacağına inanmayanlardan biri də mən idim. Ancaq onun rəhbərliyi ilə işlənib hazırlanan və şəxsi nəzarəti altında qəbul edilən Azərbaycan Konstitusiyası sübut etdi ki, Heydər Əliyev əksər Avropa siyasətçilərinə nisbətən qat-qat üstün demokratik dünyagörüşünə malik bir siyasətçidir.

1996-cı ilin fevral ayında Azərbaycanda rəsmi səfərdə olan digər avropalı parlamentarilər də etiraf etmişdilər ki, əski qitədəki ölkələrin heç birinin konstitusiyasında Azərbaycan Konstitusiyasında olduğu qədər humanist prinsiplər yoxdur. Əsas insan hüquq və azadlıqlarının qorunmasına aid bütöv bir fəslin (50-dək maddə) yer tutduğu bu mükəmməl sənədi oxuyan avropalılar səmimiyyətlə bildirirdilər ki, bu ölkə cəmiyyət həyatının bütün sahələrində həqiqi bir inkişaf yoluna çıxacaqdır. Çünki bu ölkəyə yeni qəbul edilmiş Azərbaycan Konstitusiyasının müəllifi olan bir insan rəhbərlik edir və o sənəddə sivil, hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu kursunun icrası üçün zəruri olan bütün müddəalar vardır. "Əgər bu Konstitusiya bu şəkildə icra edilərsə, Azərbaycan tezliklə beynəlxalq ictimaiyyətin ən nüfuzlu subyektlərindən birinə çevriləcəkdir". Avropalılar tamamilə haqlı idilər. Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Konstitusiya Azərbaycanı çox qısa bir müddətdə beynəlxalq aləmin ən layiqli üzvlərindən birinə çevirdi.

Konstitusiyamız haqqında avropalıların qeyd etdikləri fikirlər, əslində, elitar cəmiyyətin xüsusiyyətlərini öz müdrik kəlamları ilə ifadə edən böyük filosofların dediklərini əks etdirir. Məsələn, cəmiyyətdəki qanunların və qaydaların ədalətli, ali səviyyəli olmasını arzu edən Sokrat öz tələbələrinə demişdi: "Təkcə bizim gördüyümüz səma və yer deyil, eləcə də görmədiyimiz insan təfəkkürü də Tanrının iradəsini əks etdirməlidir ki, yazılan qanun və qaydalar ədalətli olsun". Yəni, istənilən qanun bir şəxsin arzusu ilə yaranarsa və ya hansısa bir qrupun, zümrənin maraqlarına uyğun işlənərsə, deməli, həmin qanunun müəllifləri tanrının iradəsinə zidd getmiş olurlar. Çünki insan xəlq edilərkən ona çoxsaylı hüquq və azadlıqlar da bəxş olunmuşdur. Həmin hüquq və azadlıqların təmin edilməməsi isə qeyd etdiyimiz kimi artıq fərdin və ya fərdlərin deyil, bütövlükdə haqqın-ədalətin iradəsinə qarşı çıxmaqdır. Bu baxımdan Azərbaycan Konstitusiyası yüksək ali keyfiyyətlərə malikdir.

Həm yerli ekspertlərin, həm də əcnəbi qanunvericilərin Azərbaycan Konstitusiyasını bu qədər yüksək qiymətləndirmələrinin əsaslı səbəbləri vardır. Əvvəla ona görə ki, yuxarıda qeyd etdiyimiz kimi, bu Əsas Qanunun layihəsini işləyib hazırlayan xüsusi komissiyanın sədri uzun illər dünyanın ən aparıcı dövlətlərindən birinin ali idarəetmə sistemində çalışmış müdrik dövlət xadimi idi. O, "xalq - dövlət", "dövlət - xalq", eləcə də "qanun-vətəndaş", "vətəndaş-qanun" münasibətlərini ən incə məqamlarına qədər bilirdi. Bundan başqa, ulu öndər Heydər Əliyev Azərbaycan Konstitusiyasının layihəsinin hazırlanması zamanı Qərb dövlətlərinin müvafiq təcrübəsinin əsas götürülməsinə, Şərq müdriklərinin idarəetmə və qanunvericilik haqqında çoxsaylı nümunələrinə əsaslanmağı vacib saymış və konstitusiya layihəsi hazırlanarkən bu prinsipə əməl edilmişdi. Azərbaycan Konstitusiyasında Avropa demokratiyasını və türk-müsəlman ədalətini özündə əks etdirən prinsiplər cəmləşdirilmişdi. Eyni zamanda, "Biz Şərqdən bəhrələnərək, Qərbdən öyrənərək, öz milli-mənəvi dəyərlərimizə əsaslanaraq inkişaf edəcəyik" - deyən Heydər Əliyev ilk Azərbaycan Konstitusiyasının daha çox öz milli-mənəvi dəyərlərimiz əsasında qurulmasını vacib saymışdı.

Digər bir məqam ondan ibarətdir ki, 1995-ci ildə qəbul edilmiş Azərbaycan Konstitusiyası ona görə dünya qanunvericilik təcrübəsi səviyyəsində ərsəyə gəlmişdi ki, bu sənədin layihəsini hazırlayan komissiyanın sədri bir dəfə Azərbaycan Konstitusiyasının işlənib hazırlanmasının və qəbul edilməsinin müəllifi olmuşdu. Heydər Əliyev 1978-ci ildə qəbul edilmiş Azərbaycan Konstitusiyasının da o zamankı qanunların əsas istiqamətindən fərqli olaraq sırf milli mənafeyə xidmət edən şəkildə qurulmasına nail olmuşdu. Həmin Konstitusiyaya Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması barədə müddəanın daxil edilməsi Heydər Əliyevin o dövr üçün çox böyük uğuru idi.

Müstəqil respublikamızın ilk Konstitusiyasının hüquqi baxımdan və siyasi-mənəvi aspektdən ən ali səviyyədə qurulmasının əsas səbəblərindən biri də ölkəmizdə 1918-20-ci illərdə baş verən ictimai-siyasi proseslərə dərindən istinad etməyimiz idi. Yəni o zaman qazanılmış müsbət təcrübələr öyrənilir, buraxılmış səhvlərin təkrar edilməməsi üçün yollar, variantlar axtarılırdı. Milli tariximizdəki istənilən hadisəyə böyük həssaslıqla yanaşan ulu öndər bütün hadisələrdən müvafiq dərs almağı tövsiyə edirdi və 1995-ci ildə Konstitusiya layihəsi işlənib hazırlanarkən də həmin dərslər nəzərə alınmışdı.

Bütün bunları nəzərə alan ulu öndər yeni qəbul edilmiş Azərbaycan Konstitusiyasının dünyanın heç bir analoji sənədinə bənzəmədiyini söyləyirdi: "Mənim fikrimcə, bu layihə demokratik prinsipləri əks etdirən sənəddir. Biz demokratiya, dövlətçilik istiqamətində müstəqil dövlət qurmaq sahəsində böyük yol keçmiş ölkələrin konstitusiya yaratmaq, konstitusiya inkişafı təcrübəsindən istifadə etməyə çalışmışıq. Bir çox ölkələrin, o cümlədən Qərb ölkələrinin, Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələrin konstitusiyalarını çox diqqətlə öyrənmişik. Təbii ki, həm də tarixi, milli adət və ənənələri əsas tutaraq, milli və tarixi keçmişimizə dərin hörmətimizi ifadə edərək, öz konstitusiyamızın layihəsini hazırlamışıq. Bu, bizim - müstəqil Azərbaycanın Konstitusiyasıdır və belə hesab edirəm ki, dünya təcrübəsində olan bir çox şeyləri əks etdirsə də, heç bir başqa konstitusiyaya bənzəmir. Bu, bizim konstitusiyamız, Azərbaycan Konstitusiyasıdır və mən bunu çox mühüm, tarixi nailiyyət hesab edirəm. Bu konstitusiyanın yaradılmasına öz töhfəmi verməyə imkanım olduğuna görə sevinir və özümü xoşbəxt sanıram". Ulu öndər ümidvar olduğunu bildirirdi ki, bu konstitusiya uzunömürlü olacaq və bir çox illər, onilliklər boyu Azərbaycan Respublikasının, Azərbaycan xalqının demokratiya yolu ilə, hüquqi-demokratik dövlət quruculuğu yolu ilə inamla irəliləyişini, inkişafını müəyyən edəcəkdir. Zaman ulu öndərin həmin ümidlərini doğrultdu.

Türk dünyasının böyük oğlu onu da qeyd edirdi ki, dünyanın bütün konstitusiyaları kimi Azərbaycan Konstitusiyası da daimi deyildir və ölkəmiz, dövlətimiz inkişaf etdikcə əsas qanunumuzda bəzi dəyişiklik və əlavələrin edilməsi tamamilə təbiidir. Həqiqətən də müstəqillik dövründə ilk Konstitusiyamızın qəbul edilməsindən keçən illər ərzində cəmiyyət və dövlət həyatının müxtəlif sahələrində köklü dəyişikliklər baş vermiş, hərtərəfli demokratik islahatlar aparılmış, o cümlədən ölkənin bütün hüquq sistemi yenidən qurulmuş, insan haqlarının daha etibarlı qorunması üçün yeni üçpilləli məhkəmə hakimiyyəti yaradılmış, hüquq-mühafizə sisteminin fəaliyyətinin demokratik dəyərlərlə uzlaşdırılması üçün göstərildiyi kimi, beynəlxalq standartlara uyğun qanunlar və məcəllələr qəbul edilmişdir. İctimai-siyasi həyatda baş vermiş bütün bu yeniliklər milli qanunvericiliyimizin konstitusion prinsipləri ilə bilavasitə bağlı olduğu üçün ölkəmizin Konstitusiyasına da müvafiq dəyişikliklər edilməsi mühüm və labüd olmuşdur. Buna görə də referendum yolu ilə 2002-ci il avqustun 24-də müəyyən dəyişikliklər edilmiş Konistitusiyamız, sözün həqiqi mənasında, beynəlxalq standartlara cavab verən normativ-hüquqi bir sənəd oldu. Həmin referendumla Konstitusiyaya insan hüquq və azadlıqlarının daha səmərəli təminatına xidmət edən, obyektiv reallıqdan irəli gələn bir sıra mütərəqqi dəyişikliklər edilmişdir.

2009-cu ilin martın 18-də baş tutan Azərbaycan Respublikası Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi ilə bağlı ümumxalq səsverməsi də ölkədə həyata keçirilən islahatların mahiyyətindən irəli gəlirdi. Respublikamızda gerçəkləşdirilən iqtisadi-siyasi islahatlar müasir dövrün tələbləri səviyyəsində yeni reallığın ortaya çıxmasını və nəticədə qanunvericilik bazasının daha da təkmilləşdirilməsini tələb edirdi. Referendum nəticəsində 29 maddədə 41 əlavə və dəyişikliyin aparılması, Əsas Qanunda insan və vətəndaş hüquq və azadlıqlarına əlavə təminat yaratdı. Konstitusiyadakı əlavə və dəyişikliklərin mühüm bir qismi Azərbaycan dövlətinin insan və şəxsiyyət amilini yüksək tutaraq yeritdiyi sosial yönümlü siyasətin daha dolğun, hərtərəfli ifadəsinə, vətəndaşların bu sahədə hüquq və səlahiyyətlərinin genişləndirilməsinə, dövlətin sosial məsuliyyətinin artırılmasına xidmət edirdi. Məsələn, Konstitusiyanın 12-ci maddəsində "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir" göstərilmişdir. Referendum nəticəsində bu maddəyə "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir" formasında mühüm dəyişiklik edilmişdir. Bununla Azərbaycan dövləti hər bir vətəndaşın layiqli həyat səviyyəsinin təmin edilməsini mühüm öhdəlik kimi üzərinə götürərək həyata keçirdiyi sosial yönümlü islahatların konstitusion təminatını gücləndirir. Konstitusiyanın 15-ci maddəsinin 2-ci hissəsinə edilən dəyişikliyə görə dövlət sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir. Referendum aktı lahiyəsində Konstitusiyanın 25-ci maddəsinin 3-cü hissəsində göstərilir ki, "Dövlət irqindən, milliyətindən, dinindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır". Bu, hər kəsin insan hüquq və azadlıqlarının bərabərliyinə təminat verən ümumi norma şəklində verilmişdir. Bunun kimi onlarca misal göstərmək olar.

Bütün bunlar bir daha göstərir ki, müasir dünyanın ən nüfuzlu siyasətçilərindən olan Prezident İlham Əliyev öz dövlətçilik və idarəçilik təcrübəsində Heydər Əliyev siyasi kursunun bütün istiqamətləri kimi hüquqi islahatları və xüsusən, Konstitusiya hüququ məsələsində əldə edilmiş bütün uğurları yaradıcılıqla davam etdirir. Müasir Azərbaycanın dünya miqyaslı, çoxsaylı uğurlar qazanmasının əsas səbəbi də məhz Heydər Əliyev siyasi kursunun uğurla və müasir dövrün tələblərinə uyğun, yeni çalarlarla zənginləşdirilərək davam etdirilməsidir.

 

 

Rauf KƏNGƏRLİ

 

Xalq qəzeti.- 2012.- 13 noyabr.- S. 4.