"Azərbaycan Respublikasının Dəniz Təhlükəsizliyinin Gücləndirilməsi haqqında tvinninq layihəsi"nin təqdimat mərasimi

 

Noyabrın 16-da Dövlət Dəniz Administrasiyasında İspaniya Nəqliyyat Nazirliyinin ekspertlərinin iştirakı ilə Avropa İttifaqı və Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının birgə təşkilatçılığı ilə həyata keçirilən və 18 ay davam edəcək "Azərbaycan Respublikasının Dəniz Təhlükəsizliyinin Gücləndirilməsi haqqında tvinninq layihəsi"nin təqdimat mərasimi keçirilmişdir.

 

Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının rəis müavini Şahlar Məmmədov çıxış edərək dəniz nəqliyyatı sahəsi üzrə yerli tənzimləyici sənədlərin beynəlxalq standartlara uyğunlaşdırılmasından, Avropa İttifaqı qanunvericiliyinin və Beynəlxalq Dəniz Təşkilatının dəniz təhlükəsizliyi və dəniz mühitinin mühafizəsi üzrə konvensiyalarının tələblərini yerinə yetirmək üçün Dövlət Dəniz Administrasiyasının potensialının gücləndirilməsindən, "Azərbaycan Respublikasının Dəniz Təhlükəsizliyinin Gücləndirilməsi haqqında tvinninq layihəsi" çərçivəsində reallaşdırılmalı olan tədbirlərdən və qeyd olunan layihədən gözlənilən nəticələrdən bəhs etmişdir. Ş.Məmmədov dəniz nəqliyyatı sahəsində Avropa İttifaqı təcrübəsinin öyrənilməsinin Azərbaycan Respublikasına böyük fayda verəcəyini iştirakçıların diqqətinə çatdırmışdır.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Roland Kobia çıxış edərək Avropa İttifaqının Qonşuluq Siyasətinin Azərbaycan Respublikası üçün Fəaliyyət Proqramı çərçivəsində Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının benefisiarı olduğu "Azərbaycan Respublikasının Dəniz Təhlükəsizliyinin Gücləndirilməsi haqqında tvinninq layihəsi"nin dəniz təhlükəsizliyi və dəniz mühitinin mühafizəsi baxımından əhəmiyyətini vurğulayaraq son dövrlərdə Azərbaycan Respublikasının bu sahədə əldə etdiyi uğurlardan söz açmışdır.

Tədbirdə həmçinin, İspaniya Nəqliyyat Nazirliyinin ekspertləri ilə "Azərbaycan Respublikasının Dəniz Təhlükəsizliyinin Gücləndirilməsi haqqında tvinninq layihəsi"nin əsas komponentləri olan Dəniz təhlükəsizliyi üzrə Milli Qanunvericiliyin "Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya"ya, "Gəmilərin ölçülməsinə dair Beynəlxalq Konvensiya"ya, "Yük nişanlanması haqqında Beynəlxalq Konvensiya"ya, "Dənizdə gəmilərin toqquşmasının qarşısının alınmasına dair beynəlxalq qaydalar haqqında Konvensiya"ya və müvafiq Avropa İttifaqı direktivlərinə, Dəniz mühitinin mühafizəsi ilə əlaqədar qanunverici çərçivənin "Gəmilərdən çirkləndirmənin qarşısının alınmasına dair Beynəlxalq Konvensiya"ya və "Neftlə çirkləndirmədən vurulan zərərə görə mülki məsuliyyət haqqında Beynəlxalq Konvensiya"ya və müvafiq Avropa İttifaqı direktivlərinə uyğun olaraq təkmilləşdirmək, 2012-2022-ci illər üçün dəniz təhlükəsizliyi və dəniz mühitinin mühafizəsi üzrə Milli Fəaliyyət Planını və yeni dəniz nəqliyyatı strategiyasını hazırlamaq barədə fikir mübadiləsi aparılmışdır.

Tədbir iştirakçıları Dövlət Dəniz Administrasiyasının inzibati binasında yaradılan Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinin fəaliyyəti ilə tanış olmuşlar.

Mərkəzin fəaliyyəti barədə ətraflı məlumat verən Ş. Məmmədov bildirdi ki, bu mərkəz ölkəmizin qoşulduğu "Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya"nın tələblərinin yerinə yetirilməsi məqsədilə Xəzəryanı ölkələrdə ilk dəfə olaraq respublikamızda yaradılmışdır. Milli Mərkəzin əsas funksiyaları Azərbaycan Respublikasının ərazi sularında üzən gəmilərin mövqeyinin peyk və radarlar vasitəsilə izlənilməsi, onların hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, naviqasiya xəbərdarlıqlarına və hava haqqında proqnozlara dair müvafiq məlumatların gəmilərə çatdırılması, "Azərbaycan Respublikasının ərazi sularında üzmə Qaydaları"na riayət olunmasına nəzarətin həyata keçirilməsi, gəmilərdən daxil olan həyəcan siqnallarının (SOS) və digər əldə edilmiş məlumatların aidiyyəti dövlət qurumlarına çatdırılmasının təmin edilməsi və əlaqələndirilməsinin təşkili, habelə beynəlxalq təşkilatlar daxil olmaqla, digər ölkələrin eyniadlı milli mərkəzləri və gəmiçilik şirkətləri ilə mütəmadi olaraq operativ əlaqənin yaradılması və informasiya mübadiləsinin həyata keçirilməsindən ibarətdir.

Mütəxəssislər uzaq məsafədən gəmilərin tanınması və izlənilməsi prosesini nümayiş etdirdilər. Qeyd olundu ki, Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi öz texniki təchizatı baxımından bir çox Avropa dövlətlərinin oxşar qurumlarını qabaqlayır. Milli Mərkəzdə işə cəlb olunmuş mütəxəssislər xarici ölkələrin müvafiq mərkəzlərində xüsusi təlimlər keçmişlər.

 

Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının mətbuat xidməti

 

 

Xalq qəzeti.- 2012.- 17 noyabr.- S. 5.