"Bir qış günü dəhşəti: Xocalı" kitabı Türkiyədə çap edilib

 

Nə az-nə çox, düz 20 il əvvəl soyuq bir qış gecəsi bir qəsəbə yerlə-yeksan oldu, neçə-neçə ailənin ocağı söndü, analar balalarının vəhşicəsinə ölümünə ağı dedilər. Yaşanan kabus və dəhşət dolu anlar o insanların həyatında bir "Xocalı kabusu" kimi yaddaşlara həkk olundu. Bu yaxınlarda Türkiyənin Ankara şəhərində Türkiyə türkcəsində işıq üzü görmüş "Bir kış günü vahşeti: Hocalı" kitabı da məhz 20 il əvvəl Sovet Rusiyasına məxsus və əksəriyyəti erməni terrorçularından ibarət 366-cı motoatıcı alayın törətdiyi Xocalı qətliamına şahidlərin dili ilə işıq salmağa çalışır.

 

Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin sədri, Qarabağ müharibəsi iştirakçısı, hərbi jurnalist Şamil Sabiroğlu və gənc jurnalist, "Xalq qəzeti"nin əməkdaşı Əfsanə Bayramqızının birgə qələmə aldıqları bu kitab Dünya Gənc Türk Yazarlar Birliyinin "Azərbaycanın maddi, qeyri -maddi irsinə qarşı erməni vandalizmi" adlı layihəsi çərçivəsində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maddi dəstəyi ilə ərsəyə gəlib.

Kitabın layihə rəhbəri Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, şair Əkbər Qoşalıdır. Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, professor Nizami Cəfərov,Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, professor Necdet Ünüvar, EkoAvrasiya Dərnəyinin rəhbəri Hikmət Ərən, "Azərbaycan Bayrağı" ordenli döyüşçü İbad Hüseynov, Azərbaycan Vətən Müharibəsi Döyüşçülər Birliyinin sədr müavini Mübariz Quliyev, ATXƏM-in (Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi ) rəhbəri İlham İsmayılov nəşrin məsləhətçiləridir.

Nəşrin ön sözünün müəllifi EkoAvrasiya Dərnəyinin rəhbəri Hikmət Ərən "Bu kitab adi bir qış gününü, bir dəhşəti, sadəcə Xocalını deyil, insanlıq dramını anlatmaqdadır. XXI yüzildə elmin, kültürün, sivilizasiyanın çatdığı "son nöqtəni" anladır bizlərə..." -deyərək kitabdakı faktları və məzmununu yüksək qiymətləndirib.

Kitabın müəlliflərindən biri, Xocalı qətliamını əks etdirən fotoların sahibi Şamil Sabiroğlu Qarabağa səfəri, münaqişənin başlandığı illərdə bölgədə gərgin durumu, Xocalının blokadaya alındığı çətin günləri və erməni silahlılarının törətdiyi qətliamı necə işıqlandırdığını oxucularla bölüşür. Müharibə illərində "Səhər" qəzetinin bölgə müxbiri işləmiş Şamil Sabiroğlu kitabda həmçinin qaynar nöqtələrdə informasiya toplayan cəbhə jurnalistlərinin üzləşdikləri çətinliklərdən də söz açır. "İlk dəfə olaraq, Xocalı qətliamını əks etdirən və şəxsən çəkdiyim şəkilləri çətin də olsa, Bakıya göndərdim. Rəsmi məlumatda iki nəfərin öldüyü deyilsə də, çəkdiyim şəkillər çap olunduqdan sonra ictimaiyyət Xocalıda dəhşətli bir soyqırımın yaşandığının şahidi oldu. Kitabın Türkiyə türkcəsində nəşr edilməsiylə Xocalı həqiqətlərini Türkiyə və bütün türk ictimaiyyətinə çatdırmaq istədik ".

Kitabda Xocalı qətliamının ağrı-acısını yaşamış, yaxın və doğmalarını itirmiş insanların o dəhşətli gecədən xatırladıqları hadisələr yer alır. Xocalının işğalı zamanı qətliamdan canını sağ qurtarmış insanların başlarına gələn hadisələri həyəcansız oxumaq olmur. "Xocalıdan olan insanlarla görüşdükcə, hər dəfə bu insanların həyatlarıyla tanış olduqca, onların hansı od-alovdan keçməsini daha yaxşı dərk edirdim. Müharibə qədər insan talelərinə zərbə vuran bir qüvvə tanımıram. Kitabı hazırlamaq üçün görüşdüyüm insanların həyat yolu bunu deməyə əsas verir. Bundan sonrakı Azərbaycanın gənc nəslinə Qarabağda müharibəsiz həyat arzulayıram" -deyə kitabın müəlliflərindən biri Əfsanə Bayramqızı fikrini bildirdi.

Nəşrin sonunda Şamil Sabiroğlunun Xocalı ilə bağlı çəkdiyi fotolar və eləcə də Qarabağın maddi-mədəniyyət abidələri haqqında bilgilər yer alır.

Qeyd edək ki, Şəmsəddin Kuzəçi və Oqtay Hacımusalının redaktoru olduqları kitabı Türkiyə türkcəsinə İbrahim Erol və Azər Həsrət uyğunlaşdırıb.

 

 

Ülviyyə VAHİDQIZI

 

Xalq qəzeti.- 2012.- 18 noyabr.- S. 6.