Azərbaycanın investisiya siyasəti iqtisadi yüksəlişə əlverişli zəmin yaradır

 

Son illər respublikamızın iqtisadi potensilalının sürətlə inkişaf etməsi günün reallığıdır. Dinamik inkişaf, qətiyyətli addımlar, maliyyə resurslarından maksimum dərəcədə səmərəli istifadə etmə mexanizmi, qlobal rəqabətliliyə doğru keçid bugünkü Azərbaycan iqtisadiyyatının əsas prioritetləridir.

 

Ölkəmiz 1991-ci ildə dövlət müstəqilliyini yenidən əldə etdikdən sonra iqtisadi sahədə öz suveren hüquqlarını gerçəkləşdirməyə başladı və inzibati-amirlik sistemindən bazar iqtisadiyyatına keçid etdi. Bu siyasətin başlıca istiqamətlərini müxtəlif mülkiyyət formaları əsasında yaradılan iqtisadi sistem və dünya iqtisadiyyatına inteqrasiya formalaşdırdı. Bəzi ekspertlər və vətəndaşların böyük bir qismi keçid dövrünün heç də uğurla müşahidə olunmayacağı və iqtisadiyyatın tamamilə tənəzzülə uğrayacağı barədə israrla fikirlər söyləyirdilər. Lakin 20 illik müddət bu mülahizələrin yanlış olduğunu tamamilə təsdiqləyərək Azərbaycanın qısa müddət ərzində, xüsusilə müharibə şəraitində olması faktorunu da nəzərə alsaq, bu sınaqdan uğurla çıxdığını sübut etdi. Bu gün Azərbaycan dünyanın əksər ölkələrini inkişaf sürəti ilə geridə qoyur. Ölkəmizin inkişafı Yaxın və Orta Şərq regionunda xüsusilə aydın seçilir.

Məlumdur ki, neft-qaz sektoru iqtisadiyyatımızın digər sahələrinin inkişafında lokomotiv rolunu oynadı. Məqsədyönlü iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitliyə nail olundu və davamlı iqtisadi artımın əsası qoyuldu, iqtisadiyyatın bütün sahələrində islahatlara başlanıldı və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması isiqamətində nəzərəçarpacaq addımlar atıldı.

İqtisadiyyatın tərəqqisi üçün ilk növbədə sahibkarlığı inkişaf etdirmək, əlverişli biznes və investisiya mühiti yaratmaqla daxili və xarici investisiyaları cəlb etmək, qeyri-neft sektorunun inkişafına nail olmaq bu mərhələdə həyata keçirilən iqtisadi siyasətin səciyyəvi xüsusiyyətlərindən birinə çevrildi. Atılan mühüm addımlar nəticəsində Azərbaycanda sahibkarlar təbəqəsi formalaşdı, özəl sektorun ölkəmizin sosial-iqtisadi inkişafında rolu daha da artdı. Bütün bunları həm də ölkəyə investisiya qoyuluşunun məntiqi nəticəsi hesab etmək olar.

Bildiyimiz kimi, investisiyaların səmərəli qoyuluşu, dəqiq mənfəət götürmək mexanizminin əsasını təşkil edir. Bütün dünya dövlətlərinin iqtisadiyyatı, büdcə gəlirlərinin artım tempi, gələcək perspektivlərinin müəyyənləşdirilməsi investisiyanın cəlb olunması və səmərəli tətbiqindən bilavasitə asılıdır.

İnvestisiya siyasəti dedikdə, investisiya qoyuluşlarının əsas istiqamətləri, iqtisadiyyatın aparıcı sahələrində cəmləşdirilməsi üzrə kompleks tədbirləri müəyyən edən təsərrüfat qərarlarının məcmusu başa düşülür. İnvestisiya vasitəsilə respublikanın makro və mikro iqtisadiyyatının yüksək inkişafına nail olunur. Eyni zamanda, iqtisadiyyatın tarazlığı onun səmərəliliyinin yüksəldilməsi və milli gəlirin artımını təmin edir. İnvestisiya siyasətinin ən mühüm vəzifəsi mövcud ehtiyatlardan səmərəli istifadə etməklə vəsaitin ETT-nin sürətləndirilməsini təmin edən sahələrin xeyrinə yenidən bölüşdürülməsindən ibarətdir.

İnvestisiyalar makroiqtisadiyyatda ikili rol oynaması ilə xarakterikdir. Birincisi, investisiyalar xərclərin böyük və dəyişkən komponenti olduğuna görə, yəni qoyulan sərmayələrin birdən artması və azalması bütün tələblərə kəskin təsir göstərə bilər. Tələblərin dəyişməsi isə öz növbəsində istehsala və məşğulluğa təsir göstərəcəkdir. İkincisi isə, investisiyalar kapital yığımına səbəb olur. Avadanlıq və tikililərin artımı ölkənin potensial istehsalını genişləndirir və uzun müddətə iqtisadi artımı təmin edir. Lakin qoyulma müddətinə görə kapital ortamüddətli, uzunmüddətli və qısamüddətli kapitala bölünür.

Ortamüddətli və uzunmüddətli kapital 1 ildən artıq müddətə qoyulan vəsaitlərdir. Birbaşa və portfel investisiyalar, o cümlədən ssuda (ssuda kapitalı faiz əldə etmək məqsədilə borca verilən vəsaitlərdir) kapitalı uzunmüddətli kapital qoyuluşları hesab edilir. Qısamüddətli kapital isə 1 ildən az müddətə qoyulan vəsaitlərdir. İnvestisiya qoyuluşunda birbaşa və portfel investisiyaları daha böyük əhəmiyyət kəsb edirlər.

Ümummilli lider Heydər Əliyevin 1995-ci il yanvarın 13-də imzaladığı "İnvestisiya fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu ölkəmizdə sərmaydarlığın inkişafında müstəsna əhəmiyyəti ilə ölçüldü. Qanun birbaşa olaraq Azərbaycan ərazisində investisiyaların ümumi, sosial-iqtisadi və hüquqi şərtlərini müəyyənləşdirdi.

Bundan əlavə, 2010-cu ilin martın 17-də Prezident İlham Əliyev tərəfindən "Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları" nın təsdiq edilməsi haqqında verilən fərman bu sahədə olan boşluqların aradan qaldırılması üçün olduqca mühüm addım hesab edildi.

"Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları"nda investisiya prosesinin tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsinin təşkilati, hüquqi və iqtisadi aspektləri öz əksini tapmışdır. Həmin qaydaların "Əsas anlayışlar" adlanan II bölümünün 2.1-ci bəndində aydın şəkildə yazılır: "Dövlət İnvestisiya Proqramı- növbəti büdcə ili və sonrakı üç il üçün dövlət büdcəsi və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına kommersiya və ya qeyri-kommersiya məqsədli investisiya qoyuluşunun istiqamətini, müddətini, investisiya xərclərinin həcmini və sifarişçi təşkilatları müəyyən edən Dövlət Proqramıdır". Davamı olaraq 2.5-ci bənddə isə yazılır: "İnvestisiya qoyuluşu obyektləri - yeni inşa olunan, bərpa və əsaslı təmir edilən, genişləndirilən və ya yenidən qurulan istehsal, sosial-mədəni, infrastruktur və digər təyinatlı obyektlərdir".

Prezident fərmanı və bu fərmanın icra mexanizmləri qaydalarından da göründüyü kimi, investisiya qoyuluşunun hədəfləri və bu prosesin bir missiyaya çevrilməsi üçün dövlətin yaratmaq istədiyi şərait gələcək inkişafın trayektoriyasını müəyyənləşdirir. Bu fərmanın və onun bütün bəndlərinin icrası artıq kifayət qədər hiss edilməkdədir.

Artıq ölkə iqtisadiyyatının inkişafından da göründüyü kimi, dövlətin investisiya siyasəti özünü doğruldur. Makroiqtisadi göstəricilərimiz yüksək səviyyədədir, iqtisadiyyatımız doqquz ayda 1,1 faiz artmış, bu, qeyri-neft sektoruna da təsirsiz ötüşməmişdir. Qeyri-neft sektorunda 10,3 faiz artım olmuşdur. Doqquz ay ərzində ölkə iqtisadiyyatına 16 milyard dollar sərmayə qoyulmuşdur. Qoyulan sərmayələrin 70 faizi daxili investisiyalardır. Qoyulan 70 faizə yaxın sərmayə onu bir daha sübut edir ki, dövlətin investisiya siyasəti uğurlu olub. 2013 - 2016-cı illərdə bütün maliyyə mənbələrindən əsas kapitala yönəldiləcək vəsait 71,8 milyard manat (təxminən 90 milyard dollar) proqnozlaşdırılır.

Ölkə iqtisadiyyatının təqribən 85 faizinin özəl sektorda cəmləşməsi və təkcə kənd təsərrüfatı sahəsində 6,3 faiz artım olması respublikamız üçün uğurlu nəticələrdir. Ölkəmizin strateji valyuta ehtiyatları ilin əvvəlindən təxminən 5 milyard dollar artmış və 45 milyard dollara çatmışdır. Adətən, böyük investisiya layihələri dövlət xətti ilə həyata keçirilərkən strateji valyuta ehtiyatları azalmağa doğru gedir. Azərbaycanda isə əksinə, strateji valyuta ehtiyatları əksilmir, artır. Bütün bu inkişaf göstəriciləri insanların yaşayış səviyyəsinə də təsirini göstərir. Doqquz ayın yekunları ilə bağlı Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyevin də bildirdiyi kimi, "Əhalinin pul gəlirləri 12 faiz, inflyasiya isə cəmi 1,5 faiz artmışdır. Göründüyü kimi, inflyasiya ilə əhalinin pul gəlirləri arasında 10 faiz fərq vardır və hesab edirəm ki, Azərbaycan bu göstəricilərə görə dünya miqyasında ən qabaqcıl yerlərdədir."

Azərbaycanın iqtisadi inkişaf göstəriciləri və investisiya siyasətinin uğurları dünyanın aparıcı institutlarının hesablamalarında da öz əksini tapmaqdadır. Buna misal olaraq "Moody"s İnvestors Service" beynəlxalq reytinq agentliyinin Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli reytinqini "Ba1"dən "Baa3" investisiya həddinə qədər yüksəltməyini qeyd etmək olar. Reytinq agentliyinin qiymətləndirməsində qeyd olunur ki, bu yüksək balın verilməsinə iki amil səbəb olmuşdur: Birinci, dövlətin maliyyə vəziyyətinin davamlı olaraq güclənməsidir. Dövlət Neft Fondu və Azərbaycan Mərkəzi Bankının xarici aktivlərinin sürətli artımı ölkənin valyuta vəziyyətini gücləndirir. İkinci səbəb kimi, son illər dövlətin investisiya siyasəti nəticəsində qeyri-neft sektorunun güclü inkişafıdır.

2011-ci ilin sonuna qədər Azərbaycanın strateji valyuta ehtiyatları 40 milyard dollar və ya ÜDM-nin 75 faizini təşkil edib. "Moody' s" hesab edir ki, bu ehtiyatlar ölkəyə mümkün olan daxili və ya xarici risklərin aradan qaldırılmasına imkan verəcək. Diqqət etdinizsə, məşhur reytinq agentliyinin gündəliyində 40 milyard göstəriciyə malik olan ölkəmizin strateji valyuta ehtiyatları hazırda 45 milyarda çatdırılmışdır. Bütün bunlar Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmizin geriləməsi ilə deyil, əksinə inkişafı ilə müşahidə olunmuşdur.

Nazirlər Kabinetinin bu ilin doqquz ayının yekunlarına dair iclasında Prezident İlham Əliyev demişdir: "Keçən rübdə dünyanın ən mötəbər iqtisadi qurumlarından biri olan Davos İqtisadi Forumu ölkələrin rəqabət qabiliyyətliliyi ilə bağlı yeni cədvəl dərc etmişdir və Azərbaycan o siyahıda 46-cı yerdədir. MDB məkanında birinci, dünya miqyasında 46-cı. Keçən ilə nisbətən biz 9 pillə yuxarı qalxmışıq. Yəni, bu, onu göstərir ki, Azərbaycanın iqtisadi inkişafı və uğurları iqtisadi islahatlarla bağlıdır və bu hesabatda, eyni zamanda, makroiqtisadi vəziyyətlə bağlı cədvəl dərc edilmişdir. Makroiqtisadi sabitliyə görə Azərbaycan dünya miqyasında 18-ci yerdədir. Yəni, dünya miqyasında bu sahədə 18-ci yerdə olmaq nə deməkdir, hesab edirəm ki, bunu izah etməyə lüzum yoxdur. Əsas reytinq agentlikləri ki, hazırda Avropanın inkişaf etmiş ölkələrinin kredit reytinqlərini endirirlər, aşağı salırlar, Azərbaycanın kredit reytinqlərini artırırlar. "Fitch", "Standard & Poor's", "Moody's" - yəni 3 əsas reytinq agentliyi bizim kredit reytinqlərimizi artırıblar və bu da görülən işlər, aparılan islahatlar nəticəsində mümkün olmuşdur. Yəni, bu iqtisadi inkişaf prosesi elədir ki, bu inkişafı, irəliləyişi həm gözlə görmək mümkündür və həm də statistik rəqəmlərdə öz əksini tapır."

Beləliklə, Azərbaycan dövlətinin investisiya siyasəti və onun inkişaf şkalası yüksələn xətlə inkişaf edir. Ümid edirik ki, bu şkalanın yuxarı göstəriciləri nəinki stabilliyini qoruyacaq, eyni zamanda, durmadan artaraq, ən kiçik sosial-iqtisadi problemlərimizi belə tənzimləyəcək. Hər halda, hazırkı vəziyyət bunu bizə əminliklə söyləməyə imkan verir.

 

 

Anar TURAN

 

Xalq qəzeti.- 2012.- 18 noyabr.- S. 1;4.