"Muğam-caz" fotosərgisinin açılış mərasimi

 

Almaniya Federativ Respublikasının Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə Alman-Azərbaycan Mədənniyyət Birliyi "Kapellhaus"da alman rejissoru Klaus Bernhardtın "Sarı gəlin. Azərbaycanda muğam - caz" filminin çəkilişləri zamanı yaranmış "Muğam-caz" fotosərgisinin açılışı olmuşdur.

 

Açılış mərasimində bir sıra xarici ölkələrin Bakıdakı səfirliklərinin əməkdaşları, mədəniyyət və kino xadimləri, ictimaiyyətin nümayəndələri iştirak etrmişdir. Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri Herbert Kvelle sərgi iştirakçılarını salamlayaraq demişdir:

-Uzun illərdir ki, "Kapellhaus"da həm alman, həm də Azərbaycan incəsənət xadimləri çıxış etmək imkanına malikdir. Hər il səfirlik ölkələrimizin əlaqələri çərçivəsində çox sayda tədbir keçirir. Gələcəkdə bir sıra tədbirlər keçirilməsi də nəzərdə tutulur. Bu gün açılan sərgi səfirlik tərəfindən təşkil edilmiş mədəni tədbirlərdən biridir. Alman rejissoru Klaus Bernhardt öz çəkiliş qrupu ilə Azərbaycanda çox gözəl bir film ərsəyə gətirmişdir. "Sarı gəlin. Azərbaycanda muğam-caz" filminin çəkilişləri zamanı yaranmış "Muğam-caz" fotosərgisində Bakının mənzərələri, şəhərin görtüntüləri və azərbaycanlı musiqiçilərin portretləri nümayiş olunur. Bunlar filmin çəkilişi zamanı lentə alınmış fotoşəkillərdir. Mən və filmin rejissoru musiqi sevən insanlarıq. Bu film musiqiyə həsr olunmuşdur. Nizami kinoteatrında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin birgə əməkdaşlığı ilə yaranmış filmin təqdimatı oldu. Belə düşünürəm ki, muğam musiqisi dünyada tanınmış və yayılmağa layiq olan bir musiqi növüdür. Bu baxımdan filmin nümayişi dünyada muğam musiqisinin yayılmasına öz töhfəsini verəcəkdir.

Sərgiyə qoyulan fotolarda Azərbaycanın təbiəti, ölkənin tanınmış musiqi simalarının şəkilləri də vardır. Yəni fotoşəkillər filmdən hissələrə deyil, yalnız orada iştirak edən insanlara həsr olunub.

Mərasimin sonunda səfir H.Kvelle tədbirdə iştirak edənlərə, Bakıdakı səfirliklərin nümayəndələrinə, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşlarına, incəsənət və kino xadimlərinə dərin təçəkkürünü bildirmişdir.

Sərgidə nümayiş etdirilən bir sıra fotoların müəllifi və filmin operatoru Feliks Peşko demişdir ki, sərgidə gördüyünüz şəkillər bizim qrupumuzun əməkdaşları tərəfindən çəkilmişdir. Əksər fotolar mənim kameram vasitəsilə çəkilib. Azərbaycanda çox gözəl, müasir və qədim rəngarəng mənzərələri, yəni kameraman üçün çox maraqlı, çəkilməli anları gördüm. Biz Azərbaycanı qonaqpərvər bir ölkə kimi tanıdıq. Ecazkar ölkənizə yad insanlar kimi gəldik, amma dost kimi buradan getdik. Bu dəfə filmin premyerası ilə əlaqədar olaraq Bakıya yenidən gəldik və dostluq hisslərimizi daha da nöhkəmləndirdik.

Yenə bu ölkədən dost kimi ayrılırıq.

Sərgi noyabrın 21-dək davam edəcəkdir.

 

 

A.SADIQOĞLU

 

Xalq qəzeti.- 2012.- 20 noyabr.- S. 7.