Nitqimizi nəzakətli quraq

 

Qədim zamanlardan bəri zəka sahibləri, dövrünün tanınmış ictimai xadimləri, maarifçilər, ədiblər və başqaları danışıq etikası, nəzakətli hərəkət və nitq barədə xalqın təfəkkür tərzindən, etik görüşlərindən qaynaqlanan fikirlər söyləmiş, bu normaları gözləməyin insanların mədəniyyətinin, ümumi inkişaf səviyyəsinin yüksəldilməsinə, dil ünsiyyətinin keyfiyyətcə yaxşılaşmasına göstərdiyi müsbət təsiri dönə-dönə vurğulamışlar.

 

Müstəqillik qazandığımız, adamlarımızın öz ana dilində ünsiyyət saxladığı indiki dövrdə nəzakətli danışıq qaydalarına əməl etmək xüsusilə vacibdir. Vətənimizi, xalqımızı sivil, mədəni bir ölkə, xalq kimi dünyaya tanıtmaqda digər amillərlə yanaşı, mədəni danışığın, yüksək nitq mədəniyyətinin, eləcə də nəzakətli hərəkətlərin rolu böyükdür. Bu baxımdan respublikamızın Prezidenti İlham Əliyevin çıxışları, nitqləri hamıya nümunə olmalıdır. Cənab İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının 2004-cü il yay sessiyasının iclasında çıxış etdikdən sonra Şuranın sədri Piter Şuder dinlədiyi nitqlə bağlı demişdi: "Cənab Prezident, olduqca gözəl çıxışınıza görə sağ olun. Assambleya və Avropa Şurasına ünvanladığınız nəzakətli sözlərə görə sizə minnətdaram".

Nəzakətli danışıq, eləcə də onu tamamlayan hərəkətlər də başqa nitq normaları kimi müəyyən sistemə malikdir. Bura nitqin müraciət, dinləmə, sualvermə, söhbətəqoşulma, suala cavabvermə, şad və bəd xəbəri çatdırma qaydaları və s. kimi komponentlər daxildir. Nəzakətli hərəkət, rəftar davranış mədəniyyətimizin çox mühüm amillərindəndir. Bu hərəkətlər şəxsiyyətlərarası münasibətlərin tənzim olunması, nizamlanması və inkişafında həmişə mühüm əhəmiyyət kəsb etmiş, nəzakətli davranış və danışıq insanın mədəniyyətinin və mənəviyyatının ümumi səviyyəsi haqqında təsəvvür yaratmışdır.

Həyatın bütün sahələrində, xüsusən dövlət idarəçiliyində insanlara göstərilən xidmətlərdə etik qaydalara əməl olunması vətəndaş məmnunluğunun təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması və dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci ildə imzaladığı fərmanda vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl olunması, vətəndaş məmnunluğunun təmin edilməsi zəruriliyi xüsusi qeyd olunmuşdur. Fərmanda bu məqsədlə fəaliyyət göstərəcək dövlət orqanlarının əməkdaşları üçün etik davranış üzrə kursların təşkili, vətəndaş axınının idarə olunması, vətəndaşları qarşılama, dinləmə, izahetmə bacarığını inkişaf etdirən müxtəlif treninqlərin keçirilməsinin təmin olunması tələb edilir. Dövlət orqanları əməkdaşlarının qarşısına qoyulan bu tələb cəmiyyətimiz üçün olduqca önəmlidir, onun yerinə yetirilməsi çox vacibdir.

Rəhbər işçi üçün etik baxımdan başlıca keyfiyyətlərdən birimüsahibini dinləməyi bacarmaqdır. Həmsöhbətə səbrlə, təmkinlə qulaq asmaq, onu diqqətlə dinləmək yüksək mədəniyyətin, nəzakətliliyin, nəcib əxlaqın təzahürüdür. Bu keyfiyyət hər bir savadlı və mədəni şəxs, xüsusən də rəhbər işçi üçün olduqca vacibdir.

Mustafa Kamal Atatürk analara müraciətlə deyirdi ki, ey ana, istəsən ki, övladın əsl vətəndaş olsun, ona təkcə danışmağı deyil, dinləməyi də öyrət. Nə qədər yerinə düşən kəlamdır. Qəbul edənin əvəzinə qəbula gələn daha çox danışıb problemini şərh edə bilsə, yaxşı nəticə alınar. Rəhbər işçi ünsiyyətdə olduğu adamın sözünü deməyə, fikrini tamamlamağa imkan yaratmalıdır. Bunun üçün belə nitq etiketlərini işlətməlidir: "Özünüzü təqdim edin", "Sizi eşidirəm", "Darıxmayın, rahat danışın", "Bir qədər ətraflı danışın", "Səbrli olun" və s. Belə şəraitdə, şübhə yoxdur ki, qarşı tərəf rahat danışacaq, fikrini ifadə edəcəkdir. Rəhbər işçi lazım gələrsə (başa düşmədiyini soruşmaq, nəyisə əlavə etmək, münasibət bildirmək, fikri təsdiq və ya inkar etmək, danışığını bir qədər yığcam etmək və s. məqsədlərlə) "Bağışlayın", "Üzr istəyirəm", "İcazə verin" kimi ifadələrlə müsahibin nitqinə müdaxilə edə bilər. Ünsiyyət zamanı yaş və vəzifə ierarxiyasının tələbinə uyğun olaraq müsahibə "Siz" deyə müraciət olunur. Rəhbər işçibu cəhəti nəzərə alıb təmasda olduğu adama müraciətdə "Siz" ehtiram formasını işlətməlidir. Həmçinin, o, qadın əməkdaşlara adını bilirsə "xanım" əlavə etməklə (məs.: Sona xanım, Ayna xanım və s.), bilmirsə elə sadəcə "xanım" deyə müraciət etsə, qarşı tərəf razı qalar. Əməkdaşlarla dialoqa girən rəhbər işçi, yüksək diskussiya mədəniyyətinə də sahib olmalıdır. Müsahibinin suallarına, replikalarına, cavablarına dözümlülük göstərməli, onlara böyük təmkinlə münasibət bildirməyi, cavab verməyi bacarmalıdır.

İşçinin hər hansı bir səbəbdən etdiyi etirazı sərt, nəzakətsiz qarşılayan rəhbər işçiyə heç bir halda bəraət qazandırmaq olmaz. Cavab verdikdə etik qaydaları gözləmək, insan mənliyinə hörmət etmək rəhbər işçinin səviyyəsinin əsas göstəricilərindəndir. Onunla təmasda olanlar cavablardakı nəzakətli sözləri, ifadələri eşitdikdə, müəyyən ölçüdə nəvaziş hiss etdikdə razı qalır, məmnunluq duyurlar.

Dövlət orqanlarında çalışanların digər keyfiyyətləri ilə bərabər mədəni nitqi, kamil etikestetik baxışları, əxlaqı cəmiyyətin bugünkü yüksək səviyyəsinə uyğun olmalı, onlar, xüsusən rəhbər vəzifəyə təyin olunarkən bu cəhət mühüm göstərici kimi əsas götürülməlidir.

İnsanın etik, əxlaqi baxışları qısa zaman daxilində yaranıb formalaşmır. Bu, uzun sürən bir proses olub, ömrün bütün dövrlərini əhatə edir. Mədəni nitq, danışıq etikası, nəzakətli hərəkətlər hələ ibtidai siniflərdən şagirdlərə öyrədilməlidir. Bəzi xarici ölkələrin məktəblərində bu məqsədlə "Ünsiyyət mədəniyyəti" adlı xüsusi fənn tədris olunur. Bizim məktəblərdə də bu sahədə bütün təhsil müddətində aparılmalı, gələcəyin mühəndisi, həkimi, jurnalisti, hüquqşünası... öz fikrini düzgün, aydın, məntiqi, yığcam, səlis, ahəngdar, təsirli bir şəkildə, ən başlıcası etik qaydaları gözləməklə ifadə etməyi bacarmalıdır. Bu baxımdan nitq mədəniyyətinin bütün ali məktəblərdə ayrıca fənn kimi tədris edilməsi məqsədəuyğun sayılmalıdır. Bu, ali təhsilli gənclərin həyata hazırlanmasının başlıca şərtlərindəndir.

Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 may 2012-ci il tarixli "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələbinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" Sərəncamında bu məsələyə xüsusi önəm verilir, "...nitq mədəniyyəti məsələlərinə günün tələbləri səviyyəsində diqqətin artırılması, "Nitq mədəniyyəti" fənninin bütün ali məktəblərdə tədrisi" tələb olunur.

Kütlələrin nitq mədəniyyətinə, nəzakətli davranışa yiyələnməsinə təsir göstərmək üçün radio-televiziya verilişlərinin imkanları daha genişdir. Bu verilişlər mədəni nitqin mənimsədilməsində nümunə rolunu oynamalıdır. Dinləyicilər diktorların, aparıcıların, verilişə dəvət olunan ziyalıların etik normalara uyğun səslənən nitqini dinləyərək onun məziyyətlərini mənimsəyər, eşitdikləri nitq etiketlərini öz nitq təcrübəsinə tətbiq edər, lazımi məqamda işlədə bilərlər. Mətbuatda "Nitq mədəniyyəti", "Nitq mədəniyyəti və mətbuat dili", "Mədəni danışığa yiyələnək", "Danışıq etikası", "Biz düzmü danışırıq?" və s. mövzularda söhbətlərin, müzakirələrin aparılması, buraya görkəmli filoloqların, yazıçıların, pedaqoqların, səhnə ustalarının və başqalarının dəvət olunub onların mülahizə və təkliflərinin nəzərə alınması bu sahədəki qüsurların aradan qaldırılmasında faydalı ola bilər.

Biz tək-tək fərdlərin, ziyalıların, o cümlədən vəzifə sahiblərinin deyil, bütövlükdə cəmiyyətin etik mədəniyyətinin yüksəldilməsinə nail olmalıyıq. Nəzakət qaydalarının gözlənilməsi insanların cəmiyyətdə qarşılıqlı anlaşmasının, müsbət əhval-ruhiyyə yaradılmasının ən mühüm şərtlərindən biridir.

 

 

Nadir ABDULLAYEV,

professor

 

Xalq qəzeti.- 2012.- 20 noyabr.- S. 6.