Dövlət proqramlarının uğurlu icrası Azərbaycanın beynəlxalq aləmdəki mövqelərini daha da möhkəmləndirir

 

Ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu mərhələdə çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə daha yüksək xidmətlərin göstərilməsi, əhalinin rifahının, yaşayış tərzinin qabaqcıl beynəlxalq standartlara, inkişaf etmiş dünya dövlətlərinə uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunması mühüm vəzifə kimi qarşıda durur.

 

Ölkədə davamlı inkişafı təmin etmək üçün mütəmadi olaraq siyasi və iqtisadi islahatların paralel aparılması Azərbaycanda həyata keçirilən siyasətin prioritetini təşkil edir. Dünya təcrübəsi göstərir ki, demokratikləşmə, şəffaflıq, qanunun aliliyi olmadan inkişaf etmiş cəmiyyət yaratmaq mümkün deyil. Bü gün Azərbaycan dünya birliyində demokratik ölkə kimi tanınmaqdadır.Son illər ölkəmizdə keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər də bundan xəbər verir.

Ölkəmizin sürətli inkişafında, beynəlxalq aləmdə söz sahibinə çevrilməsində və iqtisadi sahədə uğurlu nailiyyətlər qazanmasında dövlət proqramlarının rolu olduqca böyükdür. Son illər qəbul olunmuş dövlət proqramları və bu proqramların qarşıya qoyduğu vəzifələrin layiqincə icrası Azərbaycanı çiçəklənən bir ölkəyə çevirməkdədir. Dövlətimizin başçısı da çıxışlarında dövlət proqramlarının əhəmiyyətini xüsusi qeyd edir. Möhtərəm Prezidentimiz demişdir:"Son illərdə Azərbaycanın regionlarında böyük quruculuq işləri aparılır. İki Dövlət Proqramı qəbul edilmişdir. 2004-2008-ci illəri və 2009-2013-cü illəri əhatə edən dövlət proqramları uğurla icra edilir. Böyük həcmdə investisiyalar qoyulmuşdur və bu proses davam etdirilir. 2004-cü ildən bu günə qədər 90 milyard dollardan çox vəsait qoyulmuşdur. Təkcə bu ilin doqquz ayında bu məbləğ 16 milyard dollara çatmışdır. Bu, çox böyük rəqəmdir. Nəzərə alsaq ki, son illər ərzində hər il təxminən eyni məbləğdə investisiya qoyulur, təsəvvür etmək çətin deyil ki, bu, nə qədər böyük əhəmiyyətə malik olan məsələdir.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı hesab edirəm ki, son illər ərzində ölkəmizi hərtərəfli inkişaf etdirən əsas alət olmuşdur. Bu proqram qəbul olunanda hədəflər də müəyyən edilmişdi və hədəflər müxtəlif istiqamətləri əhatə edirdi. Ancaq bir sözlə demək mümkündür ki, əsas hədəf ölkə iqtisadiyyatını şaxələndirmək idi və neft-qaz amilindən asılılığı azaltmaq məqsədləri daşıyırdı. Hesab edirəm ki, biz bu hədəflərə çatmışıq, bütün bölgələrdə quruculuq, abadlıq, infrastruktur işləri aparılır. Bölgələrlə şəhərlər arasında, yəni paytaxt arasında fərq azalır. Bu gözəl nəticələri biz gündəlik həyatda, statistik göstəricilərdə də müşahidə edirik".

Bu bir faktdır ki, bu gün ölkəmiz bütün sahələr üzrə regionda lider dövlətə çevrilib. Azərbaycanın iştirakı olmadan regionda hər hansı bir layihənin reallaşdırılması qeyri - mümkündür. Bir vaxtlar xəyallarda əfsanə kimi canlanan iri infrastruktur layihələrin həyata vəsiqə alması müstəqil dövlətimizin dünya birliyindəki əlaqələrini daha da genişləndirdi və bundan sonra ölkəmizlə əmakdaşlıq etməkdə maraqlı olan xarici dövlətlərin sayı sürətlə artdı. Regionlarda aparılan düşünülmüş və qabaqcadan planlaşdırılmış işlər, sosial proplemlərin nizamlanması, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində qəbul edilən sənədlər Azərbaycanın dünyada inkişaf etmiş dövlətlər sırasına qoşulmasında müstəsna rol oynadı. Möhtərəm Prezidentimizin təsdiqlədiyi dövlət proqramlarının əsas qayəsini iqtisadiyyatın inkişafı təşkil edir.Çünki iqtisadi cəhətdən qüdrətli olan dövlətdə bütün sahələr üzrə uğurlar əldə etmək mümkündür. Məhz bunun nəticəsidir ki, yaxın illərdə dünyanı bürüyən iqtisadi böhran Azərbaycandan yan keçdi. İqtisadi böhranın tüğyan etdiyi bir vaxtda respublikamızda əmək haqları, pensiyalar, sosial müavinətlər, təqaüdlər artırıldı. Bundan başqa böhrana ciddi məruz qalmış bəzi dövlətlərə də yardım göstərildi. Bir sıra ölkələrdə Heydər Əliyev Fondunun təşəbbbüsü və təşkilatçılığı ilə məktəblər və digər mədəni obyektlər tikildi. Bütün bunlar təbii ki, dövlət poqramlarının qarşıya qoyduğu vəzifələrin uğurlu icrasının bəhrəsi idi. Ümumiyyətlə, qəbul olunan dövlət proqramlarının həyata keçirilməsi Azərbaycanın sürətli inkişafına, dünya birliyinə sürətli inteqrasiyasına böyük zəmin yaratdı və ölkəmiz lider dövlətlər sırasına qoşuldu. Bu uğurlu inkişaf ölkəmizi həm siyasi, həm də iqtisadi cəhətdən daha da möhkəmləndirdi. Hazırda dövlət büdcəmizin 21 milyard dollar həcmində olması valyuta ehtiyatımızın 50 milyard dollara, ümumi daxili məhsulun isə 65 milyard dollara yaxınlaşması düşünülmüş şəkildə həyata keçirilən strategiyanın nəticəsidir.

Ölkəmizin iqtisadi inkişafının davamlı olması, böhranlara sinə gərməsinin əsas səbəblərindən biri qəbul edilmiş dövlət proqramlarının uğurla həyata keçirilməsidir. "Azərbaycan Respublikası regionlarının 2009 - 2013-cü illərdə sosial - iqtisadi inkişafın Dövlət Proqramı"na və "2008 - 2015 -ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"na əsasən, ölkə iqtisadiyatının şaxələndirilməsi və dünya iqtisadiyyatına səmərəli inteqrasiyası, bölgələrdə infrastruktur və kommunal xidmətlərə təminat səviyyəsinin yaxşılaşdırılması, xalqın rifah halının daha da yüksəldilməsi, əhalinin etibarlı ərzaq təminatının təmin edilməsi məqsədlərinə nail olunması üçün makroiqtisadi sabitliyin qorunması, investisiya mühitinin daha da yaxşılaşdırılması, qeyri - neft sektorunun inkişafının sürətləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, ixracyönümlü məhsul istehsalının artırılması istiqamətində işlər uğurla davam etdirilir. Bu illər ərzində ölkəmizə qoyulan sərmayələrin həcmi də dünya miqyasında qazandığımız inam və etibarın göstəricisidir. Onu da qeyd edək ki, ölkə iqtisadiyyatına qoyulan sərmayələrin böyük hissəsini daxili investisiyalar təşkil edir. Dövlətimizin başçısı ölkə iqtisadiyyatının cəlbedici olmasını dəyərləndirərkən demişdir:"Həm xarici investorlar üçün iqtisadiyyatımız cəlbedici iqtisadiyyatdır, eyni zamanda, daxili investisiyalar, ilk növbədə, onu göstərir ki, dövlətin investisiya siyasəti çox uğurludur. Çünki daxili investisiyaların böyük əksəriyyəti dövlət xətti ilə qoyulan vəsaitdir. Eyni zamanda, özəl sektorun - həm yerli, həm xarici biznes cəmiyyətinin Azərbaycan iqtisadiyyatına böyük inamı vardır. Əgər bu inam olmasaydı, əlbəttə, bu qədər investisiya qoyulmazdı".

Azərbaycan Prezidenti dövlət proqramlarını təsdiqləyərkən ilk növbədə ölkə vətəndaşlarının həyat tərzinin, rahat yaşayışının təmin olunmasını əsas vəzifə kimi qarşıya qoyur. Fakt üçün diqqətə çatdıraq ki, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 1 may tarixli 2786 nömrəli sərəncamına uyğun olaraq hazırlanmış Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı məhz bu məqsədə nail olmaq üçün 2008-2015-ci illər ərzində müvafiq tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Sərəncamda qeyd edilir ki, etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Ona görə də cəmiyyətin hər bir üzvünün əsas ərzaq məhsullarına olan tələbatının tam ödənilməsi üçün davamlı olaraq müvafiq tədbirlərin həyata keçirilməsi çox vacibdir.

Son bir neçə ildə enerji daşıyıcılarının qiymətinin kəskin artması, aparıcı ölkələrin maliyyə bazarlarında baş verən neqativ meyllər, habelə əhalinin sayının çoxalması nəticəsində ərzaq məhsullarına olan tələbatın yüksəlməsi, iqlim dəyişkənliyi, su ehtiyatlarının məhdudluğu və digər səbəblərə görə əsas ərzaq məhsullarının dünya bazarlarında qiymətləri artmağa başlamış, bəzi ölkələrdə ərzaq qıtlığı real təhlükəyə çevrilmişdir.

Hələ keçən əsrin 90-cı illərinin ortalarında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Müstəqil Dövlətlər Birliyi məkanında analoqu olmayan torpaq islahatları həyata keçirilmiş, kənd təsərrüfatı istehsalçılarına yardım mexanizmləri formalaşdırılmış, beynəlxalq təşkilatlarla birlikdə bu sahədə əhəmiyyətli layihələrin icrasına başlanmışdır. 2001-ci ildə Prezidentin sərəncamı ilə "Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi proqramı" təsdiq edilmiş və bu proqram çərçivəsində görülmüş işlər nəticəsində kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı əhəmiyyətli dərəcədə artmışdır. Bununla yanaşı, "2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı", "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafı üzrə Dövlət Proqramı (2002-2005-ci illər)", "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" və digər sənədlərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi, o cümlədən fermerlərə maliyyə və texniki dəstəyin göstərilməsi, sahibkarlığın inkişafı, regionlarda infrastruktur layihələrinin həyata keçirilməsi əhalinin istehlakında yerli məhsulların xüsusi çəkisinin artmasını təmin etmişdir. Lakin, ölkədə əsas ərzaq məhsullarına olan tələbatın yerli istehsal hesabına tam təminatı hələ ki, mümkün olmamışdır. Digər tərəfdən, dünya ərzaq bazarlarında müşahidə olunan qeyri-sabitlik Azərbaycanda da ərzaq məhsullarının qiymətinə öz təsirini göstərir. Mövcud vəziyyət daxili ərzaq bazarının idxaldan asılılığının maksimum azaldılması və ərzaq ehtiyatlarının yaradılması məsələsinə kompleks yanaşma tələb edir. Məhz bu baxımdan dövlətimizin başçısı Azərbaycan vətəndaşları üçün çox vacib və zəruri olan bu Dövlət Proqramını təsdiqlədi. Digər bir sənəddə isə insanların hüquq və azdlıqlarının qorunması əsas vəzifə kimi qarşıya qoyulur. 2006-cı il dekabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, universal və regional səviyyədə yeni əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin gücləndirilməsinə xidmət edir.

Azərbaycan Prezidentinin təsdiq etdiyi yeni proqram insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsinə yönəlib. Milli Fəaliyyət Proqramı insan hüquqlarının müdafiəsi sahəsində genişmiqyaslı sənəddir.

Dövlətimizin başçısının təsdiqlədiyi "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın qəbul edilməsi beynəlxalq miqyasda da müsbət qiymətləndirilmişdir. Milli Fəaliyyət Proqramı ölkəmizdə insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən ardıcıl tədbirlərin tərkib hissəsi olan konseptual, genişmiqyaslı sənəddir. Proqramda həm qanunvericilik bazasının təkmilləşdirilməsi, həm də əhalinin ayrı-ayrı qruplarının hüquqlarının daha səmərəli müdafiəsinin təmin edilməsinə yönəlmiş konkret tədbirlər görülməsi nəzərdə tutulur.

Proqram ölkəmizin insan hüquqları sahəsində beynəlxalq sənədlərə qoşulması prosesinin davam etdirilməsi, insan hüquq və azadlıqları nəzərə alınmaqla cəmiyyətin həyatının müxtəlif aspektlərini tənzimləyən yeni qanunvericilik aktlarının işlənib hazırlanması və qəbul edilməsi kimi elementləri əhatə edir. Bunlarla yanaşı, həmçinin korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, dövlət orqanları tərəfindən əhaliyə göstərilən elektron xidmətlər sektorunun daha da inkişaf etdirilməsi və bir sıra başqa praktiki tədbirlər nəzərdə tutulur.

Milli Fəaliyyət Proqramı konseptual, miqyaslı xarakter daşıyır və "Azərbaycan 2020: gələcəyə baxış" konsepsiyasının hədəflərinə yönəlib. Bu sənəd göstərir ki, insan hüquqlarının müdafiəsi Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin prioritetlərindən biridir. Eyni zamanda, Milli Fəaliyyət Proqramı ölkədə insan hüquqlarının müdafiəsi sahəsində aparılan davamlı tədbirlərin tərkib hissəsidir. Hələ 1998-ci il fevralın 22-də ümummilli lider Heydər Əliyev "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərman imzalayıb. Fərmanda ölkədə ictimai-siyasi sabitliyin bərqərar edilməsi, aparılan genişmiqyaslı islahatlar nəticəsində insan hüquqlarının müdafiəsi sisteminin yaradılması zəruriliyi bildirilir. Bu fərmanın məntiqi davamı olaraq Azərbaycan Prezidentinin 1998-ci ilin 18 iyun tarixli sərəncamı ilə Azərbaycanın ilk "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" təsdiq edilib. Bütün bunların davamı olaraq, Milli Fəaliyyət Proqramında dövlətin insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyətinin konsepsiyası inkişaf etdirilərək müxtəlif istiqamətlər üzrə kompleks tədbirlərin həyata keçirilməsi, onların icrası, əlaqələndirilməsi, monitorinqi və qiymətləndirilməsi mexanizmi və qarşıya qoyulan məqsədlər müəyyən edilib.

Ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi sisteminin daha da inkişaf etdirilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi, əhalinin müxtəlif qruplarının hüquqlarının daha səmərəli təmin edilməsi istiqamətində konkret tədbirlər nəzərdə tutulub. Belə ki, proqramda qanunvericilik aktları qəbul olunarkən insan hüquqları meyarının rəhbər tutulması, Azərbaycanın insan hüquqları sahəsində beynəlxalq müqavilələrə qoşulması prosesinin davam etdirilməsi, yeni qanunvericilik aktlarının qəbul edilməsi, ölkədə korrupsiya ilə mübarizənin gücləndirilməsi, şəffaflığın artırılması, əhaliyə göstərilən elektron xidmətlərin inkişaf etdirilməsi sahəsində fəaliyyətin vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıqda davam etdirilməsi ehtiva olunur. Bu əhəmiyyətli sənədin ərsəyə gəlməsində müxtəlif beynəlxalq təşkilatlarla birlikdə həyata keçirilən əməkdaşlıq proqramları, müxtəlif sahələrə aid qanunvericiliyin islahatı prosesi, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Milli Fəaliyyət Planlarının hazırlanmasına dair Bələdçi kitabı, habelə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ nəzərə alınıb.

Respublikamızda elm, təhsil, səhiyyə, mədəniyyət, uşaqların sağlam böyümələri, gənclərin hərtərəfli biliyə malik olmaları, dünya birliyinə inteqrasiya etmələri və digər sahələrin beynəlxalq standartlara uyğun inkişafı üçün çoxlu sayda dövlət proqlamları təsdiqlənmiş və həmin proqramlar uğurla icra olunmaqdadır. Təkcə təhsilin inkişafı ilə əlaqədar 16 Dövlət Proqramı təsdiqlənmiş və bunun da nəticəsində Azərbaycanın təhsil sistemi beynəlxalq aləmə inteqrasiya edir. Ölkənin bütün sahələrinin əhatə edən dövlət poqramlarının qəbul olunması Azərbaycanın uğurlu iqtisadiyyatının məntiqi nəticəsidir. Bu proqramların qarşıya qoyduğu vəzifələrin uğurlu icrası Azərbaycanın dünya birliyindəki reytinqini getdikcə artırmaqdadır.

 

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2012.- 20 noyabr.- S. 5.