Yeni Azərbaycan Partiyası Azərbaycanda və bölgədə ən güclü təşkilatdır

 

Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının yaranmasından 20 il ötür. Tarix baxımından bu müddət böyük olmasa da, ötən illər ərzində Yeni Azərbaycan Partiyası çox mühüm nailiyyətlərə imza atmışdır. Məlumdur ki, Azərbaycanın dövlət müstəqilliyinin bərqərar olması, geniş və çoxşaxəli islahatların həyata keçirilməsi, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin ardıcıl olaraq davam etdirilməsi yolunda YAP-ın özünəməxsus roluyeri vardır. Yarandığı vaxtdan YAP dövlətçilik mövqeyində dayanmış və bu gün partiyanın sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında bu istiqamətdə fəaliyyətini qətiyyətlə davam etdirir.

 

Yeni Azərbaycan Partiyası yarandığı vaxtdan ölkənin ictimai-siyasi həyatına həlledici təsir göstərmişdir. Əlbəttə, bu, təsadüfi deyildi. YAP-ın qurucusunun dünya miqyaslı tanınmış böyük siyasi xadim, Azərbaycan xalqının inandığı və sevdiyi dahi bir şəxsiyyətin olması bu prosesdə mühüm və əhəmiyyətli rol oynamışdır. Qısa zaman çərçivəsində minlərlə Azərbaycan vətəndaşının ulu öndər Heydər Əliyevin qurucusu olduğu partiyaya üzv olması bunu bir daha bariz şəkildə təsdiq edir. YAP sıralarına daxil olan və xalqın mütərəqqi qüvvələrini təmsil edən vətəndaşlar Heydər Əliyevin ətrafında birləşərək, dərin böhrana düçar olmuş Azərbaycanı xilas etmək yolunda öz töhfələrini verməyə çalışırdılar. Yeni Azərbaycan Partiyasının yarandığı tarixi zamana, həmin vaxtlarda Azərbaycanda cərəyan edən hadisələrə nəzər saldıqda YAP-ın cəmiyyətdə oynadığı rol daha aydın şəkildə özünü büruzə verir. Həmin dövrün xarakterik xüsusiyyəti və YAP-ın yaranmasının zəruriliyi ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan ziyalılarının müraciətinə verdiyi cavabda da öz əksini tapmışdır. Burada deyilirdi: "Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər".

Yeni Azərbaycan Partiyası yarandığı vaxtdan cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrilmişdir. Siyasi partiyanın elan edilməsi ilə həmin təşkilatın az vaxt içərisində tanınması və hakimiyyətə gəlməsi o qədər də asan məsələ deyildi. Ancaq, təsis olunduğu vaxtdan keçən qısa zamanda YAP Azərbaycan miqyasında tanınmış partiyaya çevrildi. Qeyd etdiyimiz kimi, bunun başlıca səbəbi partiyaya Heydər Əliyev kimi dahi şəxsiyyətin başçılıq etməsi idi. Digər tərəfdən, həmin dövrdə Azərbaycanda hakimiyyətdə olan dairələr, demək olar ki, ölkəni məhvə doğru aparırdılar. Xalq vəziyyətdən çıxış yolu axtarırdı. Yenicə müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin, Azərbaycan xalqının qarşısında təxirəsalınmaz vəzifələr dayanırdı. Bunlar hansılar idi? Birincisi və ən başlıcası, Ermənistanın Azərbaycana qarşı davam edən işğalçı siyasətini dünya miqyasında ifşa etmək, ermənilər tərəfindən zəbt olunmuş əraziləri geri qaytararaq xalqda müstəqilliyə inam yaratmaq, istiqlalımızın dönməzliyini təmin etmək, sosial-iqtisadi xarakterli islahatlar aparmaqla yeni iqtisadi münasibətləri formalaşdırmaq, demokratik dövlət quruculuğu istiqamətində zəruri addımlar atmaq, sosial ədalət, qanunçuluq, vətəndaş həmrəyliyi və s. fundamental prinsipləri həyata keçirmək və digər bu kimi məsələləri həll etmək.

Məlumdur ki, həmin dövrdə hakimiyyətdə bir-birini əvəz edən dairələr ümummilli baxımdan qarşıda dayanan vəzifələri nəinki həll etmədilər, hətta özlərinin səriştəsiz və xəyanətkar əməlləri ilə ölkədə vəziyyəti daha da ağırlaşdırdılar. Məhz belə bir ağır və mürəkkəb zamanda siyasi arenaya daxil olan Yeni Azərbaycan Partiyasının lideri, xalqın xilaskarı Heydər Əliyev çıxış yolunu göstərdi. Onun müəyyən etdiyi bu yol milyonların yolu - müstəqil Azərbaycanın xilas və tərəqqi yolu oldu.

Politoloji təhlillər və araşdırmalar göstərir ki, müxtəlif cəlbedici adlar, vədedici proqramlar, şüarlar irəli sürən, ölkəni irəli aparacağını vəd edən siyasi təşkilatlar və siyasətçilər bəzən çox qısa vaxt içərisində siyasi səhnədən silinib gedirlər. Siyasi partiyaların tarixinin tədqiqi göstərir ki, cəmiyyətdə aparıcı mövqeyə yalnız o partiyalar yüksəlir ki, həmin təşkilatın liderinin elan etdiyi proqrampraktik fəaliyyəti əhalinin əksər hissəsi tərəfindən müdafiə olunur. Cəmiyyətin müəyyən bir qrupununya zümrəsinin maraqlarını qoruyan partiya heç vaxt aparıcı rola malik ola bilmir. Siyasi partiya, ümumilikdə, cəmiyyəti düşündürən, xalqın mənafeyini ifadə edən proqrama malik olmaqla bütün zümrələrin arzu və istəklərini qorumağı bacarmalıdır. Yalnız xalqın bütün təbəqələrinin istək və arzularını ifadə edərək, əsaslandırılmış ideoloji prinsiplərə, güclü liderə, yüksək səviyyəli və geniş potensiala malik siyasi elitaya və səmərəli təşkilati struktura malik olan partiya aparıcı siyasi qüvvə kimi uzun müddət fəaliyyət göstərə bilər.

Məhz belə keyfiyyət göstəricilərinə görə Yeni Azərbaycan Partiyası Azərbaycanda və bölgədə ən güclü təşkilat hesab olunur. Bu partiya yarandığı gündən qısa bir zaman sonra ölkənin siyasi həyatının lokomotivinə çevrilə bildi. YAP sədri, Prezident İlham Əliyevin bu məsələ ilə bağlı söylədiyi fikirlər çox maraqlıdır. Dövlətimizin başçısı demişdir ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın müasir tarixində böyük bir fenomendir. Çətin şəraitdə, təzyiqlərlə, hədə-qorxularla, bütün məhrumiyyətlərlə üzləşərək, həm partiya üçün, həm partiya fəalları, həm də ölkə üçün, demək olar, ən ağır dönəmdə yaranan bu partiya gündən - günə möhkəmləndi, gücləndi və bu gün bölgədə onun analoqu yoxdur. Nəinki Azərbaycanda, qonşu ölkələrdə də Yeni Azərbaycan Partiyası kimi güclü, mütəşəkkil qüvvə yoxdur.

Keçən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda bir sıra siyasi təşkilatlar var idi. Amma Yeni Azərbaycan Partiyası yarandıqdan sonra söykəndiyi ideoloji prinsiplər baxımından da digərlərindən fərqlənirdi. YAP-ın söykəndiyi siyasi-ideoloji prinsiplər bu gün Azərbaycan cəmiyyəti tərəfindən müdafiə olunmaqla, ümumdövlət maraqlarını özündə əks etdirir. Yeni Azərbaycan Partiyasının qarşısına qoyduğu məqsədlərə nail olmaq üçün irəli sürdüyü prinsiplər - müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, varislik, konstruktiv əməkdaşlıq, sosial ədalət - bu gün Azərbaycan vətəndaşları tərəfindən qəbul edilən və milli maraqları özündə əks etdirən prinsiplərdir. Bu prinsiplər, əslində, müstəqil Azərbaycan dövlətinin söykəndiyi və güvəndiyi dəyərlərdir. Partiyanın elan etdiyi azərbaycançılıq prinsipi dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlıları vahid amallar ətrafında birləşdirən bir ideya olaraq özünü doğrultmuşdur. Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə dünya azərbaycanlılarının Bakıda keçirilən I qurultayı, daha sonra Prezident İlham Əliyevin dəstəyi ilə II qurultayın keçirilməsi azərbaycançılığın təbliği, dünya azərbaycanlılarının vahid məqsəd ətrafında birləşdirilməsi baxımından mühüm rol oynamışdır. Yeni Azərbaycan Partiyasının söykəndiyi dəyərlər, ideoloji-siyasi prinsiplər, bəşəri xarakter daşımaqla müstəqil dövlətimizin gələcək inkişaf yollarını müəyyən edir. Bu prinsiplər Heydər Əliyev tərəfindən müəyyən edilən prinsiplər olaraq inkişafımızı istiqamətləndirir. Yeni Azərbaycan Partiyasının yaranması ilə Azərbaycan siyasi həyatında yeni bir dövr başlandı.

YAP bir təşkilat olaraq Azərbaycan siyasətinə özü ilə birlikdə bir sıra yeniliklər gətirmişdir. Partiya müxalifətdə olduğu dövrdə birmənalı olaraq dövlətçilik mövqeyində dayanmış, hakimiyyətdə olan dairələrin əməllərini, onların xalqa zidd siyasətini tənqid etməklə yanaşı, Azərbaycanın maraqlarına ziyan vuracaq hər hansı hərəkətə yol verməmişdir. Təəssüf ki, bu halı indiki müxalifət partiyalarında müşahidə etmək mümkün deyil. YAP-ın siyasətinə müxalif olan bəzi partiyalar tənqidlə təhqiri eyniləşdirməklə bərabər, ölkədaxili məsələləri yerli-yersiz beynəlxalq təşkilatlar səviyyəsinə qaldırmağa çalışır və bir növ öz ölkəsindən xarici təşkilatlara şikayətçi rolunu oynayır. Müxalifət partiyalarının bu əməlləri onların ölkə daxilində sosial dayaqlarının zəifliyinə dəlalət edir. Eyni zamanda, qeyd etmək lazımdır ki, müxalifət nümayəndələrinin yerli-yersiz "şikayətləri"nin heç bir əsası olmur. Onlar uydurduqları yalan məlumatları müxtəlif xarici təşkilatlara göndərməklə, əslində, düşmən Ermənistanın anti-Azərbaycan təbliğat maşınına yardım etmiş olurlar. Bu cür hərəkətlər müxalifətçilik deyil, Vətənin maraqlarına zərbə vurmaqdır.

Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi xarici siyasət doktrinasının strateji hədəfləri balanslaşdırılmış siyasət həyata keçirərək Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, ölkəmizin təhlükəsizliyinin və suverenliyinin təmin olunması, beynəlxalq əlaqələrinin inkişafı ilə dünyada tərəfdaşlarını artırmaq, iqtisadi qüdrətini yüksəltməkdən ibarətdir. Ulu öndərin xarici siyasətdə müəyyənləşdirdiyi bu məqsədlər cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətin də başlıca məqsədləridir. Təbii ki, Yeni Azərbaycan Partiyasının da fəaliyyətinin əsas məqsədlərindən biri budur. Yeni Azərbaycan Partiyasının fəaliyyət istiqamətində beynəlxalq əlaqələrin inkişafı da mühüm yer tutur. Partiyamızın beynəlxalq əlaqələrinin genişlənməsi və güclənməsi, təkcə Azərbaycanda deyil, Azərbaycandan kənarda da artıq tanınması və ona hörmət bəslənilməsi, bütövlükdə Azərbaycanın beynəlxalq əlaqələrinin güclənməsi ilə əlaqədardır. Həmçinin Azərbaycanın dünyada nüfuzunun yüksəlməsi ilə əlaqədardır. Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələri və nüfuzu öz növbəsində Azərbaycanın təbliğ olunmasına, müstəqil dövlətimizin reallıqlarının və həqiqətlərinin dünyaya çatdırılmasına əhəmiyyətli töfhələr verir.

Yeni Azərbaycan Partiyası Avropa, Asiya, Amerika qitəsində yerləşən onlarca ölkənin siyasi partiyaları ilə yüksək əlaqələr qurmuşdur. Bununla yanaşı, siyasi partiyaların beynəlxalq birlikləri ilə də fəal müstəvidə əməkdaşlıq yaradılmışdır. Hazırda YAP Avropa Xalqlar Partiyası ilə sıx əməkdaşlıq edir, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı tərkibində kifayət qədər geniş fəaliyyət göstərir, qurumun idarə heyətinin 20 üzvündən biridir. Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının yenicə yaradılan Gənclər Birliyinin vitse-prezidenti seçilib. Bu əlaqələr çərçivəsində müxtəlif layihələr həyata keçirilir, qarşılıqlı səfərlər reallaşdırılır. Eyni zamanda, YAP təmsilçiləri beynəlxalq konfranslarda iştirak edir, paytaxtımızda Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə mühüm beynəlxalq tədbirlər keçirilir. Yeri gəlmişkən, qeyd edim ki, noyabr ayının 22-23-də Bakı şəhərində Asiya siyasi partiyalarının beynəlxalq konfransının VII Baş Assambleyası keçiriləcək. Asiya qitəsindəki bütün ölkələrdə fəaliyyət göstərən siyasi təşkilatların və partiyaların nümayəndələri Bakıda bir araya gələrək sülh, barış və əməkdaşlıq mövzusunda müzakirələr aparacaq, sənədlər qəbul ediləcək. Hesab edirəm ki, bu, bütövlükdə, nəinki Yeni Azərbaycan Partiyasının, o cümlədən Azərbaycanın siyasi həyatında ən əlamətdar hadisələrdən biri olacaq.

Artıq 20 il geridə qalıb. Yeni Azərbaycan Partiyası gələcəyə çox böyük nikbinliklə baxır. Ulu öndərimiz Heydər Əliyevin qurucusu olduğu müstəqil Azərbaycan dövlətini inkişaf etdirmək, yeni-yeni uğurlar qazanmaq istiqamətində partiyamızın sədri, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə hərtərəfli dəstək verərək partiyanın rayon (şəhər) təşkilatlarının gündəlik fəaliyyətlərində əsas yer tutur. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın regionda mövqelərini daha da möhkəmləndirmiş, respublikamız iqtisadi inkişafa görə lider ölkəyə çevrilmişdir. Yeni Azərbaycan Partiyasının əsas keyfiyyət göstəricilərindən biri ölkəni irəliyə aparan, xalqa söykənən və xalqa xidmət edən siyasi təşkilat olmasıdır. Heydər Əliyev ideyaları ilə silahlanmış YAP hələ bundan sonra da Prezident İlham Əliyevin başçılığı ilə Azərbaycan dövlətçiliyinə, milli tərəqqimizə xidmət edəcəkdir. Əldə edilən uğurlar qətiyyətlə belə bir fikir söyləməyə əsas verir ki, 2013-cü il prezident seçkilərində YAP-ın namizədi cənab İlham Əliyev çox böyük uğurla qələbə qazanacaqdır.

Partiya fəalları qarşısında YAP-ın sədri, Prezident İlham Əliyev "Mən partiyanın inkişafı üçün, partiya quruculuğu üçün məsuliyyəti dərk edirəm. Heydər Əliyevdən sonra partiyaya rəhbərlik etmək böyük şərəfdir" - demişpartiya üzvlərinə xitabən - "Yeni Azərbaycan Partiyasının bayrağını uca tutun!" söyləmişdir. Yaranmasının 20-ci ildönümünü qeyd edən Yeni Azərbaycan Partiyasının çoxminli üzvləri bu çağırışa həmişə əməl edəcəklər. Əminliklə demək olar ki, Heydər Əliyev yoluna sadiq olan Yeni Azərbaycan Partiyası dövlətçilik naminə, Azərbaycanın maraqları naminə fəaliyyətini daha da gücləndirəcəkdir.

 

 

Mübariz QURBANLI,

Yeni Azərbaycan Partiyası icra

katibinin müavini, Milli Məclisin

deputatı

 

Xalq qəzeti.- 2012.- 21 noyabr.- S. 4.