"Azərsu" ASC beynəlxalq müsabiqənin qalibi seçilmişdir

 

Hazırda ölkəmizdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı mühüm layihələr həyata keçirilir. "Azərsu" Açıq Səhmdar Cəmiyyəti tərəfindən reallaşdırılan həmin layihələrin əsas məqsədi yaxın illərdə ölkə əhalisinin keyfiyyətli içməli su ilə fasiləsiz təminatına nail olmaqdan ibarətdir.

 

Yeri gəlmişkən, hazırda su sektorunda görülən bütün işlər ən son texnologiyalar əsasında həyata keçirilir. Bu amil də "Azərsu" ASC-yə bir sıra nüfuzlu beynəlxalq müsabiqələrdə iştirak imkanı yaradır.

Xatırladaq ki, bir qədər əvvəl dünyanın su sektorunda fəaliyyət göstərən 270 şirkətinin iştirakı ilə ən nüfuzlu müsabiqələrdən sayılan Bentley Beynəlxalq Layihə Müsabiqəsinə (Be İnspired Awards) start verilmişdi. Müsabiqənin keçirilməsində məqsəd isə ayrı-ayrı ölkələrdə dizayn, mühəndislik, inşaat layihələri üzrə müasir texnologiya və metodlardan istifadə edən qurumları bu işə cəlb etmək idi.

Müsabiqənin "İçməli su, çirkab su və yağış sularının idarə olunmasında yeniliklər" nominasiyası üzrə final mərhələsinə "Azərsu" ASC ilə yanaşı, Gannett Fleminq İnc (ABŞ) və NJS Engineers Pvt. Ltd (Hindistan) şirkətləri vəsiqə qazanmışdılar.

13-14 noyabr 2012-ci il tarixlərində Hollandiyanın Amsterdam şəhərində adıçəkilən müsabiqənin final mərhələsi keçirilmişdir. Finalda iştirak hüququ qazanmış şirkətlərin nümayəndə heyətlərinin iştirakı ilə layihələrin təqdimatı olmuşdur. Ölkəmizi bu nüfuzlu beynəlxalq tədbirdə "Azərsu" ASC sədrinin birinci müavini Teyyub Cabbarovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil etmişdir. Sevindirici haldır ki, "Azərsu" ASC-nin təqdim etdiyi "Yeraltı infrastrukturun idarə ounması - "AzərsuCİS" layihəsi müsabiqənin final mərhələsinin qalibi elan edilmişdir.

Dünən "Azərsu" ASC-də "AzərsuCİS" layihəsinin Bentley Beynəlxalq Layihə Müsabiqəsinin qalibi olması ilə əlaqədar mətbuat konfransı keçirildi. "Azərsu" ASC sədrinin birinci müavini Teyyub Cabbarov bildirdi ki, bu uğur təmsil etdiyi səmdar cəmiyyətin beynəlxalq arenada tanınması ilə yanaşı, dünyanın aparıcı şirkətlərinin ölkəmizə marağının artırmasına səbəb olmuşdur. Layihəyə uyğun olaraq içməli su, çirkab su və yağış suları üzrə həm yeraltı, həm də yerüstü infrastrukturların elektron xəritələrinin yaradılacağını, hər bir bina üzrə nömrələnmə aparılacağını diqqətə çatdıran T. Cabbarov qeyd etdi ki, bu sistem yeraltı infrastrukturun idarə olunması üzrə işlərin daha orperativ həyata keçirilməsinə imkan verəcək, növbəti mərhələdə isə abonent bazası üzrə məlumatlar da bu sistemə yerləşdiriləcək.

Sonra "Azərsu" ASC-nin İnformasiyaKommunikasiya Texnologiyaları Departamentinin rəisi Samir Qənili "Yeraltı infrastrukturun idarə olunması - AzərsuCİS" layihəsinin iştirakçısı olduğu final mərhələsi barədə kütləvi informasiya vasitələrinin nümayəndələrinə ətraflı məlumat verdi. Qeyd olundu ki, Amsterdam şəhərində keçirilən final mərhələsində aparılmış yekun qiymətləndirmə zamanı layihələrin dizaynı, əhatə etdiyi ərazi, tətbiq olunacaq yeniliklər, layihələrin faydası və digər meyarlar əsas götürülmüşdür. Müsabiqə iştirakçıları və münsiflər heyəti tərəfindən böyük maraqla qarşılanan "AzərsuCİS" layihəsi müsabiqənin qalibi seçilmiş və ən yüksək mükafata layiq görülmüşdür. O da diqqətə çatdırıldı ki, tədbirdə Bentley şirkətinin prezidenti G.Bentley "Azərsu" ASC-nin müsabiqəyə təqdim etdiyi layihənin qurumun beynəlxalq arenada tanınması ilə yanaşı, qabaqcıl texnologiyalardan istifadə baxımından əhəmiyyətli olduğunu bildirmişqeyd etmişdir ki, əldə olunan nailiyyət Azərbaycanda informasiya texnologiyaları sahəsində genişmiqyaslı işlərin həyata keçirilməsindən xəbər verir.

S.Qənili bildirdi ki, bu layihə Azərbaycanda içməli suçirkab suları, həmçinin yağış suları infrastrukturlarının coğrafi inventarlarını, şəbəkə analizləri ilə modelləşdirmə işlərini özündə birləşdirən coğrafi informasiya sistemidir. Yaradılacaq sistemin köməyi ilə layihələndirmə işləri, su təchizatı və kanalizasiya sistemlərinin mövcud vəziyyəti dəqiq qiymətləndiriləcək, şəbəkələrdə baş verən qəzalar dərhal sistemdə qeydiyyata alınacaq. Eyni zamanda, içməli su, çirkab suları, eləcə də yağış suları infrastrukturunu vahid mərkəzdən idarə etmək, tikintiistismar sahələrində idarəetmə fəaliyyətini həyata keçirmək mümkün olacaq. Layihənin üstünlükləri barədə məlumat verən Samir Qənili onu da qeyd etdi ki, yeni sistemin köməyi ilə içməli suyun mənbədən istehlakçıya qədər, eləcə də yağış və çirkab suların axıdılmasının bütün mərhələlərinə dəqiqliklə nəzarət etmək mümkün olacaq. 3 illik layihə çərçivəsində işlərin gələn il daha da sürətləndiriləcəyini diqqətə çatdıran natiq 2014-cü ilin sonuna kimi Bakı şəhəri və Abşeron yarımadası, 2015-ci ilə qədər isə bütün ölkə üzrə layihənin reallaşdırılmasının başa çatdırılacağını bildirdi.

Tədbirin sonunda jurnalistləri maraqlandıran suallar cavablandırıldı.

 

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2012.- 21 noyabr.- S. 4.