"Araz" kursları ali təhsilə mötəbər körpüdür

 

Azərbaycan - Türkiyə təhsil əməkdaşlığının ən gözəl örnəklərini yaratmış "Çağ" Öyrətim İşlətmələri Şirkətinin ölkəmizdə fəaliyyətə başlamasından 20 il ötür. 20 il əvvəl Naxçıvanda ulu öndər Heydər Əliyevin xeyir-duası ilə ilk təhsil ocağını yaradan bu qurum sonrakı illərdə ümummilli liderin himayəsi ilə respublikanın müxtəlif bölgələrində ərsəyə gətirdiyi 10 lisey, 13 ali məktəbə hazırlıq kursu, beynəlxalq sertifikat qazanmış "Qafqaz" Universiteti və digər təsisatları ilə Azərbaycan təhsilində ön mövqeyə çıxmışdır. "Çağ" liseyləri şagirdləri hər il respublika və beynəlxalq fənn olimpiadalarında onlarla medal qazanır, məzunların əksəriyyəti ali məktəblərə daxil olurlar. "Araz" kursları da ali məktəblərə tələbə hazırlığı işinin önündə gedir. Bu kursları bitirənlərin hər il 95 faizi tələbə adı qazanır, yerdə qalanlar isə sonrakı illərdə istəklərinə çatırlar. Müsahibimiz "Araz" kurslarının müdiri İrfan Uzundəmirdir.

 

- "Araz" kursları ötən illərdə övladlarını ali məktəb tələbəsi görmək istəyən ailələrə sevinc bəxş etməklə ölkəmizdə böyük populyarlıq qazanmışdır. Siz bu uğuru necə qazanmısınız?

- İlk növbədə, qabaqcıl dünya təcrübəsini mənimsəməklə, ciddi pedaqoji sistem yaratmaqla uğurlar yoluna çıxmışıq. Təşəbbüskarlıq və böyük zəhmət olmadan da yüksək nəticəyə çatmaq olmaz. Biz Azərbaycana Türkiyənin çağdaş təhsil təcrübəsini gətirməklə qardaşlıq borcumuzu yerinə yetirməyə çalışmışıq. "Çağ" Öyrətim Şirkətinin bu məramının gerçəkləşməsində "Araz" ali məktəblərə hazırlıq kursları da ötən 20 ildə xidmətini dayanmadan artırmışdır.

İlk ildə Bakı şəhərində bir bölməsi olan "Araz" hazırda respublikamızın 10 müxtəlif şəhər və rayon mərkəzində 13 kurs ilə fəaliyyətini davam etdirir. Bunlar paytaxtdakı Bakı, Xətai, Sabunçu, Nərimanov, habelə respublikamızın digər bölgələrində olan Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Lənkəran, Şəki, Zaqatala, Şamaxı və Qax "Araz" kurslarıdır.

Kollektivimizin üzvlərinin əksəriyyəti gənc, savadlı və təcrübəli müəllimlərdir. Onlar öz ixtisaslarını yüksək səviyyədə bilən mütəxəssislər arasından seçilir. İxtisas imtahanından uğurla keçən müəllimin dərsini kurs rəhbərliyi və fənn metodistləri dinlədikdən sonra o, işə qəbul olunur. Peşə hazırlıqlarını artırmaq məqsədi ilə müəllimlər üçün mütəmadi olaraq seminarlar təşkil edilir. Bu məqsədlə hər rübdə zona, il ərzində isə üç dəfə respublika üzrə seminarlar təşkil olunur. Müəllimlərin həvəslə qatıldıqları bu fənn seminarlarında tədrisin nəzəri və təcrübəli məsələləri müzakirə edilir.

- Gənclərin sizin kurslara böyük marağı nə ilə bağlıdır?

- Ali məktəblərə qəbul imtahanına yüksək səviyyədə hazırlaşmaq istəyən yuxarı sinif şagirdləri və orta məktəb məzunlarının "Araz" kurslarına gəlməsi buradakı təhsilin yüksək səviyyəsindən xəbər verir. Bu uğura bütün fənlərin sistemlikompleks şəkildə tədrisi sayəsində nail olunmuşdur. Məşğələlər 12-16 nəfərlik qruplar halında, həftədə 3 dəfə olmaqla aparılır. Hazırlıq orta məktəb dərsliklərinə əsaslanaraq, TQDK-nın elan etdiyi qəbul proqramlarına uyğun qurulur. Tədris prosesi zamanı dinləyicilər təcrübəli müəllimlərin köməyi ilə həm nəzəri biliklərə yiyələnir, həm də bunların test üzərində tətbiqini qavrayır. Ciddi bir tədris prosesində dinləyicilər həftəlik mövzu testləri ilə hər həftənin sonunda sınağa çəkilirlər. Hər ay abituriyentlərin ümumi biliklərinin yoxlanılması məqsədi ilə imtahan keçirilir. 125 test tapşırığından ibarət olan bu imtahan vasitəsilə abituriyentlər qazandıqları biliklərin nəticəsini görüryol verdikləri səhvlərin üzərində yenidən işləmək şansı qazanırlar.

Türkiyədə uzun illər ərzində qazanılmış test təcrübəsini Azərbaycanda tətbiq edən "Araz" kursları ali təhsil əldə etmək istəyən hər bir abituriyent üçün uğura aparan bir körpü rolunu oynamaqdadır. 20 il ərzində "Araz" kurslarımızın məzunlarından 169-u Prezident təqaüdünə layiq görülmüş, 1664 nəfər isə 600 baldan yüksək nəticə göstərmişdir. Ali məktəblərə qəbul marafonunda dəfələrlə ən yüksək pilləyə qalxan kurslarımızın 9 yetirməsi maksimum nəticə göstərərək 700 bal toplamışdır. Bu il respublika üzrə 102 nəfər Prezident təqaüdünə layiq görülmüş gəncin 32 nəfəri "Araz" kurslarında hazırlıq keçib tələbə adını qazananlardır.

- Ali məktəblərə qəbul olmaq istəyənlər sizin buraxdığınız vəsaitlərə böyük maraq göstərirlər.

- Təkcə məzunlarımız deyil, ölkə üzrə abituriyentlərin də uğur qazanmasında "Araz" kurslarının nəşrlərinin payı çoxdur. "Araz" yayınlarının dərs vəsaitləri dinləyiciləri qəbul proqramına uyğun olaraq yığcam, sistemli və sanballı şəkildə mövzularla tanış edir. Kursun nəşr etdirdiyi test bankları abituriyentlərə vərdişlərin aşılanmasında böyük köməklik göstərir. Bu dərs vəsaitləri həm Azərbaycan, həm də rus bölməsi üçün nəzərdə tutulmuşdur.

Daim yeniliklərlə abituriyentlərə yardımçı olan "Araz" kursları yeni bir "Video həllər" layihəyəsinə imza atıb. Artıq kursun sınaq imtahanlarında iştirak edən hər bir abituriyent istifadə olunmuş test tapşırıqlarının həlli və şifahi izahı ilə heç kimin köməyi olmadan imtahandan cəmi iki saat sonra tanış ola bilər. Belə ki, www.araz.edu.az saytına daxil olub imtahanın adını, qrupunu, test kitabçasının variantını və istədiyi test tapşırığının nömrəsini seçməklə, təcrübəli müəllimlərin mükəmməl izahı ilə onlayn şəkildə tanış olmaq mümkündür.

Əvvəldə dediyiniz kimi, bizim fəaliyyətimiz hər il övladlarını ali məktəb tələbəsi görmək istəyən yüzlərlə ailəyə sevinc gətirir. Bu sevincin, məmnunluğun əks-sədası növbəti illərdə bizi daha yaxşı çalışmağa həvəsləndirir. Əlbəttə, bizim kurslarda oxumaq istəyənlərin sayı qat-qat çoxdur. Lakin onların bir hissəsinin baza biliyi, mənimsəmə səviyyəsi ali məktəbə qəbulun tələblərindən aşağı olduğuna görə biz seçim aparıb ümidverici gənclərlə məşğul oluruq. Bu seçimimiz özünü tamamilə doğruldur, məzunlarımızın əksəriyyəti istəyinə çatır.

Sonda bildirim ki, ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin böyük qayğısı, təhsil naziri Misir Mərdanovun daimi köməyi olmasa idi, şirkətimiz Azərbaycan təhsilinin avanqardı ola bilməzdi. Bu ötən 20 ilin bizdə doğurduğu ən böyük qənaət uğurlarımızdan qürurlanmaq duyğusu və göstərilən diqqət və qayğını daha yaxşı işimizlə cavablandırmaq istəyidir.

 

 

Söhbəti yazdı: Tahir AYDINOĞLU

 

Xalq qəzeti.- 2012.- 25 noyabr.- S. 6.