Demokratiya: üstünlüklər və pərdəarxası məqamlar

 

Mübaliğəsiz demək olar ki, bəşəriyyət indiyədək dünyada demokratiya xəttini əvəz edə biləcək, onun qədər cəmiyyətə xeyir verə biləcək ikinci bir modeli tapmayıb. Həqiqətən, bu yola sadiqlik bir çox xalqlara əksər məsələlərdə uğurlar gətirmiş, istər siyasi, istərsə də iqtisadi münasibətlərin tənzimlənməsində rəqabətin davamlılığını təmin etmişdir. Qərb dəyərlərinin əsas qaynağı tarixən Şərq olsa da, etiraf etmək lazımdır ki, demokratiya sahəsində Avropa ölkələri və ABŞ xeyli nailiyyətlər əldə etmiş və özləri barədə dünyada söz və vicdan azadlığı, insan hüquqlarının real təminatçısı imici formalaşdıra bilmişlər.

 

Məşhur Amerika politoloqu Samuel Hantinqton qeyd edir ki, "XIX əsrin əvvəlində başlamış demokratikləşmənin birinci uzun dalğası 1920-ci ildə demokratiyanın 30 ölkədə qələbəsi ilə nəticələnmişdir. Sonrakı dövrdə avtoritarizmin və faşizmin yaranması 1942-ci ildə demokratik ölkələrin sayının 10-a azalmasına səbəb olmuşdur. İkinci dünya müharibəsindən sonra demokratikləşmənin ikinci yüksələn qısa dalğası yenidən demokratik dövlətlərin sayını 30-a qədər artırmış, lakin əvvəldə olduğu kimi, bu ölkələrin bəzilərində demokratik idarəçilik süquta uğramışdır. Keçən əsrin 70-ci illərində Portuqaliya və İspaniyada avtoritar rejimlərin çökməsi ilə başlayan, 90-cı illərdə SSRİ-nin parçalanması və Şərqi Avropada sosializm sisteminin süqutu ilə davam edən demokratikləşmənin üçüncü dalğası daha güclü və sürətli, əvvəlkilərdən qat-qat üstün olmuşdur. İndi dünya ölkələrinin 60 faizdən çoxu bu və ya digər formada açıq və ədalətli seçkilər nəticəsində hakimiyyətə gəlmiş hökumətlərə malikdir". Göründüyü kimi, demokratiya prosesi heç də asanlıqla ərsəyə gəlməmiş və bu inkişaf xeyli sayda insan itkisi hesabına əldə edilmişdir.

 

Antik demokratiya və inkişaf mərhələləri

 

"Demos" xalq, "kratos" hakimiyyət anlamına gələn demokratiya məfhumunun tarixinə qısaca nəzər salsaq görərik ki, bu ideyanın yaranmasının ilk rüşeymləri qədim Yunanıstana gedib çıxır. Daha doğrusu, o zaman parçalanmış şəhər dövlətlərdən ibarət olan Yunanıstanda yalnız Afina dövlətində xalq hakimiyyəti mövcud idi. Bu baxımdan qonşu Sparta ilə onların arasında olan üzücü müharibələr, demokratiya ilə aristokratiyanın bir növ mübarizəsini əks etdirirdi.

Afina demokratiyası yeganə dövlət sistemi idi ki, dünya tarixi burada demokratiyanı ilk və hərtərəfli təsvir edir. Burada qullar istisna olmaqla, şəhərin bütün əhalisi aristokratik hakimiyyətlərlə müqayisədə yoxsulluq və istismara qarşı alternativ idarəetmə modeli yaratmışdılar. Afina demokratiyasına 32 il başçılıq edən qətiyyətli sərkərdə və dövlət xadimi Perikl öz hakimiyyəti dövründə xalq hakimiyyətinə xüsusi sadiqlik prinsipləri ilə yanaşmış və Sparta aristokratları ilə gedən mübarizədə əqidəsinə son dərəcə bağlılıq nümayiş etdirmişdi. Platon və ardıcılları və digər demokratiya əleyhdarları tərəfindən bu sistem xaosun, anarxiyanın, korrupsiyanın, kütlələrin nəzarətdən çıxmasının əsas səbəbi kimi tənqid olunsa da, Periklin dövründə dövlət bu üsulla özünün ən yüksək zirvəsinə çatmışdı. Aristokratiya ilə müqayisədə demokratik idarəetmə üsulu nə qədər çətin olsa da, populizmdən uzaq adam olan Periklin kütləni idarə etməsi qeyri-mümkün dövrdə reallığa çevrilmişdi. Tarixçi Fukidid yazır ki, " o, kütləyə ona görə rəhbərlik edə bilirdi ki, hakimiyyətə ləyaqətsiz vasitələrdən istifadə etmədən gəlmişdi. Onun kütləyə yarınmağa ehtiyacı yox idi və o, hörmətə malik olduğundan kütləyə qarşı kəskin şəkildə çıxa bilirdi". Sparta ilə müharibədə ilk həlak olmuş döyüşçülərin dəfn mərasimində Fukidid tərəfindən yazıya alınmış Periklin söylədiyi nitq üstündən min illər keçsə də bu gün belə demokratiyanın müdafiəsinə dair ən qədim təlimat hesab edilməyə layiqdir. O deyirdi: "...Qonşumuz öz davranışında şəxsi meyillərə uyğun hərəkət edirsə, biz ona pis gözlə baxmırıq...Biz azad yaşayırıq... Bununla yanaşı, bizə bərabər olan rəqibə qarşı cəsarətlə mübarizə aparırıq... Güman edirəm ki, bizim hər birimiz ən müxtəlif həyat şəraitlərində öz şəxsi keyfiyyətlərini asanlıq və incəliklə təsdiq edə bilər... Biz öz dövlət quruluşumuz üçün heç bir yadelli qanunları nümunə götürməmişik. Əksinə, biz nədəsə, kimlərisə təqlid etməkdənsə, özümüz başqaları üçün həmişə örnək olmuşuq. Şəhərimizi bir ovuc şəxs deyil, xalqın böyük əksəriyyəti idarə etdiyinə görə dövlət quruluşumuz xalq idarəçiliyi adlanır. Dövlət işlərinə gəldikdə isə, bizdə hər bir kəs yalnız ləyaqətinə görə fəxri dövlət vəzifələrinə irəli sürülür, belə ki, həmin şəxs müəyyən zümrəyə mənsub olduğuna görə deyil, şəxsi fədakarlığıa görə nəiləsə fərqlənə bilmişdir". Gördüyümüz kimi, bu gün demokratiyanın, bəlkə də, ilk proqramı olan bu nitq nə qədər qəribə olsa da 2500 il bundan öncə söylənilmişdir. Ən qəribəsi isə budur ki, bu gün beynəlxalq demokratik təsisatların əksəriyyəti, dövlətlərin konstitusiyası bu çıxışın mətni ilə uzlaşsa da, hansısa dövlətlər hətta demokratiya öncülləri hesab olunsalar belə, Periklin 32 illik hakimiyyətində həyata keçirdiyi nailiyyətlərdən hələ də geri qalırlar. Yunanıstanda "xalq hakimiyyəti" sisteminin yarandığı zamanlara yaxın dövrlərdə bu cür idarə üsulu Apennin yarımadasında, Romada da təşəkkül tapmışdır. Lakin Roma vətəndaşları bu idarə üsulunu "respublika" adlandırmağı üstün tutdular.

İlk çağlarda respublikanın idarə olunmasında iştirak etmək hüququ yalnız patrisilərə (aristokratlara) mənsub idi. Lakin cəmiyyətin inkişafı gedişində, qızğın mübarizədən sonra adi adamlar da (Romada onlar "plebs" adlanırdılar) belə bir hüquqa nail oldular.Afinada olduğu kimi, burada da iştirak etmək hüququ yalnız kişilərə verilirdi və bu məhdudiyyət demokratiya və respublikanın sonrakı bütün növlərində XX yüzilliyə qədər qüvvədə qalmışdır.

Əvvəllər kiçik ərazidə, şəhərdə təşəkkül tapan Roma Respublikası işğallar vasitəsilə öz hüdudlarını hədsiz genişləndirərək bütün İtaliyaya və başqa ölkələrə ağalıq etməyə başladı. Qeyd olunmalıdır ki, bir çox hallarda respublika, hər yerdə yüksək qiymətləndirilən Roma vətəndaşlığını fəth olunmuş xalqların nümayəndalərinə "bəxş edir" və beləcə, onlar müvafiq hüquq və imtiyazlara malik olan Roma vətəndaşına çevrilirdilər. Bütün bunlar demokratiyanın keçdiyi inkişaf yolunun başlanğıcı hesab olunur.

Hansıki, bundan sonra da tarixdə İngiltərədə Magna Karta hərəkatı, insan haqları uğrunda ilk kütləvi hərəkat olan Britaniya "Levellerlər inqilabı", Tomas Hobbsun "Sülh qaydaları", Con Lokun "Dini dözümlülük" və "Vicdan azadlığı haqqında" məktubları, Jan Jak Russonun məşhur "İctimai müqavilə haqqında" əsəri, Fransada və Avropada "respublikaçılıq", Con Stüard Millin "Azadlıq haqqında" essesi və s. hərəkatlar və əsərlər kimi demokratiya carçıları olmuş və müəyyən dövrlərdə hətta icra edilmişdir. Ən qədim dövrlərdən sonra demokratiyanın yenidən "dünyaya gəlməsi" ABŞ-ın adı ilə bağlıdır. Belə ki, 1775-1783-cü illər Amerika ilə İngiltərə arasında vətəndaş müharibəsi gedişində, Amerika Konqresi 1776-cı il iyulun 4-də Filadelfiyada "İstiqlaliyyət Bəyannaməsi"- ni qəbul etdi. Bu sənəd yeni bir dövlətin yarandığını elan etməklə yanaşı, həm də bütün dünyada ilk dəfə olaraq insan azadlıqlarının şərhini verdi. "İstiqlaliyyət Bəyannaməsi"ndə göstərilirdi ki, bütün insanlar "bərabər yaranmışlar", xalqın zülmkarları devirmək və öz hökumətini təsis etmək hüququ vardır. Bununla da xalq hakimiyyətin mənbəyi elan edilirdi.

1789-1794-cü illərdə baş vermiş Böyük Fransa İnqilabı da həmçinin Fransa və Avropanın siyasi tarixində köklü dəyişikliklərə səbəb olmuş ən mühüm hadisələrdən biri hesab olunur. İnqilabın əsasında mütləq monarxiyadan demokratiya, vətəndaşlıq və insan hüquq və azadlıqlarına söykənən ictimai-siyasi ideyalar dururdu. Lakin bütün bu inqilabi çevrilişlərə rəğmən demokratiya dünyada "ayaq tutub yerisə" də, onun tam icrası dünyanın heç bir dövlətində mümkün olmamışdır. Baxmayaraq ki, hazırda bəzi dövlətlər özlərini demokratiyanın akademiyası və himayədarı hesab edirlər.

 

İkili standartlar və ya aldadıcı manevrlər

 

Qloballaşmanın ölkələrə və dövlətlərə təsir etdiyi hazırki dövrdə demokratiyanın şəffaflığı hətta bir qədər nisbi görünür. Baxmayaraq ki, bir sıra həlledici məsələlərdə cəmiyyətlər demokratiyanın üstünlüklərindən yararlanır və azad seçki və azad iqtisadiyyat kimi faktorlardan istifadə edirlər. Bununla belə, həlli çətin olan bir çox xarici və daxili məsələlərdə böyük dövlətlər demokratiya deyil, daha çox qədim Sparta aristokratiyasına uyğun baxış bucağı ortaya qoyurlar. Bütün bunlar, təbii ki, dövlətlərin maraqları kontekstindən irəli gələrək onların genişmiqyaslı strategiyalarına paralel şəkildə aparılır. Bu da öz növbəsində ədalət meyarlarına əhəmiyyət verilməməsi və ikili standartların tətbiq olunması ilə müşahidə olunur.Biz bunun əyani sübutunu Ermənistan-Azərbaycan münaqişəsində Qərbin ortaya qoyduğu ikili münasibətdə aydın görə bilərik. Qərb dövlətləri və siyasi institutları Azərbaycanın ərazi bütövlüyünü sözdə dəstəkləsələr də real addımlar atmaq məqamı gələndə susmağa üstünlük verirlər. Sanki hansısa güc onları Azərbaycan Respublikasının haqlı mövqeyinə doğru qətiyyətli olmaqdan çəkindirir. Nəzərə alsaq ki, Azərbaycan Cənubi Qafqaz regionunda lider dövlətdir və bu ölkənin əlverişli mövqedə yerləşməsi, burada Qərb sərmayəçiləri üçün münbit şəraitin yaradılması, rəsmi səviyyədə qurulan dostluq və tərəfdaşlıq, bütün din mənsubları üçün ideal tolerantlıq mühitinin təmin olunması və digər nəzərə çarpan faktorlar Avropa Birliyi, Avropa Şurası, NATO kimi beynəlxalq qurumlarda birləşən aparıcı dövlətlər üçün kifayət etmir və bu üstünlüklərə və sabit siyasətimizə rəğmən hələ də Qarabağ məsələsində həlledici addımlar atmaqdan çəkinirlər.

Bundan əlavə, qardaş Türkiyənin illərdir Avropa Birliyinə üzvlüyünün qəsdən yubadılması, PKK terror təşkilatı ilə mübarizədə dövlətin sərt tədbirlərə al atmasının qarşısını almaq, İslam dünyası ilə sıx əlaqələr qurulmasına qısqanclıqla yanaşmaq və şübhəsiz ki, demoqrafik məsələlərdə Türk dominantlığı qorxusu Qərbin ikili standartlarını büruzə verir. Nəyə görə demokratik parametrlərinə görə hətta əksər dünya ölkələrini üstələyən Türkiyə bu cür haqsızlıqlarla qarşılaşır? Yaxud da, vətəndaş cəmiyyəti quruculuğunda inamla irəliləyən Azərbaycanın haqlı davasında Qərb tam olaraq bizim yanımızda deyil. Hansıki Qərbin təlqin etdiyi demokratik prinsiplərin heç bir bəndinə Ermənistan dövləti tərəfindən riayət olunmur. Görünür, Qərbin dünyada demokratiya təbliğatı hələ də erməni lobbisinin və xristianlıq təəssübkeşliyinin təsirindən çıxa bilməmişdir.

Son hadisələr bir daha onu göstərdi ki, dünyanın inkişaf etmiş ölkələrində demokratiya anlayışı müəyyən həddə kimidir. Bu hədd həmin dövlətin geostrateji maraqlarını müəyyənləşdirən qırmızı cizgiləri əhatə edir. Demokratiya naminə bu həddi keçmək yolverilməzdir və Qərb siyasətçiləri bu amili həlli çətin olan məsələlərdə xüsusilə nəzərə alırlar.

Nümunə üçün bir faktı qeyd edək ki, Norveçdə 77 nəfəri qətlə yetirən ultramillətçi - terrorçu Andres Brevik 21 il həbs cəzası aldı. Terrorçu hadisəni anti-türk, anti-islam mövqeyindən çıxış edərək törətdiyini bəyan etdi. Yəni ölənlərin mütləq əksəriyyəti xristian olsa da, terrorun mahiyyətində İslam və ya Türk düşmənçiliyi varsa, deməli ən ağır cəzadan onu sığortalamaq olar. Və ya bu günə qədər müxtəlif dəhşətli terror aktları həyata keçirmiş erməni terrorçuların əksəriyyəti tutulan kimi, dərhal azadlığa buraxılmış və ölkələrinə ekstradisiya olunmuşdur. Lakin təhqir olunmuş azərbaycanlı zabitin bir erməni hərbçisini öldürməsi onun ömürlük həbs cəzasına məhkum edilməsi ilə nəticələnmişdir. 8 il məhbus həyatı yaşayan Ramil Səfərovun ekstradisiya edilməsi və azadlığa buraxılmasına dünyanın göstərdiyi ədalətsiz təpki isə göz qabağındadır.

Yaxın Şərq və Şimali Afrikada keçən ildən başlayan "Ərəb baharı" hadisələri bir daha Qərbin siyasi maraqlarını ortaya qoydu. Qərb, şübhəsiz ki, hadisələrdə fəal iştirakına demokratiya carçısı olduğunu iddia etməklə haqq qazandırdı. Amma hadisələr onu göstərdi ki, demokratik tələblərin arxasında iqtisadi faktorlar dayanmışdır. Bu iqtisadi faktorlar demokratik ideyalarla silahlansa da " rüşvəti açıq şəkildə yox, konvertdə təqdim etmə" üsulunu daha çox xatırlatdı. Doğrudur, bu gün Qərb ölkələrində insan haqlarını müdafiə edən çoxsaylı hüquq müdafiəçiləri və təşkilatlar mövcuddur. Lakin hüququn aliliyini tələb edən bu qurumlar və şəxslər də dövlətlərin ideoloji maraqları kontekstindən kənara çıxmaqda acizdirlər.

Ən son hadisələrdə "Müsəlmanların məsumluğu" adlı filmin çəkilməsi daha çox diqqəti cəlb etdi. Bir milyarddan çox müsəlmanın mənəvi inancını təhqir edən bu filmə hələ ki, fundamental əks-qərarın verilməməsi guya demokratik təsisatların prinsiplərinə uyğun göstərilsə də, əksinə, haqqın, ədalətin ayaqlar altına atılmasına və bir qrup narkotik aludəçisinin bəşəri cinayətinə haqq qazandırmaqdan başqa bir şey deyil. Bu insanların vaxtında məsuliyyətə cəlb olunması nə qədər günahsız insanların qanının axıdılmasının qarşısını ala bilərdi. Lakin bu edilmədi.

Şərq dövlətlərinə, xüsusilə Türkiyə və digər İslam ölkələrinə qarşı bu və bu kimi qeyri-etik hadisələr, terror aktları törədilərkən susmaq demokratiyanın deyil, əksinə Qərbin ziddiyyətli maraqlarının əyani göstəricisidir. Bu, ikili standartların yaranması və tətbiqidir. Demokratiya sülhü, bərabərliyi, dostluğu, sivilizasiyaların dialoqunu, azad sözü, azad sahibkarlığı, bötövlükdə insan amilini təbliğ etsə də, bu gün bu adın arxasında gizlənən məqamlar onun əsas mahiyyətinin açılmasına mane olur. Demokratik təsisatların dünyanın hər yerində fəaliyyət göstərməsi, inzibati binaların tikilməsi, nümayəndəliklərin açılması hələ də əksər yerlərdə formal xarakter daşıyır və həqiqətin bərqərar olması anlamına gəlmir. Çünki bəzi yerlərdə dövlətlərin özünün buna maraq göstərməməsi, əksər yerlərdə isə demokratiya təbliğ edən qütbün özünün buna maraqlı olmaması bu ideal dəyərin öz layiqli yerini tutmamasına gətirib çıxarır.

 

 

Anar TURAN

 

Xalq qəzeti.- 2012.- 25 noyabr.- S. 3.