Azərbaycanın xarici iqtisadi əlaqələri inteqrasiya proseslərini sürətləndirir

 

Bu ilin ötən aylarında ölkəmizin sosial-iqtisadi sahələrində mühüm uğurlar əldə edilmişdir. Dövlət başçısının düzgün strategiyası nəticəsində cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunması inkişaf prosesində yüksək dinamizmi və məqsədyönlülüyü təmin etmişdir. Paytaxtın və regionların davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun tərəqqisi hesabına aradan qaldırılması üçün görülən kompleks tədbirlər ölkəmizin uğurlarını şərtləndirmişdir. Həyata keçirilmiş məqsədyönlü iqtisadi siyasət hesabına yoxsulluğun azaldılması, ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı mühüm uğurlar əldə edilmişdir. Kənd təsərrüfatında məhsul istehsalının stimullaşdırılması, əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlər də regionların iqtisadi mənzərəsinin dəyişməsində əhəmiyyətli rol oynamışdır.

 

Azərbaycanda iqtisadi inkişafı şərtləndirən və əhəmiyyətli dərəcədə sürətləndirən əsas amillərdən biri də dövlətlərarası ticarət əlaqələrinin genişləndirilməsi, uğurlu idxal-ixrac əməliyyatlarının həyata keçirilməsi, onlar arasında nisbətin milli maraqlara uyğun olaraq düzgün qurulmasıdır. Hazırda ölkəmizin xarici ticarət tərəfdaşlarının sayı 150-yə çatmışdır. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2012-ci ilin yanvar-avqust aylarında xarici ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə sabit qiymətlərlə 11,7 faiz azalaraq 21,8 milyard dollar təşkil etmiş, 89,9 faizi və ya 19,6 milyard dolları uzaq xarici dövlətlərlə, 2,2 milyard dolları isə MDB üzvü ölkələri ilə aparılmışdır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, səkkiz ay ərzində ölkəmizdən xarici ölkələrə 15,8 milyard dollar dəyərində müxtəlif məhsullar göndərilmiş, onun 15,1 milyard dolları uzaq xarici dövlətlərə, 718,5 milyon dolları MDB-yə daxil olan ölkələrə ixrac olunmuşdur. Qeyri-neft məhsullarının ixracı artmaqda davam edərək yanvar-avqust aylarında 1 milyard dollar olmaqla əvvəlki ilin müvafiq dövrünün səviyyəsini 5,5 faiz üstələmişdir. Ölkəmizə idxal olunmuş məhsulların dəyəri 6 milyard dollar təşkil etmişdir. Uzaq xarici ölkələrdən gətirilmiş malların həcmi 4,5 milyard dollar, MDB üzvü dövlətlərindən isə 1,5 milyard dollar olmuşdur. Səkkiz ay ərzində 9,8 milyard dollarlıq, o cümlədən uzaq xarici ölkələrlə 10,6 milyard dollar məbləğində müsbət, MDB üzvü dövlətləri ilə isə 769,5 milyon dollar məbləğində mənfi saldo yaranmışdır.

Xam neftin və təbii qazın ixracı barədə Dövlət Neft Şirkəti və ABƏŞ-dən daxil olmuş məlumatlar nəzərə alınmaqla xarici ticarət dövriyyəsi 29,1 milyard dollar (o cümlədən, ixrac 23,1 milyard dollar) təşkil etmiş, 7,9 faiz azalmış və müsbət saldo 17,1 milyard dollar olmuşdur.Yanvar-avqust aylarında 24 milyon dollar məbləğində humanitar və texniki yardım daxil olmuşdur.

Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv seçilməsindən ötən illər ərzində Avropa iqtisadi məkanına daha sıx inteqrasiya olunması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Elə 2012-ci ilin doqquz ayında aparılmış idxal-ixrac əməliyyatlarının xeyli hissəsinin Avropa iqtisadi məkanına daxil olan ölkələrlə aparılması da bunun məntiqi nəticəsidir. Hesabat dövründə Azərbaycanın xarici ticarət dövriyyəsinin xeyli hissəsi İtaliya, Fransa, Türkiyə, İsrail, Almaniya, Böyük Britaniya, Yunanıstan və digər Avropa ölkələri ilə aparılmışdır. Bununla yanaşı, hesabat dövründə Amerika Birləşmiş Ştatları, Hindistan, Tayvan (Çinin əyaləti), Sinqapur və digər uzaq xarici ölkələr də Azərbaycanın fəal ticarət partnyorlarından olmuşlar. İdxal-ixrac əməliyyatlarının qalan mühüm hissəsi isə digər uzaq xarici dövlətlərin və MDB məkanına daxil olan ölkələrin payına düşmüşdür.

Azərbaycanın neft-qaz sektorunun inkişafı ilə yanaşı, bir sıra digər sahələrdə də rəqabət qabiliyyətli məhsul istehsalının artması ölkəmizin ixrac imkanlarının xeyli genişlənməsinə səbəb olmuşdur. Bu da bir çox dövlətlərlə aparılan ticarət əməliyyatları zamanı müsbət saldo əldə edilməsinə imkan yaratmışdır. 2012-ci ilin ötən dövrü ərzində ixracın, həcminin bir qədər də artması həmin ölkələrin siyahısını xeyli genişləndirmişdir. Hesabat dövründə İtaliya, Amerika Birləşmiş Ştatları, Fransa, İndoneziya, İsrail, Hindistan, Malayziya, Yunanıstan, Bolqarıstan, Tailand, Livan və s. ölkələrlə aparılan idxal-ixrac əməliyyatları zamanı müsbət saldo yaranmışdır. MDB dövlətlərindən olan Ukrayna, Gürcüstan və Qazaxıstanla da ticarət dövriyyəsi zamanı müsbət saldo əldə edilmişdir.

Ulu öndər Heydər Əliyevin təkrarsız və unikal dövlət idarəçilik məktəbinin davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi müstəqil siyasət milli maraqlarımızın qorunmasını təmin etmişdir. Digər sahələrdə olduğu kimi, ölkəmizin xarici-iqtisadi fəaliyyət sferasında da daim inkişaf nəzərə çarpır, xarici-ticarət dövriyyəsinin həcmi böyük sürətlə artır. Ölkənin fiskal siyasətinin həyata keçirilməsində önəmli rola malik olan Dövlət Gömrük Komitəsi üçün hər il olduğu kimi "2012-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 1 milyard 200 milyon manat həcmində büdcə daxilolmaları proqnozlaşdırılmışdır. Bu, təsadüfi deyil. Çünki beynəlxalq ticarətin inkişaf etdirilməsində, mal dövriyyəsinin sürətləndirilməsində, yük-nəqliyyat daşımalarının həcminin artırılmasında, tranzit sisteminin səmərəli fəaliyyət göstərməsində, gömrük işi sahəsində hüquqpozmalarla mübarizədə, nəqliyyat daşımalarında təhlükəsizlik məsələlərinin təmin olunmasında gömrük xidməti müstəsna rol oynayır.

Ölkə Prezidentinin müvafiq sərəncamına əsasən tətbiq olunan "Bir pəncərə" sistemi gömrük rəsmiləşdirilməsi əməliyyatlarının avtomatlaşdırılmış qaydada həyata keçirilməsini, bu işə sərf olunan vaxtın minimuma endirilməsini təmin edərək xarici iqtisadi fəaliyyət iştirakçılarına və fiziki şəxslərə xidmətin səviyyəsini yaxşılaşdırmış, bütövlükdə gömrük orqanlarında idarəçiliyin təkmilləşdirilməsinə imkan yaratmışdır. Bununla yanaşı, gömrük ödənişlərinin bank və ya plastik kart vasitəsilə alınması təşkil olunmuş, bütün gömrük idarələrində pos-terminallar quraşdırılmış və ya müvafiq bankların filialları açılmışdır.

Respublikamız son illərdə bütün investisiya layihələrini daxili resursları hesabına reallaşdırmaqla yanaşı, həm də regionda sərmayədar dövlət kimi çıxış edir. Ukrayna, Gürcüstan, Moldova, İçveçrə, Rusiya kimi dövlətlərin iqtisadiyyatına sərmayə qoyur. Bütün bunlar həm də Azərbaycanın inkişaf etməkdə olan ölkədən inkişaf etmiş ölkəyə çevrilmək əzminin nümayişidir. Son illərdə sahibkarlarla dövlətin qarşılıqlı faydalı əməkdaşlığının təşəbbüskarı olan Prezident İlham Əliyev xarici ölkələrə yüksək səviyyəli səfərlərində iş adamlarının da iştirakını təmin edir. Bu da yerli sahibkarlara müxtəlif dövlətlərin işgüzar dairələri ilə yaxından tanış olmaq, ölkə iqtisadiyyatının inkişafı naminə onlarla müəyyən sazişlər imzalamaq imkanı yaratmışdır. Nəticədə ölkə sahibkarları digər ölkələrin iqtisadiyyatına investisiya qoyur, potensial sərmayədar qismində çıxış edirlər, ixrac imkanlarını genişləndirirlər.

2003-cü ildə ölkənin ixrac qabiliyyətinin artırılması, xarici investisiyaların cəlb edilməsi kimi öncül məqsədlərin reallaşdırılması məqsədilə təsis olunmuş Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ölkə sahibkarlarının ixrac potensialının artırılmasında, investisiya imkanlarının genişləndirilməsində, potensial tərəfdaşların tapılmasında və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsində sahibkarlara yaxından dəstək verir.

AZPROMO Latviyanın Sahibkarlıq və İnkişaf Agentliyi, Fransanın Şirkətlər Hərəkatı (MEDEF), Sloveniyanın Sahibkarlıq və Xarici İnvestisiyalar üzrə Dövlət Agentliyi, Yunanıstanın Xarici Ticarət Şurası, İordaniya Haşimilər Krallığının Sənaye Palatası, Stavropol Ticarət Sənaye Palatası ilə qarşılıqlı əməkdaşlıq haqqında anlaşma memorandumları imzalamışdır. Bu sənədlər Azərbaycanın biznes və investisiya imkanlarının təşviqi, sahibkarların işgüzar əlaqələrinin genişləndirilməsi və məlumat mübadiləsi baxımından əhəmiyyətlidir.

AZPROMO-nun Gürcüstandakı nümayəndəliyinin fəaliyyəti genişləndirilmiş və Avstriyada yeni nümayəndəliyi fəaliyyətə başlamışdır ki, bununla da qurumun xarici ölkələrdəki nümayəndəliklərinin sayı 2-ə çatmışdır.

Ölkəmizdə istehsal edilən rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının tanıdılması və ölkəmizin ixrac qabiliyyətinin artırılması da mühüm məsələlərdən biridir. Belə ki, ötən il AZPROMO ABŞ-da "West Coast Connection" idxal-ixrac şirkətinin yaradılmasına dəstək göstərmişdir ki, bu şirkət hazırda Los Anceles ştatında fəaliyyət göstərən bir sıra tanınmış mağazalarda "Made in Azerbaijan" brendi ilə Azərbaycan məhsullarının satışını həyata keçirir.

Azərbaycanda dövlət səviyyəsində həyata keçirilən bir sıra zəruri tədbirlər, strateji məhsulların idxalında və ixracında bütün fiziki və hüquqi şəxslərin bərabər hüquqlarının təmin olunması və inhisarçılığın qarşısının alınması istiqamətində görülən işlər, daxili bazarın marketinqinin düzgün müəyyən edilməsi, gömrük əlaqələrinin sadələşdirilməsi, xarici ticarətin liberallaşdırılması, eləcə də əlverişli investisiya mühitinin yaradılması və s. məsələlər, heç şübhəsiz, ölkəmizin xarici ticarət dövriyyəsinin həcminin artırılmasına imkan yaradacaq.

 

 

Vaqif BAYRAMOV

 

 Xalq qəzeti.- 2012.- 25 noyabr.- S. 1.