Daxili işlər orqanlarının fəaliyyətində şəffaflığın təmin olunması polisə xalq məhəbbətini daha da gücləndirir

 

Azərbaycan asayişin ən yüksək səviyyədə təmin edildiyi qabaqcıl bir məmləkətə çevrilib. Ölkədə dayanıqlı və etibarlı siyasi sabitlik hökm sürür. Birmənalı olaraq bu sabitlik Azərbaycan xalqının arzu, istək və iradəsini təcəssüm etdirir. Əks halda, belə bir daxili sabitliyə nail olmaq qeyri-mümkün olardı. Doğrudur, asayişin keşiyində dayanan hüquq-mühafizə orqanlarının, xüsusilə də DİN strukturlarının sabitliyin dayanıqlı hala gəlməsində xüsusi əməyi var. Bu durumun bərqərar olması polisin xidmətləri ilə yanaşı, həm də asayişin və firavanlığın təmin olunmasında xüsusi marağı olan vətəndaşların kütləvi dəstəyi ilə bağlıdır.

 

Məlum olduğu kimi, vətəndaş dəstəyinin müxtəlif formaları mövcuddur. Bu barədə geniş danışmaq olar. Amma ifadə etmək istədiyim əsas fikir odur ki, bu gün Azərbaycan polisinə vətəndaş dəstəyinin mövcudluğu danılmaz bir reallıqdır. Bunun nə demək olduğunu peşəkar mütəxəssislər daha yaxşı dərk edirlər. Bir misal çəkim: 100-150 min nəfərlik əhalisi olan bir yaşayış məntəqəsində xidmət göstərən 70-80 və ya 100 nəfərlik polis əməkdaşının bütünlüklə xidmət göstərdiyi ərazidə olub-keçənlərdən xəbərdar olması və müxtəlif proseslərin axarına nəzarət etməsi fiziki və texniki cəhətdən mümkün ola biləcək iş deyil. Yalnız ictimai nəzarətin güclü olduğu mühitdə polisin uğurlarından danışmaq olar. Bu isə polis-vətəndaş əməkdaşlığını zəruri edir.

Əməkdaşlığın səmimiliyini və faydalı tərəflərini təsdiq edən digər amil baş vermiş və qarşısı alınmış cinayətlərin statistikasıdır. Əgər bir şəhərdə, regionda və ya ölkədə ağır və ya xüsusilə ağır cinayətlərin sayı nəzərə çarpacaq dərəcədə aşağı düşübsə və bu eniş özü də sabit axara malikdirsə, deməli, qeyd olunan ərazidə ictimai nəzarət və cəmiyyət-polis əlaqələri düzgün qurulub.

Ən sadə düşüncə tərzinə malik insanlara da məlum olan bir həqiqət var. Dəstək vermək arzusu adamın ürəyində o zaman baş qaldırır ki, kömək etmək niyyətində olduğun bir şəxsə qarşı qəlbində azacıq da olsa etibarın və etimadın yaranmış olsun. Bu, o deməkdir ki, Azərbaycan xalqı hazırda asayişi və dövlətçiliyi ən yüksək səviyyədə qorumaq iqtidarında olan polis əməkdaşlarına lazımi etibar və etimad göstərir.

Dünya praktikasında belə bir anlayış var: polis rejimi, polis dövləti. Bu cür rejimlərin mövcud olduğu məmləkətlərdə siyasi gündəm kütləvi təqib və təzyiqlərlə zəngin olur. Məgər təzyiq altında yaşayıb təqib olunan kimdənsə ümumi maraqlar naminə dəstək ummaq mümkündürmü? Qeyd olunan problemlərin üstünlük təşkil etdiyi cəmiyyətlərdən hər hansı sabitlik ummaq və ya ondan danışmaq, təbii ki, gülünc olardı. Yalnız şəffaf və demokratik dəyərlərin hakim kəsildiyi cəmiyyətlərdə arzu olunan səmərəli əməkdaşlığa və sabitliyə nail olmaq mümkündür. Eynən bu gün doğma Vətənimiz Azərbaycanda mövcud olan reallıq kimi. Ən əsası isə bu reallıqdan təkcə biz bəhs etmirik. Ölkədaxili dayanıqlı sabitlik beynəlxalq ictimaiyyətin də diqqətini özünə cəlb edir.

Təəssüf ki, bütün siyasi formasiyalar dönəmində olduğu kimi, bu gün də aramızda cəmiyyətin ümumi nailiyyətlərinə, mənəvi və hüquqi rahatlığına kölgə salmaq istəyinə düşən bədxahlara rast gəlinir. Əslində, belə qeyri-obyektiv, reallıqdan uzaq fikirləri eşitməyə bir növ adətkar olmuşuq. Xüsusilə də, ölkədə keçirilməsi nəzərdə tutulan böyük siyasi kampaniyalar ərəfəsində özünü "siyasətçi", "mütəxəssis" adlandıran, gözləri donorlarının cibində, qulaqları isə donorlarının ağzında olan cılız əqidəli bu cür şəxslər yersiz hay-küyü ilə canfəşanlıq göstəriblər. Elə son zamanlar sıravi polis əməkdaşlarından tutmuş polis rəislərinin, hətta DİN-nin fəaliyyətini belə əsassız fərziyyələri ilə qaralayıb, onların Azərbaycan xalqı və dövləti qarşısındakı xidməti uğurlarına kölgə salmaq istəyində olan şəxslərin özünü gündəmə gətirməsi məhz az öncə sadaladığım səbəblərdən irəli gəlir. Azərbaycan polisinə qara yaxan həmin müəlliflərə, çox təəssüf ki, az sayda da olsa, bəzi kütləvi informasiya vasitələri dəstək verirlər.

Mən artıq qeyd etdim ki, "xalq öz polisinə etimad göstərmir" fikri kökündən yanlış və absurd yanaşmadır. Nəzəri bilgilər, statistika və ölkədaxili siyasi sabitliyi əks etdirən real mənzərə ilə bağlı düşüncələrim kimlərisə qane etmədisə, onları fəaliyyət göstərdiyim Mingəçevir şəhərinə dəvət edirəm. Gəlsinlər, istənilən yaşa və sosial zümrəyə mənsub olan vətəndaşları dinləsinlər və hətta sosioloji sorğu keçirsinlər. Hesab edirəm ki, bu, onların özləri üçün faydalı olacaq. Əminəm ki, müşahidələrinin yekunu olaraq nə vaxtsa, Azərbaycan polisinin ünvanına söylədikləri böhtana, şərə və həqarətə görə təəssüf və xəcalət hissi keçirəcəklər. Onlara aydın olacaq ki, bu gün artıq ötən əsrin 90-cı illəri deyil. O zaman yerində olmayan bir sıra qeyri-peşəkarlar Azərbaycan polisinin şərəfli statusunu alçaltmaq üçün lazım olduğundan da artığını ortaya qoymuşdu. Polisə qarşı yaranan nifrət, inamsızlıq hissləri və digər neqativ hallar da elə məhz həmin dönəmlərin mirasıdır. Bu gün isə zaman dəyişdiyi kimi, ölkə də, cəmiyyət də, xalq da, polis də dəyişib. İndi hər kəs fərqli düşünür, fərqli yanaşır, fərqli çalışır və bütün bu dəyişikliklərin kökündə bəşəri demokratik dəyərlərə olan sarsılmaz inam dayanır. Daxili işlər naziri cənab Ramil Usubovun təşəbbüsü və təşkilatçılığı ilə hazırda bəşəri dəyərlərə söykənən, polisin müasirləşməsini və polis-cəmiyyət münasibətlərində şəffaflığının tətbiqini zəruri edən demokratik islahatların aparılması, az öncə vurğuladığım kimi, dünyanın qəbul etdiyi ədalətli normalar çərçivəsində yaşamaq və xidmət göstərmək istəyindən xəbər vermirmi? Özünü "mütəxəssis" adlandıran, əslində isə polis işindən, cəmiyyətin istəyindən və baş verənlərdən xəbərsiz olan bəziləri əsassız olaraq iddia edirlər ki, vətəndaş polis gördükdə yolunu dəyişir. Mən bu fikrə bir qədər düzəliş verərdim. Sirr deyil ki, bu, indi deyil, bütün zamanlarda belə olub. O kəslər ki, əliəyrilik, dələduzluq və digər cinayət əməlləri ilə məşğuldur, təbii ki, qanun keşikçilərini gördükdə yolunu dəyişib. Bu, gələcəkdə də belə olacaq. Vətənini, elini, obasını, ailəsini, doğmasını və asayişini sevən, qəlbi firavan mühitdə qurub-yaratmaq eşqi ilə döyünən vətənpərvər insanların isə öz keşikçilərindən qorxub çəkinməsinə heç bir səbəb yoxdur. Əksinə, polis şöbəsinə könüllü üz tutan şəxslərin sayında da nəzərə çarpan artım müşahidə olunur. Artıq vətəndaş polisə dövlətçiliyin rəmzi, təminatçısı kimi yanaşır. Yeri düşmüşkən, vətəndaş müraciətlərinin baxılması ilə bağlı bir vacib məqamı da diqqətə çatdırmaq istərdim. Əslində, o da az öncə vurğuladığım polisdə aparılan demokratik islahatların tərkib hissəsi olaraq qəbul edilməlidir. Söhbət inzibati ərazi rəisliyi institutundan gedir. Məhz belə bir institutun yaradılması ilə vətəndaş müraciətlərinin öyrənilməsi, o cümlədən, cinayətlərin önlənməsi istiqamətində son illərdə ciddi nailiyyətlər əldə olunub. Çünki inzibati ərazi rəisləri və digər müvafiq əməkdaşlar vaxtaşırı ərazi sakinləri ilə təmasda olur, onları dinləyir, problemlərini həll edir. Bu isə vətəndaşların əlavə vaxt itkisinin qarşısını almaqla yanaşı, onlar arasında polisə olan etimadın artmasına zəmin yaradır. Bərabər olaraq həmin müvafiq ərazi sakinlərindən seçilmiş məsləhət şurası üzvləri polislə bərabər asayişin təmin edilməsinə və bununla, ictimai nəzarətin tətbiqi prossesinə yetərincə dəstək vermiş olur.

Son zamanlar media-polis münasibətlərinin yaxşılaşdırılması, informasiya mübadiləsi imkanlarının genişləndirilməsi kimi məsələlər də aktuallığı ilə gündəmə gətirilir. Təvazökarlıqdan uzaq olsa da, etiraf edim ki, bu sahədə Mingəçevir polisi örnək olası təcrübəyə sahibdir. Əvvəla, qeyd edim ki, təmsilçilik mənsubiyyətindən asılı olmayaraq informasiya almaq istəyən kütləvi informasiya vasitələrinin hər biri üçün şöbəmizin qapıları daim açıq saxlanılır. Əgər əvvəlki illərdə jurnalistlər bizi arayırdısa, bu gün biz onları axtarıb, ən yeni məlumatları bölüşmək istəyində olduğumuzu bildirir və bu zaman iqtidar-müxalifət mətbuatı kimi anlayışları düşüncəmizdən belə keçirmirik. Bu faktı Mingəçevirdə çalışan yaradıcı şəxslər və bu şəhərə bitişik ətraf rayonlarda fəaliyyət göstərən bölgə təmsilçiləri də təsdiq edə bilər. Tam səmimiyyətlə etiraf edim ki, nə keçirdiyimiz brifinqlərdə, nə də digər xarakterli tədbirlərdə siyasi əqidəsinə görə hər hansı KİV nümayəndəsinə fərq qoymuruq. Çünki əməliyyat sirləri istisna olmaqla, jurnalistlərdən və xalqdan gizlədiləsi heç nəyimiz yoxdur. Əksinə, maraqlıyıq ki, cəmiyyətdə polis işinə dair informasiya bolluğu yaransın və yazarlar asayişin qorunmasına polis dəstəyinin cəlb olunmasında körpü rolunu oynayıb töhfələrini versinlər. Qənaətimiz belədir ki, ədalətli vətəndaş cəmiyyətinə aparan yol şəffaf münasibətlərdən keçir.

Mən Mingəçevir örnəyindən söhbət açmaqla, əslində, ümumən Azərbaycan polisinin arzu və istəklərini bölüşmək niyyətindəyəm. Diqqət yetirin, ölkə mətbuatında və telekanallarda bu gün hansı sayda xüsusi verilişlər yayımlanır, səhifələr nəşr olunur. Hələ mən hadisələrin xronologiyasını əks etdirən telesüjetləri, qəzet, informasiya agentlikləri, elektron media materiallarını və maarifçilik xarakteri daşıyan sosialyönlü video çarxları demirəm.

Təkrar edirəm, biz informasiya bolluğunda və alternativ fikir məkanı formalaşmasında maraqlı tərəfik. Çünki bu yanaşma tərzi ümumi inkişafa xidmət edir. Qoy çəksinlər, yazsınlar, danışsınlar... demokratiyadır. Tək istəyimiz və ya iradımız onunla bağlıdır ki, obyektiv və ədalətli olsunlar. Cəmiyyətə və dövlətə xeyir verə biləcək informasiyalara müəlliflik etsinlər. Biz heç də tənqidin əleyhinə deyilik. Əksinə, tənqid sıralarımıza yenidən göz gəzdirməyimizə imkan verir.

Son illər ərzində qazandığımız uğurların çoxluğu o mənanı ifadə etmir ki, fəaliyyətimizdə, ya sıralarımızda hər şey idealdır. Xeyr, belə deyil və bu cür düşünmürük. Az sayda da olsa, təsadüfi şəxslərin polis əməkdaşları sırasında xidmət göstərməsi faktı istisna deyil. Belə hallar varsa, bu cür problemlərin çözümü də, təbii ki, müəyyən zaman aparacaq. Biz bu yoldayıq. Çalışırıq ki, xidməti fəaliyyətimiz daha da təkmilləşsin və müasirləşsin. Qeyd etdiyim kimi, Daxili İşlər Nazirliyinin tələbləri və islahatları da bu yöndədir. Gəlin belə bir müqayisə edək: Məgər bu gün elə bir telekanal, mətbu orqan, qeyri-hökumət və ya hökumət təşkilatı tapmaq olarmı ki, orada hər şey ideal səviyyədə olsun. Təbii ki, onlar da ən yaxşının axtarışındadır. Amma razılaşın ki, dövlətimiz gənc, arzularımız isə çox böyükdür. Deməli, ali məqsədlərimizə doğru hələ çox uzun yol keçməliyik. Amma ittihamlarla deyil, səbr, anlayış və işbirliyi ilə. Mən əsasən Mingəçevir təcrübəsinə istinadən danışıramsa, bu, o anlama gəlməməlidir ki, digər bölgələrdə, yaxud polis təşkilatlarında vəziyyət başqa cürdür. Xeyr. Sadəcə olaraq polisin müasirləşdirilməsini nəzərdə tutan cəmiyyət dəstəkli polis işi layihəsinin tətbiqinə məhz Mingəçevirdən başlanılması və qısa müddət ərzində xeyli uğurlu nəticələrin əldə edilməsi faktı məni buna təhrik edir. Sevindirici haldır ki, bu gün artıq islahatlar ölkənin bütün polis təşkilatlarında tətbiq olunmağa başlayıb. Geniş miqyaslı və xüsusi önəm daşıyan mütərəqqi islahatların aparıldığı, hətta nailiyyətlərin əldə olunduğu bir vaxtda yerinə düşməyən qeyri-obyektiv fikirlərin bəzi mətbu orqanlara yol tapması xalqın və Azərbaycan polisinin xoş məramına ləkə vurmaq istəyindən başqa bir şey deyil.

Yuxarıda qeyd olunan fikir müəlliflərindən soruşmaq istərdim: Axı kimdir qorxulu olaraq xatırlatdığınız polis əməkdaşları? Elə yaşadığınız cəmiyyətin yetirib, ərsəyə çatdırdığı vətəndaşlar. Bu millətin keşiyində dayanmağı özünə şərəf işi bilən cəsur övladlarımız, oğul-qızlarımız, atalarımız, əmilərimiz, dayılarımız, doğmalarımız, dostlarımız, qonşularımız. Bəs onların vəzifə borcu nədən ibarətdir? Hətta yeri gələndə canı və qanı bahasına dövlətin və millətin asayişinin keşiyində dayanmaq.

Bir misal çəkim. Bəzən ailədə munaqişə yaranır, yaxud birinin qarşısı kəsilir, digəri təcavüzə məruz qalır, üstünə silah çəkilir. Məgər belə hallarda zərərçəkən atasını, qardaşını, ya dostlarınımı köməyə çağırır, yoxsa polis əməkdaşlarını? Əli bıçaqlı, silahlı, gözünü qan örtmüş caninin qarşısına zərurət yarandıqda kim sinəsini sipər edir? Hər kəs evində asayişdə yaşayıb, istirahət etdiyi vaxtlarda, gecənin qaranlığında, qışın şaxtasında küçə-küçə dolaşıb onların keşiyində dayanan şəxslər bəs kim olur? Bu və oxşar sualların yalnız bir cavabı var: Azərbaycan polisi olduğu həqiqətini dərk etməyənlərə "yazıq, zavallılar" deməkdən başqa nə çarəmiz qalır? Doğrudanmı min bir əziyyət sayəsində və həyatı bahasına xalqına xidmət edən polis əməkdaşları arasında qeyd etdiyim zavallıların bir doğması, dostu yer almır? Yoxsa ki, belələrinin mənəviyyatı o qədər korşalıb ki, onlar üçün doğmalıq anlayışının da bir önəmi qalmayıb?

Yeri düşmüşkən, xidməti fəaliyyətim dövründən bir xatirəni də paylaşmaq istərdim. Çalışdığım rayonların birində gecə saatlarında ağır yol-nəqliyyat hadisəsi baş vermişdi. Ağır xəsarət almış gənc sərnişinə təcili qan köçürülməsi tələb olunurdu. Təsəvvür edin ki, eyni vaxtda bir neçə polis əməkdaşı qan vermək arzusunda olduğunu bildirdi. Nəticədə polis nəfərlərindən birinin qanı uyğun gəldiyi üçün istifadə olundu və həmin vətəndaş yenidən həyata döndü. Bax budur, Azərbaycan polisinin amalı, məqsədi və insanpərvərliyi. İnsan haqlarından, söz azadlığı problemlərindən, polis "özbaşınalığından" və ümumən, ölkə daxilində "antidemokratik ab- havanın mövcudluğundan" giley-güzar edib hay-həşir salan üzdəniraq müəlliflərin diqqətinə bir daha çatdırmaq istəyirəm ki, doğrudan da, onların ifadə etdiyi kimi, Azərbaycanda o sayaq problemlər yaşansaydı, indi onlar azadlıqda deyil, barmaqlıqlar arasında yer alardı. Ağlından keçən qərəzli fikirləri nəinki mətbuat səhifəsinə çıxarmağa, yaxınları hesab etdikləri 2-3 nəfər arasında belə dilinə gətirməyə cəsarət etməzdi.

Elin gözü tərəzidir ,- söyləyib aqillərimiz. Görünür, hər kəsi əməlinə görə şərti olaraq tərəzinin gözünə qoyan Azərbaycan xalqı yaxşını yamandan seçməkdə də çətinlik çəkmir. O səbəbdən də bu gün sədaqətlə təhlükəsizliyinin keşiyində dayanan övladlarına "mənim qəhrəman balalarım, mənim doğma polisim", - söyləyib qürur hissi keçirir.

 

 

Ələsgər BƏDƏLOV,

Mingəçevir Şəhər Polis Şöbəsinin

rəisi, polis polkovniki

 

Xalq qəzeti.- 2012.- 27 noyabr.- S. 6.