"Etimada sədaqətlə - 20 il"

 

Dövlət müstəqilliyi illərində Azərbaycanda çağdaş təhsil ocaqları yaratmış "Çağ" Öyrətim İşlətmələri Şirkətinin ölkəmizdə fəaliyyətə başlamasının 20 illiyi tamam olur. Bu münasibətlə "Gülüstan" sarayında keçirilən "Etimada sədaqətlə - 20 il" adlı təntənəli mərasimdə qurumun geniş hesabatı sərgiləndi, təbriklər səsləndi, uğurları ilə seçilənlər mükafat və hədiyyələrə layiq görüldü.

 

"Çağ" Öyrətim İşlətmələri Şirkətinin prezidenti Ənvər Özərən Azərbaycan - Türkiyə təhsil əməkdaşlığının gözəl örnəyini yaratmış qurumun 10 lisey, 13 ali məktəbə hazırlıq kursu, "Qafqaz" universiteti və eyniadlı gimnaziya ilə ölkəmizdə fəaliyyətinin diqqətçəkən məqamlarını qonaqlara çatdırdı. Natiq bildirdi ki, liseylərin məzunlarının 99 faizi, hazırlıq kursları keçənlərin 95 faizi istədikəri ali məktəblərə daxil olmuşlar. Ötən illərdə liseylərin istedadlı yetirmələri beynəlxalq olimpiadalardan ölkəmizə 530-dək medal gətirmişlər. Ümummilli lider Heydər Əliyevin böyük etimadını sədaqətlə cavablandıran "Çağ" şirkəti Prezident İlham Əliyevin himayəsi ilə uğurlarını ildən-ilə artırır, ölkə təhsilinin önündə mövqeyini möhkəmləndirir.

Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov şirkətin ötən 20 ildə Azərbaycan təhsilinə gətirdiyi yenilikləri, qazandığı ciddi uğurları vurğuladı, kollektivi təbrik etdi. Mərasimdə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin "Çağ" şirkətinin fəaliyyətinə verdikləri yüksək qiymət, Türkiyə Cümhuriyyətinin Prezidenti Abdulla Gülün təbriki səsləndi və alqışlarla qarşılandı.

Təbriklərə qoşulan Türkiyə Böyük Millət Məclisinin vitse-spikeri Mehmet Sağlam, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, millət vəkilləri Fəttah Heydərov, Səttar Mehbalıyev, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar və digər qonaqlar şirkətin kollektivinə yeni uğurlar arzuladılar.

Mərasimdə "Çağ" şirkətinin bir qrup müəlliminə "Qabaqcıl təhsil işçisi" döş nişanları, həyatda yüksək mövqe qazanmış məzunlara xatirə hədiyyələri təqdim olundu.

 

 

R.TAHİR

 

Xalq qəzeti.- 2012.- 29 noyabr.- S. 6.