Zərdabi xatirəsinə ehtiramla

 

Böyük maarifçi-demokrat, təbiətşünas və publisist Həsən bəy Zərdabinin dünyasını dəyişdiyi 28 noyabr günündə bu misilsiz xalq xadiminin xatirəsi ölkəmizdə dərin ehtiramla yad edildi. Azərbaycan Mətbuat Şurasında bu münasibətlə keçirilən konfransda milli mətbuatımızın banisinin tarixi xidmətlərindən qədirbilənliklə söz açıldı, Zərdabi irsinin çağdaş nəsillərə çatdırılması zəruriliyi vurğulandı.

 

Məclisi giriş sözü ilə açan AMŞ-nin sədri Əflatun Amaşov milli teatr və mətbuatımızın banisi, bir sıra elmi-mədəni istiqamətlərdə sivil əsaslar yaratmış Həsən bəy Zərdabinin azərbaycançılıq məfkurəsinin formalaşmasında, dövlətçiliyimizi bərpa etmiş istiqlalçılar nəslinin yetişdirilməsində göstərdiyi xidmətlərdən geniş söhbət açdı. Natiq bildirdi ki, 105 il əvvəl bu gün Həsən bəyin dünyasını dəyişməsi milli oyanış prosesi keçirən, insanlıq haqlarını dərk etməkdə olan xalqımız üçün əvəzsiz bir itki olmuşdu. Zərdabinin dəfni XX əsrdə xalqımızın ilk böyük hüznünə çevrilmişdi. Həmin gün Həsən bəyin yetirməsi olan milli ziyalılar 28 noyabrı Zərdabinin xatirə günü elan etmiş, 1917-ci ilədək hər il böyük müəllimin dünyasını dəyişdiyi tarix milli ideala xidmət əlaməti altında qeyd olunmuşdu.

Əflatun Amaşov daha sonra bildirdi ki, sovet döründə Həsən bəy Zərdabinin öz xalqını həddindən artıq sevməsi saxta beynəlmiləlçilik ideyasına kölgə saldığından onun şəxsiyyəti və məramı unutdurulmağa məruz qoyulmuşdu. Nə yaxşı ki, stalinizmin süqutundan sonra milli varlığa bağlı ziyalılar Həsən bəyin pak adını və müqəddəs diləklərini üzə çıxarmağa çalışmış, onun irsini qoruyub saxlamışlar. Həsən bəyin rus müstəmləkəçiliyi şəraitində məhv olmağa məhkum milli düşüncəmizi dirçəltməsi faktı yalnız 1991-ci ildə dövlət müstəqilliyimizin yenidən bərpa edilməsi ilə bəraət almışdır.

Dövlət müstəqilliyimizin ilk ilində Həsən bəy Zərdabini nəşr etdirdiyi ilk anadilli qəzetimizin işıq üzü görməsi tarixi - 22 iyul Milli Mətbuat Günü kimi qəbul edilmiş, milli junalistikamızın yaranmasının ildönümləri və 120, 125, 130, 135 illik yubileyləri ölkəmizdə ümumxalq bayramı kimi qeyd edilmişdir.

Son illərdə AMŞ-nin təşəbbüsü ilə 28 noyabr ölkəmizdə Zərdabinin xatirə günü kimi ehtiramla yad olunur. Bu il Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə ölümündən sonra ilk dəfə Həsən bəy Zərdabinin 170 illik yubileyi respublika miqyasında təntənə ilə keçirilir.

Milli Məclisin üzvlərindən professor Xanhüseyn Kazımlı, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov və "Ədalət" qəzetinin təsisçisi Aqil Abbas, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, "Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas, "Kaspi" qəzetinin redaktoru Natiq Məmmədli və digər çıxış edənlər Həsən bəy Zərdabi ənənələrini milli jurnalistikamızı demokratik yolla irəli aparmaqda mükəmməl bir qaynaq kimi səciyyələndirdilər, onun ideya-məfkurəvi irsinin geniş tirajlanması ilə bağlı mülahizələrini söylədilər.

Konfransın sonunda Zərdabi irsinin tədqiqi və təbliği işində xidmətlərinə və milli mətbuatımızın banisinin 170 illik yubileyinə görə professorlar İzzət Rüstəmov və Xanhüseyn Kazımlı, fəlsəfə doktoru Eldəniz Həsənov, "Avrasiya" Beynəlxalq Mətbuat Fondunun sədri Umud Mirzəyev, Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru Vüqar Tofiqli, mətnşünas Elmira Qasımova, tədqiqatçı jurnalistlər Şəmistan Nəzirli, Tahir Aydınoğlu, Qərənfil Xəlilova və İsaməddin Əhmədov Mətbuat Şurasının diplomları ilə təltif olundular.

 

 

Namiq QƏDİMOĞLU

 

Xalq qəzeti.- 2012.- 30 noyabr.- S. 6.