Metro tikintisində keçən ömür

 

Zəhmətlə, alın təri ilə cəmiyyətdə mövqe, ad-san qazanmış insanlar ömrünün bütün məqamlarında özlərini daha rahat, xoşbəxt hiss edirlər. Belələri həm də arxada qalan illərdə sabahın təməlini qoymuş insanlardır. Qasım İsrafil oğlu Abdullayevin də metro tikintisində keçən illəri zəhmətlə dolu bir ömürdür. O, həyatda bütün vəzifə pillələrini gecəli-gündüzlü zəhmətinə güvənərək keçib. Artıq 32 ildir ki, "Azərtunelmetrotikinti" ASC-də çalışan Q. Abdullayev son 13 ildə adı çəkilən Səhmdar Cəmiyyətin İstehsalat Texniki Kompleksləşdirmə İdarəsinin rəisi kimi fəaliyyət göstərir. Onun metro tikintisinin təchizat yönümünə rəhbərlik etdiyi illər, sözün əsl mənasında, yüksəliş illəridir.

 

Qasım müəllimin rəhbərlik etdiyi kollektivdə yüksək əmək intizamı, tapşırılan hər bir işə son dərəcə məsuliyyətlə yanaşma vərdişləri vardır. Bu kollektivdə hamı üçün yaşamağı, qayğı göstərməyi bacarır. Xoşbəxt o rəhbərdir ki, başçılıq etdiyi kollektivin sevgisini qazana bilir. Bu, asan məsələ deyil. Qasım İsrafil oğlu kollektivin sevdiyi və tam dəstəklədiyi rəhbər səviyyəsinə yüksələ bilmişdir.

Q.Abdullayev 1957-ci ilin oktyabrın 10-da Tovuz rayonunun Aşağı Quşçu kəndində ziyalı ailəsində dünyaya göz açıb. Bu gün haqq dünyasında olan el ağsaqqalı, atası İsrafil müəllim dövrünün hörmətli fizika-riyaziyyat müəllimi, anası Nuriyyə xanım isə sayılıb-seçilən dil-ədəbiyyat müəllimlərindən olub.

Q.Abdullayev 1975-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun yol inşaatı fakültəsinə qəbul olunub və 1980-ci ildə həmin təhsil müəssisəsini körpü və tunellər ixtisası üzrə bitirib. Həmin vaxtdan da taleyini metro tikintisi ilə bağlayıb - təyinatla gənc mütəxəssis kimi, paytaxtımızda yeraltı möcüzələr yaradan "Bakımetrotikinti" İdarəsinin 7 nömrəli Tunel Dəstəsində işə başlayıb. Əvvəlcə növbə rəisi, sonra sahə rəisi olub. 1993-cü ildə Qasım Xüsusi Tamamlama İşləri İdarəsinin baş mühəndisi, üç il sonra-1996-cı ildə idarənin rəisi təyin edilib. 1999-cu ilin sentyabrın 1-dən isə "Azərtunelmetrotikinti" ASC-nin sədri Şaiq Əfəndiyevin əmri ilə İstehsalat Texniki Komplektləşdirmə İdarəsinin (İTKİ) rəisi vəzifəsinə göndərilib.

Hazırda o, 13-cü ildir ki, metro tikintisində təchizat sahəsinə bacarıqla rəhbərlik edir. İTKİ-nin fəaliyyəti metro tikintisinin ən vacib sahələrindən biri kimi, Səhmdar Cəmiyyətin rəhbərliyinin gündəlik nəzarətindədir. Kollektivdə ümumi məqsəd naminə birlik var.

Qasım Abdullayev kollektivin hər bir üzvünə öz doğması, yaxını kimi baxır, onların problemlərinin həllinə özününkü kimi çiyin verir. Bu gün İTKİ-nin işçiləri bütün qayğılarla əhatə olunub. Görülən işin müqabilində yüksək əmək haqqı, mükafat alırlar. İdarənin uğurlarında kollektivin hər bir üzvünün böyük payı və rolu var.

Qasım Abdullayevin metro tikintisinə olan yaradıcı münasibəti onu metro-tunel tikintisi sahəsində elmi axtarışlar aparmağa sövq edib. O, 2003-cü ildə Moskva şəhərində aspiranturanı bitirərək "Xətt boyunca olan qurğularda işin təşkilinin etibarlılığı" mövzusunda dissertasiya müdafiə etmiş, texniki elmlər namizədi, alimlik dərəcəsi almışdır. Daha sonra isə bu elmi işini Azərbaycanda da ikinci dəfə müdafiə etmişdir. Bu gün həm Rusiya Federasiyasının, həm də Azərbaycan Respublikasının elmlər namizədidir. Xatırladaq ki, Q.Abdullayev bu gün doktorluq dissertasiyası üzərində yaradıcı axtarışlarını davam etdirir.

"Elmlər Akademiyası" metro stansiyasının tikintisi, Prezident Administrasiyası və Musiqili Komediya Teatrı binalarının, Şəhidlər Xiyabanının mərmərlə üzlənməsi, eləcə də "Həzi Aslanov" metro stansiyasının bəzək-tamamlama işləri, Tovuz şəhərində 2 tunelin-yeraltı keçidin tikintisi, "Nəsimi" , "Azadlıq prospekti" və "Dərnəgül" metro stansiyalarının inşası Q.Abdullayevin əmək bioqrafiyasının zəhmətlə dolu səhifələridir.

Qasım Abdullayev 2007-ci ilin noyabrın 5-də Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilib. Bu, Qasım müəllimin və kollektivin fəaliyyətinə verilən ən yüksək qiymətdir. O, bu yüksək təltif barədə söz düşəndə hər zaman ona verilən "Şöhrət" ordeninə görə özünü "Azərtunelmetrotikinti" Səhmdar Cəmiyyətinin kollektivinə borclu bildiyini dilə gətirir. Çünki onu bu kollektiv formalaşdırıb. Tələbə partası arxasından təyinatla baş idarəyə gəlib. Növbə mühəndisliyindən idarə rəisi vəzifəsinə kimi şərəfli bir yol keçib. Tunellərdə vaqon itələyə-itələyə, rels daşıya-daşıya fəhlələrlə bir yerdə yükün ən ağırına çiyin verib. Ona görə də bu gün o, zəhmətlə qazandığı uğurlardan məmnundur.

Qasım müəllim ailəlidir. 2 övladı var. Qızı Lamiyyə Azərbaycan Tibb Universitetinin mualicə-profilaktika fakultəsini, atasının adını verdiyi oğlu İsrafil isə İngiltərənin Birmingen şəhərindəki Kill Universitetinin beynəlxalq əlaqələr fakultəsini bitirib.

Qasım müəllim metro tikintisi sahəsində ona tapşırılan bütün işləri yüksək peşəkarlıqla yerinə yetirir, kollektivin hər bir üzvündə bu yüksək vətəndaşlıq dəyərlərinin formalaşmasına çalışır və buna nail olur.

Qasım Abdullayev deyir:

- Biz fəxr edir, qürur hissi keçiririk ki, əsası ümummili liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş daxili və xarici siyasət bu gün praqmatik və uzaqgörən siyasətçi, ən başlıcası artıq bütün dünyada böyük nüfuz sahibinə çevrilən möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Biz sabaha ümidlə, inamla baxırıq. Çünki xalqımızı öz arxasınca apara bilən belə bir lideri var. Bu lider Azərbaycanın bütün sahələr üzrə inkişafının əsas qarantı, təminatçısıdır. Q.Abdullayev daha sonra bildirdi ki, böyük şəhərlərdə avtomobillərin yaratdıqları tıxacların fonunda əhalinin rahat və sürətlə daşınmasında mühüm yer tutan və ekoloji cəhətdən sərfəli olan metropoliten hazırda yüksək templə inkişaf edən və əhali tərəfindən daha çox istifadə olunan əsas ictimai nəqliyyat vasitəsidir. Bu baxımdan ölkəmizdə kütləvi sərnişin daşınmasında metropolitenin alternativi yoxdur.

Bakı Metropoliteni ilk dəfə 1967-ci il noyabrın 6-da Yaxın Şərqin ilk metropoliteni kimi öz qapılarını şəhər sakinlərinin üzünə açdı. Ulu öndər Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsi ilə metropoliten tikintisində daha böyük canlanma baslandı. Dahi öndər SSRİ rəhbərliyindən istefa verdikdən sonra isə mövcud sahədə də tənəzzül yarandı. Tikinti-quraşdırma işləri dayandırılmış Bakı Metropoliteni 2000-ci illərin ortalarından başlayaraq, ulu öndər Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında ikinci həyatına qədəm qoymuşdu. Tikintisi yarımçıq qalmış obyektlərdə işlər məhz dövlət başçımız İlham Əliyevin şəxsi təşəbbüsü və göstərişi əsasında uzun fasilədən sonra bərpa olunmus, yeni metro stansiyalarının tikintisinə, mövcud stansiyalarda yenidənqurma işlərinə, tunelqazan müasir texnikaların alınması və ölkəmizə gətirilməsinə start verilmişdir.

Q. Abdullayev yüksək vətəndaşlıq mövqeyi olan adamdır. Onun üçün bu gün məhfumı yoxdur, bu gün sabahkı günün, gələcəyin təməlidir.

...Bu gün metro inşaatçıları Qasım Abdullayevin 55 yaşını təbrik edirlər. Ona ünvanlanan ən ümdə istəklər sırasında cansağlığı, uzun ömür yaşamaqla metro tikintisinin inkişafına bundan sonra da böyük töhfələr vermək arzuları da var.

Q.Abdullayevin metro tikintisinə verəcəyi töhfələr hələ qabaqdadır.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2012.- 10 oktyabr.- S. 9.