Frankfurtdan iki şad xəbər

 

Soydaşımızın kitabı almanca nəşr edilmiş və dünyanın ən böyük kitab sərgisində uğur qazanmışdır

 

Bu barədə Almaniyanın Frankfurt şəhərindəki "BMP Balta Media & Print" mətbuat, yayım və tərcümə şirkətinin təsisçisi, doktor İlhan Baltanın azərbaycanlı yazıçı-filosof Hacı Fərhad Mirzənin ünvanına göndərdiyi məktubda söz açılır. Şirkət rəhbəri soydaşımızın "Kəlamlar" kitabının almanca nəşr olunmuş nümunələri ilə birlikdə göndərdiyi məktubda yazır ki, azərbaycanlı müəllifin əvvəllər öz ana dilində, türkcə, rusca və ingiliscə nəşr olunub dünyanın müxtəlif ölkələrində yayılan "Kəlamlar" kitabı Avropa mütəxəssislərinin böyük marağına səbəb olmuşdu.

Məhz həmin marağı əsas götürən "BMP Balta Media & Print" şirkəti Hacı Fərhad Mirzənin adı çəkilən kitabını alman dilinə tərcümə etmiş və böyük tirajla çap edərək öz oxucularına çatdırmışdır.Maraqlı məqamlardan biri isə odur ki, "Kəlamlar"ın yeni nəşri hazırlanarkən kitabın əvvəllər mövcud olan nəşrlərinin hansısa birindən deyil, bilavasitə əvvəlki dörd dildə çap olunan kitabların hamısından istifadə edilmişdir. Xatırladaq ki, "Kəlamlar" kitabı müxtəlif illərdə Bakıda çap olunduqdan sonra Ankarada türkcə (2009-cu il), Moskvada rusca (2009-cu il) və Frankfurtda ingiliscə (2011-ci il) çap olunmuşdu. İndi isə öz müəllifinə çoxsaylı uğurlar qazandıran bu kitab yenə də Almaniyanın Frankfurt şəhərində, amma bu dəfə almanca işıq üzü görüb.

"Kəlamlar"ın son nəşri Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası Ankara Bürosunun, Rusiya Federasiyası Yazıçılar Birliyi Moskva Şəhər Təşkilatının, Avropa Təbiyyat Elmləri Akademiyasının və "Vektor" Beynəlxalq Nəşrlər Evinin xətti ilə işıq üzü görmüşdür. Başqa bir fakt. "Kəlamlar"ın rusca nəşri bilavasitə naşirlər tərəfindən Ukraynanın Lvov şəhərində keçirilən Beynəlxalq Kitab Yarmarkasına göndərilmiş və böyük maraqla qarşılanmışdı. İngiliscə nəşri isə Kanadada keçirilən Beynəlxalq Kitab Sərgisində öz müəllifinə və nəşriyyata uğur qazandırmışdı. Sentyabrda Almaniyada işıq üzü görmüş almanca nəşri isə oktyabrın10-dan 14-nə qədər Frankfurt şəhərində keçirilən kitab sərgisində avropalı mütəxəssislər tərəfindən böyük maraqla qarşılanmışdır.

Doktor İlhan Baltanın məktubunda qeyd olunur ki, Frankfurt Kitab Sərgisi ümumilikdə dünyanın ən böyük kitab sərgisidir. Oktyabrın 10-da sərginin 4-cü zalında "Kəlamlar"ın təqdimat mərasimi keçirilib. Məktub müəllifi xatırladır ki, 63-cü Frankfurt Kitab Sərgisinin açılışında Almaniya Prezidenti Joachim Gauk və xarici işlər naziri Guido Westerwelle də iştirak etmişlər.Dünya kitabsevərlərinin və nəşriyyat mütəxəssislərinin fikrincə Frankfurt Sərgisi bu qəbildən olan ən məşhur nümunədir. Sərginin iştirakçıları arasında kitab yayıcıları ( Avropada onlar çox nüfuzlu mütəxəssislərdir), naşirlər, reytinq mərkəzlərinin təmsilçiləri, bu sahə barədə film çəkənlər, yazıçılar, şairlər, elmi-kütləvi kitab müəllifi olan alimlər və çoxsaylı mətbuat təmsilçiləri olur. Kitab təbliği ilə məşğul olan sahənin bütün nümayəndələri hər ilin oktyabr ayında burada görüşür, bu sənayenin ən dəyərli nümunələrini müzakirə edərək dünyanın fərqli ölkələrindən olan mütəxəssislərlə müqavilələr bağlayır, iş birliyi qururlar.

Builki sərginin 100-dən artıq ölkədən 7300-ə yaxın iştirakçısı var idi. Dörd gün ərzində sərgiyə 300 mindən artıq kitabsevər gəlmişdir. 10 minə yaxın KİV təmsilçisi burada kitab, mətbuat, xalqlar və dillər haqqında dəyərli məlumat ala bilmişlər.Yazıçı-filosof Hacı Fərhad Mirzənin "Kəlamlar" kitabı adı çəkilən sərginin iştirakçılarında böyük maraq oyatmışdır. Azərbaycan ictimai-siyasi fikir sahiblərinin xalqlar və ölkələr arasındakı münasibətlərin yaxşılaşdırılması üçün atdığı addımlar, müasir azərbaycanlının dünyanın taleyi barədə düşüncələri, mədəniyyətlərarası dialoqa verdiyi töhfələr və bu kimi bir çox məqamlar "Kəlamlar" kitabının əsas leytmotividir.

Sərginin "BMP Balta Media & Print" şirkəti üçün ayrılmış zalında Almaniyada və bütövlükdə Avropa ölkələrində fəaliyyət göstərən yayım evlərinin nümayəndələri ilə silsilə görüşlər keçirilmiş və həmin görüşlərin hamısında "Kəlamlar" kitabının təbliğinə də yer ayrılmışdır.

Sərgi iştirakçısı olan yayın evlərinin hamısına "Kəlamlar"ın almanca və ingiliscə olan nümunələri təqdim edilmişdir. Alman yayın evlərinə isə "Kəlamlar"ın bilavasitə onların tərəfindən yayınlanması barədə təkliflər verilmiş və razılıq alınmışdır.

İlhan Balta məktubun sonunda vurğulayır ki, "BMP Balta Media & Print"in stendində ziyarətçilərin marağını ən çox cəlb edən əsər məhz "Kəlamlar" idi.Qısa, yığcam, fəqət hüdudsuz dəyərə malik sözlərdən ibarət olan bu kitabı görən, vərəqləyən almandilli oxucuların hamısı dərhal onun müəllifi barədə soruşur, müəllifin hansı ölkəni, hansı xalqı təmsil etdiyi ilə maraqlanırdılar. Biz cavab verirdik: "O, Azərbaycan Respublikasındandır, müsəlmandır, bəşəri dəyərləri sevən və bəşəri ideyaların təbliğinə töhfələr verməyi bacaran Azərbaycan türküdür."

 

 

Natəvan İSMAYILLI

 

Xalq qəzeti.- 2012.- 21 oktyabr.- S. 6.