Lənkəran: Nəticələr fərəhlidir

 

Cənub bölgəsinin mərkəzi sayılan Lənkəran şəhəri sakinlərinin fəxr etdikləri, qonaqlarının heyran qaldıqları bir məkandır. Şəhər gündən-günə böyüyür, gözəlləşir, daha abad bir diyara çevrilir. Cari ilin 9 ayının yekunlarına həsr olunmuş şura iclasında da qeyd olunduğu kimi, ölkə iqtisadiyyatında davam edən sürətli yüksəliş Lənkəranın da sosial-iqtisadi tərəqqisinə müsbət təsir göstərmiş və rayonda bütün sahələr üzrə artım əldə olunmuşdur.

 

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov qeyd etdi ki, iyulun 31-də Prezident İlham Əliyevin Lənkərana növbəti səfəri rayonun həyatında ən əlamətdar hadisə idi. Dövlət başçısı şəhərdə Heydər Əliyev Mərkəzinin, Bayraq Meydanının, sərhəd dəstəsinin yenidənqurmadan sonra açılışında, Gənclər Mərkəzinin və beşulduzlu turizm otel-kompleksinin təməlqoyma mərasimində iştirak etmiş, rayon ziyalıları ilə görüşmüşdür. Görüş zamanı ölkədə, eləcə də Lənkəranda sosial-iqtisadi inkişafın gözəl bəhrələr verməsinin vurğulanması, regional inkişaf üzrə II Dövlət Proqramının burada da uğurla icra olunmasının təqdiri hər kəsin qəlbini qürurla doldurmuşdur.

Hesabat məruzəsini icra hakimiyyəti başçısının müavini, şöbə müdiri İlkin Rəhimov təqdim etdi. O bildirdi ki, 9 ayda rayon üzrə ümumi məhsul buraxılışı 4,2 faiz artaraq 225 milyon manat təşkil etmişdir. Sənayedə 17,1 milyon manatlıq və ya ötən ilin müvafiq dövrünə nisbətən 5,9 faiz çox məhsul istehsal olunmuşdur. Sənayenin qeyri-dövlət sektorunda istehsalın həcmi 3,1 faiz artmış və ümumi həcmdə onun xüsusi çəkisi 77,7 faiz təşkil etmişdir. Müasir standartlara cavab verən "Nur-süd" MMC-nin "Pal-süd" markası ilə 12 çeşiddə buraxılan məhsulları həm daxili bazarda satılır, həm də xarici ölkələrə ixrac olunur. Müəssisədə 5,1 milyon litr süd və süd məhsulları istehsal olunmuşdur. Bundan əlavə, sənaye müəssisələrində 15 min ton dondurulmuş balıq, 184 ton quru çay, 538 ton çörək, 2,6 min kubmetr kərpic istehsal edilmişdir. Cari ilin fevral ayında Moskva şəhərində keçirilən beynəlxalq sərgidə "Gilan-Lənkəran" konserv zavodunun istehsal etdiyi feyxoa və heyva kompotları, ağ gilas və zoğal mürəbbələri qızıl medala layiq görülmüşdür.

Prezident İlham Əliyevin aqrar sahəyə qayğısı sayəsində kənd təsərrüfatı məhsullarının istehsalına maraq artmışdır. Rayonda işi bərpa olunan və yeni tikilən konserv zavodları, çay fabriki və hazır məhsulu saxlama kamerası aqrar sahənin inkişafını sürətləndirmişdir.

Bu il 1450 hektar sahə biçilmiş, zəmilərdən 2740 ton məhsul toplanmışdır. Mövsümün əvvəlindən 6684 ton kartof, 124121 ton tərəvəz, 133,3 ton yaşıl çay yarpağı yığılmışdır. 220 hektar sahədə yeni çay plantasiyaları salınmışdır, daha 100 hektarda çay əkinləri davam etdirilir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mal-qaranın baş sayı 7,4 faiz, diri çəkidə ət istehsalı 5 faiz, süd istehsalı 4,2 faiz, yumurta istehsalı 0,2 faiz artmışdır.

Rayonda iqtisadiyyatın və sosial sferanın inkişafına 45,5 milyon manat investisiya qoyulmuşdur. Tikinti-quraşdırma işlərinə xərclənən sərmayə 42,3 milyon manat olmuşdur. Bu dövrdə əhalinin şəxsi vəsaiti hesabına ümumi sahəsi 44 min kvadratmetr olan yaşayış evləri tikilib istifadəyə verilmiş, fərdi mənzil tikintisi 3,1 faiz artmışdır.

Rayonda geniş abadlıq-quruculuq işləri aparılır. Prezident İlham Əliyevin sərəncamı ilə Lənkəranın sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə ayrılmış 5 milyon vəsait hesabına şəhər və rayonun küçələrində, yol kənarlarında böyük həcmdə hasar və istinad divarları suvanmış və rənglənmişdir. Rayonun giriş qapısı sayılan Qumbaşı kəndindən Göyşabanadək olan ərazidə işıq dirəkləri rənglənmiş, Bakı-Astara şossesinin Göyşaban kəndi ərazisində müasir üslubda hasarlar inşa edilir.

Heydər Əliyev prospektində yeni işıq dirəkləri quraşdırılmış, hasarlara yeni üzlük materialları vurulmuş, çoxmərtəbəli yaşayış evlərinin fasadları müasir üslubda yenilənmişdir. Yaşayış binalarının dam örtükləri və su-kanalizasiya sistemləri yenidən qurulmuşdur. H.Aslanov xiyabanı, M.Axundzadə, M.Rəsulzadə, Koroğlu küçələrində və Heydər Əliyev prospektində səkilərə tamet döşənmişdir.

Hazırda gediş-gəlişin çox olduğu Ş.Xiyabani küçəsi genişləndirilir. Orada müasir üslubda hasarlar inşa edilir və yeni işıqlandırma sistemi qurulur. Bu küçədəki körpü yenidən qurulur.

Heydər Əliyev Xatirə parkı əsaslı şəkildə yenidən qurulur. Köhnəlmiş üzlük plitələr dəyişdirilir, drenaj sistemi quraşdırılır, yaşıllıq zolaqlarında suvarma şəbəkəsi yaradılır. Bu məqsədlə artezian quyuları qazılır. Parkın böyük bir hissəsinə tamet döşənir, bir o qədər də yerdə yeni yaşıllıq salınır. Ulu öndərin abidəsinin ətrafı qranit üzlüklərlə işlənəcək. Parkda yeni oturacaqlar və işıqlandırma sistemi quraşdırılacaq.

Ölkə başçısı cənab İlham Əliyevin gənclərə qayğısının təzahürü olaraq, Lənkəranda tikilən yeni üçmərtəbəli Gənclər Mərkəzi digər mərkəzlərdən böyüklüyü ilə seçilir. Ərazisi 1 hektar, tikinti sahəsi 1400 kvadratmetr olan mərkəzdə kafe-diskoteka, tir, sinema-zal, inzibati və yaradıcılıq otaqları, konfrans, kompyuter və oxu zalları, Lənkəran nemətlərinin dequstasiyası zalı nəzərdə tutulmuşdur.

Abadlıq işləri rayonun kənd və qəsəbələrini də əhatə edir. Rayon üzrə orta aylıq əməkhaqqı 5,5 faiz artaraq 230 manat olmuşdur. Cari ildə 1245 yeni iş yeri açılmışdır ki, bunun da 832 -si daimi xarakterlidir.

Üç kənddə yeni poçt şöbələri tikilir. Telekommunikasiya qovşağının stansiyaları tam elektronlaşdırılıb.

Rayonda məskunlaşmış məcburi köçkün ailələrinin sosial-məişət problemlərinin həlli istiqamətində müntəzəm iş aparılır. Şəhər icra hakimiyyəti tərəfindən məcburi köçkünlərə 4000 manatlıqdan çox ərzaq və digər yardımlar verilmişdir.

Əhaliyə göstərilən kommunal xidmətlərin yaxşılaşdırılması, normal elektrik enerjisi təchizatı ilə bağlı tədbirlər həyata keçirilmişdir. Hazırda Lənkəran şəhərinin 75 faizi, Liman şəhəri və 8 yaşayış məntəqəsi təbii qazla təmin edilir. İlin sonunadək 20000 abonenti olan 34 yaşayış məntəqəsinə təbii qazın verilməsi proqnozlaşdırılmışdır ki, bu da rayonun 80 faizinin qazlaşdırılması deməkdir. Hazırda rayon ərazisində qaz çəkilişi ilə əlaqədar 5 tikinti təşkilatı və 83 briqada işləyir. Ötən dövrdə su təchizatının və kanalizasiya sisteminin yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülmüşdür.

Prezident İlham Əliyevin sərəncamı ilə 40 kilometrlik Lənkəran-Vilvan-Osaküçə-Türkəncil yolunun tikintisi üçün 4 milyon manat vəsait ayrılmışdır. Yolun yarıya qədərinə artıq asfalt vurulmşdur. Dövlət başçısının digər sərəncamı ilə Şürük-Vel-Qamışlı yolunun əsaslı təmiri üçün 3,2 milyon manat vəsait ayrılmışdır. Bu yolun tikintisi yekunlaşmaq üzrədir.

Cari ildə rayonda təhsilin maddi-texniki bazasının gücləndirilməsi üçün geniş iş aparılmışdır. Şilavar kəndində 220, Hirkan qəsəbəsində 480, Xarxatanda 360 yerlik məktəb binaları tikilib istifadəyə verilmişdir. Vilvanda 640 yerlik məktəbin tikintisi davam etdirilir.

Mərkəzi Rayon Xəstəxanası və digər tibb müəssisələrində əhaliyə xidmətin səviyyəsinin yaxşılaşdırılması məqsədilə bir sıra işlər görülmüşdür. Cənab Prezidentin sərəncamına əsasən Mərkəzi Rayon Xəstəxanasının əsaslı təmiri üçün 3 milyon manat vəsait ayrılmışdır. Hazırda təmir işləri sürətlə davam edir.

"İdman ili" rayonda məhsuldar keçir. Lənkəranlı taekvondoçu Ramin Əzizov Londonda keçirilən olimpiya oyunlarında iştirak etmişdir. Bu il Lənkəranda 2 böyük beynəlxalq yarış təşkil olunmuşdur. Mayda veteran ağır atletlər arasında Avropa çempionatı, sentyabrda 17 yaşadək qızlar arasında futbol üzrə dünya çempionatının bir neçə oyunu Lənkəranda keçirilmişdir.

Dünya miqyaslı tədbirlərin Lənkəranda yüksək səviyyədə keçirilməsi bir daha göstərir ki, bu şəhərin şöhrəti sərhədləri aşır. Bu yaxınlarda Türkiyənin fəxri konsulluğunun açılması, bir neçə aparıcı dövlətin səfirlərinin səfərləri, beynəlxalq təşkilatların xətti ilə keçirilən tədbirlər yüksəlişin bariz nümunəsidir.

Şəhər icra hakimiyyətinə 9 ayda vətəndaşların 3352 yazılı müraciəti daxil olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 520 müraciət azdır. Həmin müddətdə şəhər icra hakimiyyətində 5290 nəfərin, o cümlədən hər həftənin cümə günü keçirilən qəbullarda icra hakimiyyətinin başçısı tərəfindən 1011 nəfərin şifahi müraciətinə baxılmışdır. Şəhər icra hakimiyyəti başçısının 36 səyyar-qəbul və görüşlərində 6805 nəfər iştirak etmiş, 525 vətəndaş dinlənilmiş, 51 nəfərin tələbi ödənilmiş, 366 müraciətə qanunamüvafiq cavab verilmişdir.

Vətəndaşların müraciətlərinə əsasən icra hakimiyyəti tərəfindən əhaliyə 46 min manat dəyərində tikinti materialı, 90 min manatlıq ərzaq və maddi yardımlar verilmişdir.

Məruzə ətrafında müzakirələr işgüzar şəraitdə keçdi. İclasa yekun vuran T.Qaraşov qarşıda duran vəzifələri diqqətə çatdırdı. İnam ifadə olundu ki, birgə səylərlə cari il uğurla başa vurulacaq, gələcək nailiyyətlərin möhkəm təməli qoyulacaq.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2012.- 23 oktyabr.- S. 6.