Mühafizə polisi üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir

 

Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesində həyata keçirilmiş mühüm işlər ölkəmizi qüdrətli, nüfuzlu bir dövlətə çevirmişdir. Bu işdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müstəsna xidmətləri vardır. Təsadüfi deyil ki, xalqımızın ümummilli lideri Heydər Əliyev Daxili İşlər Nazirliyinin və onun ayrı-ayrı strukturlarının ölkədə ictimai asayişin qorunmasınada, cinayətkarlıqla mübarizənin təşkilində, insan hüquq və azadlıqlarının təminatındakı rolunu və fədakar xidmətini həmişə yüksək dəyərləndirmişdir.

 

Hazırda daxili işlər orqanlarının fəaliyyətinin beynəlxalq standartlara uyğun qurulması, maddi-texniki bazasının möhkəmləndirilməsi, şəxsi heyətin sosial müdafiəsinin daha da yaxşılaşdırılması üçün mühüm addımlar atılır. Bu baxımdan nazirliyin Baş Mühafizə İdarəsində də son zamanlar mühüm tədbirlər həyata keçirilmiş, adı çəkilən qurumun sıraları sağlam, savadlı gənclərlə möhkəmləndirilmiş, cinayətkarlıqla mübarizədə, ictimai asayişin qorunmasında, dövlətin və insanların şəxsi əmlaklarının mühafizəsinin təşkili sahəsində lazımı işlər görülmüşdür. Məhz bunun nəticəsidir ki, hazırda vətəndaşlar, ayrı-ayrı şəxslər öz obyektlərinin və mənzillərinin qorunmasını bu quruma daha çox etibar edirlər.

Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Sabunçu Rayon Mühafizə İdarəsi də öz fəaliyyətini günün tələbləri səviyyəsində qurur, cinayətkarlıqla mübarizədə, insanların şəxsi əmlakının qorunmasında ayıq-sayıq dayanırlar. Bu yaxınlarda idarə Bakıxanov qəsəbəsində müasir standartlar səviyyəsində inşa olunmuş yeni inzibati binaya köçmüşdür. Burada yaradılmış hərtərəfli şərait, eləcə də əməkdaşlara göstərilən yüksək qayğı və diqqət polisi öz işinə daha böyük həvəslə və məsuliyyətlə yanaşmağa sövq edir. Məhz bunun nəticəsidir ki, Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları bir sıra uğurlara imza atmışlar. Son günlər həyata keçirilmiş iki uğurlu əməliyyat isə diqqəti daha çox cəlb edir. Belə ki, 2012-ci il oktyabrın 12-də saat 00.26 radələrində Sabunçu Rayon Mühafizə İdarəsi tərəfindən mülki mühafizə xidməti ilə qorunan Azərbaycan Respublikası Təhsil Nazirliyinin Maştağa qəsəbəsi Nizami küçəsi, 25 ünvanında yerləşən valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam internat məktəbində xidmətdə olan mülki mühafizəçi Ceyhun Kərimov postun ərazisinə baxış keçirərkən məktəbin üçmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsinin dəhlizində yanğın baş verdiyini müşahidə etmişdir. O, dərhal hadisə barədə rayon mühafizə idarəsinin növbətçi hissəsinə, Fövqaladə Hallar Nazirliyinin Sabunşu Rayon Yanğından Mühafizə Xidmətinə, Təcili Tibbi Yardım Xidmətinə və ərazi üzrə Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsinə məlumat vermişdir.

Operativ olaraq həmin ərazidə xidməti yoxlamada olan taqım komandiri, polis leytenantı Nizami Ağaşirinli, manqa komandiri vəzifəsini müvəqqəti icra edən, polis baş serjantı Müşfiq Məmmədov, 2 nömrəli avtomarşrutda xidmətdə olan polis nəfərləri, polis baş serjantı Aqil Abdinov və polis serjantı Fərman Baxşıyev hadisə yerinə gedərək yanğının söndürülməsi və digər otaqlara keçməsinin qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər həyata keçirmiş, yataqxanada olan 125 şagirdin məktəbin digər binasına təxliyə olunmasını təşkil etmişlər.

Oktyabrın 20-də saat 05.45 radələrində bölük komandiri, polis mayoru Sahib Cəfərli, taqım komandiri, polis leytenantı Nizami Ağaşirinli, manqa komandiri, polis baş serjantı Müşfiq Məmmədov növbəti dəfə xidməti yoxlayıb qayıdarkən Bakıxanov qəsəbəsi Nazim İsmayılov küçəsində bir neçə nəfərin dalaşdıqlarını görüb onlara yaxınlaşanda həmin şəxslərdən biri dərhal qaçmağa başlamış, iki nəfərin qan içərisində yerə yıxıldığı, onlardan isə birinin yerdə hərəkətsiz vəziyyətdə qan içində olduğu aşkar edilmişdir. Əməkdaşlar dərhal bu barədə idarənin növbətçi hissəsinə və ərazi polis idarəsinə, eləcə də Təcili Tibbi Yardım Xidmətinə məlumat vermişlər. Bu vaxt manqa komandiri, polis baş serjantı Müşfiq Məmmədov hadisə yerindən uzaqlaşan şəxsin arxasınca qaçaraq onu təqib etməyə başlamışdır. Köməyə gələn 26-66 və 47-31 radioçağırışlı avtomarşrutlarda xidmət aparan polis nəfərləri, polis baş serjantı İbrahim Rəhimov, polis serjantları İsmət İsgəndərov, Şahin Cəlilov və Hikmət Şıxverdiyev də operativ şəkildə həmin şəxsin yaxalanması məqsədilə onun arxasınca qaçmağa başlamışlar. O isə polis əməkdaşlarının tələblərinə məhəl qoymadan təxminən 600 metr məsafəyədək qaçdıqdan sonra Nazim İsmayılov və Akif Musatafayev küçələrinin kəsişməsində yaxalanmışdır. Cinayət hadisəsini törədən şəxs ərazi üzrə Sabunçu RPİ-nin 13-cü polis bölməsinə təhvil verilmişdir. Bölük komandiri S.Cəfərli və taqım komandiri N.Ağaşirinli isə hadisə yerinin mühafizəsini təmin etməklə yanaşı, yaralı şəxsə ilkin tibbi yardım göstərərək onu təcili tibbi yardım maşını ilə 3 saylı şəhər kliniki xəstəxanasına göndərmişlər.

Bölmədə hadisəni törədən şəxsin Bakı şəhəri Bakıxanov qəsəbəsi Yaqub Əliyev küçəsi, 58 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan 1990-cı il təvəllüdlü Yaqubov Əmrah İlqar oğlunun, çoxsaylı bıçaq xəsarəti alan şəxsin Qusar rayonu Hil kənd sakini, 1990-cı il təvəllüdlü Cəniyev İsa Şövkət oğlunun və aldığı çoxsaylı bıçaq zərbələrindən dünyasını dəyişmiş şəxsin isə onun həmkəndlisi və həmyaşıdı olan Bədəlov Vitalik Vahid oğlunun olduğu müəyyən edilmişdir.

Bütövlükdə isə Sabunçu Rayon Mühafizə İdarəsinin şəxsi heyəti 2012-ci ilin ötən dövründə Azərbaycan Respublikasının qanunlarını, ölkə Prezidentinin fərman və sərəncamlarını, eləcə də Daxili İşlər Nazirliyinin və Baş Mühafizə İdarəsinin əmr və göstərişlərini, nazirliyin kollegiya qərarlarını əldə rəhbər tutaraq bir sıra tədbirlər həyata keçirmiş, qarşıda qoyulan vəzifələri, verilən bütün tapşırıqları yerinə yetirərək obyektlərin etibarlı mühafizəsini təmin etməklə yanaşı, xidməti ərazidə cinayətkarlığa qarşı mübarizədə fəal iştirak etmişlər. Rayon mühafizə idarəsinin rəisi, polis polkovniki Əşrəf Allahyarov dedi:- Sabunçu Rayon Mühafizə İdarəsinin şəxsi heyəti ölkə Prezidenti cənab İlham Əliyevin, həmçinin daxili işlər naziri Ramil Usubovun və nazirliyin Baş Mühafizə İdarəsinin rəisi Yaşar Əliyevin onların fəaliyyətinə verdikləri yüksək diqqət və qayğını, göstərilən etmadı hər an öz əməli işləri ilə doğrultmağa çalışırlar. Belə ki, kollektivimiz öz fəaliyyətini günün tələbləri səviyyəsində quraraq istər ictimai asayişin qorunmasında, istər cinayətkarlığa qarşı mübarizədə, istərsə də dövlət və özəl mülkiyyətə aid obyektlərin, həmçinin ayrı-ayrı şəxslərin mənzillərinin mühafizəsinin yüksək səviyyədə təşkilində ərazi polis orqanları ilə qarşılıqlı əlaqədə çalışır. Hazırda idarəmiz tərəfindən dövlət və özəl mülkiyyətə məxsus 232 obyekt, o cümlədən 68 vətəndaşın mənzili mühafizə olunur. Bu ilin ötən dövrü ərzində 70 obyekt, o cümlədən 31 vətəndaşın mənzili mühafizəyə qəbul olunmuşdur.

İlin əvvəlindən idarənin şəxsi heyəti tərəfindən mühafızə olunan 6 obyektdə oğurluğa cəhd hadisəsinin qarşısı alınmış, eləcə də əməkdaşlarımız tərəfindən 7 digər cinayət hadisəsinin qarşısı alınaraq 6 nəfər şəxs tutulmuş, o cumlədən avtonəqliyyat vasitələrinin qaçırılmasına cəhd göstərilməsinə görə 2 fakt üzrə 1 nəfər şəxs, narkotik maddə ilə əlaqədar 2 fakt üzrə 1 nəfər şəxs saxlanılmışdır. Bundan əlavə, əməkdaşlarımız tərəfindən 2 yanğın hadisəsinin qarşısı alınmışdır. Onu da deyim ki, əməkdaşlarımız cari ilin ötən dövründə ictimai qaydaları pozan 31 nəfər, o cümlədən qanunsuz dini təbliğatla məşğul olan 2 nəfəri saxlayaraq barələrində inzibati tədbir görülməsi üçün ərazi üzrə polis orqanlarına təhvil vermişlər.

Sonda bir daha bildirmək istəyirəm ki, Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları bundan sonra da ölkədə hüquq qaydalarının qorunmasında, cinayətkarlıqla mübarizədə, ictimai asayişin qorunmasında, eləcə də dövlətin və vətəndaşların şəxsi əmlaklarının mühafizəsində səylə çalışacaqlar.

 

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2012.- 23 oktyabr.- S. 6.