Dövlət müstəqilliyi xalqımızın tarixi nailiyyətidir

 

Dövlət müstəqilliyimizin bərpasının iyirmi birinci ildönümünü böyük qürur hissi ilə qeyd edirik. 21 il ölkənin, dövlətin tarixində o qədər də böyük zaman deyil. Lakin Azərbaycan bu illər ərzində çox böyük tarixi yol keçmişdir. Xalqımız Azərbaycanın dövlət müstəqilliyinin bərpasının növbəti ildönümünü möhtəşəm nailiyyətlərlə, dünyada analoqu olmayan uğurlu nəticələrlə qarşıladı.

 

Azərbaycan çoxəsirlik tarixi və zəngin mədəni ənənələri olan dünya dövlətlərindən biridir. Mürəkkəb beynəlxalq vəziyyətə, Ermənistan tərəfindən işğala məruz qalmasına və ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədaxili vəziyyətin ağır olmasına baxmayaraq, respublikamız 21 illik dövlət müstəqilliyi dövrü ərzində siyasi və sosial-iqtisadi inkişafında böyük uğurlar əldə etmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin ümummilli lider Heydər Əliyevin bu siyasi kursunu inamla həyata keçirməsi ölkəmizə dünya iqtisadiyyatına inteqrasiya yolunda uğurla addımlamağa, müxtəlif beynəlxalq maliyyə və iqtisadi qurumlarla əməkdaşlığı daim genişləndirməyə, dünya və regional əhəmiyyətli qlobal məsələlərdə milli maraqların tarazlığının saxlanılmasına imkan vermişdir.

Müstəqil və qüdrətli dövlət qurmaq xoşbəxtliyi yalnız güclü şəxsiyyət, qüdrətli lider yetişdirmiş xalqlara nəsib olur. Bu, tarixin sınağından çıxmış gerçəklikdir. Xalqı vahid milli ideya ətrafında birləşdirməyi bacaran lider onu öz müqəddəs arzularına qovuşdurmağa qadirdir. Heydər Əliyev məhz belə bir nadir şəxsiyyət kimi XX əsrin sonlarında Azərbaycanı bütün bəlalardan qorudu, onun suverenliyini möhkəmləndirə bildi. Həmin dövrdə Azərbaycanın bir dövlət kimi mövcudluğu şübhə altına düşmüşdü. Ölkədə xaos, özbaşınalıq, anarxiya hökm sürürdü.

Müstəqil Azərbaycanda yaşanan siyasi qeyri-sabitlik, hakimiyyət dəyişiklikləri, iqtisadi tənəzzülün dərinləşməsi, torpaqların işğal edilməsi, ölkənin xaricdən təcrid olunması Heydər Əliyev fenomeninə qayıdışı qaçılmaz edirdi. Getdikcə daha artıq insan dərk edirdi ki, zamanında müstəqillik məfkurəsinə müstəsna töhfələr verən Heydər Əliyev indi qazanılmış müstəqilliyin qorunub saxlanmasının yeganə qarantı ola bilər. Məhz onun sayəsində istiqlaliyyət ideyaları həqiqi gerçəkliyə çevrilə, qazanılmış dövlət müstəqilliyi qorunub saxlana bilər.

İndinin özündə də həmin dövrü həyəcansız xatırlamaya bilmirsən. Çünki açıq-aydın görünürdü ki, hadisələrin bu məcrada inkişafı dövlətçiliyimizin süqutu, müstəqilliyimizin ikinci dəfə itirilməsi ilə nəticələnə bilər. Xalq yaxınlaşmaqda olan fəlakəti duyduğu üçün öz dövlətçiliyinin müdafiəsinə qalxdı, o vaxt Naxçıvanda yaşayan Heydər Əliyevi yenidən hakimiyyətə dəvət etdi.

Sonralar "Ostonkino" dövlətlərarası televiziya şirkətinə müsahibəsində qayıdışının səbəbini izah edən Heydər Əliyev demişdi: "Mən hakimiyyətə özüm gəlməmişəm, məni dəvət etmişlər. Məni təkidlə dilə tutmuşlar. Gəncə hadisələrindən sonra bir neçə gün ərzində Azərbaycan əhalisinin müxtəlif qruplarının, ziyalıların nümayəndələri, nüfuzlu ağsaqqallar mənə müraciət etmişlər". Yalnız Heydər Əliyev kimi güclü və polad iradəli şəxsiyyət öz çiynini belə ağır, son dərəcə məsuliyyətli yükün altına verə bilərdi. Bu addımı yalnız Vətəni və xalqı naminə hər cür fədakarlığa hazır olan insan ata bilərdi.

Xalqın çağırışına heç vaxt biganə qalmayan ulu öndər 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gəldi və iyunun 15-də Azərbaycan Respublikasının Milli Məclisinin sessiyasında Ali Sovetin sədri, həmin ilin oktyabrında isə xalqın böyük əksəriyyətinin səsini qazanaraq ölkə başçısı seçildi. Ağır yükü cəsarətlə üzərinə götürən bu müdrik, təcrübəli siyasətçi ən ağrılı problemlərin öhdəsindən məharətlə gələ bildiyini ilk günlərdən bütün dünyaya nümayış etdirə bildi. Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışı siyasi-iqtisadi böhran içində boğulan Azərbaycanı böyük fəlakətlərdən xilas etdi. Sabitlik əldə olunandan sonra dövlət quruculuğu istiqamətində təxirəsalınmaz addımlar atıldı, bir çox mühüm qanunlar qəbul edildi. Ölkə iqtisadiyyatının dirçəlişi yönündə də vacib islahatlar və proqramlar həyata keçirildi.

Azərbaycan Prezidenti İlham Əliyev dövlət müstəqilliyinin bərpasının əhəmiyyətindən və qısa müddətdə görülən möhtəşəm işlərdən danışarkən demişdir: "Azərbaycan xalqının xoşbəxtliyi ondan ibarətdir ki, ölkəmiz üçün ən çətin, həlledici anlarda ulu öndər Heydər Əliyev Azərbaycanın rəhbərliyinə gəlmiş və ölkəmizi bu ağır vəziyyətdən çıxara bilmişdir. Ulu öndərin ölkəmizin demokratik inkişafı ilə bağlı verdiyi qərarlar bu gün də aktuallığını itirmir".

Bu gün Azərbaycan dinamik inkişaf edən, dünya birliyində layiqli yer tutan, müstəqil siyasət yürüdən bir dövlətdir. İndi planetimizin çox yerindən nəzərlər dünyada ən böyük enerji layihələrinin gerçəkləşdiyi Azərbaycana yönəlib.

Böyük İpək Yolunun bərpası, TRASEKA-nın reallaşması ümummilli liderimizin bəşəri xidmətlərindəndir. Heydər Əliyev deyirdi: "Heç bir ölkə, ən böyük ölkə də öz çərçivəsində iqtisadiyyatını lazımi səviyyədə inkişaf etdirə bilməz..."

Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində, milli sərvətlərimizdən ölkənin və xalqın mənafeyinə uyğun istifadə olunmasında ümummilli liderimiz Heydər Əliyevin uğurlu neft strategiyası olduqca böyük əhəmiyyət kəsb edir. 1994-cü il sentyabrın 20-də dünyanın iri neft şirkətləri ilə imzalanmış "Əsrin müqaviləsi", 1999-cu il noyabrın 18-də ATƏT-in İstanbul zirvə toplantısında Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin inşa olunmasına dair imzalanmış bəyannamənin Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində müstəsna rol oynadı.

Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında başlıca xidmətlərindən biri də dövlət quruculuğunun hüquqi bazasının yaradılmasıdır. 1995-ci ildə qəbul olunmuş ilk milli Konstitusiya Azərbaycan Respublikasının dövlət quruculuğunun hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının qorunmasını öz siyasətinin prioriteti kimi qəbul etdi.

Ümummilli liderimizin müəyyənləşdiyi müdrik siyasi kursun hazırda onun ən layiqli siyasi varisi, ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməsinin nəticəsi olaraq Azərbaycan dünya birliyində tükənməz təbii sərvətləri, iqtisadi imkanları ilə yanaşı, mədəni, elmi, intellektual, yaradıcı potensiala malik dövlət kimi qəbul olunur.

Bu gün Azərbaycan dünya miqyasında səciyyələndirilərkən ilk növbədə, sabitlik, sıçrayışlı inkişaf və demokratikləşmə ön plana çəkilir. Ölkəmiz sabit iqtisadiyyata və mühüm geostrateji mövqeyə malik olan, qlobal enerji təhlükəsizliyinin təminatında getdikcə vacib rol oynayan bir dövlət kimi xarakterizə olunur. Cənubi Qafqazın lideri statusunu daşıyan ölkəmiz artıq mövcud olduğu regionda hadisələrin inkişaf istiqamətini müəyyənləşdirən aparıcı rola malikdir. Təsadüfi deyil ki, bölgəyə iqtisadi, siyasi maraq göstərən dünya dövlətləri, beynəlxalq təşkilatlar, ilk növbədə, Azərbaycanın mövqeyini nəzərə alır, onunla hesablaşırlar.

Dövlət başçısı İlham Əliyev milli maraqlara xüsusi önəm verərək, ölkəmizin iqtisadi qüdrətini həlledici amil hesab edir: "Azərbaycan iqtisadiyyatını inkişaf etdirməkdədir. Bu gün biz onu nümayiş etdiririk ki, iqtisadiyyatımız davamlı əsaslar üzərində qurulub. Dünyada baş vermiş siyasi və maliyyə böhranı zamanı Azərbaycan çox davamlı inkişaf nümayiş etdirmişdir... Ölkə iqtisadiyyatında özəl sektorun payı 80 faizə çatmışdır. Beləliklə, liberal iqtisadi siyasət və siyasi islahatlar, ölkədə mövcud olan problemlərin həlli cəmiyyətdə çox münbit şərait yaratmışdır."

Daxili siyasətdə ölkəmizin milli maraqları, ilk növbədə, əhalinin yüksək həyat səviyyəsinin təmin olunmasından və respublikanın ərazi bütövlüyünün tezliklə bərpa edilməsindən ibarətdir.

Mənəvi sferada olan milli maraqlara vətənpərvərlik və humanizm ənənələrinin qorunması və möhkəmləndirilməsi, ölkənin mədəni və elmi potensialının artırılması və gücləndirilməsi kimi mühüm məsələlər daxildir. Respublikamız region və dünya dövlətlərinin humanitar sahədə əməkdaşlığının inkişafında fəal rol oynayır, bu əməkdaşlığın ümumi mədəni-sivilizasiya irsinin saxlanılması və artırılması əsasında aparılmasına çalışır. Bu məsələyə toxunarkən dövlətimizin başçısı bildirib ki, sivilizasiyaları, dünya dinlərini birləşdirmək, əməkdaşlığı dərinləşdirmək üçün, bizim ölkə kifayət qədər böyük səylər göstərir.

Ölkə iqtisadiyyatı üçün prioritet sahələrdən birinə çevrilmiş nəqliyyat sektoru da əsas infrastrukturlardan biri olaraq sürətlə inkişaf edir. Əvvəlki illərdə olduğu kimi, 2011-ci il və 2012-ci ilin 9 ayında bu sektora investisiyaların yönəldilməsi, körpülərin və yol qovşaqlarının tikilməsi, yeni avtomobil yollarının çəkilişi, yenidən qurulması və digər işlər davam etdirilmiş, transmilli layihələrin səmərəli fəaliyyəti sahənin inkişafına müsbət təsir göstərmişdir. Ölkəmizdə uğurla həyata keçirilən genişmiqyaslı iqtisadi islahatlar nəticəsində əldə edilmiş dinamik inkişaf nəqliyyat-yol kompleksində də görülən işlərə mühüm təkan vermişdir.

Prezident İlham Əliyev nəqliyyat sektorunun əhəmiyyətini dəyərləndirərkən demişdir: "Biz bütün imkanlarımızdan istifadə edərək nəqliyyat sektorunu daha da sürətlə inkişaf etdirəcəyik". Nəqliyyat xidmətlərinə artan tələbatın təmin edilməsi məqsədilə daha səmərəli nəqliyyat sisteminin yaradılmasına istiqamətlənmiş proqramların yerinə yetirilməsi Nəqliyyat Nazirliyinin əsas fəaliyyət istiqamətidir. Qeyd edək ki, müstəqillik illərində bu sahədə bir sıra problemlərin həllinə nail olunmuş, zəruri maddi-texniki baza formalaşdırılmış, bununla da, hazırda görülən işlər üçün əsaslı zəmin yaradılmışdır.

Son illər görülən işlərin inkişaf dinamikasını geniş təhlil edən nəqliyyat naziri Ziya Məmmədov bildirmişdir ki, bütün növ nəqliyyat infrastrukturunun etibarlılığının təmin olunması, nəqliyyatın işinin səmərəli təşkili üçün zəruri tədbirlər görülmüş, nəzərdə tutulan infrastruktur layihələrinin vaxtında və keyfiyyətlə icra edilməsinə dövlət başçısının şəxsi dəstəyi sayəsində nail olunmuşdur.

Bakı şəhərində olan yollar, prospektlər və küçələr də daxil olmaqla avtomobil yolları və körpülərin saxlanılması, təmiri və tikintisi işlərinin yaxşılaşdırılması istiqamətində tədbirlər planı uğurla həyata keçirilir. Paytaxtda müxtəlif səviyyəli yol qovşaqlarının tikintisi, avtomobil yolları şəbəkəsinin təkmilləşdirilməsi və yenidən qurulması, qəsəbə və kənd əraziləri də daxil olmaqla yolların, prospektlərin və küçələrin asfaltlaşdırılması, ümumi istifadədə olan ölkə əhəmiyyətli avtomobil yollarının reabilitasiyası və yenidən qurulması üzrə Nəqliyyat Nazirliyinə həvalə olunmuş işlərin icrası davam etdirilir.

Müstəqillik dövründə Azərbaycanın əldə etdiyi ən böyük uğurlardan biri də BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsidir. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, müstəqilliyimiz dövründə belə böyük uğurun əldə edilməsi, doğrudan da, tarixi nailiyyətdir. Bununla da ölkəmiz sübut etdi ki, etibarlı tərəfdaşdır, Azərbaycan dost ölkədir və dostların sayının artması bizim siyasətimizin təntənəsidir. Bu qələbə Azərbaycan dövlətinin, siyasətimizin təntənəsidir, həm tarixi, həm də rəmzi məna daşıyır.

Göründüyü kimi, Heydər Əliyev ideyaları daim yaşayır və müstəqil Azərbaycan dövləti, xalqımız Prezident İlham Əliyevin rəhbərliyi ilə daha xoşbəxt gələcəyə doğru inamla gedir.

 

 

Məhərrəm MƏMMƏDOV,

iqtisadçı-ekspert

 

Xalq qəzeti.- 2012.- 23 oktyabr.- S. 4.