Azərbaycanın iqtisadi qüdrətinin artması xarici ticarət əlaqələrinin genişlənməsinə imkan yaradır

 

Son illər yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan Respublikasının adı müxtəlif beynəlxalq reytinq sıralamalarında, bir qayda olaraq, öncül yerlərdə göstərilir. Bu da təsadüfi deyil. Belə ki, ölkəmizdə baş verən dinamik sosial-iqtisadi inkişaf, keçid iqtisadiyyatı dövrünün uğurla başa çatdırılması əksər dünya dövlətləri, həmçinin beynəlxalq nüfuzlu təşkilatlar tərəfindən rəğbətlə qarşılanır. Eyni zamanda, beynəlxalq maliyyə qurumları ilə səmərəli əməkdaşlıq edən Azərbaycanda aparılan islahatlar, sosial siyasət, həyata keçirilən infrastruktur layihələri və digər zəruri tədbirlər düzgün, düşünülmüş strategiyaya əsaslanır, ölkənin davamlı inkişafına və həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilir.

 

Azərbaycanda hökm sürən əlverişli biznes mühiti, özəl bölmənin inkişafı üçün yaradılmış münbit şərait, ən başlıcası isə respublikamızın yerləşdiyi əlverişli coğrafi şərait nəticəsində xarici ticarət əlaqələrinin həcmi və miqyası getdikcə artır. Yeri gəlmişkən, xarici ticarət dövriyyəsi ölkələrarası münasibətlərin, iqtisadi əlaqələrin inkişafında mühüm amillərdəndir. Elə dövlətlərarası əməkdaşlığın, iqtisadi münasibətlərin əsasını da məhz idxal-ixrac əməliyyatları təşkil edir.

Ölkəmizin iqtisadi qüdrətinin və beynəlxalq nüfuzunun getdikcə artması xarici ticarət əlaqələrinin genişlənməsinə təkan verir. Bu da, heç şübhəsiz, xarici ölkələrlə, beynəlxalq maliyyə təsisatları ilə iş birliyinin getdikcə genişlənməsinin nəticəsidir. Bundan əlavə, azad sahibkarlığa və təşəbbüskarlığa geniş meydan verilməsi ölkədə yeni, müasir texnologiyalar əsasında rəqabət qabiliyyətli məhsulların istehsalına səbəb olur. Təsadüfi deyil ki, hazırda Azərbaycanda istehsal olunan məhsullara dünya bazarında maraq artır və bu malları alan ölkələrin sırası getdikcə genişlənir. Elə bunun nəticəsidir ki, son illər ticarət dövriyyəsinin strukturunda mühüm dəyişikliklər baş verir.

 

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2012-ci ilin birinci yarısında Azərbaycan Respublikası dünyanın 135 ölkəsi ilə ticarət əməliyyatları aparmışdır. Hesabat dövründə ölkəmizin xarici ticarət dövriyyəsinin həcmi isə 17 milyard 171,8 milyon ABŞ dolları təşkil etmişdir. Xarici ticarət dövriyyəsinin 12 milyard 711,8 dolları ixracın, 4 milyard 460 milyon dolları isə idxalın payına düşmüşdür. Göründüyü kimi, xarici ticarət əməliyyatlarında ixracın həcminin xeyli artması nəticəsində cari ilin ilk yarısında 8 milyard 251,8 milyon dollarlıq müsbət saldo yaranmışdır. Onu da deyək ki, mal mübadiləsinin 91,6 faizi, o cümlədən ixracın 96,4 faizi və idxalın 77,9 faizi sərbəst dönərli valyuta sövdələşmələri yolu ilə həyata keçirilmişdir.

Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv seçilməsindən ötən on bir il yarım ərzində Avropa iqtisadi məkanına daha sıx inteqrasiya olunması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Elə 2012-ci ilin ilk yarısı ərzində aparılmış idxal-ixrac əməliyyatlarının xeyli hissəsinin Avropa iqtisadi məkanına daxil olan ölkələrlə aparılması da bunun məntiqi nəticəsidir. Hesabat dövründə Azərbaycanın xarici ticarət dövriyyəsinin xeyli hissəsi İtaliya, Fransa, Türkiyə, İsrail, Almaniya, Böyük Britaniya, Yunanıstan və digər Avropa ölkələri ilə aparılmışdır. Bununla yanaşı, hesabat dövründə Amerika Birləşmiş Ştatları, Hindistan, Tayvan (Çinin əyaləti), Sinqapur və digər uzaq xarici ölkələr də Azərbaycanın fəal ticarət partnyorlarından olmuşlar. İdxal-ixrac əməliyyatlarının qalan mühüm hissəsi isə digər uzaq xarici dövlətlərin və MDB məkanına daxil olan ölkələrin payına düşmüşdür.

Cari ilin yanvar-iyun aylarında xarici ticarət əməliyyatları aparılmış ölkələr sırasında İtaliya birinci mövqedə olmuşdur. Belə ki, hesabat dövrü ərzində adıçəkilən ölkə üzrə 3 milyard 3 milyon 928,5 min dollarlıq idxal-ixrac əməliyyatları həyata keçirilmişdir. Qeyd etdiyimiz kimi, Amerika Birləşmiş Ştatları, Fransa, İsrail, Çin, Malayziya, Türkiyə, Sinqapur, Xorvatiya və s. ölkələr də Azərbaycanın mühüm ticarət partnyorlarındandır. Yeri gəlmişkən, Azərbaycanın neft-qaz sektorunun inkişafı ilə yanaşı, bir sıra digər sahələrdə də rəqabət qabiliyyətli məhsul istehsalının artması ölkəmizin ixrac imkanlarının xeyli genişlənməsinə səbəb olmuşdur. Bu da bir çox dövlətlərlə aparılan ticarət əməliyyatları zamanı müsbət saldo əldə edilməsinə imkan yaratmışdır. 2012-ci ilin ötən dövrü ərzində ixracın həcminin bir qədər də artması həmin ölkələrin siyahısını xeyli genişləndirmişdir. Hesabat dövründə İtaliya, Amerika Birləşmiş Ştatları, Fransa, İndoneziya, İsrail, Hindistan, Malayziya, Yunanıstan, Bolqarıstan, Tailand, Livan və s. ölkələrlə aparılan idxal-ixrac əməliyyatları zamanı müsbət saldo yaranmışdır. MDB dövlətlərindən olan Ukrayna, Gürcüstan və Qazaxıstanla da ticarət dövriyyəsi zamanı müsbət saldo əldə edilmişdir. Yeri gəlmişkən, cari ilin ilk yarısında Azərbaycanın MDB məkanına daxil olan ölkələr sırasında ən çox idxal-ixrac əməliyyatları apardığı dövlət Rusiya Federasiyası olmuşdur. Belə ki, hesabat dövründə ölkəmizlə şimal qonşusu arasında 1 milyard 35 milyon 454,8 min dollarlıq ticarət əlaqələri həyata keçirilmişdir ki, bunun da 640 milyon 953,4 min dolları idxalın, 394 milyon 501,4 min dolları isə ixracın payına düşmüşdür.

Qeyd etdiyimiz kimi, Azərbaycanda keçid iqtisadiyyatı dövrünün uğurla başa çatması, mövcud əlverişli investisiya mühiti, sahibkarlığın stimullaşdırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər qeyri-dövlət bölməsinin inkişafına böyük təkan vermişdir. Elə real iqtisadiyyatda özəl bölmənin xüsusi çəkisinin hazırda 80 faizi ötməsi də bunu təsdiqləyir. Eyni zamanda, özəl bölmənin inkişafı ölkəmizin xarici dövlətlərlə apardığı ticarət dövriyyəsinin də həcminin genişləndirilməsinə imkan yaradır. Belə ki, hazırda Azərbaycanın özəl sektorunda istehsal olunan rəqabət qabiliyyətli mallar xarici bazarda özünə getdikcə daha çox yer tapmaqdadır. Yeri gəlmişkən, ölkəmizdə istehsalın quruluşu, investisiya qoyuluşunun istiqamətlərinin müəyyənləşdirilməsi, xarici və daxili tələbatın öyrənilməsi iqtisadi artımın sürətlənməsinə müsbət təsir göstərməklə yanaşı, idxaldan asılılığın da azaldılması üçün geniş imkanlar yaradır. Bu məsələni xüsusi diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev demişdir: "İqtisadi sahədə şaxələndirmə ilə yanaşı, idxalı əvəzləyən məhsulların buraxılması üçün dövlət tərəfindən əlavə tədbirlər görüləcəkdir. Bu istiqamətdə böyük uğurlara nail ola bilmişik. Daha da fəal işləməliyik. Hazırda iqtisadi sahədə vacib məsələlərdən biri ərzaq təhlükəsizliyimizi təmin etməkdir. Bu istiqamətdə də böyük addımlar atılır, istehlak olunan ərzaq məhsullarının bir çoxu Azərbaycanda istehsal edilir... Növbəti illərdə ərzaq təhlükəsizliyimizlə bağlı əlavə tədbirlərin görülməsi nəticəsində əminəm ki, Azərbaycan özünü əsas ərzaq məhsulları ilə yüz faiz səviyyəsində təmin edəcək, eyni zamanda,bu sahədə güclü ixrac imkanlarımız yaranacaqdır".

Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin birinci yarısında ölkəmizdən xaricə ixrac olunan mühüm növ məhsulların siyahısı artmışdır. Hesabat dövrü ərzində xarici ölkələrə göndərilən malların sırasında mineral məhsullar, heyvan və bitki mənşəli piylər və yağlar, hazır ərzaq məhsulları, alkoqollu və alkoqolsuz içkilər, sirkə, tütün, az qiymətli metallar və ondan hazırlanan məmulatlar üstünlük təşkil etmişdir. Belə ki, cari ilin yanvar-iyun aylarında ötən ilin eyni dövrü ilə müqayisədə xarici ölkələrə göndərilmiş məhsullardan təzə meyvə 78,4 faiz, marqarin 3,9 faiz, çay 7,2 faiz, polietilen 16,2 faiz, pampıq lifi 2,1 dəfə, maye qaz 26,8 faiz, emal olunmamış alüminium 9,1 dəfə artmış, təzə tərəvəz, bitki yağları, şəkər, ağ neft, qazoyl, neft koksu, qara metallardan yarımfabrikatlar və boruların ixracı isə azalmışdır. İxracın strukturunda, həmişə olduğu kimi, bu dəfə də xam neft üstünlük təşkil etmişdir. Belə ki, hesabat dövründə Azərbaycandan dünya bazarına 19 milyon 45,5 min ton "qara qızıl" ixrac olunmuşdur. Yeri gəlmişkən, 2012-ci ilin birinci yarısında Azərbaycandan İtaliya, İndoneziya, Fransa, Hindistan, Amerika Birləşmiş Ştatları, Almaniya, Bolqarıstan, Rusiya Federasiyası, Yunanıstan, Gürcüstan, Türkiyə, Sinqapur, Çexiya və digər ölkələrə daha çox məhsul ixrac olunmuşdur.

2012-ci ilin ilk yarısında ölkəmizə gətirilən məhsulların ümumi dəyərinin çox hissəsini hazır ərzaq malları, spirtli və spirtsiz içkilər, sirkə, tütün, kimya sənayesi məhsulları, plastik kütlələr, kauçuk, rezin və onlardan hazırlanan məmulatlar, oduncaq, mantar və onlardan hazırlanan məmulatlar, hörmə məhsulları, az qiymətli metallar və ondan hazırlanan məmulatlar, maşın və mexanizmlər, elektrotexniki avadanlıqlar, aparatlar, quru nəqliyyat vasitələri, uçan aparatlar, üzən nəqliyyat vasitələri təşkil etmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə quş əti, kərə yağı və digər süd yağları, təzə meyvələr, buğda, şəkər, bitki yağları, mineral gübrələr, polietilen, rezin şinlər, qara metallardan hazırlanan çubuqlar, armaturlar, künclük və şvellerlər, uzununa doğranmış meşə materialları, paltaryuyan maşınlar, hesablama maşınları, avtobuslar, minik və yük avtomobillərinin idxalı artmışdır. Bununla yanaşı, bir sıra mühüm ərzaq məhsullarından sayılan mal əti, kartof, təzə tərəvəz, çay, sement klinkerləri və sement, məişət kondisionerləri, polad prokatı və qara metallardan hazırlanan boruların idxalı isə əksinə, azalmışdır. Onu da deyək ki, cari ilin ilk yarısında ölkəmizə idxal olunan malların xeyli hissəsi Türkiyə, Rusiya Federasiyası, Almaniya, Çin, Qazaxıstan, Koreya Respublikası, İtaliya, Yaponiya, Fransa, Braziliya, İran İslam Respublikası, Avstriya və digər ölkələrin payına düşmüşdür.

Yeri gəlmişkən, son illər xarici ticarət dövriyyəsinin tərkibi xeyli dəyişmişdir. Belə ki, ölkəmizdə yeni istehsal sahələrində buraxılan məhsullar daxili bazarda satılan analoji xarici malları tədricən sıxışdırıb çıxarmış, hətta bəzi hallarda ixraca da yönəldilmişdir. Bu da son nəticədə daxili bazarın idxaldan asılılığının azaldılmasına imkan yaradır. Azərbaycanın yeni neft strategiyası çərçivəsində neft və qaz hasilatının getdikcə artması adıçəkilən məhsulların ixracının xeyli çoxalmasına səbəb olmuşdur. Müqayisə üçün deyək ki, 1993-cü ildə xarici bazara çıxarılan mineral məhsullar - xam neft və təbii qaz ümumi ixracın 27,3 faizi qədər olduğu halda, hazırda bu göstərici 90 faizi ötmüşdür. Diqqətçəkən digər məqam isə ondan ibarətdir ki, 1995-ci ildə ölkəyə gətirilən ərzaq mallarının xüsusi çəkisi xarici ticarət dövriyyəsində 41,6 faiz təşkil etdiyi halda, hazırda bu göstərici ümumi idxalın təxminən 15 faizinə bərabərdir. Bu da təsadüfi deyil. Çünki son illər ölkədə bu sahədə xüsusi tədbirlər həyata keçirilir, mühüm dövlət proqramları qəbul edilir. Bu baxımdan ölkə Prezidenti İlham Əliyevin 2008-ci il avqustun 25-də təsdiq etdiyi "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" xüsusi əhəmiyyət daşıyır.

Azərbaycanda dövlət səviyyəsində həyata keçirilən bir sıra zəruri tədbirlər, strateji məhsulların idxalında və ixracında bütün fiziki və hüquqi şəxslərin bərabər hüquqlarının təmin olunması və inhisarçılığın qarşısının alınması istiqamətində görülən işlər, daxili bazarın marketinqinin düzgün müəyyən edilməsi, gömrük əlaqələrinin sadələşdirilməsi, xarici ticarətin liberallaşdırılması, eləcə də əlverişli investisiya mühitinin yaradılması və s. məsələlər, heç şübhəsiz, ölkəmizin xarici ticarət dövriyyəsinin həcminin artırılmasına imkan yaradacaq.

 

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2012.- 1 sentyabr.- S. 1-2.