Azərbaycan dünyanın ən rəqabətqabiliyyətli ölkələri sırasına daxildir

 

Dünya İqtisadi Forumunun 2012-2013-cü illər üzrə "Dünya Rəqabətlilik Hesabatı" rəsmi olaraq dünya ictimaiyyətinə təqdim edilmişdir. Adı çəkilən hesabata əsasən, Azərbaycan rəqabətlilik reytinqinə görə 144 dövlət arasında 46-cı yerdə qərarlaşmışdır. 2011-2012-ci illər hesabatında isə ölkəmiz 142 ölkə arasında 55-ci yer tutmuşdu. Beləliklə də son 7 hesabat ərzində ölkəmizin mövqeyi 14 pillə yaxşılaşmışdı. Bu göstəriciyə görə artıq son 3 illik hesabat idi ki, ölkəmiz MDB ölkələri arasında 1-ci yerdə idi.

 

"Dünya Rəqabət Qabiliyyəti İndeksi 2011-2012" hesabatında Azərbaycan bir sıra alt göstəricilər üzrə də yüksək nəticələr əldə etmişdi. Belə ki, "əmək bazarının səmərəliliyi" alt göstəricisi üzrə ölkəmiz dünyada 14-cü, "makroiqtisadi vəziyyət" alt göstəricisi üzrə isə 16-cı yerə layiq görülmüşdü.

Qlobal iqtisadiyyatın böhran dövrünü yaşadığı və yüksək rəqabət mühiti ilə səciyyələnən bir zamanda Azərbaycanın artıq 9 pillə irəliləməsi və dünyanın 50 ən rəqabətqabiliyyətli iqtisadiyyatı sırasına daxil olması ölkədə aparılan məqsədyönlü sosial-iqtisadi inkişaf siyasətinin əyani göstəricisi və ölkəmizin beynəlxalq nüfuzunun artmasının nümunəsi kimi qiymətləndirilə bilər.

Xatırladaq ki, bu il Azərbaycan MDB ölkələri arasında yenə də ən yüksək nəticəyə nail olmuşdur. Azərbaycanın inkişaf sürəti, dinamikası, onun daim inkişafda olan, möhkəm iqtisadiyyata malik olması, MDB məkanında ən rəqabətqabiliyyətli dövlət elan olunmasına səbəb olmuşdur.

Reytinq cədvəlində Qazaxıstan 51-ci, Rusiya 67-ci, Gürcüstan 77-ci, Ermənistan 82-ci pillələrdə qərarlaşmışlar. "Dünya Rəqabətlilik Hesabatı 2012-2013" nəşrinə görə dünyanın ən rəqabətqabiliyyətli ölkəsi İsveçrədir. İlk beşliyə daxil olan digər ölkələr isə Sinqapur, Finlandiya, İsveç və Niderlanddır.

Yeri gəlmişkən, yuxarıda bəhs edilən uğurun əsasında şübhəsiz ki, ölkə iqtisadiyyatının dinamik inkişafı dayanır. Faktlara diqqət yetirək. Prezident İlham Əliyevin daxili və xarici siyasəti nəticəsində son 9 ilə yaxın bir müddətdə ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində nailiyyətlər əldə olunmuşdur. 2004-2008-ci və 2009-2013-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının qəbulu və müvəffəqiyyətlə icra edilməsi respublikamızın hərtərəfli tərəqqisinə və iqtisadi inkişafına güclü təkan vermişdir. Bu müddət ərzində 40 mindən artıq yeni müəssisə yaradılmış, böyük əksəriyyəti daimi olmaqla ümumilikdə bir milyona yaxın yeni iş yeri açılmış, son 8 ildə yoxsulluğun səviyyəsi 49 faizdən 7,6 faizə, işsizlik isə 5,3 faizə enmişdir. Son illərdə büdcə xərcləri 12 dəfə, ümumi daxili məhsul 3 dəfə artmış, 1995-2010-cu illərdə ölkə iqtisadiyyatına 80 milyard dollardan çox sərmayə cəlb edilmişdir. Təkcə 2011-ci ildə iqtisadiyyata qoyulmuş 21,7 milyard dollarlıq investisiyanın 15,7 milyard dolları qeyri-neft sektoruna yatırılmışdır. Birinci üç ayda isə investisiyalar 4,3 milyard dollar təşkil etmişdir. Hələ ki, altı ayın investisiya rəqəmləri hesablanır və bu da müsbət göstəricidir. Keçən illə müqayisədə ölkə iqtisadiyyatına qoyulan investisiyalar 30 faiz artmışdır. Dünyanın 149 ölkəsi ilə xarici ticarət dövriyyəsi 36,3 milyard dollar təşkil etmişdir.

Ötən il ölkəmizdə ümumi daxili məhsulun həcmi 63,4 milyard dollara çatmışdır ki, bu da Cənubi Qafqaz regionunda ümumi daxili məhsulun 80 faizindən çoxdur. Xatırladaq ki, bu ilin altı ayında isə ümumi daxili məhsul 1,5 faiz artmışdır. Hazırda adambaşına düşən illik məhsul istehsalının həcmi 7 min dolları ötmüş, əvvəlki illə müqayisədə 2011-ci ildə əhalinin gəlirləri 20 faizə qədər artaraq 30,6 milyard manata çatmış, adambaşına düşən məbləğ 3 min 400 manat olmuşdur.

Bu il iyulun 11-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2012-ci ilin yarımilinin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası göstərdi ki, 2012-ci ildə Azərbaycan iqtisadiyyatı uğurlu inkişafını davam etdirir. Bu ilin altı ayında əhalinin pul gəlirləri 14,2 faiz artmışdır. Yəni, inflyasiya ilə əhalinin pul gəlirləri arasında 12 faiz fərq vardır. Bu da real gəlirlərin nə qədər yüksək templə artmasına dəlalət edir.

Bu gün iqtisadiyyatın hər bir faizi təxminən 700 milyon dollara bərabərdir və iqtisadiyyatımızın 1,5 faiz artımı onu göstərir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə ölkədə 1 milyard dollar dəyərində çox məhsul istehsal edilmişdir. Altı ayda qeyri-neft iqtisadiyyatımız 11,3 faiz artmışdır. Bu, dünya miqyasında ən yüksək göstəricidir.

Düşünülmüş düzgün siyasətin nəticəsidir ki, qlobal maliyyə-iqtisadi böhran Azərbaycandan yan keçmiş, dünyanın bir çox ölkələrini sarsıdan həmin böhranda Azərbaycan iqtisadiyyatı sürətli inkişaf tempini və dayanıqlığını qoruyub saxlamış və ümumilikdə 9 faizdən çox artıma nail olmuşdur.

Ölkəmizin maliyyə vəziyyəti də getdikcə yaxşılaşır. İlin əvvəlindən strateji valyuta ehtiyatlarımız artmışdır. Hazırda Azərbaycanın valyuta ehtiyatları 44 milyard dollar səviyyəsindədir. İlin sonuna qədər bu rəqəm şübhəsiz ki, daha artacaqdır.

Dövlət başçısı İlham Əliyevin uğurla reallaşdırdığı inkişaf strategiyası artıq özünün növbəti - üçüncü mərhələsi ərəfəsindədir. 2013-2023-cü illəri əhatə edəcək bu mərhələdə Azərbaycanın inkişaf etmiş ölkələr sırasına çıxarılması və əhalimizin yüksək gəlirli topluma çevrilməsi, qeyri-neft sektorunun, özəl bölmənin, sahibkarlığın hərtərəfli inkişafı sayəsində ümumi daxili məhsulun 2 dəfə artırılması, dövlət və özəl qurumların birgə fəaliyyəti üzrə yeni strategiyanın hazırlanması, ən müasir texnologiyaları tətbiq etməklə iqtisadiyyatın modernləşdirilməsi, elm və innovasiyalara əsaslanan cəmiyyət quruculuğu, hüquqi dövlətçilik prinsiplərinin, insan hüquq və azadlıqlarının tam bərqərar edilməsi Prezident İlham Əliyevin qarşıya qoyduğu başlıca hədəflərdir.

Qlobal maliyyə böhranı şəraitində belə Azərbaycan iqtisadiyyatının davamlı inkişaf etməsi, sahibkarlara kreditlərin verilməsi, özəl sektorun maraqlarının müdafiəsi respublikanın neft amillərindən asılılığını əhəmiyyətli dərəcədə azaltmışdır. Qeyri-neft sektorunda qazanılan iqtisadi uğurlar Azərbaycan iqtisadiyyatının neftdən asılılığını azaldır. Bu il qeyri-neft sektorunda ümumi daxili məhsulun 7,7 faiz və qeyri-neft sənayesinin 16,5 faiz artımının baş verməsi də ilk növbədə regionların inkişafı istiqamətində həyata keçirilən tədbirlərin nəticəsidir. Hazırda ümumi daxili məhsulun 85 faizi özəl sektorda istehsal olunur.

Başa vurmaqda olduğumuz mərhələ sosialyönümlü büdcə siyasəti, əhalinin sosial müdafiəsinin beynəlxalq standartlara uyğunlaşdırılması və maddi rifah halının yaxşılaşması, neft gəlirlərini qeyri-neft sektoruna yönəltməklə və modern texnologiyalara əsaslanmaqla yeni və qabaqcıl sənaye sahələrinin yaradılması, iqtisadi və sosial infrastrukturun, yol-nəqliyyat sektorunun davamlı inkişafı, eyni zamanda, dövlətimizin hərbi qüdrətinin yüksəldilməsi ilə əlamətdar olmuşdur. Bu müddət ərzində ölkə boyu nəhəng tikinti-quruculuq və abadlıq işləri aparılmış, çoxsaylı körpülər və yollar, yüzlərlə məktəb, idman-sağlamlıq kompleksləri, xəstəxana-müalicə ocaqları, sosial-mədəniyyət müəssisələri, turizm-istirahət mərkəzləri tikilib istifadəyə verilmiş, təhsil, mədəniyyət, səhiyyə, idman, turizm, ekologiya sahələrində böyük irəliləyiş baş vermişdir. Ölkə rəhbərliyi səviyyəsində qəbul olunan və ictimai-siyasi, sosial-iqtisadi, humanitar-mədəni həyatın çoxşaxəli spektrini əhatə edən 60-a yaxın konseptual-strateji mahiyyətli sənəd və dövlət proqramları hazırda icra edilməkdədir. On ilə yaxın bir müddətdə görülən işlər və nəticələr bu gün deməyə əsas verir ki, Azərbaycan dünyaya özünün uğurlu inkişaf modelini təqdim edə bilmiş və qısa zaman kəsiyində ölkəmizdə, sözün əsl mənasında, inqilabi yeniləşmə və tərəqqiyə nail olunmuşdur.

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr edilmiş konfransda dövlət başçısı İlham Əliyev respublikamızda özəl sektorun, kiçik və orta sahibkarlığın inkişafına bundan sonra da xüsusi diqqət göstəriləcəyini bir daha bildirmişdir. Bu da təsadüfi deyil. Son illər Azərbaycanın sürətli iqtisadi inkişafında kənd təsərrüfatının, onun əsas hərəkətverici qüvvəsi olan özəl sektorun, kiçik və orta sahibkarlığın rolu böyükdür. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, son iki ildə Azərbaycan iqtisadiyyatı 15 faiz artıb.

Son ildə investisiyaların böyük əksəriyyəti özəl sektorlar tərəfindən qoyulan daxili investisiyalardır. Bu həm də onu göstərir ki, Azərbaycan dövlətinin gücü artıb, özəl sektor ölkəmizdə gedən uğurlu proseslərdən bəhrələnir. Prezident İlham Əliyev həmin bununla bağlı demişdir: "Biz bundan sonra da dövlət investisiya proqramlarını icra edəcəyik. Hər il dövlət büdcəsindən böyük məbləğdə vəsait ayrılır. Amma mən çox istərdim ki, özəl sektor daha da böyük həcmdə investisiyalar qoysun, həm öz imkanlarını genişləndirsin, eyni zamanda, ölkənin inkişafı üçün də bunun böyük əhəmiyyəti vardır". Qeyd olunanlar bir daha göstərir ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün bütün sahələrdə real bəhrələrini verir. Prezident İlham Əliyev tərəfindən uğurla reallaşdırılan bu strategiya Azərbaycanın iqtisadi-sosial həyatında da mühüm nailiyyətlərə imkan yaratmışdır. Respublikamız postsovet məkanında keçid dövrünü uğurla başa vuran ilk ölkə olaraq, bununla əslində, yürütdüyü iqtisadi-sosial islahatların dünyada ən mükəmməl inkişaf modellərindən biri olduğunu təsdiq etmişdir. Bu gün dünyanın tədqiqatçı-mütəxəssisləri, həmçinin iqtisadiyyat elmi "İnkişafın Azərbaycan modeli"ni inkaredilməz fakt kimi qəbul edir, araşdırır və öyrənir.

Dünya İqtisadi Forumunun hesabatında Azərbaycanın irəliləməsi ölkəmizdə əlverişli rəqabət mühitinin formalaşdığını təsdiq edir.

Xatırladaq ki, Azərbaycanda müasir tələblərə cavab verən rəqabət mühitinin mövcudluğu bundan öncə də Dünya İqtisadi Forumunun hesabatlarında öz əksini tapmışdır.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2012.- 9 sentyabr.- S. 1;2.