"Əsrin müqaviləsi" - Azərbaycanın neft strategiyasının şanlı səhifəsi

 

Əsrin müqaviləsi ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, XXI əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır.

 

Heydər ƏLİYEV,

Ümummilli lider

 

 

Heydər Əliyevin 1993-cü ildə xalqın iradəsi və təkidli xahişi ilə yenidən hakimiyyətə qayıdışı Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcının əsasını qoydu. Müstəqillik yolunda öz kövrək addımlarını atan ölkəmizi labüd fəlakətlərdən xilas edən ulu öndər Heydər Əliyevin qarşıya qoyduğu prioritet məsələlərdən biri də iqtisadi yüksəlişi təmin etmək idi. Müdrik şəxsiyyət bunun üçün ciddi tədbirlər görməyə başladı. Həmin dövrdə respublikada ümumi daxili məhsul istehsalında orta hesabla 20 - 23 faiz geriləmə baş verirdi. Ölkədə yaranmış geriliyin aradan qaldırılması üçün bütün imkanlardan səmərəli istifadə olundu. Həyata keçirilən islahatlar və tədbirlər nəticəsində iqtisadiyyatda yaranmış tənəzzül tədricən aradan qadırılırdı.

 

Azərbaycan iqtisadiyyatının dirçəldilməsində əsas vasitələrdən birini xarici sərmayələrin ölkəmizə cəlb olunmasında görən ulu öndər bu sahədə qətiyyətli addımlar atdı. Bundan ötrü ilk növbədə ölkədə davamlı ictimai - siyasi sabitlik yaradılmalı idi. Ölkədə yaradılmış ciddi nizam - intizam ictimai - siyasi sahədə sabitlik yaradılmasından xəbər verirdi. Bu da xarici şirkətlərin diqqətindən yayınmırdı . İlk növbədə isə Heydər Əliyevin dövlət idarəçiliyindəki zəngin təcrübəsi və siyasi uzaqgörənliyi xarici şirkətlərdə ölkəmizə sərmayə qoymaqda böyük inam yaratmışdı. Yeni neft strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin ən fəal iştirakçılarından biri olan, həmin dövrdə ARDNŞ-in birinci vitse-prezidenti, Milli Məclisin deputatı İlham Əliyev danışıqlar prosesinə cəlb edildi. Onun bütün fəaliyyətinin mərkəzində özünün qeyd etdiyi kimi, möhkəm ideya dururdu. O, özü bu barədə demişdi:"Bizim məqsədimiz təkcə neft hasil etmək, onu nəql etmək, bundan vəsait əldə etməkdən ibarət deyildir. Bizim məqsədimiz neftdən gələn bütün mənfəətləri həm siyasi, həm iqtisadi, həm də başqa mənfəətləri Azərbaycan xalqının gələcək mənafeyinə, rifahına yönəltməkdən ibarətdir".

"Əsrin müqaviləsi" ilə bağlı danışıqların 1994-cü ilin yazında və yayındakı İstanbul və Hyustondakı son mərhələləri xüsusilə ağır keçdi. Bəzən böhran anları da olur, müəyyən şərtlərin qəbuledilməzliyi ucbatından danışıqlar dayandırılma məqamına çatırdı. Həmin anı cənab İlham Əliyev belə xatırlayır: "Biz xarici şirkətlərə deyirdik: siz ayrı-ayrı şirkətlərin maraqlarını müdafiə edirsiniz. Biz isə ölkənin və Azərbaycan xalqının maraqlarını müdafiə edirik. Əgər siz səhvə yol versəniz, bu, sizin şirkətin yalnız bir layihəsində öz əksini tapacaq, əgər biz səhv etsək, bu səhv bütün Azərbaycan xalqının mənafeyinə xələl gətirəcəkdir. Başqa sözlə, biz heç cür heç bir səhvə yol verə bilmərik". Bütün çətinliklərə baxmayaraq, müqavilə Azərbaycanın milli mənafeyinə uyğun hazırlandı.

1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq", "Günəşli" yataqlarının dərin sulu qatlarındakı neftin birgə işlənməsi haqqında "hasilatın pay bölgüsü" tipli müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə sonralar "Əsrin müqaviləsi" adlandırılmış, təxminən 400 səhifə həcmində və 4 dildə öz əksini tapmışdıır. "Əsrin müqaviləsi"ndə dünyanın 8 ölkəsinin - Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistaının - 13 ən məşhur neft şirkəti (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Eksson, Türkiyə Petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak etmişdir. Bununla da "Yeni neft strategiyası" və doktrinası uğurla həyata keçirilməyə başlandı.

"Əsrin müqaviləsi" Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya edildi və 1994-cü il dekabrın 12- də qüvvəyə mindi. İlk dəfə hesablanmış çıxarıla bilən neft ehtiyatı 511 milyon ton olmuş, sonralar qiymətləndirici quyuların nəticələrinə görə bu ehtiyat 730 milyon tona çatmışdır. Bununla əlaqədar yataqların işlənilməsinə tələb olunan sərmayə xərcləri 11,5 milyard ABŞ dolları qəbul edilmişdir: ümumi təmiz gəlirdən Azərbaycanın payına 80 faiz, sərmayəçilərin payına 20 faiz düşürdü.

Ölkəmizin beynəlxalq aləmdə nüfuzunu artıran bu zəruri sənədin imzalanması ilə Azərbaycan Xəzər dənizi və onun enerji ehtiyatlarını bütün dünyanın üzünə açdı. Bu tarixi hadisənin ölkənin gələcəyi üçün nə dərəcədə əhəmiyyətli olduğu barədə hələ bundan sonra da çox dəyərli fikirlər səsləndiriləcək. Ən başlıcası ona görə ki, bu müqavilə Azərbaycan Respublikasının siyasi, iqtisadi və informasiya blokadası şəraitində olduğu bir vaxtda imzalanmışdı. Həmin dövrdə ölkəmiz haqqında dünyada geniş təsəvvür belə yox idi. Azərbaycan üçün həyati əhəmiyyətli olan bu müqavilə həm respublikamızın daxilində sabitliyin bərqərar olunması, həm də xarici siyasətdə böyük uğurların əldə olunmasında müstəsna əhəmiyyət kəsb edirdi. Bu tarixi hadisə xalqımızın yaddaşında əbədi yaşayacaq. Çünki məhz bu tarixi addımla müstəqilliyini bir daha sübut edən Azərbaycan öz sərvətlərinə tam sahib olduğunu bütün dünyaya nümayiş etdirib. Milli sərvətlərimizdən müstəqil dövlətimizin və xalqımızın rifahı naminə istifadə olunması, illərlə imperiya maraqlarına xidmət etmiş karbohidrogen ehtiyatlarının qüdrətli və inkişaf etmiş Azərbaycanın formalaşması üçün istismarı, bu məqsədlə xarici investisiyaların cəlb olunması üçün cəsarətli siyasi addımlar atılıb.

"Əsrin müqaviləsi"nin ilk günlərindən başlayaraq Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti yaradıldı və təsdiq olunmuş vahid proqram üzrə ARDNŞ ilə birgə işlərə başlandı. Bu saziş sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək sazişin imzalanması üçün yol açmış və həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxil olmuşdur. Üç il sonra, 1997-ci ilin noyabrında "Əsrin müqaviləsi"nin iştirakçılarından ibarət Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti "Çıraq" yatağının ilk quyusundan neftin fontan vurmasına nail oldu. Bu andan başlayaraq həmin yataqdan 24,5 milyon ton neft və 3,5 milyard kubmetr qaz hasil edilmişdir. İmzalanmış neft sazişləri üzrə Azərbaycanın neft sənayesinin inkişafı üçün nəzərdə tutulmuş 64 milyard ABŞ dolları qoyuluşunun 57,6 milyardı dəniz yataqlarının mənimsənilməsinə və perspektivli strukturlarda axtarış-kəşfiyyat işlərinin aparılmasına yönəldilmişdir.

Müqavilənin həyata keçirilməsinə başlanan vaxtdan Azərbaycan iqtisadiyyatında əsaslı dönüş yarandı və böyük işlərə başlandı. Bu, ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyinin bariz nümunəsi idi.

Dünyanın ən böyük neft şirkətləri ilə neft müqaviləsinin Azərbaycanda imzalanması beynəlxalq aləmdə böyük əks - səda doğurmuşdu. Düyanın tanınmış neft mütəxəssisləri və ictimai - siyasi xadimləri bu tarixi hadisəni Heydər Əliyevin siyasi iradəsinin və uzaqgörənliyinin məhsulu kimi dəyərləndirirdilər. Həmin dövrdə bp -nin prezidenti olmuş lord Con Braun Prezident Heydər Əliyevlə görüşərkən demişdi: "Həqiqətən Sizin qətiyyətiniz, əzminiz nəticəsində bir vaxtlar yuxu kimi, yalnız arzu kimi görünən məsələlər indi həqiqətə çevrilmək üzrədir. Sizin neft və qaz strategiyanız, siyasətiniz uğurla həyata keçir və dünyada əfsanə kimi görünən neft kəməri (Bakı - Tbilisi - Ceyhan) artıq reallığa çevrilir. Hazırda işlər gedir və bu işlərin hamısı bir vaxtlar Sizin əkdiyiniz toxumlardır ki, indi cücərməyə başlayır. Bütün bu işlərin hamısına Sizin qətiyyətiniz sayəsində müvəffəq olmuşuq".

1999-cu ilin noyabrında Türkiyənin İstanbul şəhərində keçirilmiş ATƏT-in Sammitində ABŞ, Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkmənistan prezidentləri tərəfindən Bakı-Tbilisi-Ceyhan (BTC) "Əsas İxrac Neft Kəməri"nin çəkilişi haqqında dövlətlərarası Müqavilə imzalanmışdır. 1999-cu ilin dekabrında Azərbaycanın "mənfəət nefti" ilə doldurulmuş ilk tanker dünya bazarlarına çıxarıldı. Bu neftin satışından əldə edilən valyuta ümummilli liderimiz Heydər Əliyev tərəfindən yaradılmış Azərbaycan Respublikası Dövlət Neft Fonduna daxil oldu və ölkəmizin iqtisadi qüdrətinin artırılması ilə yanaşı əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına da sərf olundu. 2002-ci il sentyabrın 18-də Bakıda, Səngəçal terminalında ümummilli liderimiz Heydər Əliyevin, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan ixrac neft kəmərinin təməl daşı qoyulmuş və tikintisinə başlanmışdır. BTC-nin Azərbaycan hissəsinin Gürcüstan hissəsi ilə birləşdirilməsi 2004-cü ilin oktyabrında baş tutdu. 2006-cı il iyulun 13-də isə Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi. Hamıya əfsanə kimi görünən əsas ixrac neft kəməri möhtərəm Prezidentimiz İlham Əliyevin gərgin fəaliyyəti və siyasi iradəsi nəticəsində reallaşdı. Bundan sonra ölkəmiz dünya birliyində iri infrastruktur layihələrin reallaşdırılmasına qadir dövlət kimi tanındı.

Əsas ixrac neft kəmərinin texniki-iqtisadi əhəmiyyətindən başqa, onun siyasi rolu da böyükdür. Belə ki, bu neft kəməri dünya dövlətləri ilə Azərbaycan dövlətinin yeni münasibətlərinin, dünya xalqları ilə Azərbaycan xalqının əlaqələrinin yenidən qurulmasına təkan verdi, Azərbaycanın xarici siyasətinin güclənməsinə və inkişaf etməsinə əlverişli şərait yaradı.

Neft strategiyasının mühüm tərkib hissəsini xarici şirkətlərlə birlikdə hasil olunan neftin və qazın nəqlini və xarici bazarlara ixracını təmin edəcək çoxvariantlı boru nəqliyyat infrastrukturunun yaradılması təşkil edir. Neft strategiyasının həyata keçirilməsinin ilk illərində əvvəlcə Bakı-Novorossiysk və Bakı-Supsa boru kəmərləri yenidən quruldu, daha sonra neftin və qazın etibarlı və irimiqyaslı ixracını təmin etmək məqsədi ilə Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac və Bakı-Tbilisi -Ərzurum qaz ixrac boru kəmərləri tikilərək, istismara verildi. Bakı-Tiflis-Ceyhan və Bakı-Tbilisi -Ərzurum əsas ixrac boru kəmərlərinin fəaliyyət göstərməsi və bu kəmərlərlə neftin və qazın nəqlinin ildən-ilə genişlənməsi neft strategiyasının mühüm qələbəsidir. Təbii ki, bütün bunlar Azərbaycan Prezidentinin yüksək intellektli və praqmatik düşüncəli olmasının nəticəsidir. Xəzər dənizi ilə Aralıq dənizini birləşdirən bu yeni enerji dəhlizinin fəaliyyəti sayəsində Azərbaycan neftinin beynəlxalq bazarlara genişmiqyaslı nəqli və ölkədə çoxvariantlı ixrac strategiyasının həyata keçirilməsi üçün əlverişli imkan yarandı, eyni zamanda ölkənin tranzit potensialı bir neçə dəfə artdı. Bakı-Tbilisi -Ceyhan və Bakı-Tbilisi -Ərzurum əsas ixrac boru kəmərlərinin fəaliyyət göstərməsi Azərbaycan, Gürcüstan, Türkiyə ilə Mərkəzi Asiya regionu arasında idxal-ixrac münasibətlərinin və iqtisadi əlaqələrin inkişafına təkan verdi. Təbii ki, bütün bunlar Azərbaycan Prezidentinin yüksək intellektli və praqmatik düşüncəli olmasının nəticəsidir.

Neftdən əldə edilən gəlirlər hesabına bu gün ölkəmizin bütün sahələrində sürətli inkişafa nail olunmuşdur. İdeya müəllifi möhtərəm Prezidentimiz İlham Əliyev olan çoxlu sayda dövlət proqramları işlənib hazırlanmış, ölkənin sosial - iqtisadi inkişafı yeni mərhələyə qədəm qoymuş, səhiyyə, təhsil, mədəniyyət, idman və turizm sahələrində əsaslı dönüş yaradılmış, kadr potensialının artırılması istiqamətində də mühüm tədbirlər həyata keçirilmişdir. Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahalar Azərbaycanı dünya birliyinin layiqli üzvlərindən birinə çevirməkdədir. Hazırda Azərbaycan Avropanın enerji resurslarının təmin olunmasında əsas ölkələrdən biridir.

"Əsrin müqaviləsi" ilə əsası qoyulmuş milli neft strategiyasının uğurlarının nəticəsi ölkəmizin bütün sahələrində özünü əsaslı şəkildə büruzə verir. Hazırda Azərbaycan regionun lider dövlətidir. Ölkəmizin iqtisadi qüdrətinin artması Milli Ordumuzun daha da formalaşmasına da öz təsirini göstərib. Hazırda ölkəmizdə ordu quruculuğuna ayrılan vəsait Ermənistanın dövlət büdcəsindən çoxdur. Müstəqil dövlətimiz həmçinin , regional və qlobal iqtisadi layihələrin aparıcı iştirakçılarından birinə çevrilib. Bu gün respublikamızda əldə edilən bütün iqtisadi uğurların başlanğıcında məhz milli neft strategiyası, bu strategiyanın ilk şanlı səhifəsini və təməl daşını isə ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu "Əsrin müqaviləsi" təşkil edir.

Azərbaycan neft ixracından əldə edilən vəsaitlər hesabına beynəlxalq aləmdən yardım alan ölkədən, ölkə xaricində iqtisadiyyatın müxtəlif sahələrinə investisiyalar yatıran investora çevrilib.

Ümummilli iider Heydər Əliyevin fərmanı ilə hər il sentyabrın 20-si "Neftçilər Günü" kimi qeyd olunur. Hər il olduğu kimi, bu il də neftçilər qarşıdan gələn bayramı böyük töhfələrlə qarşılamağa hazırlaşırlar.

 

 

Sona MƏMMƏDBƏYOVA,

filologiya üzrə fəlsəfə doktoru

 

Xalq qəzeti.- 2012.- 16 sentyabr.- S. 4.