Azərbaycanın neft strategiyası: Yeni imkanlar və üstünlüklər

 

"Əsrin müqaviləsi"nin imzalanmasından 18 il keçir. 18 il əvvəl dünyanın müxtəlif ölkələrini təmsil edən şirkət nümayəndələri Bakıda bir araya gələndə çox az adam düşünürdü ki, qısa müddətdən sonra Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan aparıcı ölkələrdən birinə çevriləcək.

 

Azərbaycan müstəqillik əldə etdikdən sonra 90-cı illərin əvvəllərində bir çox çətinliklərlə üzləşmişdir. SSRİ-nin keçmiş respublikaları ilə Azərbaycan Respublikası arasında iqtisadi əlaqələrin qırılması, respublika ərazisində qeyri-sabitliyin mövcud olması, maliyyə və texniki təchizatın sıfra enməsi neft və qaz sənayesini ağır böhran vəziyyətinə salmışdı. Maliyyə, texniki və digər problemlər aşkar edilmiş "Azəri", "Çıraq", "Günəşli" kimi yataqların işlənməsinə imkan vermirdi. Belə bir vaxtda Azərbaycan rəhbərliyi kifayət qədər strateji addım atdı və "Əsrin müqaviləsi" ilə bağlı mühüm danışıqlara başlanıldı. Elə ilk günlərdən ARDNŞ-in birinci vitse-prezidenti cənab İlham Əliyev danışıqlar prosesinə cəlb edildi, yeni neft strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin ən fəal iştirakçılarından oldu. 1994-cü ilin sentyabrın 20-də "Azəri"-"Çıraq"-"Günəşli" (dərin sulu hissəsi) yataqlarının işlənməsi üzrə dünyanın 7 ölkəsinin 11 məşhur neft şirkəti ilə "Məhsulun Pay Bölgüsü" sazişi - "Əsrin müqaviləsi" imzalandı.

"Əsrin müqaviləsi" ilə bağlı danışıqların 1994-cü ilin yazında və yayındakı İstanbul və Hyustonda keçən son mərhələləri xüsusilə ağır oldu. Bəzən böhranlı anlar da müşahidə edilirdi, müəyyən şərtlərin qəbuledilməzliyi ucbatından danışıqlar dayandırılma məqamına çatırdı. Həmin anları cənab Prezident belə xatırlayır: "Biz xarici şirkətlərə deyirdik: siz ayrı-ayrı şirkətlərin maraqlarını müdafiə edirsiniz. Biz isə ölkənin və Azərbaycan xalqının maraqlarını müdafiə edirik. Əgər siz səhvə yol versəniz, bu, sizin şirkətin yalnız bir layihəsində öz əksini tapacaq, əgər biz səhv etsək, bu səhv bütün Azərbaycan xalqının mənafeyinə xələl gətirəcək. Başqa sözlə, biz heç cür heç bir səhvə yol verə bilmərik". Bütün çətinliklərə baxmayaraq, müqavilə Azərbaycanın milli mənafelərinə uyğun hazırlandı.

"Əsrin müqaviləsi"nə qısaca nəzər salaq. Müqavilənin operatoru kimi çıxış edən "bp" şirkəti ən çox paya malik idi: 34,1 faiz. Qalan paylar digər iştirakçı şirkətlər arasında bölüşdürülmüşdü: "Chevron-Texaco" (10,2 faiz), "Lukoil" (10 faiz), ARDNŞ (10 faiz), "Statoil" (8,6 faiz), "ExxonMobil" (8 faiz), TPAO (6,8 faiz), "Devon Energy" (5,6 faiz), "Itochu" (3,9 faiz), "Amerada Hess" (2,7 faiz). Dünyanın 7 ölkəsinə mənsub olan 11 neft şirkəti sonradan bir araya gəlib konsorsium yaradaraq, ARDNŞ ilə birlikdə Xəzər dənizinin Azərbaycan sektorunda olan "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının dərinlikdə yerləşən hissəsinin müştərək işlənməsi haqqında müqavilə imzaladılar. Saziş çərçivəsində 20 milyard dollar investisiya neft sektoruna yönəldilərək, 6,5 milyard bareldən artıq neft hasil edilməsi proqnozlaşdırılırdı. Müqavilə çərçivəsində "Çıraq" neft yatağından hasil edilən neftin ixracına 1999-cu ildə başlanıldı. Əvvəlcə 4 platformadan ümumi olaraq gündə 674 min barel neft ixrac edilməyə başlandı ki, bunun da 131 min bareli "Çıraq", qalanı isə "Azəri" yatağında hasil edilmişdi. Yeni əsrdən isə Azərbaycan "Bakı-Tbilisi-Ceyhan" neft kəməri ilə neft ixracını gündəlik olaraq, 1 milyon barelə çatdırmağa nail oldu.

Aydındır ki, "Əsrin müqaviləsi" strateji baxımdan, sadəcə, neft hasilatı üzrə bağlanmış müqavilə kimi xarakterizə edilə bilməz. "Əsrin müqaviləsi" sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək sazişin imzalanması ilə davam etdirildi. Bu müqavilə həm karbohidrogen ehtiyatların, həm də qoyulan sərmayələrin həcminə görə, dünyada ən iri sazişlərdən biridir. İmzalanmış neft sazişləri üzrə Azərbaycanın neft sənayesinin inkişafı üçün nəzərdə tutulmuş 64 milyard ABŞ dolları investisiya qoyuluşunun 57,6 milyardı dəniz yataqlarının mənimsənilməsinə və perspektivli strukturlarda axtarış-kəşfiyyat işlərinin aparılmasına yönəldilib. Nəhayət, 1999-cu ilin dekabrında Azərbaycanın "mənfəət nefti" ilə doldurulmuş ilk tanker dünya bazarlarına çıxarıldı.

 

"Əsrin müqaviləsi": Mühüm strateji istiqamət kimi

 

Bəli, "Əsrin müqaviləsi" strateji baxımdan, sadəcə, neft hasilatı üzrə bağlanmış müqavilə kimi xarakterizə edilə bilməz. Sözügedən sazişdə Azərbaycanın təbii ehtiyatlarını Avropa bazarına çıxarılmasının nəzərdə tutulmasına baxmayaraq, müqavilə həm ölkə daxilində, həm regionda geosiyasi təsirlərə malikdir. Əvvəla, bu sazişdə iştirak edən şirkətlərin malik olduqları payların ardıcıllığı Azərbaycanın Qərbə yönəlik, amma balanslaşdırılmış siyasət həyata keçirdiyinə işarə idi. Belə ki, qərblilərin mütləq əksəriyyətə malik olduqları konsorsumda Rusiya şirkəti payların 10 faizinə sahib idi. Bu isə Avropaya inteqrasiya edəcəyini bəyan edən Azərbaycanın Rusiya ilə münasibətləri balanslaşdırmaq niyyətindən xəbər verirdi.

İkincisi, "Əsrin müqaviləsi" məhz qısa müddətdən sonra Azərbaycan iqtisadiyyatında neft gəlirlərinin də artacağına zəmin hazırladı. Hazırda neft sektorunun iqtisadiyyatın aparıcı sahəsinə çevrilməsi də məhz 1994-cü ildə böyük həcmli investisiya qoyuluşlarını nəzərdə tutan müqavilənin imzalanması ilə bağlı idi. Son 5 ildə Azərbaycanın dövlət gəlirlərində müşahidə edilən artımlar həmçinin neft satışından daxilolmalar ilə bağlıdır. 1994-cü ildə bağlanmış müqavilə çərçivəsində əldə edilən gəlirlər növbəti dekadada ölkənin dövlət gəlirlərinin formalaşmasına əhəmiyyətli dərəcədə təsir göstərəcək.

Üçüncüsü, sözügedən saziş Azərbaycanı nəinki regional layihələrdə söz sahibi etməyə, həmçinin onun Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli mövqe tutmasına imkan verdi. Hazırda bütün "Trans-Xəzər" layihələrinin müzakirəsinə Bakının dəvət edilməsi də bununla bağlıdır. Faktiki olaraq, Azərbaycanın iştirakı olmadan Avropanın enerji təhlükəsizliyini təmin etmək mümkünsüz görünür.

Dördüncüsü, "Əsrin müqaviləsi" 1998-ci ildən başlayaraq bağlanan müqavilələrdə Azərbaycanın daha çox pay almasına imkan yaratdı. Aydındır ki, 1994-cü ildə Azərbaycanın dövlət gəlirləri 20 milyard dollarlıq investisiya həyata keçirməyə imkan vermirdi. Bu baxımdan ARDNŞ yalnız "Əsrin müqaviləsi" çərçivəsində neft istehsalına başlanandan sonra yeni sazişlərdə böyük paya malik ola bilərdi. 1998-ci ildə ratifikasiya edilən "Kürdaşı-Araz-Kirqan" yatağının işlənməsi üzrə müqavilədə ARDNŞ 50 faiz, "AGİP" isə 25 faizə malik oldu. "İnam" yatağının işlənməsi üzrə 1998-ci ildə bağlanmış digər sazişdə isə ARDNŞ payların yarısına sahib oldu. ARDNŞ-i 25 faizlə "bp" izləyirdi. Eyni ilə "Araz", "Alov", və "Şərq" yataqlarında da ARDNŞ payların 50 faizinə sahib ola bildi.

 

"Əsrin müqaviləsi": Dayanıqlı iqtisadi inkişafın əsas bazası kimi

 

1994-cü ildə Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq", "Günəşli" yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında "məhsulun pay bölgüsü" tipli müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adlandırıldı."Əsrin müqaviləsi"ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti ("Amoko", bp, "MakDermott", "Yunokal", ARDNŞ, LUKoyl, "Statoyl", "Ekson", "Türkiyə Petrolları", "Penzoyl", "İtoçu", "Remko", "Delta") iştirak edib. "Əsrin müqaviləsi" Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilib və 12 dekabr 1994-cü ildə qüvvəyə minib. Bu müqaviləyə əsasən ümumi təmiz gəlirdən Azərbaycanın payına 80 faiz, investorların payına isə 20 faiz düşür. 2011-ci ildə Azərbaycan iqtisadiyyatının həcmi, müstəqilliyin qazanıldığı 1991-ci illə müqayisədə 18,5 dəfədən çox olub. Əgər 1991-ci ildə nominal ÜDM cəmi 2,7 milyard manatya indiki məzənnə ilə təqribən 3,4 milyard ABŞ dolları təşkil edirdisə, 2011-ci ildə bu göstərici 50,1 milyard manatya təqribən 63,4 milyard ABŞ dolları təşkil edib. Həmin dövrdə ölkədə adambaşına düşən ÜDM-un həcmi isə 39 dəfə artaraq və 7003,4 ABŞ dollarına çatıb. Makroiqtisadi sabitliyin təmin edildiyi və müstəqillikdən bəri ilk dəfə iqtisadi artımın qeydə alındığı 1996-cı ildən 2011-ci ilə kimi olan dövrdə ölkədə ortalama iqtisadi artım tempi 11,8 faizə çatıb. 1992-ci illə müqayisədə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 10 dəfədən çox artıb. Qeyd olunan dövrdə büdcə gəlirlərinin ÜDM-ə nisbəti 30 faizdən 38 faizə yüksəlib.

Büdcə gəlirlərinin sürətli artımı Azərbaycana Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi, Oğuz-Qəbələ-Bakı su kəməri və s. bu qəbildən olan böyük həcmli infrastruktur layihələrini həyata keçirməyə imkan verib. Böhran dövrü olmasına baxmayaraq, Azərbaycanın strateji valyuta ehtiyatları da artıb. Rəsmi məlumatlara əsasən, 2011-ci ilin noyabrın 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 41,5 milyard ABŞ dollarına çatıb. Bunun təqribən 7 milyard ABŞ dollarını və ya 17 faizini Mərkəzi Bankın valyuta ehtiyatları təşkil edir. 2010-cu illə müqayisədə Mərkəzi Bankın valyuta ehtiyatları təqribən 10 faizə qədər artıb. Strateji valyuta ehtiyatlarının artması ilk növbədə ölkənin iqtisadi imici baxımından çox əhəmiyyətlidir. Bu, həm də ölkəyə investisiya axını baxımından olduqca vacibdir. Çünki investorlar həmişə sabit iqtisadiyyatlı ölkələrə kapital qoymağa meyilli olurlar. Bu baxımdan Azərbaycanın valyuta ehtiyatlarının artması investorlar üçün mesaj rolunu oynayır. Yəni bu, ölkənin ödəniş qabiliyyətli və öhdəliklərini vaxtında yerinə yetirmək qabiliyyətində olduğunu göstərir. Azərbaycan iqtisadiyyatına qoyulan investisiyaların da həcmi artmaqda davam edir. Belə ki, rəsmi məlumatlara əsasən, 1994-cü ildən bu günə kimi ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi 100 milyard ABŞ dollarını ötüb.

 

Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu

 

Bu gün Avropanın təhlükəsizliyi deyildikdə, ağıla əsasən enerji təhlükəsizliyi gəlir. Avropa Birliyinin (AB) mavi qaza olan tələbatının 46 faizini, Mərkəzi və Şərqi Avropanın istehlakının 90 faizini ödəyən Rusiyanın "Qazprom" şirkəti sözügedən qitədə inhisarçı mövqeyə malikdir. Hətta bəzi Avropa ölkələri, o cümlədən PolşaÇexiya tamamilə Rusiyanın mavi qazından asılıdır. Bu ilin yanvarında Rusiya ilə Ukrayna arasında baş verən qaz münaqişəsi Avropanı yenidən enerji təhlükəsizliyi haqda düşünməyə vadar edib. Avropanın enerji təhlükəsizliyinin izahı kifayət qədər sadədir: Rusiyadan kənarda yerləşən mavi qaz ehtiyatlarının Rusiyadan yan keçən qaz xətləri ilə Avropaya çatdırılması. Təbii ki, bu aspektdə avropalıların güvəndikləri ilk alternativ mənbə məhz Xəzər dənizində yerləşən yataqlardır. Rusiyanın təzyiqlərinə baxmayaraq, trans-Xəzər layihəsinin həyata keçirilməsi indi daha real görünür. Bununla yanaşı, güman olunur ki, Azərbaycanın qaz ehtiyatları qiymətləndirildiyindən daha çoxdur. Bu isə Azərbaycana həm Avropanın enerji təhlükəsizliyində daha üstün mövqeyə malik olmağaqaz satışından əldə edəcəyi gəlirləri maksimum həddə çatdırmağa imkan verə bilər.

 

TANAP layihəsi: Yeni mərhələnin başlanğıcı

 

Azərbaycan ilə Türkiyə arasında imzalanan TANAP layihəsi Azərbaycan qazının Avropa istiqamətində daşınmasındakı müzakirələrə faktiki olaraq nöqtə qoydu. Ölkə üçün kifayət qədər əlverişli olan bu anlaşmadan sonra Azərbaycan TANAP ilə Türkiyədən ötürəcəyi qazın həcmini kifayət qədər artıracağını da proqnozlaşdırır. Azərbaycana həmin kəmər vasitəsilə öz qazını Türkiyəyə ixrac etməyə imkan yaranacaq: TANAP-ın ötürmə qabiliyyəti 50 milyard kubmetrdir. Praktiki olaraq "Nabucco"nun ötürmə qabiliyyətindən 30 milyard kubmetr çoxdur. "Nabucco"da 31 milyard kubmetr qaz ötürmək nəzərdə tutulurdu. Amma ikinci mərhələdə isə 80 milyard kubmetrə yaxın qaz ötürülməsi proqnozlaşdırılırdı. Ancaq bu anlaşmanın imzalanması digər qaz kəmərlərinin çəkilməsi məsələsini də, demək olar ki, gündəmdən çıxarıb.

Bu anlaşmanın imzalanması Azərbaycana öz mavi qazını Avropa qiymətlərinə uyğun satmaq imkanı yaradacaq. Artıq TANAP Türkiyə və Azərbaycan üçün yeni bazarın yaranması deməkdir. Baxmayaraq ki, layihənin dəyəri 7 milyard avro hesablanıb, gələcəkdə xərclərin artması da istisna edilmir. Güman ki, tikilməsinə 7 milyard proqnozlaşdırılan layihənin növbəti mərhələlərdə 1 milyard avro artacağı gözlənilir. Ancaq Azərbaycan ixracatçı və kəmərin tikilməsində əsas dövlət kimi xərclərin əsas hissəsinə şərik olacaq.

Sözügedən sazişin imzalanmasının Azərbaycana qazın qiymətini diktə etməyə imkan yaratmaqla yanaşı, onun bölgədə strateji mövqeyini də artırır. "Nabucco" ilə müqayisədə TANAP sazişinə Rusiyanın münasibəti radikal olmadığından o, Azərbaycana geosiyasi baxımdan manevrlər etməyə imkan verir.

 

Son

 

Azərbaycan iqtisadiyyatında neftqaz sektoru ən azı yaxın 10 ildə aparıcı sektor olaraq qalacaq. Güman edilir ki, 2014-cü ildən başlayaraq, mavi qaz satışından əldə edilən gəlirlər kəskin artacaq və növbəti illər üçün neft gəlirlərində hətta azalma müşahidə edilsə də, bu, kəsirin yaranmasına imkan verməyəcək. Bu isə o deməkdir ki, yaxın gələcəkdə də Azərbaycanın daimi sığorta olunmuş dövlət gəlirləri olacaq. Eyni zamanda, bu, qeyri-neft sektorunun inkişafı üçüngeniş imkanlar yaradır.

 

 

Vüqar BAYRAMOV,

İqtisadiSosial İnkişaf Mərkəzinin

sədri, iqtisadiyyat üzrə fəlsəfə doktoru

 

Xalq qəzeti.- 2012.- 20 sentyabr.- S. 4.