Sənətin gətirdiyi uğur şöhrətə çevrilir

 

Azərbaycan klarnet ifaçılığı sənətində kifayət qədər tanınıb sevilən sənətçilərdən biri də Hacıbaba Məhərrəmov - Hacı Həmidoğludur. 40 ilə yaxındır ki, milli musiqimizin təbliğində saysız uğurları olan Hacı Həmidoğlu bu illər ərzində dünyanın otuzdan artıq ölkəsində - Fransa, Almaniya, İsveç, Kanada, Türkiyə, Bolqarıstan, Vyetnam, Misir və digərlərində qastrol səfərlərində olmuş, klassik muğam, milli rəqs və xalq mahnılarımızı layiqincə təmsil etmişdir.

 

Onun yaradıcılığının bir xüsusiyyəti də budur ki, bir çox unudulmuş qədim rəqslərimizi yenidən işləmiş, repertuarına daxil etmişdir. Bu gün radionun "qızıl fondu"nda görkəmli sənətkarın müxtəlif illərdə lentə aldığı 120-dən çox ifası qorunub saxlanılır. Q.Əsgərovun "Əziz dost", R.Mirişlinin "Səadət", Ə.Tağıyevin "Qonşu qız", T.Quliyevin "Zibeydə", Ü.Hacıbəylinin "Sevgili canan" əsərləri ilə yanaşı, "Vağzalı", "Mürşüdü", "Şalaxo" və digər rəqsləri radioda tez-tez səsləndirilir və xalq tərəfindən rəğbətlə qarşılanır.

1956-cı il yanvarın 2-də dünyaya göz açan Hacı Həmidoğlu erkən yaşlarından musiqiyə həvəs göstərmişdir. Yaxşı zurna, balaban, tütək və klarnet ifaçısı kimi tanınan atası Həmidin muğam sənətinə xüsusi rəğbəti olduğundan dövrünün bir çox tanınmış xanəndə və musiqiçiləri evinin qonağı olmuş, onunla sıx yaradıcılıq əlaqələri saxlamışlar. Atası Hacını ali təhsilli, savadlı mütəxəssis kimi görmək arzusunda olsa da, oğlunun musiqiyə, daha çox nağara sənətinə bağlılığını görüncə, mahir nağaraçalan, yaxın dostu Vasif Əliyevdən oğlu ilə fərdi qaydada məşğul olmağı xahiş etmişdi. Vasif o illərdə xalq artisti Əminə Dilbazinin rəhbərlik etdiyi "Çinar" qızlar rəqs ansamblında işləyirdi. Vasif müəllim Hacının xətrini çox istədiyindən onu tez-tez özü ilə məşqlərə aparar, nağara sənətinin incəliklərini həvəslə öyrədərdi.

Günü-gündən mahir nağara ifaçısı kimi püxtələşən Hacı Həmidoğlunun xoş sədası mahir nağaraçalan Çingiz Mehdiyevə də çatır. O da öz növbəsində Hacını rəhbərlik etdiyi "Ritm" nağaraçalanlar ansamblına dəvət edir. 1970-ci ildə bu ansambla dəvət alan Hacı çox qısa zamanda kollektivə isinişir. Ansamblın fəal üzvü və gözəl ifaçı kimi özünü təsdiq edir. Ancaq sonralar bir təsadüf nəticəsində Hacı Həmidoğlu nağara sənətindən birdəfəlik əl çəkir. Səbəb toy məclislərinin birində ən dəbdə olan mahir klarnet ifaçısı Əşrəf Əşrəfzadəni görməsi, onun şirin, ürəyəyatımlı ifasını dinləməsi olmuşdu. Bununla Hacıda klarnet sənətinə həvəs daha da artır.

Əşrəfin yalnız şirin, ürəyəyatımlı ifası deyil, özünü məclislərdə aparması, insanlara münasibəti, hər bir sifarişi necə həvəslə yerinə yetirməsi belə əsl məktəb, bir örnək idi. Əşrəfin ecazkar ifası Hacı Həmidoğlunun gələcək sənət yoluna da öz təsirini göstərdi. O gündən ömrünü klarnet sənətinə bağlayacağını qət edir.

Yaxşı qavrama qabiliyyəti, iti hafizəsi olduğundan klarnet sənətini tez mənimsəyə bilir. İlk növbədə, Əşrəf Əşrəfzadənin repertuarını öyrənməyə çalışır. Onda olan nəfəs xırdalıqlarına özünün şirin xallarını vurmaqla çox qısa zamanda yetkin bir musiqiçi kimi tanınır. Hacı Həmidoğlunun çoxşaxəli yaradıcılığında əsas cəhət daha çox müxtəlif ansambllardakı çıxışları olur. İlk dəvət 1970-ci ildə Azərbaycan Demokrat Firqəsində fəaliyyət göstərən xalq çalğı alətləri ansamblından oldu. Bu ansambla əslən Ərdəbildən olan tanınmış xanəndə Novruz Feyzullayev rəhbərlik edirdi. Respublikanın bir çox tanınmış müğənni və musiqiçiləri bu ansamblla mədəni-kütləvi tədbirlərdə fəal iştirak edirdilər. 14-15 yaşlı yeniyetmə gəncin belə bir musiqi kollektivində çalışması həm böyük fəxarət doğurur, həm də onun mükəmməl bir musiqiçi kimi yetişməsinə zəmin yaradırdı. Az bir vaxtda o, respublika musiqi ictimaiyyəti tərəfindən tanınır. Həm solo ifası ilə seçilir, həm də müğənniləri bacarıqla müşayiət edir. Bu istedadlı gəncin bacarıq və ifaçılıq qabiliyyətini görən xalq artisti İslam Rzayev onu özünün rəhbərlik etdiyi ansambla dəvət edir. Hacı paralel olaraq əməkdar incəsənət xadimi Həsənağa Qurbanovun rəhbərlik etdiyi Tibb İşçiləri Mədəniyyət evinin ansamblında da çalışır. Başqa tanınmış sənətçilərlə də tanış olur. Akif İslamzadə, Brilyant Dadaşova, Rövşən Behcət, Kifayət Gəncəli... Hərəsinin öz ifa tərzi, bir-birindən tam fərqli repertuarları...

Müxtəlif səpkili ansamblların tərkibində çalışmasının da Hacı Həmidoğlunun üslubunun çoxşaxəliliyinə müsbət təsiri olur. Heç də təsadüfi deyil ki, məşhur klarnet ifaçıları Şəmsi İmanov, Ələkbər Əsgərov, Vəli Qədimov, Əşrəf Əşrəfzadə Hacı Həmidoğlunun sənətinə yüksək dəyər vermişlər. Hacı Həmidoğlu yaradıcılığının bir qismiBaba Salahov adına "Araz", Əhsən Dadaşov adına "Xatirə", eləcə də Baba Mahmudoğlunun yaratdığı xalq çalğı alətləri ansambllarının adı ilə bağlıdır. Şübhəsiz ki, bu ansamblların uğurlarında Hacı Həmidoğlunun da xidmətləri az deyil.

Sənət aləmində pillə-pillə ucalan H.Həmidoğlu əsl sənətçi ömrü yaşamaqla musiqi ictimaiyyəti arasında peşəkar klarnet ifaçısı kimi tanınır. Onun sənətinə yüksək dəyər verən xalq artisti, "Araz" ansamblının bədii rəhbəri, görkəmli tarzən Ağasəlim Abdullayev Hacının öz sənətinə məsuliyyətlə yanaşdığını qeyd etməklə, ansambl fəaliyyəti dövründə çox klarnet ifaçılarıyla işlədiyini, lakin onların heç birinin Vəli Qədimov və Hacı Həmidoğlunun yerini vermədiyini dedi. Bu ansambllarla Hacı Həmidoğlu onlarla xarici ölkədə qastrol səfərlərində olur. Hər yerdə hörmət və ehtiramla qarşılanır. Dünyanın bir çox mətbuat orqanları, qəzet və jurnalları bu səfərlərə yüksək qiymət verməklə Hacı Həmidoğlunun da yüksək peşəkarlığını, şirin melodik ifasını bəyəndiklərini xüsusi qeyd etmişlər.

Klarnetdə özünəməxsus ifa tərzi olan Hacı Həmidoğlu xeyli vaxtdır ki, ustad sənətkarların diqqətini cəlb edir. Onun istər muğam, istərsə də oyun havalarını xüsusi ilhamla çaldığını qeyd edən xalq artisti Tələt Qasımov və ustad tarzən Sərvər İbrahimov gənc ifaçının gələcəyinə böyük ümid bəslədiklərini qeyd etmişlər.

Bir musiqiçi kimi özünü həmişə yüksək əhval-ruhiyyədə saxlamağa çalışsa da, xalqımızın başına gətirilən 20 Yanvar faciəsi onu da bərk sarsıdır. Xeyli vaxt sevimli alətini əlinə ala bilmir. Bəlkə, elə bu səbəbdən də 1992-ci ilin sonlarında bərk xəstələnir. İki həftə koma vəziyyətində qalır. Boğazında cərrahi əməliyyat aparılır. Sağ qalacağına ümid, demək olar ki, yox idi. Ümid yalnız ulu Tanrıya qalmşdı. Şükürlər oslun ki, Tanrı da yaşayıb-yaratmaq payını öz sevimli bəndəsindən əsirgəmir. Tezliklə ayağa qalxıb öz sənətini davam etdirir. Ona 2006-cı ildə müqəddəs Həcc ziyarətində olmaq da qismət olur.

Hacı Həmidoğlu bu gün də yaradıcılığının zirvəsindədir. Yenə əvvəlki tək öz üzərində yorulmadan çalışır. Bir musiqiçi kimi M.Bədirzadənin "Balaban", Ə.Kazımovskinin "Toy" televiziya tamaşalarına çəkilib.

Bu yaxınlarda isə sevimli sənətkarın sayca beşinci kompakt diski işıq üzü görüb. Onun ən yaxşı musiqi nömrələri daxil edilmiş bu disklər xalq tərəfindən rəğbətlə qarşılanır, sevərək dinlənilir. Pedaqoji fəaliyyətə də geniş yer ayıran Hacı Həmidoğlu hazırda Bakı şəhəri Qaradağ rayonundakı 5 nömrəli Uşaq İncəsənət Məktəbində klarnet ifaçılığından dərs deyir. Ailəlidir, iki oğlu, iki nəvəsi var.

Zaman axarında şöhrətli sənətkarın həyatında çox dəyişikliklər olsa da, tək dəyişməyən sənətinə, birustad saydığı el sənətkarlarına olan əbədi məhəbbəti oldu. İllər saçına dən salıb ağartmağa çalışdı.Bu saç ağlığında dünyanın ən böyük sevinc payı olan sənətdə qazandığı üz ağlığı da var.

 

 

Rafiq SALMANOV

 

Xalq qəzeti.- 2012.- 23 sentyabr.- S. 6.