Müasir Azərbaycan təhsilində yeni informasiya texnologiyalarının tətbiqinə üstünlük verilir

 

Bu mənada "Çağ" Öyrətim İşlətmələri Şirkəti ön sıralardadır

 

Sürətlə inkişaf edən, güclənən Azərbaycan Respublikası hər sahədə böyük uğurlar əldə edir. Cənubi Qafqazın lider dövləti olan respublikamızda təhsil sahəsində də nəzərəçarpacaq irəliləyişlər əldə olunmuşdur. Sevindirici haldır ki, qardaş ölkə Türkiyədən gələn fədakar insanlar tərəfindən qurulan "Çağ" Öyrətim İşlətmələri Şirkəti də təhsildə əldə olunan uğurlara öz töhfəsini verməkdədir. Şirkətin nəzdində fəaliyyət göstərən Azərbaycan - Türkiyə Özəl Liseyləri bu mənada diqqətləri üzərinə cəlb edir.

 

Sentyabrın 25-də Bakı Özəl Türk Liseyində keçirilən tədbirdə təhsildə böyük irəliləyişlərə zəmin yaradacaq növbəti yeniliklər barədə ətraflı söhbət açıldı. Tədbirdə çıxış edən Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Mesut Kurnaz bildirdi ki, təmsil etdiyi qurumun bütün müəssisələrində şagirdlərin dərsi qavrama fəallığını daha da artırmağa imkan verəcək interaktiv elektron lövhələrin istifadəsinə başlanılıb. Natiq dedi ki, bugünədək xaricdən 250 ədəd elektron lövhə Azərbaycana gətirilərək, ölkəmizin müxtəlif bölgələrində yerləşən türk liseylərinə göndərilmiş, müəllim və şagirdlərin istifadəsinə verilmişdir. O qeyd etdi ki, elektron lövhələrin istifadəsini asanlaşdırmaq üçün yeni informasiya texnologiyasının alındığı zavodun mütəxəssisləri şirkətə dəvət edilmişdir. Bundan sonra ötən 6 ay müddətində tədris müəssisələrinin müəllimləri ilə birlikdə Azərbaycanın orta məktəb dərsliklərinə uyğun proqramlar hazırlanmışdır. Aparılan dəqiqləşdirmələrdən sonra dərsliklərin əsası interaktiv lövhələrin yaddaşına köçürülmüşdür.

Mesut Kurnaz onu da bildirdi ki, yeni informasiya texnologiyasının istifadə qaydalarının öyrənilməsi də diqqət mərkəzində olmuşdur. Bu məqsədlə dəvət olunan mütəxəssislər tərəfindən tədris ediləcək fənlər üzrə müəllimlərin xüsusi seminarları təşkil olunmuş, interaktiv elektron lövhələrdən sərbəst şəkildə istifadə etmələri üçün onlara digər lazımi məlumatlar verilmişdir. Buna görə də yeni tədris ilindən başlayaraq Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin 10 liseyində, bir gimnaziyasında və bir ibtidai məktəbində artıq müasir texnologiyanın imkanlarından geniş istifadə olunur.

Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəis müavini Murad Topçu bildirdi ki, təhsil müəssisələrimizdə şagirdlər dünya standartlarına uyğun hər cür xidmətlərlə əhatə olunmuşlar. Kitabxanaların, fənn otaqlarının, laboratoriyların, kompyuter, video və audio kabinetləri müntəzəm olaraq yenilənir. O qeyd etdi ki, interaktiv elektron lövhələrin alınması böyük vəsaitlər hesabına başa gəlsə də, şagirdlərin bilik səviyyəsinin daha da yüksəldilməsi və dərslərə marağın artırılması üçün bu addımı atmaq böyük əhəmiyyət daşıyırdı. Bunun nəticəsində bu gün Cənubi Qafqaz bölgəsində ilk olaraq Azərbaycanda dünyanın ən qabaqcıl texnologiyasından və tədrisin yeni metodlarından istifadə olunur. Murad Topçu interaktiv elektron lövhələrin istifadə qaydalarından və onun imkanlarından da ətraflı söhbət açaraq bildirdi ki, lövhələr həm müəllimlərin, həm də şagirdlərin yeni-yeni uğurlar qazanmasına imkan yaradacaqdır.

İnteraktiv lövhələrin istifadəsindən bəhs edən qısametrajlı film nümayiş etdirildikdən sonra çıxış edən "Çağ" Öyrətim İşlətmələri Şirkətinin prezidenti Ənvər Özərən dedi ki, Azərbaycanda təhsil sahəsindəki bu yenilik irəliyə doğru atılan addımdır. Onun sözlərinə görə, bu müasir texnologiya tədrisin keyfiyyətini yüksəltməyə kömək edəcək: "Artıq valideynlər də övladlarının davamiyyəti, bilik və bacarığı barədə internet vasitəsiylə daim məlumat ala biləcəklər. Çünki bizim təhsil müəssisələrində dərs jurnalları da artıq elektron formatda tətbiq olunur". Ənvər Özərən Azərbaycan - Türkiyə Özəl Liseylərinin qazandığı uğurlardan da danışaraq bildirdi ki, liseyin şagirdləri hər il Azərbaycan Təhsil Nazirliyinin komandası tərkibində Dünya Bilik Olimpiadalarında iştirak edir, Vətənə qızıl, gümüş və bürünc medallarla qayıdırlar, uzaq ölkələrdə Azərbaycan bayrağını dalğalandırırlar. O vurğuladı ki, 1994-cü ildən bugünədək liseylərin şagirdləri 102-si qızıl, 166-sı gümüş və 255-i bürünc olmaqla cəmi 523 medal qazanmışlar. Respublika fənn olimpiadalarında 230 qızıl, 248 gümüş və 245 bürünc medal əldə olunmuşdur. Ənvər Özərənin sözlərinə görə, bu gün Azərbaycan - Türkiyə Özəl Liseylərinin məzunları ABŞ-da, Cənubi Koreyada və dünyanın digər 50-dək ölkəsində olan türk liseylərinə rəhbərlik edirlər, orada uğurla fəaliyyət göstərirlər. Onlar, eyni zamanda, Azərbaycan diasporunun da fəal üzvləridir.

Sonda mətbuat nümayəndələrinin iştirakı ilə Bakı Özəl Türk Liseyindəki sinif otaqlarında quraşdırılan interaktiv lövhələrə baxış keçirildi.

 

 

Rauf KƏNGƏRLİ

 

Xalq qəzeti.- 2012.- 26 sentyabr.- S. 6.