Azərbaycanda uğurlu investisiya siyasəti həyata keçirilir

 

Azərbaycanda həyata keçirilən uğurlu neft strategiyası, qeyri-neft sahələrinin inkişaf etdirilməsi istiqamətində reallaşdırılan tədbirlər nəticəsində ölkənin maliyyə imkanları ilbəil genişlənir. Bu da ölkəmizdə uğurlu investisiya siyasətinin həyata keçirilməsinə imkan yaradır. Təsadüfi deyil ki, keçid iqtisadiyyatı dövrünü uğurla başa çatdıran Azərbaycanda hazırda bütün sahələrin inkişafına iri məbləğdə investisiyalar yönəldilir. Bunun da nəticəsində nəzərdə tutulmuş bütün infrastruktur layihələri vaxtında və müvəffəqiyyətlə icra olunur, ölkədə quruculuq işləri gündən-günə sürətlənir. Ölkə Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, böyük məbləğdə investisiyaların qoyuluşu Azərbaycan iqtisadiyyatına və Azərbaycanın gələcəyinə böyük inamın təzahürüdür. 

 

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2012-ci ilin səkkiz ayı ərzində ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 8 milyard 383,9 milyon manat vəsait yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövründəkindən 28,4 faiz çoxdur. Ölkə üzrə ümumi kapital qoyuluşunun strukturunda tikinti-quraşdırma işləri daha üstün çəkiyə malik olmuşdur. Belə ki, cari ilin səkkiz ayında tikinti-quraşdırma işlərində istifadə edilmiş vəsaitin həcmi 59,9 faiz və ya 5 milyard 20,7 milyon manat təşkil etmişdir. Bütövlükdə isə hesabat dövründə tikinti-quraşdırma işlərinə sərf olunmuş vəsaitin həcmi əvvəlki ilin səkkiz ayı ilə müqayisədə 28,3 faiz artmışdır.

Son illər Azərbaycanın maliyyə imkanlarının xeyli dərəcədə genişlənməsi ümumi kapital qoyuluşunda daxili investisiyaların xüsusi çəkisinin artmasına səbəb olmuşdur. Təkcə onu demək kifayətdir ki, 2012-ci ilin səkkiz ayında əsas kapitala yönəldilmiş vəsaitin 78,9 faizini və ya 6,6 milyard manatını daxili investisiyalar təşkil etmişdir ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə xeyli çoxdur. Ölkə üzrə ümumi investisiya siyasətinin həyata keçirilməsində dövlət mülkiyyətində olan müəssisə və təşkilatlar daha üstün paya malik olmuşlar. Cari ilin səkkiz ayında dövlət mülkiyyətli müəssisə və təşkilatlar tərəfindən inşaat işlərinə 5 milyard 210,3 milyon manat vəsaitin sərf edilməsi isə, heç şübhəsiz, ölkəmizin büdcə imkanlarının ilbəil artması ilə bağlıdır. Bu ilin yanvar-avqust aylarında qeyri-dövlət mülkiyyətinə məxsus müəssisələr tərəfindən isə əsas kapitala 3 milyard 173,6 milyon manat investisiya yönəldilmişdir. Bu da Azərbaycanda özəl sektorda fəaliyyət göstərən şirkətlərə dövlət dəstəyinin getdikcə gücləndirilməsi, bu sahədə verilən güzəştli kreditlərin həcminin çoxalması və onların maliyyə imkanlarının ilbəil artması ilə bağlıdır.

Yeri gəlmişkən, 2012-ci ilin yanvar-avqust aylarında ayrı-ayrı maliyyə mənbələri üzrə əsas kapitala yönəldilmiş vəsaitlərin həcmində də artım müşahidə olunmuşdur. Belə ki, hesabat dövründə büdcədən maliyyələşdirilməsi nəzərdə tutulan inşaat işlərinin həyata keçirilməsinə 3 milyard 697,7 milyon manat vəsait xərclənmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların ümumi həcmində müəssisə və təşkilatların vəsaitləri 3 milyard 553,7 milyon manat, büdcə vəsaitləri 3 milyard 850,4 milyon manat təşkil etmişdir. Qalan məbləğ isə bank kreditlərinin (387,5 milyon manat), büdcədənkənar fondların vəsaitlərinin (347,6 milyon manat), əhalinin şəxsi vəsaitlərinin (208,4 milyon manat) və digər vəsaitlərin (36,3 milyon manat) payına düşmüşdür.

Artıq bir neçə ildir ki, Azərbaycanda uğurlu sənayeləşmə siyasəti həyata keçirilir. Elə cari ilin səkkiz ayı ərzində əsas kapitala yönəldilmiş bütün vəsaitin 37,5 faizinin (3 milyard 145,6 milyon manat) ayrı-ayrı sənaye sahələrinin inkişafına sərf edilməsi də bunu təsdiqləyir. Yeri gəlmişkən, hesabat dövründə ümumi investisiyanın 2 milyard 282,5 milyon manatı sənayenin mədənçıxarma, 330,8 milyon manatı isə emal bölmələrinə yönəldilmişdir. Bundan əlavə, yanvar-avqust aylarında sənayenin digər sahələri olan elektrik enerjisi, qazbuxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinə 207,3 milyon manat, su təchizatı; tullantıların təmizlənməsi və emalı sahəsinə isə 325 milyon manat vəsait xərclənmişdir. Bütövlükdə isə bu ilin səkkiz ayında ölkənin sənaye bölməsinə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,3 faiz çox vəsait yönəldilmişdir.

Cari ilin səkkiz ayında iqtisadiyyatın digər mühüm sahəsi sayılan kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığa 396,5 milyon manat vəsait sərf olunmuşdur. Bu isə 2011-ci ilin müvafiq dövründəkindən 67,8 faiz çoxdur. Yanvar-avqust aylarında tikinti sahəsinə 241,1 milyon manat, ticarət; nəqliyyat vasitələrinin təmirinə 158,1 milyon manat, nəqliyyat və anbar təsərrüfatına 1 milyard 404,6 milyon manat, turistlərin yerləşdirilməsi və ictimai iaşəyə 119,9 milyon manat, tikintiyə 72,7 milyon manat, informasiya və rabitəyə 207,9 milyon manat, inzibati və yardımçı xidmətlərin göstərilməsinə 128,5 milyon manat, daşınmaz əmlakla əlaqədar əməliyyatlara 780,2 milyon manat, maliyyə və sığorta fəaliyyətinə 67,4 milyon manat, dövlət idarəetməsi və müdafiə; sosial təminata 811,4 milyon manat, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsinə 126 milyon manat, təhsilə 409,1 milyon manat, istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyətə 380,3 milyon manat, peşə, elmitexniki fəaliyyətə 5,6 milyon manat vəsait yönəldilmişdir.

2012-ci ilin ötən səkkiz ayı ərzində Azərbaycanın neft sektoruna 2 milyard 274,9 milyon manat investisiya qoyulmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur. Onu da deyək ki, neft sektoruna sərf olunmuş investisiyanın həcmi əsas kapitala yönəldilmiş vəsaitin 27,1 faizini təşkil etmişdir.

Yeri gəlmişkən, son illər Azərbaycanda neft sənayenin sürətli inkişafı iqtisadiyyatın şaxələndirilməsinə, xüsusən də qeyri-neft sektorunun inkişafına əlverişli imkan yaratmışdır. Təsadüfi deyil ki, ölkənin qeyri-neft sahələrinin inkişafına yönəldilən investisiyaların həcmi ildən-ilə artırılır. Bu ilin səkkiz ayında Azərbaycanın qeyri-neft sektoruna 6 milyard 109 milyon manat vəsait sərf olunmuşdur ki, bu da ümumi kapital qoyuluşunun 72,9 faizini təşkil edir.

2012-ci ilin yanvar-avqust ayları ölkənin ayrı-ayrı şəhər və rayonlarında yeni-yeni obyektlərin açılması ilə əlamətdar olmuşdur. Ötən dövrdə Bakı şəhərində metal konstruksiyalar zavodu, "Holsim" sement zavodu, "Baku Crystal Hall" zalı, Heydər Əliyev Mərkəzi, "Qafqaz Baku City Hotel ənd Rezidences", və JW Marriot Absheron" otelləri, Tofiq Bəhramov adına respublika stadionu yenidənqurmadan sonra, Zirə idman kompleksi, "Xəzri" istirahət və sağlamlıq mərkəzi, istixana kompleksi, Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsindəki yol qovşağının üçüncü kompleksi istifadəyə verilmişdir. Sevindirici haldır ki, ilin buraxılış obyektlərinin əksəriyyəti regionların payına düşmüşdür. Bu baxımdan Naxçıvan şəhərində poliklinika və Naxçıvan-Culfa magistral avtomobil yolu, Sumqayıtda "Azgüntex" zavodu, Sumqayıt Texnologiyalar Parkında ağır maşınqayırma və dəqiq emal mərkəzləri zavodu, Astara rayonunda olimpiya-idman kompleksi, Kijəbə-Osakəran və Kijəbə-Qəcimardə avtomobil yolu, Balakən rayonundakı Mazımçay üzərində yeni körpü, Cəlilabaddakı un fabriki nəzdində un dəyirmanı və taxıl anbarı kompleksi, eləcə də olimpiya-idman kompleksi bu qəbildən olan obyektlərdəndir. Bundan əlavə, Gədəbəy-Qızıltorpaq-Qonaqlı avtomobil yolunda yeni körpü, Goranboyda şahmat məktəbi, Qazax rayonunda konserv zavoduşahmat mərkəzi, Quba rayonunda Qaraçay üzərində körpü, Qusarda mərkəzi xəstəxana, Masallıda soyuducu anbaristixana kompleksləri, Bakı-Quba yolunun Siyəzən ərazisində yeni körpü, Tovuzda "Ajan Palace" oteli və digər obyektlər də cari ilin səkkiz ayının əsas buraxılış obyektləri kimi diqqəti cəlb edir. 2012-ci ilin ötən səkkiz ayı ərzində, həmçinin bütün maliyyə mənbələri hesabına ölkədə ümumi sahəsi 1067,9 min kvadratmetr olan yeni yaşayış evləri, 15 çarpayılıq xəstəxana, növbədə 666 nəfəri qəbul edən ambulatoriya-poliklinika müəssisəsi, 720 şagird yerlik ümumtəhsil məktəbi, 320 yerlik məktəbəqədər təhsil müəssisəsi və 140 yerlik klub istifadəyə verilmişdir.

Göründüyü kimi, 2012-ci ilin ötən dövründə ölkəmiz investisiyaların cəlb olunması sahəsində öz uğurlu siyasətini davam etdirmişdir. Əvvəlki illərdə olduğu kimi, Azərbaycana xarici investisiyaların axınının davam etməsi isə, heç şübhəsiz, ölkəmizdə hökm sürən əlverişli biznes mühiti ilə bağlıdır. Bu baxımdan cari ilin səkkiz ayında xarici mənbələrdən əsas kapitala 1 milyard 771,8 milyon manat investisiya yönəldilməsi diqqəti cəlb edir. Onu da deyək ki, xarici investisiyalar əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz çox olmuşdur. Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən yanvar-avqust aylarında əsas kapitala yönəldilmiş vəsaitin 1 milyard 619,1 milyon manatı Böyük Britaniya, ABŞ, Yaponiya, Norveç, Türkiyə, Çexiya Respublikası və Fransa investorlarının payına düşmüşdür. Bununla yanaşı, Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı kimi beynəlxalq maliyyə qurumları da ölkəmizə investisiya qoyuluşunda fəallıq göstərmişlər.

Azərbaycanda həyata keçirilən uğurlu investisiya siyasəti ölkə iqtisadiyyatının şaxələndirilməsini getdikcə sürətləndirir. Bu da öz növbəsində iqtisadiyyatın neft amilindən asılılığının azalmasına, ölkəmizin gələcək tərəqqisinə və xalqın həyat səviyyəsinin ilbəil yaxşılaşdırılmasına imkan yaradır.

 

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2012.- 26 sentyabr.- S. 2.