Səbail rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər

 

Dünyada şanına-şərəfinə Bakı qədər nəğmələr qoşulmuş şəhər az olar. Onun alagözlü səhəri də, qaragözlü gecəsi də, mavi Xəzərin qoynuna sığınmış bənzərsiz camalı da, Dağüstü parkdan ovuc içi kimi görünən nadir panoramı da, əsrlərin daş salnaməsi olan İçərişəhəri də, bu canlı tarixin baş keşikçisi olan "Qız qalası" da, Şərqlə Qərbin vəhdəti rəmzinə çevrilmiş axar-baxarı da, doğmanı-yadı seçib-ayırmayan isti qoynu da daim qəribə bir şeiriyyətlə cilvələnir. Bakı gecəli-gündüzlü güclü, sağlam bir ürək kimi döyünür. Bu şəhər saz havası kimi könülləri oxşayır, mügam kimi ruhu qanadlandırır, simfoniya kimi əzəmətlə səslənir.

 

Zamanın sərt küləklərinə davam gətirib öz içinə çəkilən, varlığımızı daş qucağında qoruyub saxlayan İçərişəhər - Ana şəhər zaman gəldi ki, öz balalarını pərvazlandırıb yan-yörəsinə uçurtdu. Bakı sürətlə böyüdü, Xəzər sahillərinin, Qafqaz ölkəsinin, Odlar yurdu Azərbaycanın ən böyük şəhəri kimi dünya xəritəsində ən böyük işarə ilə göstərildi. Rus istilası zamanı 8 min əhalisi olan qala XX əsrə 200 minlik şəhər kimi qədəm basdı. Bir əsrdə Bakıda yaşayanların sayı 2-3 milyon nəfərə çatdı. İki əsrə yaxın müddətdə Bakının libasını başqaları biçsə də, onu özümüz tikib, öz naxışlarımızla bəzədik, özümüzə yaraşdırdıq.

İkiyə bölünmüş Azərbaycanın vahid diləyi, ruhumuzda yaşayan bütövlüyü, timsalı kimi tikilib-böyüdü Bakı. Bu şəhər milli varlığımıza ana qucağı oldu. Onun şirin laylası ruhumuza hopub bizi yadlaşmaqdan, özgələrə qarışmaqdan qorudu. Uzun illər boyu Bakının bir çox küçə-meydanları, park-xiyabanları özgə adlar daşısa da, yad-yağıların heykəlləri ilə bəzədilsə də, XX əsrin sonunda yenilməyən ruhumuzla, dikələn varlığımızla milli haqlarımızın da, Vətənimizin də, onun döyünən ürəyi, düşünən başı olan Bakımızın da sahibi olduq,

Məmləkətimiz kimi, onun baş şəhəri Bakının da öz içinə çəkilmiş özəllikləri ad-ad, küçə-küçə öz yerinə qayıtdı. Bakının özülü-özəyi olan Xəzərsahili əraziyə - "paytaxtın paytaxtı" timsalında olan rayona verilmiş qəddar, qaniçən "26 Bakı komissarı"nın adı da göynərtili damğa kimi silindi. Şəhərin bu qədim hissəsinə tarixi kökünün dayandığı Səbailin adı verildi. Bu, sadəcə, ad dəyişmə olmayıb, Bakının gövdəsi, bel sütunu olan rayonu tarixi kökləri üstündə milli məcrada, suverenliyimizə layiq forma və məzmunda sabaha aparmaq məramının təsdiqi idi.

Ötən 20 ildə Bakı müstəqil dövlətimizin artan gücü, imkanları ilə necə yüksəlirsə, şəhərin baş rayonu Səbail də bu yeniləşmə və tərəqqinin önündə ikiqat vüsət və sürətlə ötənlərin hisindən-pasından təmizlənir, addım-addım təzələnir. Səbailin neçə zəmanədən xəbər verən hər daşı-lövhəsi öz yerinə daha möhkəm bənd edilir. Ömrünü bitirmiş, vaxtilə paslı dəmir kimi bədəninə batırılmış, bu günkü böyümə və yeniləşmənin kənara itələdiyi sınıq-salxaq tikililərin yerində isə XXI əsrin nəfəsini və əzəmətini duyduran, dünyaya boy verən obyektlər tikilir.

Bakının aynasına, nəhəng sərgi meydanına bənzəyən dənizkənarı zona - Milli Bulvar Səbailin yeniləşməsinin də ekranına çevrilib. Neftçilər prospekti, ona bitişik olan İçərişəhər, Parislə, Roma ilə, Brüssellə, Vyana ilə müqayisə olunan "Bakının Avropa hissəsi" nəhəng bir restavrasiya meydanıdır. İçərişəhərin qədimliyinə, bayır şəhərin yaxın dünəninə yeni nəfəs verilir. Silinib güzgülənmiş divarlar, əlvan reklam elementləri, naxışlanan səki və küçələr, retro və modern görkəmli köşklər, vitrinlər Səbailin dünəni ilə bugününü əl-ələ, üz-üzə, çiyin-çiyinə sabaha yönləndirir.

Paytaxtın, respublikanın yenidən qurulub-abadlaşdırılmasını, tərəqqini daim diqqətdə saxlayan, hər başlanğıca və yekuna nəzər yetirən, xeyir-dua verən Prezident İlham Əliyev Səbailin "paytaxtın paytaxtı" məqamını xüsusi qayğı ilə dəyərləndirir. Dövlət başçısı Səbaili addım-addım gəzir, hər qarışı mahir bir memar kimi gözdən keçirir, nəyin artıq, nəyin əksik olduğunu dəqiqləşdirir, keçdiyi hər ünvanda silinməz-pozulmaz izlər qoyur. Şəhərin rəhbəri Hacıbala Abutalıbovun iş yeri, sanki, inşaatçıların, yolçəkənlərin arasıdır. Səbailin icra hakimiyyəti başçısı Asif Əsgərov bu nümunə və tələbkarlığı qədərincə cavablandırmaq üçün rayonun infrastrukturundakı ən kiçik məsələləri də nəzarətdə saxlayır, kənar yaşayış sahələri olan Bayılın, 20-ci sahənin, Bibiheybətin, Badamdarın ağrılı yerlərinə daim çarə axtarır, icra aparatını, xidmət sahələrini problemlərin ardıcıl həllinə yönəldir. Ölkə, şəhər və rayon rəhbərliyinin bu məqsədyönlü, bir-birini tamamlayan fəaliyyəti Səbailin tarixən formalaşmış tanış mənzərəsini gözəlləşdirir, yeni görüntülərlə tamamlayır.

Bu gün Səbailin altı da, üstü də, hüdudları da, hər obyektin içi və bayırı da iş, fəaliyyət obyektidir. Bu, dövlət müsəqilliyinin yaratdığı imkan və süverenliyə layiq şərait yaratmaq üçün tarixi bir fürsətin maksimal gerçəkləşdirilməsi prosesidir. Bakının və Səbailin inkişafında əldə edilmiş yüksək və daha böyük yüksəlişə yönəlik bu quruculuq xətti konkret yenilik ünvanaları ilə, miqyas və dinamizmi ifadə edən fakt və rəqəmlərlə daha aydın görünür.

Ondan başlayaq ki, Səbail rayonunun ərazisi 29 kvadratmetr, əhalisi 95 min nəfərə yaxındır. Ərazidə 9 min nəfərdən çox məcburi köçkün məskunlaşıb. Səbaildə 3 bələdiyyə fəaliyyət göstərir. Bakının memarlıq dəyəri ilə seçilən əksər tarixi və muasir tikililəri Səbail ərazisindədir.

İçərişəhərin, "Qız qalası"nın tarixi möhtəşəmliyinə bu nadirliyi tamamlayan, Bakının daha ünlü sabahına çıraq tutan Bayraq Meydanı və dünyanın ən uca bayraq qülləsi, "Alov qüllələri", "Hilton Baku", "Marriot"(Abşeron) və "Foir Seasons" otelləri, "Park Bulvar" Ticarət və İstirahət Mərkəzi, "Dalğa Plaza", "Bakı Biznes" mərkəzləri, "Baku Kristal Hall" konsert salonu kimi müasir memarlıq nümunələri Səbailin bugünkü inkişafının ürəkaçan, öyünclü görüntüləridir.

Azərbaycan paytaxtında keçirilən 57-ci "Avrasiya" beynəlxalq mahnı müsabiqəsi günlərində tarixlə müasirliyin, Şərq təmayülü ilə Qərb üslubunun bu qeyri-adi uyarlığının təntənəli mənzərələri yarışma iştirakçılarını və onun gedişini televiziya ilə seyr edən xarici tamaşaçıları heyran qoydu. Adamları daha çox heyrətdə qoyan isə bu qədər tikinti-quruculuq və abadlıq işlərinin cəmi bir neçə ildə həyata keçirilməsi oldu.

Səbailin yaxın keçmişinin mənzərələrini xatırlayanlar mədən-sənaye əraziləri olan Bayılın, 20-ci sahənin, Bibiheybətin boz-bulanıq görüntülərinin birdəfəlik yox edilməsini xüsusi məmnunluqla dəyərləndirirlər. Bakı - Ələt yolunun bu yerlərdən keçən müasir, çoxcərgəli hissəsi, Bayraq Meydanının ətrafa biçdiyi yeni don, geniş yaşıllıqılar şəhərin cənubdan giriş hissəsində Səbail rayonunun ümumi gözəlliyinə füsunkar bir qapı açmışdır.

Azərbaycan paytaxtının ən mühüm inzibati obyektləri - Prezident Administrasiyasının, Milli Məclisin, Nazirlər Kabinetinin, bir sıra nazirlik, komitə və xidmətlərin binaları, 15-dək səfirliyin ofisi Səbail rayonunda yerləşir. Son illərdə bu binalar daxildən və xaricdən yeni görkəm almış, ətraf tikililərdə aparılan işlər nəticəsində ümumi ansamblda daha baxımlı yer tutmuşdur.

Ərazidəki əksər inzibati binalar, mədəniyyət və istirahət ocaqları, sosial təyinatlı obyektlər əsaslı təmir olunmuş, köhnə yararsız binaların yerində yeniləri tikilmişdir. Səbail rayonunda 5 ali, 2 orta ixtisas, 1 peşə, 17 orta və 3 musiqi məktəbi, 17 bağça, 3 uşaq yaradıcılıq, 3 uşaq-gənclər idman mərkəzləri, 1 idman kompleksi fəaliyyət göstərir. Şəhərin 7 teatrı və filarmoniyası, 5 mədəniyyət evi, 2 kinoteatr, 15 muzey, 5 kitabxana, bir sıra parklar da burada yerləşir. Son illərdə onların, demək olar ki, hamısı əsaslı təmir olunmuş, bir neçəsi yenidən tikilmişdir. Bu sosial-mədəni obyektlərdə normal iş üçün hər cür şərait yaradılmışdır.

Bakı şəhərinin və ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafı dövlət proqramında və bu sənədə əlavə tədbirlərdə Səbail rayonunda da ən zəruri məsələlərin həlli, vacib obyktlərin əsaslı təmiri, yeni müssəsisə və kommunikasiyaların yaradılması nəzərdə tutulmuşdur. Artıq proqramın əksər bəndlərinə əməl olunmuşdur. Yaşayış sahələrində, xüsusən, Badamdar və 20-ci sahədə zəruri sosial obyektlər yeniləşdirilmiş və yeniləri tikilmişdir. Rayon İcra Hakimiyyətinin xüsusi layihəsi ilə son 3 ildə 17 abad həyət yaradılmışdır.

Səbail tarixən paytaxtın təhsil, mədəniyyət, xidmət və istirahət rayonu kimi inkişaf etmişdir. Burada təhsilin maddi-texniki bazasının müasirləşdirilməsi son illərdə ciddi uğurlarla nəticələnmişdir. Keçən il orta məktəblərin 1536 məzunundan 1359-u, bu il isə 1448 abituriyentdən 915-i ali məktəblərə qəbul olunmuşdur. 600-dən yuxarı bal toplayanların sayı 2011-ci ildə 44, bu il isə 41 nəfər olmuşdur. Son 2 ildə 168 səbailli gənc xarici ali məktəblərin tələbəsi olmuşdur. Respublika üzrə son 5 ildə keçirilən "Ən yaxşı məktəb" müsabiqəsində rayonun 17 məktəbinin 12-si qalib olmuşdur. "Ən yaxşı müəllim" adına layiq görülənlərin isə 46 nəfəri Səbailin payına düşür.

Rayon ərazisində iqtisadiyyat üzrə 867 müəssisə fəaliyyət göstərir. Sənayedə qeyri-dövlət bölməsinin payı 92,6 faizdir. Ötən il rayonda 24,4 milyard manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir. Bu, əvvəlki ildəkindən 19,9 faiz çox olmuşdur. Bu ilin birinci yarısınıda ümumi daxili məhsul istehsalı 1,5 faiz artmış, qeyri-neft sektorunda inkişaf 11,3 faiz olmuşdur. Bu gün Səbail rayonunda 99 minə yaxın işçi çalışır. Onların orta aylıq qazancı respublika və paytaxt üzrə ən yüksək rəqəmlə ifadə olunur: 938,2 manat! 2009-cu ildən bəri Səbaildə 6300-dək daimi iş yeri yaradılmışdır.

Bakının bir sıra kommunikasiyaları Səbaildə birləşib-ayrıldığından son illərədə bu sahədə də xeyli iş görülmüş, elektrik, rabitə, nəqliyyat, su, kanalizasiya xətləri təzələnmiş, yeniləri yaradılmaqla şəbəkələr genişləndirilmişdir. Təkcə Neftçilər prospekti boyunca Sahil zonasına keçmək üçün 8 yerdə çoxçıxışlı 50-200 metrlik yeraltı keçidlər tikilmişdir. "Fəvvarələr meydanı", Xaqani bağı, daxili bulvara çevrilən Nizami küçəsi yenidən qurulmuşdur. Rayonun bu hissəsi Bakının ən gözəl istirahət və xidmət guşəsinə çevrilmişdir. Milli Bulvarda yaradılmış Muğam evi, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənət Muzeyi, yenidən qurulan "Yaxt klub", "Park Bulvar" Ticarət və İstirahət Mərkəzi və digər obyektlər dəniz kənarının ənənəvi görkəmini əsaslı dəyişmişdir. Bayraq Meydanınadək uzadılan bulvar, yendən qurulan "Funikulyor", abadlaşdırılan "Dağüstü park" və s. paytaxt sakinlərinin və qonaqlarının rahat və məzmunlu istirahət, əyləncə imkanlarını xeyli artırmışdır.

Rayon ərazisində bir sıra ünvanlar bu gün gecəli-gündüzlü iş gedən tikinti meydanıdır. "Azadlıq" meydanında yeraltı qaraj, "Cənub" mehmanxanasının yerində yeni otel tikilir. Badamdarda Milli Təhlükəsizlik Nazirliyi üçün müasir hospital ucaldılır, Bakı "Oksford" məktəbi üçün əlavə korpus inşa olunur. "Qız qalası"nda xüsusi plan üzrə bərpa-möhkəmləndirmə işləri aparılır.

Son bir neçə ildə rayonda görülən işlərin, sadəcə, siyahısı çoxsəhifəli bir siyahı təşkil edir. Nəzərdə tutulan, ardıcıl həyata keçirilən tədbirlər Səbaili dünyanın ən gözəl şəhərlərindən biri kimi mövqeyini daim möhkəmləndirən Bakının ən yaraşıqlı, abad rayonu kimi dəyişdirir, müasirləşdirir.

 

Yazı Səbail Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.

 

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti.- 2012.- 28 sentyabr.- S. 6.