Naftalan dünya şöhrətli kurort şəhərinə çevrilir

 

Qızılhacılı dairəsindən sağa burulan kimi təbiətin görkəmi də dəyişir, insanın əhvalı da. Geniş, rahat asfalt yol, yolboyu əkilmiş həmişəyaşıl ağaclar və güllər təkcə səliqə-sahmandan xəbər vermir, dünya şöhrətli Naftalana ilk dəfə qədəm qoyanların qəldində xoş ovqat, unudulmaz təəssürat da yaradır. Biz heç də təsadüfən "ilk dəfə" ifadəsini işlətmirik. Verilən arayışda oxuyuruq: "Yola saldığımız ildə 2010-cu ilə nisbətən Naftalan şəhərindəki sanatoriya-kurort komplekslərinə müalicəyə və istirahətə gələnlərin, demək olar ki, yarısı bu şəhərə ilk dəfə qədəm basanlardır. Daha maraqlısı isə odur ki, yerli və xarici qonaqların sayı da iki dəfə artmışdır.

 

Bizcə, təkcə bu faktın özü çox şeydən, hər halda son vaxtlar Naftalanın sürətli inkişaf və yüksəlişindən, burada aparılan genişmiqyaslı tikinti-abadlıq və quruculuq tədbirlərindən xəbər verir. Sözün həqiqi mənasında, bu gün Naftalan respublikanın ən müasir, abad və yaraşıqlı şəhərlərindən biridir. Daha dəqiq desək, əsl kurort şəhərinə çevrilmiş binalar tikilmiş, yollar, səkilər salınmışdır. Bütün yaşayış və ictimai binalar əsaslı şəkildə təmir və bərpa olunmuş, yaşıllıq zolaqları salınmışdır. O da maraq doğurur ki, başlanmış tikinti-abadlıq, səliqə-səhman işləri kampaniya xarakteri daşımır, eyni sürət və keyfiyyətlə davam etdirilir.

Əlbəttə, ötən il Naftalan şəhəri üçün, hər şeydən əvvəl, Prezident İlham Əliyevin bu bölgəyə səfəri ilə əlamətdar və yaddaqalan olmuşdur. 2011-ci il fevral ayının 10-da Naftalan şəhərinə səfəri çərçivəsində ölkə rəhbəri "Çinar" və "Qaşaltı" sanatoriya komplekslərinin açılış mərasimində iştirak etmişdir. Şəhər ictimaiyyəti nümayəndələri ilə keçirilən görüşdə respublika Prezidenti qarşıya belə bir vəzifə qoymuşdur ki, Naftalan nəinki Azərbaycanda, dünyada tanınan kurort şəhərinə çevrilməlidir.

Biz bu yazı üzərində işləyərkən ağsaqqallarla, ziyalılarla, gənclərlə görüşüb söhbət etdik, müxtəlif kollektivlərdə olduq. Adamların əhval-ruhiyyəsi, mövcud mənəvi-psixoloji mühitlə maraqlandıq. Gördüklərimiz, şahidi olduqlarımız və eşitdiklərimiz bunlardır: Ölkə Prezidentininin Naftalan şəhərinə tarixi səfəri bütün sahələrdə işlərin gedişinə əsaslı təsir göstərmiş, adamların sabaha olan inam və ümidini daha da artırmışdır. Şəhər sakinləri bu gün də həmin tarixi səfərin, keçirilən görüş və söhbətlərin ruhlandırıcı və səfərbəredici təsiri altındadır.

Şəhərin tamamilə yenidən qurulmuş abad və yaraşıqlı küçələri ilə addımlayırıq. Yenilik, müasirlik, gözəllik hər addımda qorunur. Ən əsası isə odur ki, bərpa və yenidənqurma işləri, tikinti-quruculuq tədbirləri aparılarkən müasirliklə yanaşı, milli-memarlıq ənənələri də yaddan çıxmamışdır.

Müşahidə etdiyimiz daha maraqlı bir cəhət: İndi Naftalanda həyatın axarı gurdur, burada qaynar, işgüzar mühit mövcuddur. Səbəb isə çox sadədir: Son vaxtlar Naftalanda bir sıra müxtəlif təyinatlı yeni müəssisələr tikilib istifadəyə verilmişdir. İş yerləri yaradılmış, sahibkarlara, iş adamlarına normal fəaliyyət üçün hər cür şərait yaradılmışdır. Heç də təsadüfi deyildir ki, əvvəlki illərdə müxtəlif səbəblər üzündən doğma şəhərlərini tərk etmiş insanlar indi geri qayıdırlar. Az qala hər gün dəyişən, müasirləşən, gözəlləşən şəhər, müvafiq iş yerləri... Belə olan halda niyə də qayıtmasınlar?...

Yeri gəlmişkən, burada yola saldığımız ilin bəzi statistik fakt və rəqəmlərini yada salmaq istəyirik. Şəhər üzrə 10629,1 min manat dəyərində ümumi məhsul, o cümlədən 577,9 min manat dəyərində sənaye, 558,9 min manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur. Əsas kapitala 3966,3 min manat investisiya yönəldilmişdir. Əhaliyə 176,4 min manat nəqliyyat, 116 min manat poçt və rabitə, 9199,9 min manat ticarət xidməti göstərilmişdir. Bir nəfərə düşən əmək haqqı keçən ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz artaraq 199 manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 13,9 faiz artaraq 2195,5 min manat olmuşdur. Keçən ilin müvafiq dövrünə nisbətən ümumi məhsul buraxılışının həcmi 8,2 faiz, sənaye məhsulunun həcmi 100 faiz, əhaliyə göstərilən nəqliyyat xidməti 3,5 faiz, ticarət xidməti 18,5 faiz artmışdır. Makroiqtisadi göstəricilərin sürətlə artması gəlirlərin çoxalmasına, həyat səviyyəsinin yüksəlməsinə, ən başlıcası isə işsizliyin aşağı düşməsinə səbəb olmuşdur. Məsələn, təkcə yeni açılmış "Çinar" və "Qaşaltı" sanatoriyalarında 230 nəfər işlə təmin olunmuşdur.

2009-2013-cü illəri əhatə edən "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın Naftalan şəhərinə aid bəndləri uğurla icra olunmaqdadır. Dövlət Proqramında vaxtı çatmış, lakin icrasına başlanmamış tədbirlərlə bağlı müvafiq mərkəzi icra hakimiyyəti orqanlarına müraciət edilmişdir. Məsələn, Mədəniyyət və Turizm Nazirliyi bildirmişdir ki, nəzərdə tutulmuş tədbirlərin icrasına, yəni Naftalan şəhərində yediillik uşaq musiqi məktəbi üçün 450 yerlik yeni binanın tikintisinə 2012-ci ildə, Tarix-Diyarşünaslıq Muzeyi, Kitabxana və mədəniyyət evi üçün yeni binaların tikintisinə isə 2013-cü ildə başlanması nəzərdə tutulmuşdur.

Dövlət Proqramına uyğun olaraq, şəhərin qaz təminatında işlər başa çatdırılmışdır. Enerji, istilik təchizatıının, su və kanalizasiya sistemlərinin yaxşılaşdırılması və yenidən qurulması tədbirləri isə nəzərdə tutulmuş qaydada icra olunur. Şəhərə yeni istilik və su xətti çəkilmişdir. 2011-ci ildə birinci mikrorayon ərazisində 9 bina istiliklə təmin edilmişdir. İkinci mikrorayonda da bu sahədə konkret tədbirlər həyata keçirilir. Ümumiyyətlə, indiyə kimi 12 yaşayış binasının fasadı milli memarlıq üslubunda üzlənmişdir, dam örtükləri yenidən qurulmuşdur.

Şəhər əhalisini içməli su ilə təmin etmək üçün "Çəkil" və "Hacallı" kəhrizlərində işlər sürətlə davam etdirilir. Yaxın günlərdə isə dövlət başçısının tapşırığına əsasən, şəhərdə sutəmizləyici qurğuların yenidən qurulması istiqamətində işlərə başlanacaqdır.

Prezident İlham Əliyev 2011-ci ili turizm ili elan etmişdi. Bu, əlbəttə, daha çox dünya şöhrətli Naftalan üçün geniş imkanlar açmış, zəngin tədbirlər planı işlənib hazırlanmış və həyata keçirilmişdir. Əsas diqqət ona yönəldilmişdir ki, Naftalan əvvəlki şöhrətini özünə qaytarsın. Şəhər sakinləri, xüsusilə orta və yaşlı nəsil bu əvəzsiz şəfa ocağının həmin şöhrətli illərini yaxşı xatarlayırlar. Ötən illərin statistikasından maraqlı bir fakt: 70-80-ci illərdə il ərzində Naftalan şəhərinə müalicəyə və istirahətə gələnlərin sayı 70 min nəfərdən çox olurdu. Bu isə hər şeydən əvvəl, onun nəticəsi idi ki, ümummilli lider Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi altında Naftalan kurort kompleksinin daha da inkişaf etdirilməsi haqqında müvafiq qərarlar qəbul edilmiş, geniş və uzunmüddətli tədbirlər işlənib həyata keçirilmişdi.

Bu gün cəsarətlə demək olar ki, yola saldığımız 2011-ci il Naftalanda iqtisadi, sosial və mədəni sahədə həlledici il olmuş, əsaslı inkişaf və irəliləyiş əldə edilmişdir. Başlıcası isə odur ki, kurort şəhərinin şöhrəti daha da artmış, bu sağlamlıq ocağından şəfa tapanların sayı dəfələrlə artmışdır.Təkcə onu deyək ki, hazırda bura nəinki keçmiş Sovet İttifaqından, hətta dünyanın onlarla ölkəsindən müalicəyə və istirahətə gələnlər var.

Məlumdur ki, kurort şəhəri üçün müasir yol-nəqliyyat infrastrukturu olduqca vacib amillərdən biridir. Başa vurduğumuz 2011-ci ildə Naftalanda bu istiqamətdə də bir sıra əsaslı tədbirlər işlənib həyata keçirilmişdir. Belə ki, Naftalan şəhərindən Bakı - Gəncə magistralına qədər uzunluğu 18 kilometr olan yol əsaslı təmir olunmuşdur. Şəhərin yeni tanıtma lövhəsi quraşdırılmış, girişdən Heydər Əliyev parkına və Şirvan prospektinə qədər istinad divarları çəkilmişdir. Bundan başqa, yollar boyunca çoxlu müxtəlif ağac və gül kolları əkilmiş, avtomatik suvarma sistemi quraşdırılmışdır. 6 kilometr uzunluğunda dairəvi yol əsaslı təmir olunmuşdur. Ş.Qurbanov küçəsində salınmış müasir park şəhər sakinlərinin sevimli istirahət guşələrindən birinə çevrilmişdir.

Ötən ilin tikinti-abadlıq və quruculuq işlərindən danışarkən Naftalan Şəhər İcra Hakimiyyəti üçün 3 mərtəbəli, Qaz-İstismar Sahəsi üçün 2 mərtəbəli, Vergilər Nazirliyinin postterminalı üçün inzibati binaları da yada salmalıyıq. Yaxın günlərdə respublika Nazirlər Kabinetinin müvafiq sərəncamına uyğun olaraq 280 yerlik uşaq bağçası - körpələr evlərinin tikintisinə də başlanılacaqdır.

Göründüyü kimi, yola saldığımız il Naftalan şəhəri üçün yaddaqalan və əlamətdar hadisələrlə zəngin olmuşdur. Gördüklərimizə, müşahidə etdiklərimizə və şahidi olduqlarımıza əsasən, deyə bilərik ki, yenicə qədəm qoyduğumuz 2012-ci il bütün sahələrdə daha böyük uğurlar gətirəcək, Naftalan şəhəri Dünya Kurortlar Birliyinə sürətlə inteqrasiya edəcəkdir.

Bir sözlə, Naftalan, az qala, hər gün dəyişir, gözəlləşir, inkişaf edir. Söhbət etdiyimiz şəhər sakinləri - ziyalılar, ağsaqqallar, gənclər bu diqqət və qayğı, yaradılan gözəl şərait, sağlam mənəvi-psixoloji mühit, bütün sahələri əhatə edən inkişaf və irəliləyiş üçün, ilk növbədə, ölkə Prezidenti İlham Əliyevə dərin təşəkkür və minnətdarlıqlarını bildirirlər.

 

 

Ziyəddin SULTANOV

 

Xalq qəzeti.- 2012.- 6 yanvar.- S.6.