İlham ƏLİYEV: Xaçmaz Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevrilib

 

Azərbaycan öz dövlət müstəqilliyini elan etdiyi vaxtdan keçən 20 il ərzində həqiqətən son dərəcə coşqun, dinamik və hərtərəfli inkişaf yolu keçmişdir. Müstəqilliyimizin 20 illiyini bayram edərkən təbiidir ki, hər birimiz qeyri-ixtiyari də olsa dönüb geriyə, keçilən yola, görülən işlərə, əldə olunan uğurlara nəzər salmalı olduq. Tam səmimi olaraq, həm də vətəndaş qüruru ilə deməliyəm ki, uğurların, dəyişiklik və yeniliklərin miqyası o qədər genişdir ki, onları sadalamaqla bitən deyil. Onu də nəzərə alaq ki, bütün bu uğurlar ölkəmizin Ermənistanla müharibə vəziyyətində olduğu, bir milyondan çox insanın qaçqın və köçkün taleyi yaşadığı bir şəraitdə qazanılıb.

 

Diqqəti cəlb edən odur ki, Bakı ilə yanaşı, respublikanın digər şəhər və rayonları da eyni dərəcədə hərtərəfli və sürətli inkişaf içindədir. Vətənimizin şimal qapısı olan Xaçmaz rayonu deyilənlərə bariz nümunədir. Son illər regionların inkişafı Dövlət proqramının uğurla həyata keçirilməsi sayəsində Xaçmaz, sözün əsl mənasında, böyüyərək, inkişaf edərək şimal bölgəsinin bir növ mədəni mərkəzinə çevrilib.

Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul edilən 2009-2013-cü illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, hazırda Xaçmaz rayonunda sənaye və kənd təsərrüfatı istehsalının genişləndirilməsi, yol təsərrüfatının əsaslı şəkildə yenidən qurulması, elektrik, istilik, qaz və su təchizatının yaxşılaşdırılması, səhiyyə, mədəniyyət, idman və təhsil müəssisələrinin tikintisi və bərpası istiqamətində ardıcıl və təsirli tədbirlər həyata keçirilməkdədir. Görülən tədbirlərin nəticəsidir ki, son iki il ərzində Dövlət Proqramına uyğun olaraq rayonda 4500-dən çox yeni iş yeri açılmışdır ki, bunun da 2500-dən çoxu daimi iş yerləridir. Əvvəlki illərdə olduğu kimi, hesabat ili olan 2011-ci ildə də ümumi daxili məhsul istehsalı, adambaşına düşən pul gəlirləri, o cümlədən işçilərin orta aylıq əmək haqqı, əsas kapitala yönəldilən investisiyaların həcmi və mənzil tikintisi sahəsində yüksək artım tempi müşahidə olunmuşdur.

Respublikanın ən iri kənd təsərrüfatı rayonlarından biri olan Xaçmazda təkcə son üç ildə taxıl əkini sahələri 7197 hektar, meyvə bağlarının ümumi sahəsi 3858 hektar, digər bitkilərin əkin sahəsi 500 hektardan çox artmışdır. Ötən il taxıl əkini sahələrinin hər hektarından 25,3 sentner olmaqla, 80174 ton taxıl məhsulu toplanmışdır. Bitkiçilik məhsulları istehsalını artırmaq məqsədilə rayonda daha bir neçə toxumçuluq təsərrüfatı yaradılmışdır. Hazırda Xaçmazda 3 dövlət və 5 özəl toxumçuluq təsərrüfatı fəaliyyət göstərir ki, onlar da ötən il ümumilikdə 3437 ton yüksək məhsuldarlıqlı buğda, 418 ton arpa, 5,3 ton tərəvəz toxumu istehsal etmişdir. Rayonda meyvə bağlarının sahəsi genişləndirilərək 13 min hektara çatdırılmış, kənd təsərrüfatı məhsullarının saxlanması məqsədilə Çarxı kəndində Xaçmaz Təchizat Bazası üçün 10 min tonluq anbar tikilərək istifadəyə verilmişdir. Ötən il rayonun Yergüc, Köhnə Xudat və Ağaşirinoba kəndlərində ümumi tutumu 2 min ton olan soyuducu anbarlar fəaliyyətə başlamışdır. Daha bir ədəd soyuducu anbar isə Xudat şəhərində tikilərək istifadəyə verilmişdir. Hazırda Sahibkarlığa Yardım Milli Fondunun maliyyə dəstəyi ilə Hülövlü kəndində 2 min tonluq tutumu olan daha bir soyuducu anbar tikilməkdədir.

İndi Xaçmazın 20 il əvvəlki sosial-mədəni mənzərəsini göz önünə gətirmək tək mənim üçün yox, elə xaçmazlıların özü üçün də çox müşkül bir işdir. Çox da uzağa getməyək. Cəmisi 7-8-il bundan öncə orada abad bir meydan, nümunəvi bir park, normal şəkildə qızdırılan bir məktəb və ya uşaq baxçası, 4-5 nəfər qonaq qarşılamaq üçün orta səviyyəli şəraiti olan bir otel var idimi?! Elektrik enerjisi və qaz təchizatı ilə bağlı çox ciddi problemlər yaşanmaqda idi. Xaçmazın nəinki kəndlərində, hətta rayon mərkəzində bəzən günlərlə işıq olmurdu. Qaz təchizatı ilə bağlı çoxlu narazılıqlar vardı. Az qala bütün rayon rəhbərliyi istehlak olunan elektrik enerjisi və qazın pulunun toplanması ilə məşğul olurdusa da nəticələr əsla yaxşılaşmırdı. Sosial problemlər və işsizlik ucbatından xaçmazlıların bir qismi öz el-obasından uzaq düşmüşdü. Bir daha təkrar edirik ki, bütün bunlar cəmi 7-8-il bundan əvvələ aid olan yaxın keçmişin reallıqları idi. Şükürlər olsun ki, o həyəcanlı və problemli illər artıq keçmişdə qalıb. Bu gün Xaçmaz və Xudat şəhərləri ilə yanaşı, rayonun 51 kəndinə və 2 qəsəbəsinə, bütövlükdə 23500 abonentə təbii qaz verilir. Ötən il istifadə olunan qazın dəyəri abonentlər tərəfindən 102 faiz ödənilib.

Bəli, indi Xaçmaz 7-8-il öncə gördüyümüz şəhər deyil. Görkəmli elm, mədəniyyət, ədəbiyyat və dövlət xadimləri, xalq qəhrəmanlarının abidələrinin ucaldıldığı geniş və baxımlı meydanlar, park və seyrəngahlar, abad küçə və prospeklər, bölgənin qədim tarixindən, dövlətçilik ənənələrindən xəbər verən, bu tarixi özündə yaşadan nadir eksponatların qorunub saxlanıldığı və nümayiş etdirildiyi çoxsaylı muzeylər, yeni tikilən və hər biri müasirliklə milli memarlıq ənənələrinin sintezinin gözəl nümunəsi olan fərdi və ictimai binalar Xaçmaza həqiqətən çox yaraşır.

Xaçmazlılar məmnundurlar ki, doğma şəhərlərinin simasını müəyyən edən bu mühüm obyektlərin əksəriyyətinin açılış mərasimində Prezident İlham Əliyev şəxsən iştirak edib. Ölkə rəhbəri sonuncu dəfə 2011-ci il sentyabr ayının 23-də Xaçmazda olarkən də rayonda aparılan tikinti, abadlıq və yenidənqurma işlərinin gedişi ilə yaxından maraqlanmış və bir sıra çox mühüm sosial obyektlərin açılışında iştirak etməklə sakinlərin sevincinə sevinc qatmışdır. Müasir dünya standartları səviyyəsində əsaslı şəkildə yenidən qurulan Heydər Əliyev Mərkəzi və tam mənada yenidən qurularaq daha da zənginləşdirilmiş Şəxsiyyətlər muzeyi növbəti dəfə cənab Prezident tərəfindən məmnunluqla ziyarət edilmişdir. Xaçmazda olarkən Prezident İlham Əliyev əsaslı təmir və bərpadan sonra yenidən istifadəyə verilmiş mərkəzi rayon xəstəxanasının, şahmat məktəbinin, xalça muzeyinin, uşaq və gənclər kitabxanalarının, habelə Müdafiə Sənayesi Nazirliyinin ən müasir texnologiyalara əsaslanan Xaçmaz kondensator zavodunun açılışında da iştirak etmişdir.

Prezident İlham Əliyev Xaçmaz səfəri çərçivəsində, həmçinin "Bakı" prospekti boyunca 5 hektar ərazidə yeni yaradılmış Heydər Əliyev seyrəngahı, orada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin şərəfinə ucaldılmış bulaq kompleksləri və hələlik heç yerdə analoqu olmayan "Samovar" kompleksində olmuş, Bakı-Xudat magistral yolu üzərində piyadaların təhlükəsizliyini təmin etmək məqsədilə tikilmiş yerüstü piyada keçidləri və Heydər Əliyev prospektinin girişində yeni istifadəyə verilmiş möhtəşəm "Giriş qapısı" kompleksi ilə də tanış olmuşdur.

Etiraf edim ki, çox yüksək zövqlə, vətəndaş və mütəxəssis sevgisi ilə inşa edilmiş bu obyektlərin hər biri Xaçmazı həqiqətən tanınmaz dərəcədə dəyişmişdir. Bütün bunları hələlik görmək fürsəti olmayanlara bildirim ki, təkcə "İlham Bulağı kompleksi"nə 3 ədəd şəlalə və 48 ədəd fəvvarə daxildir. Nadir bəzək ağacı və kolları, habelə al-əlvan işıqlandırma vasitələri ilə bəzədilən kompleksin mərkəzindəki bulağın hündürlüyü 15 metrdir.

Ötən ilin may ayında istifadəyə verilmiş "Heydər Bulağı kompleksi" də öz möhtəşəmliyi ilə diqqəti cəlb edir. Kompleks ərazisində 21 metr hündürlüyə malik bulaq, 3 ədəd şəlalə və 80 ədəd fəvvarə quraşdırılıb. Ulu öndər Heydər Əliyevin və möhtərəm Prezidentimiz İlham Əliyevin mozaika üslubunda işlənmiş portretləri kompleksi daha da möhtəşəm edib.

Xaçmaz şəhərində inşa edilmiş yeraltı və yerüstü piyada keçidlərindən də xüsusi bəhs etməyə dəyər. Oxuculara artıq məlumat verildiyi kimi, bir neçə il öncə akademik Zərifə xanım Əliyevanın adını daşıyan məktəbin qarşısında ilk yeraltı piyada keçidi inşa edilib. Hansı ki bu keçid özünün kamil memarlıq həlli baxımından son vaxtlar Bakıda tikilən yeni yeraltı keçidlərdən belə geri qalmır. Daha iki piyada keçidi ötən il Bakı şossesi üzərində inşa olunub. Məlumat üçün bildirək ki, avtomobillərin çox yüksək hərəkət intensivliyi olan bu ərazidə tez-tez ölümlə nəticələnən ağır qəzalar baş verirdi. Hazırda daha bir yerüstü piyada keçidi rayon mərkəzi xəstəxanası qarşısında tikilməkdədir.

Rayon ictimaiyyəti nümayəndələri ilə görüşdə Prezident İlham Əliyev Xaçmazda görülən işləri yüksək qiymətləndirərək demişdir: "Xaçmaz Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevrilibburada görülən işlərə böyük məhəbbətlə, zövqlə yanaşılıb".

Xaçmazda artıq neçə illərdir ki, ardıcıl və sistemli olaraq, özü də fasiləsiz şəkildə həyata keçirilən genişmiqyaslı tikinti, abadlıq və quruculuq işləri çox ciddi plan əsasında aparılır. Xaçmazlılar 2012-ci ilə də çox fəal başlayıblar. Hazırda ümummilli lider Heydər Əliyevin adını daşıyan seyrəngah və prospektdə, Olimpiya İdman Kompleksində, "Çənlibel" seyrəngahında, N.Nərimanov küçəsindəki yerüstü keçidin inşasında və bir sıra başqa obyektlərdə qızğın gedir. Müsbət haldır ki, rayonun uşaqdan böyüyədək demək olar ki, hər bir sakini abadlıq və quruculuq hərəkatında buya digər formada iştirak edir. Adamlar bir-bir, iki-bir gəlir, baxır, rəy və mülahizələrini bildirir və ən başlıcası, hərə əli yetən, gücü və imkanı çatan məsələlərdə yardımçı olmağa cəhd edir. Bir sözlə, bu gün Xaçmazda az qala hər kəs doğma diyarın inkişafında buya digər formada iştirak etmək istəyindədir.

Təbiidir ki, belə bir sağlamişgüzar mühitin formalaşması xeyli dərəcədə icra başçısı Şəmsəddin Xanbabayevin timsalında rayon rəhbərliyinin hər gün təmasda olduğu çoxsaylı insanlara təlqin etdiyi şəxsi nümunə sayəsində mümkün olmuşdur. Hamı şahiddir ki, icra başçısı gün ərzində, demək olar ki, bütün tikintilərdə, abadlıq və quruculuq işləri gedən yerlərdə ən azı bir neçə dəfə olur, işlərin gedişi ilə maraqlanır, konkret layihələrin icrasına bilavasitə özü nəzarət edir. O, tikintidə çalışan hər bir ustanı, hər bir fəhləni, hər bir mexanizatoru şəxsən tanıyır və adı ilə çağırır. İş prosesində formalaşan bu qarşılıqlı hörmət və etimad mühiti son nəticədə başlanılan bütün layihələrin nəzərdə tutulan müddətdə və yüksək keyfiyyətlə başa çatdırılması üçün etibarlı təminata çevrilir.

Mən Şəmsəddin müəllimi artıq xeyli vaxtdır ki, yaxından tanıyıram və onun ömür yolu barədə də kifayət qədər məlumatım var. Bilirəm ki, o, ulu öndər Heydər Əliyev idarəçilik məktəbində yetişərək püxtələşən peşəkar, yaradıcı və işinə son dərəcə məsuluyyətlə yanaşan bir kadrdır. Şəmsəddin müəllimin kabinetdə oturmaqla heç arası yoxdur. Onu günün hansı vaxtı axtarsanız yeni tikintilərdə taparsınız. Səhərlər evdən birbaşa tikintiyə, axşamlar da tikintidən birbaşa evə. Başqa sözlə, rayonun ağsaqqalı gənclik həvəsi ilə işləməkdə, sözün əsil mənasında, ətrafındakı insanlara da nümunədir.

Biz "Çənlibel" seyrəngahına gələndə icra başçısı müavinləri və aidiyyatı qurumların rəhbərləri ilə birlikdə orada idi. Beş hektarlıq sahənin, demək olar ki, hər qarışında qızğın gedirdi. Şəmsəddin müəllim isə ətrafına toplaşmış insanlara layihə barədə məlumat verirdi: -Bura Xaçmaz şəhərinin girəcəyidir. Biz istəyirik ki, rayonumuzun qonaqları ərazimizə qədəm qoyduqları elə ilk andan onlarda yaxşı təəssürat formalaşsın. Hər kəs hiss eləsin ki, bura igidlər, qəhrəmanlar diyarıdır. Xaçmazda Babəkin, Koroğlunun, Şah İsmayıl Xətainin abidələrini məhz bu məqsədlə ucaltmışıq. Xalq qəhrəmanı Koroğlunun "Çənlibel"dəki yeni abidəsinin hündürlüyü 16 metr olacaqdır. Abidənin ətrafındakı seyrəngah qısa vaxt ərzində şəhərimizin ən abad və baxımlı guşələrindən birinə çevriləcəkdir. Burada gözəl fəvvarə və çarhovuzlar tikiləcək. Kompleks bütövlükdə Azərbaycanın xəritəsini əks etdirəcək. Bu işlərlə yanaşı, seyrangaha bitişik ərazidəki şəhər qəbiristanlığının ətrafına milli memarlıq üslubunda işlənmiş günbəzləri olan hasar çəkiləcəkdir. Qəbiristanlığın yanındakı təbii bulaq abadlaşdırılaraq üzərində günbəz ucaldılacaqdır. Hazırda "Çənlibel" və Heydər Əliyev seyrəngahları arasındakı yol qovşağı - dairədə daha bir möhtəşəm saat kompleksi tikilməkdədir.

Bu gün rayonda görülən bütün işlər ölkəmizin şimal qapısı olan Xaçmazın daha nurlu sabahına hesablanıb. Başqa sözlə, rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevin səyləri və şəxsi nümunəsi sayəsində xaçmazlılar carikosmetik xarakterli işlərə vaxtpara sərf etməyi çoxdan unudublar.

 

 

Q.CƏFƏROĞLU

 

Xalq qəzeti.- 2012.- 12 yanvar.- S. 5.