"Təmiz Şəhər" ASC fəaliyyətini uğurla davam etdirir

 

Ulu öndər Heydər Əliyevin sosial-iqtisadi siyasətini layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizin ekoloji durumunun sağlamlaşdırılmasına xüsusi diqqət göstərir. Son illər ölkə rəhbərinin bilavasitə sədrliyi ilə ekoloji problemlərin müzakirəsinə həsr olunmuş müşavirələrin keçirilməsi, ətraf mühitlə bağlı qəbul olunmuş dövlət proqramlarının icrasına diqqətin artırılması, mövcud ekoloji problemlərin aradan qaldırılması məqsədilə müvafiq sərəncamların imzalanması bu sahənin ölkəmizdə prioritet istiqamətlərdən biri olduğuna dəlalət edir.

 

Bakı şəhərinin ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə dövlət başçısının 2008-ci il 6 avqust tarixli "Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında" sərəncamına əsasən təsis edilmiş "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimovla görüşdük. Onunla müsahibəmizi təqdim edirik.

- Zakir müəllim, "Təmiz Şəhər" ASC fəaliyyətə başladığı vaxtdan Bakı şəhərinin ərazisində əmələ gələn bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi sistemini müasir standartlara uyğun qurmaq üçün bir çox tədbirlər həyata keçirilmişdir. "Ekologiya ili" elan edilmiş 2010-cu ildə "Təmiz Şəhər" ASC uğurlu fəaliyyət göstərmişdir. Bəs 2011-ci ildə cəmiyyətiniz tərəfindən hansı işlər görülmüşdür?

- 2011-ci ildə "Təmiz Şəhər" ASC dövlətin dəstəyi ilə tullantıların idarə edilməsi sisteminin düzgün şəkildə qurulması və ekoloji vəziyyətin sağlamlaşdırılması məqsədilə bir çox işlər görmüşdür. Belə ki, fəaliyyətə başladığımız ilk gündən etibarən əsas hədəfimiz Balaxanı şəhər tullantılarının zərərsizləşdirlməsi poliqonunda hökm sürən acınacaqlı vəziyyəti aradan qaldırmaq idi. Balaxanı poliqonunun ASC-nin balansına verilməsindən cəmi 3 il ötməsinə baxmayaraq, burada aparılan bir sıra işlər nəticəsində poliqonun ətraf mühitə mənfi təsiri nəzərə çarpacaq dərəcədə azalmışdır. Balaxanı poliqonunda görülmüş işlərin qiymətləndirlməsi üçün mütəmadi olaraq ekoloji monitorinqlər aparılır. Bu məqsədlə beynəlxalq səviyyəli müasir laboratoriya ilə xidmət müqaviləsi imzalanmışdır. Ekoloqlar tərəfindən aparılan su və torpaq nümunələrinin müqayisəli analizlərinin nəticələrinə əsasən məlum olmuşdur ki, su nümunələrində bütün elementlərin miqdarı yol verilən qatılıq həddindədir, torpaq nümunələrində isə zərərli elementlərin azalması müşahidə olunur. Analizlər göstərir ki, hava nümunələrində zərərli qazların miqdarı aşağı düşmüşdür və yol verilən həddə çatdırılmışdır.

Bundan əlavə, "Təmiz Şəhər" ASC Balaxanı poliqonu ərazisində sanitariya və gigiyena normalarına riayət edilməsinə çox böyük diqqət yetirir. Bildiyiniz kimi tullantı maşınları şəhərimizin müxtəlif küçə və məhəllələrindən topladığı tullantıları Balaxanı poliqonuna daşıyır. Burada tullantılar boşaldıldıqdan sonra bu maşınlar paytaxtımızda yenidən dolaşaraq öz fəaliyyətlərini davam etdirir. Bu proses nəticəsində ətraf mühitə mənfi təsirin azaldılması məqsədilə Balaxanı poliqonu ərazisində yuma və dezinfeksiya məntəqəsinin tikintisi üzrə işlər artıq yekunlaşdırılıb. 4 yuma kabinəsindən ibarət olan yuma və dezinfeksiya məntəqəsi beynəlxalq standartlara cavab verəcək və gün ərzində poliqon ərzasinə daxil olan 400-dən çox maşına xidmət göstərə biləcək.

Müasir ətraf mühit, sağlamlıq və təhlükəsizlik standartlarına cavab verən məntəqə Almaniyanın tanınmış "Christ" şirkətinin yuma avadanlıqları ilə təchiz edilmişdir. Poliqonda yerləşən bu məntəqədə maşınlar yuyulmaqla yanaşı, bakteriya və virusları neytrallaşdırmaq üçün nəzərdə tutulan tərkibində xlor olmayan maddələrdən istifadə edilərək təmizlənəcəkdir. Həmçinin yuma zamanı istifadə edilən su müxtəlif dezinfektantlar vasitəsilə bir neçə mərhələdə təmizlənərək yenidən istifadəyə yönləndiriləcəkdir.

Balaxanı poliqonu ərazisində ekoloji tarazlığın bərpası məqsədilə İqtisadi İnkişaf Nazirliyinin və "Təmiz Şəhər" ASC-nin əməkdaşlarının iştirakı ilə burada mütəmadi yaşıllaşdırma kampaniyaları keçirilir. 2010-cu ildən başlayaraq ənənə halını almış bu aksiyalar çərçivəsində poliqon ərazisində ildə iki dəfə - yaz və payız aylarında yaşıllaşdırma işləri aparılır. Bu günə kimi Balaxanı poliqonu ərazisində 3000-ə yaxın ağac və bəzək kolları əkilmişdir.

Bu 3 il müddətində Balaxanı poliqonu ərazisində görülən və gələcəkdə planlaşdırılan işlərin əsas məqsədi Balaxanı poliqonunun beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, buranın tam sanitariya və gigiyena normalarına cavab verən poliqona çevrilməsidir. Buna İqtisadi İnkişaf Nazirliyi və Dünya Bankı arasında imzalanmış saziş əsasında həyata keçirilən "Bərk məişət tullantılarının vahid idarəçiliyi" layihəsi də dəstək verir.

- 2009-cu ilin noyabr ayında təməli qoyulan Balaxanı bərk məişət tullantılarının yandırılması zavodunun tikintisində hansı irəliləyişlər var?

- Xatırlatmaq istərdim ki, bərk məişət tullantılarının yandırılması zavodu Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi və Fransanın "CNİM S.A." şirkəti ilə imzalanmış müqaviləyə əsasən Balaxanı qəsəbəsində tikilməkdədir. bərk məişət tullantılarının yandırılması zavodu ildə 500 min ton bərk məişət tullantısı və 10 min ton tibbi tullantıları utilizasiya etmək gücünə malik olacaq. Zavod alternativ enerji kimi ildə 231,5 milyon kVt/s elektrik enerjisi istehsal edəcək. Müəssisənin fəaliyyəti nəticəsində tullantıların ümumi kütləsi 3 dəfə, həcmi isə 10 dəfə azalacaq. İstehsal gücünə görə həmin zavod Şərqi Avropada və MDB məkanında ən iri bu tipli zavod hesab olunur.

Dördüncü nəsil (4G) texnologiyalarının tətbiqi ilə qurulan bu müasir zavod Avropa Birliyinin ətraf mühitin mühafizəsi sahəsində ən sərt normativlərinə tam cavab verəcək. Hal-hazırda zavodun tikinti-quruculuq işləri qrafikə uyğun olaraq davam etdirilir. Belə ki, zavodun birinci yarımstansiyasının tikinti-quraşdırma işləri başa çatmış, yarımstansiyanın bütün avadanlıqları uğurla sınaqdan keçirilmişdir. Eyni zamanda, zavodun su soyutma sisteminin və su çənlərinin quraşdırılması, yanğınsöndürmə nasos stansiyasının özül və cilalama işləri yekunlaşdırılmışdır. Hazırda isə polad dam örtüklərinin, zavod binasının fasad örtüklərinin quraşdırılması, inzibati binanın kabel xətlərinin çəkilməsi, boruların quraşdırılması üzrə işlər həyata keçirilir. 2012-ci ilin sonlarında zavodun istismara verilməsi planlaşdırılır.

- "Təmiz Şəhər" ASC həm də bərk məişət tullantılarının çeşidlənməsinə böyük önəm verir. Bu istiqamətdə səhmdar cəmiyyət tərəfindən hansı işlər görülməkdədir?

- Ümumiyyətlə, tullantıların idarə edilməsi sahəsində onların çeşidlənməsi və təkrar emalı mühüm utilizasiya üsullarındandır. Çeşidləmə həm də ucuz xammal bazarı, təbii sərvətlərə, enerjiyə, torpaq ərazilərinə qənaət deməkdir. Bütün bunlar nəzərə alınaraq tullantıların çeşidlənməsi "Təmiz Şəhər" ASC-nin tullantılarının idarə edilməsi siyasətinin vacib istiqamətlərindəndir. Hazırda Balaxanı poliqonu ərazisində bərk məişət tullantılarının çeşidlənməsi məntəqəsi fəaliyyət göstərir. Çeşidləmə məntəqəsində təkrar emala yararlı tullantılar (şüşə, plastik, kağız, əlvan metallar və s.) əl ilə çeşidlənir. Burada növbəli rejimdə 80 nəfər çeşidləyici çalışır. Eyni zamanda məişət tullantılarının çeşidlənməsi və ölkədə təkrar istehsal biznesinin inkişaf etdirilməsi məqsədilə hazırda Balaxanı qəsəbəsində illik 200 min ton tullantı qəbul etmək gücünə malik olan yarım-avtomatik çeşidləmə məntəqəsində tikinti-quruculuq işləri davam etdirilir. Çeşidləmənin aparılması nəticəsində təkrar emal üçün yararlı materiallar ayrılacaq ki, bu da tullantıların ümumi həcmini azaldacaq, ucuz xammal bazarı formalaşdıracaq, ölkədə təkrar emal işinin qurulması üçün zəmin yaradacaq. Çeşidləmə zavodunun istismara verilməsi təbii sərvətlər və enerjiyə qənaəti, ən önəmlisi, ətraf mühitə mənfi təsirin azaldılmasını mümkün edəcək. Çeşidləmə məntəqəsinin 2012-ci ilin ikinci rübündə işə salınması planlaşdırılır.

- Sizcə, tullantıların evlərdə əhali tərəfindən çeşidlənməsi tullantıların zavodda çeşidlənməsini daha da asanlaşdırmazmı?

- Doğrudur. Tullantılar evlərdə əhali tərəfindən çeşidləndikdən sonra çeşidlənmiş şəkildə zavoda yönləndirilməsi daha çox tullantı kütləsinin çeşidlənməsi deməkdir və bu tullantıların ümumi kütləsindən daha çox təkrar emala yararlı materialların əldə olunmasına və ümumi kütlədə "itməməsinə" yardım göstərir. Dünya təcrübəsinə nəzər salsaq tullantıların çeşidlənməsi prosesi adətən iki mərhələdən ibarət olur: tullantıların evlərdə müxtəlif növlər üzrə çeşidlənməsi və ayrı-ayrılıqda atılması, sonra zavodlara nəql edilməsi və burada yenidən avtomatik çeşidlənməsi. Xatırladım ki, tullantıların yığılması və daşınması işlərini Bakı Şəhər İcra Hakimiyyəti həyata keçirir. Cəmiyyətimiz isə öz növbəsində tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsini təmin edir.

"Təmiz Şəhər" ASC tullantıların evlərdə çeşidlənməsi işinin təşkili istiqamətində hazırda iki pilot layihə həyata keçirməkdədir. Birinci pilot layihə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birlikdə İçərişəhər ərazisində 2010-cu ilin fevral ayında başlanılmışdır və hazırda davam etdirilir.

Digər pilot ərazimiz isə Qala qəsəbəsidir. Burada Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Təmiz Qala" layihəsi həyata keçirilir. Layihənin məqsədi Qala qəsəbəsi ərazisində tullantıların çeşidlənmiş şəkildə yığımının və daşınmasının, o cümlədən sonrakı utilizasiyasını müasir standartlara uyğun təşkil etməkdir. Layihə çərçivəsində qəsəbə ərazisində tullantıların toplanması üçün 120-dən artıq tullantı meydançası qurulmuş və tullantıların mütəmadi daşınması təşkil edilmişdir. Bundan əlavə, tullantı konteynerləri sanitariya və gigiyena normalarına uyğun mütəmadi yuyulur və dezinfeksiya edilir. Qəsəbə ərazisində fəaliyyət göstərən bütün texnika GPS naviqasiya sisteminə qoşulub, bu isə istənilən zaman texnikanın işini, harada yerləşdiyini izləmək və nəzarət etmək imkanı yaradır.

Hər iki pilot ərazidə tullantıların idarə edilməsinin düzgün və səmərəli icrası məqsədi ilə tullantıların üzvi və qeyri-üzvi növlər üzrə çeşidlənməsi sistemi tətbiq edilir. Cəmiyyətimiz tərəfindən çeşidlənən tullantı növləri üzrə hər iki ərazidə yaşıl və göy konteynerlər yerləşdirilmiş və konteyner meydançaları izahedici stendlərlə təchiz edilmişdir. Bu iki layihənin uğurlu icrasını və əhalinin layihədə fəal iştirakını təmin etmək üçün daim geniş təşviqat və maarifləndirmə proqramı həyata keçirilir. "Təmiz Şəhər" ASC-nin təşkil etdiyi təşviqat proqramı Qala qəsəbəsi və İçərişəhər əhalisinin bütün yaş təbəqələrini əhatə edir. Belə ki, uşaq bağçasında uşaqlarla ekoloji yarışlar və oyunlar təşkil edilir, məktəblərdə maarifləndirici söhbətlər aparılır, qəsəbə sakinləri ilə evlərdə maarifləndirmə xarakterli görüşlər keçirilir, əhaliyə ekoloji mövzularda müxtəlif izahedici və təşviqat materialları paylanılır, mütəmadi iməciliklər keçirilir, əhalinin çeşidləməyə münasibətini öyrənmək, onların təklif və xahişlərini nəzərə almaq, bu prosesi gələcəkdə daha da təkmilləşdirmək üçün hər il ictimai sorğu təşkil edilir.

- "Təmiz Şəhər" ASC tərəfindən həyata keçirilən digər maarifləndirici tədbirlər barədə də məlumat verməyinizi xahiş edirik.

- Ekoloji problemlərin həllində dövlət və dövlət qurumlarının fəaliyyəti ilə yanaşı, ictimaiyyətin dəstəyi də əvəzolunmazdır. "Təmiz Şəhər" ASC ictimai ekoloji təlim-tərbiyə işlərinin aparılmasına, təhsil müəssisələrində mühazirələrin oxunmasına, sakinlərlə görüşlərin keçirilməsinə və ətraf mühitin mühafizəsi sahəsində insanların biliklərinin artırılmasına böyük önəm verir. Bu məqsədlə səhmdar cəmiyyət tərəfindən 2011-ci ildə də bir sıra işlər görülmüşdür. "Təmiz Şəhər" ASC-nin əməkdaşları tərəfindən Azərbaycan Dövlət Neft Akademiyasında "Ətraf mühit və neft sənayesi" istiqaməti üzrə magistratura pilləsində təhsil alan tələbələrə tullantıların idarə edilməsi mövzusunda mühazirələr oxunmuşdur. Bundan başqa "Təmiz Şəhər" ASC-nin ofisində fəaliyyət göstərən Tullantıların İdarə Edilməsi üzrə Məlumat və Resurs Mərkəzi bazasında tələbə və jurnalistlər üçün "Bərk məişət tullantılarının idarə edilməsi" mövzusunda təlim-tədris kursları təşkil edilmişdir. Təlimlərdə iştirak edən tələbə və jurnalistlərə tullantıların idarə edilməsi sahəsində mövcud qanunvericilik bazası, tullantıların emalı sahəsində müasir texnologiyaların tətbiqi və digər aidiyyəti mövzularda mühazirələr oxunmuşdur. Təlim-tədris kursunda fərqlənmiş iştirakçılara sonda müvafiq sertifikatlar verilmişdir.

Maarifləndirmə işində xüsusi hədəf qrupumuzu yeniyetmə və gənclər təşkil edir. Keçirilməsi artıq ənənə halını almış yay məktəbi bu il də gənclər tərəfindən çox böyük maraqla qarşılanmışdır. 55 tələbənin iştirakı ilə "Təmiz şəhər naminə" adlanan yay məktəbi çərçivəsində "Təmiz Şəhər" ASC-nin mütəxəssisləri tərəfindən mühazirələr oxunmuş, əldə olunan məlumat əsasında mərhələli debat turnirləri təşkil edilmişdir, eyni zamanda gənclərin asudə vaxtının dəyərləndirilməsi üçün müxtəlif idman və intellektual oyunlar, viktorinalar təşkil edilmişdir.

Bu yaxınlarda böyük ekoloji fotolayihəni yekunlaşdırmışıq. İctimaiyyətin diqqətini Bakı şəhərinin təmizliyinin qorunmasına cəlb etmək və əhalinin ekoloji mədəniyyətini inkişaf etdirmək məqsədilə "Təmiz Şəhər" ASC Mobiloqrafiya fotoyarışmasını elan etmişdir. 4 ay davam edən müsabiqə zamanı fotomüsabiqənin rəsmi internet səhifəsində 2000-ə qədər istifadəçi qeydiyyatdan keçmişdir. Müsabiqədə iştirak üçün 600-dən çox şəkil təqdim edilmiş, seçilmiş 58 fotoşəkil səhifədə yerləşdirilmiş və səsvermə aparılmışdır. Fotomüsabiqə facebook sosial şəbəkəsinin istifadəçilərinin xüsusi marağına səbəb olmuş və müsabiqə haqqında yeniliklər mütəmadi olaraq izlənilmişdir .

Ekoloji maarifləndirmə və ekoloji mədəniyyətin formalaşdırılması kiçik yaşlardan başlamalıdır. Bunu nəzərə alaraq ASC ibtidai sinif şagirdləri üçün tullantılarla düzgün rəftar və təmizlik mövzularında nağıl və rəngləmə kitabının hazırlanması məqsədilə nağıl müsabiqəsi elan etmişdir. Müsabiqədə qalib gələn 4 nağıl "Təmiz şəhər nağılları" nağıl və rəngləmə kitabına daxil edilmişdir. Kitab çox tirajda buraxılaraq Bakı şəhərinin 11 rayonu üzrə bütün məktəblərin ibtidai siniflərinə pulsuz olaraq paylanılmışdır. Bu işdə bizə Bakı Şəhər Təhsil İdarəsi köməklik göstərmişdir.

Ətraf mühitdə baş verən istənilən dəyişikliklərdə insanların rolu və məsuliyyəti böyük və qaçılmazdır. Bütün bu ictimai-maarifləndirici fəaliyyətimizin məqsədi də məhz bunu insanlara çatdırmaq, ətraf mühitin mühafizəsi sahəsinə daha çox diqqət cəlb etməkdir. Yalnız birlikdə əməyin nəticəsində yaşadığımız mühiti qoruya, sağlam gələcəyə nail ola bilərik.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2012.- 12 yanvar. - S.4.