Azərbaycanın sənaye potensialı sürətlə artır

 

Yeni minilliyin daha bir ili təqvimin yaddaşına köçdü. Yola saldığımız 2011- ci il Azərbaycan Respublikası üçün bir sıra əlamətdar hadisələrlə yadda qaldı. Azərbaycan tarixi müstəqilliyinin bərpasının 20-ci ildönümünü yüksək nailiyyətlərlə qeyd etdi. 20 ildə əsrə bərabər inkişaf yolu keçmiş ölkəmiz dünyanın ən sabit və dinamik inkişaf edən dövləti kimi mövqeyini bir qədər də möhkəmləndirdi.

 

Keçid iqtisadiyyatı dövrünü uğurla başa vuran ölkəmiz yubiley ilində yeni-yeni uğurlara imza atdı. Sosial-iqtisadi inkişaf sahəsində qazandığı yeni nailiyyətlərə görə Azərbaycan Respublikası Cənubi Qafqaz ölkələri arasında liderlik mövqeyini qoruyub saxladı, dünyanın əsas enerji və nəqliyyat layihələrinin fəal iştirakçısı olaraq qaldı. Dünya ölkələrinin enerji təhlükəsizliyinin təminatına mühüm töhfələr verən Azərbaycan bir neçə il öncə hədəflədiyi iqtisadiyyatın şaxələndirilməsi sahəsində yeni uğurlar qazandı. Ötən il iqtisadiyyatın qeyri-neft sektorunda 10 faizdən cox artımın əldə olunması buna əyani sübutdur. Bu tendensiya, heç şübhəsiz, əvvəlki illərdə aparılan məqsədyönlü islahatların məntiqi nəticəsidir.

Bütövlükdə isə ölkəmizin sosial-iqtisadi inkişafını xarakterizə edən bütün statistik göstəricilər çox uğurludur. Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, yeni inkişaf mərhələsinə qədəm qoyan ölkəmizin valyuta ehtiyatları getdikcə artır. İndi strateji valyuta ehtiyatlarımızın 40 milyard dolları ötməsi qarşıya qoyulan istənilən məsələnin həllinə imkan yaradır. Təsadüfi deyil ki, hazırda ölkə iqtisadiyyatına milyardlarla dollar investisiya qoyulurbu proses getdikcə artır. Göründüyü kimi, 2011-ci ildə ölkəmizin iqtisadisosial həyatında dinamik inkişaf prosesi davam etmiş, istehsal və xidmət sahələrində qazanılan uğurların sayı artmışdır. Bir sıra istehsal sahələrində məhsul buraxılışının həcminin artması, investisiya fəallığının daha da güclənməsi, sahibkarlığın stimullaşdırılması və təşəbbüskarlığa geniş meydan verilməsi ölkənin iqtisadi dayaqlarını bir qədər də möhkəmləndirmişdir. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası bölgələrdə iqtisadi fəallığı xeyli artırmış, yeni istehsal sahələrinin yaradılması prosesini bir qədər də sürətləndirmişdir. Bu da bölgələrin inkişafı üçün əlverişli imkan yaratmışdır.

Dövlət Statistika Komitəsinin 2011-ci ilin yanvar-dekabr aylarının sosial-iqtisadi inkişafına dair məlumatında bildirilir ki, hesabat dövründə Azərbaycanda 45,5 milyard manat həcmində ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bir qədər çoxdur. Ölkə üzrə istehsal olunmuş ümumi daxili məhsulun 54,9 faizi sənayenin, 7,8 faizi inşaat kompleksinin, 5,6 faizi kənd təsərrüfatının, 5,2 faizi nəqliyyatın, 7,9 faizi ticarət və pullu xidmət sahələrinin, 1,7 faizi rabitənin, 11 faizi isə sosial və digər xidmətlərin payına düşmüşdür. Məhsula və idxala xalis vergilər isə ÜDM-in 5,9 faizini təşkil etmişdir.

Göründüyü kimi, əvvəlki dövrlərdə olduğu kimi, 2011-ci ildə də Azərbaycanda sosialiqtisadi həyatın bütün sahələrində inkişaf tendensiyası davam etmişdir. Dövlət başçısı İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi GünüYeni il münasibətilə Azərbaycan xalqına təbrikində demişdir: "2011-ci ildə ölkə qarşısında duran vəzifələr öz həllini tapmışdır. Azərbaycanın uğurlu iqtisadi inkişafı təmin olunmuşdur... DünyadaAvropada iqtisadi sahədəki mənfi proseslərə baxmayaraq, Azərbaycan inamla qabağa gedir".

2011-ci ildə Azərbaycanın strateji valyuta ehtiyatları artaraq 40 milyard dollara çatmışdır. Bu da ölkəmizdə yeni istehsal sahələrinin yaradılmasına, iqtisadi fəallığın bir qədər də artmasına səbəb olmuşdur. İlin əvvəlindən həm dövlət investisiyaları, həm də özəl sektorun fəaliyyəti nəticəsində ölkəmizdə nəhəng infrastruktur layihələrinin icrası davam etdirilmişdir.

İl ərzində ölkə iqtisadiyyatının əsasını təşkil edən sənaye sahəsində neftqaz hasilatının bir qədər aşağı düşməsi ilə əlaqədar olaraq azalma müşahidə edilmişdir. Bununla belə, mühüm malların istehsalının davam etdirilməsi ölkə sənayesinin iqtisadiyyatda ən böyük xüsusi çəkisini qoruyub saxlamışdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2011-ci ilin on bir ayı ərzində sənaye müəssisələri, fərdi sahibkarlarev təsərrüfatları tərəfindən 31,2 milyard manatlıq sənaye məhsulu istehsal olunmuşdur. Sənaye məhsulunun 24 milyard 305,4 milyon manatlığı və ya 78 faizi mədənçıxarma, 5 milyard 306,2 milyon manatlığı və ya 17 faizi emal, 1 milyard 383,2 milyon manatlığı və ya 4,4 faizi isə elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat bölməsində, 170,7 milyon manatlığı və ya 0,6 faizi su təchizatı bölməsində yaradılmışdır. Bütövlükdə isə, ötən il sənaye sahəsində qismən azalma müşahidə olunsa da, son 5-6 ildə onun real həcmi təqribən 3 dəfəyə yaxın artmışdır. Bu da son illər Azərbaycanda həyata keçirilən uğurlu sənayeləşmə siyasətinin məntiqi nəticəsidir.

Yeri gəlmişkən, ölkə sənayesinin real həcminin artmasında ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış uğurlu neft startegiyası mühüm rol oynamışdır. Belə ki, dünyanın inkişaf etmiş ölkələrinin transmilli şirkətləri ilə bağlanmış sazişlər Azərbaycanda neftqaz sənayesinin sürətli inkişafını təmin etmiş, adıçəkilən sahələrdə hasilatın rekord səviyyəyə çatmasına səbəb olmuşdur. Müqayisə üçün deyək ki, 2003-cü ildə Azərbaycanda 15 milyon 381,1 min ton neft və 5 milyard 518,9 milyon kubmetr qaz hasil edilmişdisə, 2010-cu ildə bu göstəricilər müvafiq olaraq 50 milyon 795,5 min tona və 26 milyard 349,6 milyon kubmetrə çatmışdır. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, eləcə də digər nəql marşrutlarının uğurlu fəaliyyəti Azərbaycanın ixrac imkanlarını xeyli artırmışdır. Bu da ölkəmizin Avropa və dünyanın enerji təhlükəsizliyinin təminatında daha yaxından iştirak etməsinə imkan yaratmışdır.

Ötən il qeyri-neft sənaye bölməsinin əksər sahələrində istehsalın həcmi təqribən 10 faiz artmışdır. Bu da ondan irəli gəlir ki, son illər ölkəmizin ayrı-ayrı yerlərində yeni istehsalemal müəssisələri yaradılır, idxalı əvəzləyən rəqabətədavamlı məhsul buraxılışının həcmi artır. İndi hətta Azərbaycan istehsalı olan mallara dünya bazarlarında maraq da getdikcə çoxalır.

İl ərzində ölkə üzrə istehsal olunmuş sənaye məhsulunun 81,7 faizi özəl bölmənin payına düşmüş, ümumi istehsalın 92,7 faizi sənaye mallarının, 7,3 faizi isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaranmışdır. Göründüyü kimi, ölkədə sərbəst istehsal fəaliyyəti üçün yaradılmış əlverişli şərait və azad sahibkarlığa geniş meydan verilməsi nəticəsində sənayedə qeyri-dövlət bölməsinin payı artmaqdadır. Onu da deyək ki, bir vaxtlar dövlət mülkiyyətində olmuş sənaye obyektlərinin bazasında bazar iqtisadiyyatı prinsiplərinə uyğun yaradılmış yeni istehsal sahələrinin işində də böyük canlanma hiss olunur.

Beynəlxalq iqtisadi fəaliyyət növlərinin təsnifatına gəlincə isə, mədənçıxarma və ya hasilat sənayesi Azərbaycan iqtisadiyyatının aparıcı sahəsi olaraq qalmışdır. Belə ki, bu sahənin əsas məhsulu sayılan xam neft hasilatı 11 ay ərzində 42,2 milyon ton, təbii qaz istehsalı isə 23,8 milyard kubmetr təşkil etmişdir. Yeri gəlmişkən, son illər aşkar edilən yeni qaz yataqları Azərbaycanın qaz potensialını xeyli artırmışdır. Bütün bunlar ölkəmizin ixrac potensialının da artmasına inkan yaratmışdır. 2011-ci ildə imzalanmış tranzit müqavilələri Azərbaycan qazını dünyaya müxtəlif yollarla nəql etməyə hesablanmış əhəmiyyətli sənədlər kimi diqqəti cəlb edir. Həmin sənədlər, eyni zamanda, Azərbaycanın etibarlı tərəfdaş kimi regiondakı mövqeyini bir qədər də möhkəmləndirir. Mədənçıxarma bölməsində fəaliyyət göstərən sahibkarlar tərəfindən 2,6 milyon ton çınqıl, qırma daş, xırda çay daşı, 1,1 milyon ton tikinti qumu, 336,3 min ton inşaat üçün əhəng daşı və s. istehsal edilmişdir. Duzun hasilatı isə təqribən iki dəfə artaraq 19 min tonu ötmüşdür.

Son illər dünya bazarında qızılın getdikcə bahalaşması bu qiymətli metala marağı xeyli artırmışdır. Ölkəmizdə qızıl istehsalının ilbəil artmasını da bu baxımdan əlamətdar hesab etmək olar. Azərbaycan Beynəlxalq Mədən Şirkəti tərəfindən ötən ilin on bir ayı ərzində 1,6 ton qızıl hasil edilərək təmizlənməyə göndərilmişdir. Göründüyü kimi, dünya bazarında qızılın qiymətinin kəskin bahalaşdığı bir şəraitdə mədənçıxarma bölməsinin bu sahəsinin inkişaf etdirilməsi ölkə iqtisadiyyatı üçün xüsusi əhəmiyyət daşıyır.

Ölkə sənayesində ikinci böyük xüsusi çəkiyə malik olan emal bölməsinin müəssisələri və fərdi sahibkarları (ev təsərrüfatlarının sənaye istehsalı da nəzərə alınmaqla) tərəfindən 5 milyard 306,2 milyon manatlıq məhsul istehsal olunmuş, sənaye xarakterli xidmətlər göstərilmişdir. İstehsalın çox hissəsi isə qida məhsullarının payına düşmüşdür. Belə ki, il ərzində mühüm növ qida məhsullarından sayılan ət, kolbasa, süd, kərə yağı, qənd və şəkər tozu istehsalı xeyli artmışdır.

Emal sənayesinin toxuculuq, tikiş, dəri, dəridən məmulatlar və ayaqqabı istehsalı ilə məşğul olan müəssisələr tərəfindən 72,4 milyon manatlıq məhsul istehsal olunmuşdur. İl ərzində pambıq lifi, pambıq iplik, kişilər üçün palto, gödəkçə və plaş, eləcə də corab məmulatları istehsalında daha çox artım qeydə alınmışdır.

Emal sənayesində ikinci böyük xüsusi çəkiyə malik olan neft məhsullarının istehsalı sahəsində isə 1,1 faiz artım müşahidə olunmuşdur. İlin on bir ayı ərzində ölkədə 1,2 milyon ton avtomobil benzini, 565,5 min ton neft, 2,3 milyon ton dizel yanacağı, 241,1 min ton neft bitumu və 85,2 min ton sürtkü yağları istehsal olunmuşdur.

Adıçəkilən bölmənin kimya sənayesində, rezinplastmas məmulatlarının, həmçinin əczaçılıq məhsullarının istehsalı ilə məşğul olan müəssisələr isə on bir ay ərzində 229,4 milyon manatlıq məhsul istehsalına nail olmuşlar. Əsas kimya məhsullarından kaustik soda, propilen, polietilen, rezinplastmas məmulatlarından isə bərk polietilen boruların, borucuqların və qolların, eləcə də polimer örtüklərin, məsaməli poliuretan lövhələri və zolaqların istehsalı xeyli artmışdır.

Tikinti materiallarının istehsalı sahəsində isə 238 milyon manatlıq məhsul istehsal edilmişdir. Bu sahədə fəaliyyət göstərən müəssisələr tərəfindən 1,3 milyon ton sement, 39,8 min kubmetr betondan yığma-tikinti konstruksiyaları, 338,1 min ton asfalt və 1,1 milyon ton hörmə üçün hazır beton qarışığı istehsal olunmuşdur.

Emal bölməsinin metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahəsində ilin on bir ayı ərzində 253 milyon manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. Adıçəkilən bölmənin metallurgiya sahəsində məhsul istehsalı 1,9 dəfə artmışdır. Azərbaycanda kompyuter, elektronoptik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahəsində məhsul buraxılışının həcmi 151,9 milyon manat təşkil etmişdir.

Ölkə sənayesinin digər sahəsi olan elektrik enerjisi, qaz, buxar, kondisiyalaşdırılmış hava ilə təchizat bölməsində 1 milyard 383,2 milyon manatlıq məhsul istehsal olunmuş, xidmətlər göstərilmişdir. Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində məhsul istehsalı isə 11,7 faiz artmışdır. Yaxın illərdə ölkəmizdə sənayeləşmə tendensiyası daha da sürətlənəcək. Azərbaycanın yeni neft strategiyasının uğurla reallaşdırılması, ikinci regional inkişaf proqramında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi, eləcə də yerli istehsalın stimullaşdırılması istiqamətində həyata keçirilən tədbirlər və s. amillər ölkə iqtisadiyyatının əsasını təşkil edən sənayeyə daha yüksək inkişaf perspektivləri vəd edir.

 

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2012.- 15 yanvar.- S. 1.