Naxçıvan müstəqillik və dövlətçilik uğrunda mübarizənin ön cərgəsində olmuşdur

 

19 yanvar 1990-cı ildə isə Naxçıvan MSSR Ali Soveti SSRİ-nin tərkibindən çıxmaq barədə qərar qəbul etmişdir

 

Naxçıvan əhalisi böyük mərdlik və yenilməzlik nümayiş etdirərək Azərbaycanın bu qədim torpağını ermənilərin işğalı təhlükəsindən xilas etdi və onun muxtariyyət statusunu qoruyub saxladı. Milli istiqlaliyyət uğrunda mübarizə yollarında o zaman Naxçıvanın atdığı cəsarətli addımlar bütün Azərbaycan xalqı tərəfindən böyük rəğbətlə qarşılanaraq dəstəkləndi və respublikada gedən siyasi proseslərə öz müsbət təsirini göstərdi... Naxçıvanlıların bu cəsarətli addımı o vaxt yeganə bir addım idi.

 

Heydər ƏLİYEV,

Ümummilli lider

 

Bəşəriyyətin inkişafında baş vermiş dəyişiklikləri dərk etməkdə tarix ən yaxşı tərbiyəçidir. Azərbaycan tarixinin ən yaxın keçmişində baş vermiş hadisələrin öyrənilməsi, daha doğrusu, indiki nəslin hafizəsindən tarixin yaddaşına köçürülməsi daha qədim tarixi mərhələlərin öyrənilməsindən heç də az əhəmiyyət kəsb etmir. Bu baxımdan XX əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın dövlət müstəqilliyinin bərpası ərəfəsində baş vermiş hadisələr öz aktuallığını bu gün olduğu kimi, sabah da qoruyub saxlayacaqdır.

 

1990-cı ilin yanvar ayının 19-da Naxçıvan MSSR Ali Sovetinin SSRİ-nin tərkibindən çıxmaq barədə qəbul etdiyi qərar müstəqilliyə gedən yolda atılan ilk addımlardan biri idi. Hələ Sovetlər Birliyinin yaşadığı dövrdə onun dağılmasına ilk zərbəni vurmağa heç bir xalq, heç bir müttəfiq respublika və ya muxtar respublika yox, məhz naxçıvanlılar cəsarət etmişdilər. Burada bir haqlı sual meydana çıxır: nə üçün məhz naxçıvanlılar? Tarixçilər bunu müxtəlif aspektlərdən yoza bilər, lazım gəlsə, müəyyən faktlar ortaya qoyarlar.

Teymur istilasının müzəffər yürüşünə son qoyan naxçıvanlıların mərdlik və qəhrəmanlıqlarının rəmzi kimi ucalan Əlincə qalasını da misal göstərə bilərlər. Ancaq naxçıvanlıların Əlincə qəhrəmanlığı ilə 1990-cı il arasındakı zaman məsafəsi çox uzundur. Əsrlər ötüb keçmiş, Sovet imperiyasının yalançı təbliğat maşını insanların mənəviyyatını tamamilə həqiqətdən uzaq bir istiqamətə yönəltmiş, milli təəssüb, azadlıq ideyaları arxa plana keçmişdi. Lakin 1969-cu ildə ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişi ilə ölkəmizdə təkcə iqtisadiyyatda, sosial həyatda deyil, milli şüurun, qürurun, müstəqillik arzularının oyanışında da bir intibah baş vermişdi.

Sovet ideologiyasının kifayət qədər güclü olduğu bir dövrdə Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması, xalqın milli düşüncə tərzinin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirləri yalnız ümummilli liderimiz Heydər Əliyev kimi Vətəninə, xalqına bağlı cəsarətli bir dövlət xadimi, böyük iradə sahibi olan siyasi lider reallaşdıra bilərdi. Xalqımızın böyük oğlu öz həyatını təhlükə qarşısına ataraq o dövrdə azərbaycançılıq naminə taleyüklü qərarlar qəbul etmişdi. Məsələn, yeni təşkil olunmuş rayonlara Kəpəz, Babək, yeni obyektlərə "Gülüstan", "Təbriz" adları verilirdi. "Dədə Qorqud" filminin çəkilməsi, xalq düşməni elan edilmiş Hüseyn Cavidin cənazəsinin qalıqlarının uzaq Sibirdən Naxçıvana gətirilməsi misli görünməmiş cəsarət nümunəsi idi. Bütün bunlar Azərbaycan xalqının milli şüurunun inkişafına əsaslı zəmin yaratmışdır.

Ulu öndərimizin XX əsrin 70-80-ci illərində Azərbaycanda müstəqil dövlət quruculuğu istiqamətində atdığı cəsarətli addımlar, həyata keçirdiyi tədbirlər 90-cı illərin əvvəllərində ölkəmizin azadlığa qovuşmasında əsas rol oynamışdır. 1990-cı il yanvar ayının 19-da Naxçıvan MSSR Ali Sovetinin qəbul etdiyi misilsiz qərar ümummilli liderimizin ölkəmizə rəhbərliyinin birinci dövründə həyata keçirdiyi tədbirlərlə Azərbaycan xalqına aşıladığı cəsarətdən, müstəqillik ideyalarından qaynaqlanırdı. Bunun başqa bir səbəbi isə görkəmli dövlət xadimi Heydər Əliyevin yetişdirdiyi milli kadrlarla bağlı idi.

Ötən əsrin 80-ci illərinin sonunda dünyaya meydan oxuyan bir imperiya artıq çökürdü. SSRİ sərhədlərinin Azərbaycana aid hissəsində 1989-cu ilin dekabrında dirəklərin sökülməsi Moskvanı bərk hiddətləndirmişdi. Belə bir vaxtda Azərbaycan xalqının azadlıq istəyini boğmaq üçün imperiya qoşunlarını Bakıya yeridərək 20 Yanvar faciəsini törətmişdi. Bu faciəyə qədər artıq Naxçıvanın Ermənistanla sərhədində ermənilər rus qoşunlarının köməyi ilə muxtar respublikaya hücuma keçmişdilər. Bakıda və Azərbaycanın digər bölgələrində sovet ordusunun törətdiyi qanlı cinayətlərlə Naxçıvana erməni hücumunun zaman etibarı ilə üst-üstə düşməsi hadisələrin eyni mərkəzdən idarə olunduğunu sübut edirdi. Hətta ermənilərin Naxçıvana hücumunun Bakıda 20 Yanvar faciəsinin törədilməsindən bir gün tez baş verməsi həm Bakı faciəsinin, həm də Naxçıvanın işğalına edilən cəhdin eyni düşmən planının tərkib hissəsi olduğuna şübhə yeri qoymurdu. Moskva Bakıya hərbi müdaxilə ilə xalqımızın başını qatmaq, ermənilərin Naxçıvanı asanlıqla ələ keçirməsinə şərait yaratmaq istəmişdi.

Ermənilərin muxtar respublikaya ilk mütəşəkkil hücumu 1990-cı il yanvarın 18-dən 25-dək Sədərək kəndi istiqamətində olmuşdu. Heç kimdən kömək görməyən, blokadaya alınmış Naxçıvan əhalisi adamlarda qalan ov tüfəngləri və məhdud miqdarda odlu silahlarla düşmənlə mübarizə aparmış, muxtar respublikanı işğal olunmaq təhlükəsindən qoruyub saxlaya bilmişdi.

Naxçıvanın ərazi bütövlüyünün pozulması, sərhədboyu yaşayış məntəqələrində ermənilərin hücuma keçməsi, əhalinin yaşayışı üçün real təhlükənin artması, nəqliyyat və kommunikasiya blokadası, bunların müqabilində ittifaqrespublika hakimiyyət dairələrinin fəaliyyətsizliyi muxtar respublika sakinlərini qəti qərar qəbul etməyə, ciddi addımlar atmağa sövq etmişdir. Yanvarın 19-da axşam saatlarında Naxçıvan şəhərində Ali Sovetin binası qarşısında toplaşan 20 mindən çox adam erməni hücumlarına etiraz əlaməti olaraq Ali Sovetin fövqəladə sessiyasının çağırılmasını təkidlə tələb etmişdi. Sessiya keçirilmişsovet imperiyasının yaşadığı bir dövrdə misli görünməyən bir məsələni müzakirəyə çıxarmışdı: "Naxçıvan Muxtar Sovet Sosialist Respublikasında yaranmış ictimai-siyasi vəziyyət haqqında" məsələ müzakirə edilmişsessiyada Naxçıvan MSSR-in SSRİ-nin tərkibindən çıxması barədə qərar qəbul olunmuşdu. Qərarda göstərilmişdi ki, muxtar respublikanın ərazi bütövlüyü və vətəndaşlarının həyatı təhlükə qarşısında qaldığından, Qars müqaviləsinin şərtləri kobud surətdə pozulduğundan Naxçıvan MSSR SSRİ-nin tərkibindən çıxaraq özünü müstəqil respublika elan edir. Qeyd etmək lazımdır ki, bu qərar Sovetlər Birliyinin dağılması, Azərbaycan xalqının və digər müttəfiq respublikaların xalqlarının suverenlik əldə etməsi üçün atılmış ilk addımlardan idi. Bu gözlənilməz qərar o vaxt dünyanın aparıcı siyasi dairələrinin diqqətini Naxçıvana yönəltmiş, bu qədim Azərbaycan vilayətinin ermənilərin əlinə keçməsi təhlükəsi sovuşmuşdu.

İmperiya rəhbərliyi və onun mövqeyinə xidmət edən o zamankı Azərbaycan hakimiyyət dairələri Naxçıvan Ali Sovetinin qərarının qanunsuz olduğunu elan etsələr də, artıq bu qərarla tariximizin mühüm bir səhifəsi yazılmışdı. Bir vaxtlar dünyanı idarə edən iki qütbün birində dayanan nəhəng Sovetlər Birliyinin xisləti və süquta doğru getdiyi məhz bu qərarla sübut edilmişdi.

Yanvar hadisələrindən sonra Bakıda və bir sıra rayonlarda tətbiq edilən fövqəladə vəziyyət rejimi məhz bu dövrdə naxçıvanlıların torpaqlarımızın qorunması uğrunda rəşadətli mübarizəsi və həmin tarixi qərarın doğurduğu siyasi ab-hava nəticəsində muxtar respublikada tətbiq oluna bilməmişdi.

Həmin dövrdə Naxçıvanda baş verən hadisələri ümummilli liderimiz Heydər Əliyev belə xarakterizə etmişdi: "1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıya hücumundan 8 saat əvvəl sovet qoşun birləşmələri və erməni silahlı dəstələri Naxçıvan Muxtar Respublikasına hücum etmiş, qan tökülmüş və erməni quldur dəstələri Naxçıvan Muxtar Respublikasının Kərki kəndini işğal etmişdi. Ermənistanın apardığı təcavüzkarlıq siyasəti nəticəsində vaxtilə ümumqoşun şəbəkəsinə daxil olan Azərbaycanı Naxçıvanla bağlayan dəmiryol xətləri və avtomobil yolları kəsilmiş, Naxçıvana Azərbaycandan təcrid olunmuş vəziyyətdə, blokada şəraitində yaşamaq taleyi qismət olmuşdu. Məhz belə ağır şəraitdə Naxçıvan əhalisi böyük mərdlik və yenilməzlik nümayiş etdirərək Azərbaycanın bu qədim torpağını ermənilərin işğalı təhlükəsindən xilas etdionun muxtariyyət statusunu qoruyub saxladı. Milli istiqlaliyyət uğrunda mübarizə yollarında o zaman Naxçıvanın atdığı cəsarətli addımlar bütün Azərbaycan xalqı tərəfindən böyük rəğbətlə qarşılanaraq dəstəkləndi və respublikada gedən siyasi proseslərə öz müsbət təsirini göstərdi... Naxçıvanlıların bu cəsarətli addımı o vaxt yeganə bir addım idi".

1990-cı ildə Naxçıvanın işğal təhlükəsindən qorunmasında, həmin tarixi qərarın qəbul edilməsində bölgənin muxtariyyət statusu çox mühüm rol oynamışdı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov muxtar respublikanın 85 illik yubiley tədbirindəki çıxışında bu barədə demişdir: "Ötən əsrin 90-cı illərində - bölgəyə erməni hücumlarının aramsız xarakter aldığı bir dövrdə, Azərbaycanın əsas ərazisi ilə əlaqələrin kəsildiyi şəraitdə Naxçıvanın muxtariyyət statusu çevik siyasi, iqtisadihumanitar xarakterli addımların atılmasına, muxtariyyətin ərazisinə edilən qəsdlər barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılmasına, beləliklə də, Azərbaycanın tarixi ərazisinin qorunub saxlanmasına imkan yaratmışdır. 1990-cı il yanvarın 18-də SSRİ Müdafiə Nazirliyinin 7-ci ordusunun köməyi ilə muxtar respublikanın Kərki kəndi ermənilər tərəfindən işğal olundu.

Azərbaycanın müstəqillik əldə etməsində ötən əsrin 90-cı illərində məhz Naxçıvanda qəbul olunan tarixi qərarların, həyata keçirilən tədbirlərin mühüm rolu olmuşdur. 1990-cı ilin yanvar ayında Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının SSRİ-nin tərkibindən çıxması haqqında qərar, həmin ilin noyabr ayında ulu öndərimiz Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin birinci sessiyasında qəbul edilən qərarlar Azərbaycanın müstəqillik yolunda əsas mərhələdir.

Əgər ulu öndərimiz Heydər Əliyev ölkəmizə rəhbərliyinin birinci dövründə azərbaycanlıların əzmkarlığından yoğrulmuş çox möhkəm bir müdafiə qatının - cəsarətin, milli düşüncənin oyanmasına, formalaşmasına zəmin yaratmasaydı, 1990-cı ildə nə Naxçıvan qorunar, nə də həmin tarixi qərar qəbul olunardı. Ümummilli liderimizin Naxçıvanda işləyib fəaliyyət göstərdiyi dövrdə həyata keçirdiyi tədbirlər, qəbul etdiyi qərarlar isə bugünkü müstəqil Azərbaycanın mövcudluğunu təmin etmişdi.

Günü-gündən inkişaf edən, dünyada söz sahibinə çevrilən müstəqil Azərbaycanın vətəndaşları böyük öndərimizin xalqımız qarşısındakı xidmətlərini heç vaxt unutmayacaq, hər dəfə belə tarixi günləri qeyd edərkən o tarixi qərarların yaratdığı müstəqilliyin verdiyi bəhrələrə görə ulu öndərimizin işıqlı xatirəsini dərin ehtiramla yad edəcəklər.

 

 

Tural SƏFƏROV,

"Şərq qapısı" qəzetinin

baş redaktoru Naxçıvan

 

Xalq qəzeti.- 2012.- 19 yanvar.- S. 4.