Oljas SÜLEYMENOV: Bakını bir daha "qaynar nöqtə" kimi görmək istəmirəm

 

XX əsr tarixində totalitarizmin törətdiyi ən qanlı terror aktlarından biri olan 20 Yanvar faciəsində Azərbaycan xalqına qarşı işlədilmiş cinayət, əslində, bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli bir əməldir. Həmin cinayəti törədənlər indiyədək öz cəzalarını almamışlar. Xalqımız əmindir ki, müqəssirlər tarix, bəşəriyyət, eləcə də Azərbaycan xalqı qarşısında cavab verməli olacaqlar.

 

Heydər ƏLİYEV,

Ümummilli lider

 

Mən onunla 1990-cı ildə Moskvada - Kremlin Qurultaylar Sarayında görüşmüşəm. Oljas Süleymenov Qazaxıstandan SSRİ Ali Sovetinə deputat seçilmişdi. İctimai-siyasi fəaliyyəti beynəlxalq aləmdə yüksək qiymətləndirilən böyük söz ustasıdır. 1990-cı il Qanlı Yanvar günlərində paytaxtımıza gələn ilk siyasətçilərdən birincisi olmuşdur. Özünün dediyinə görə, keçmiş SSRİ-nin müttəfiq respublikaları içərisində ən çox gəldiyi ölkə Azərbaycandır. Onun burada çoxlu dostu var. YUNESKO-da Qazaxıstanın səfiri olan ədib, mötəbər beynəlxalq forumlarda iştirak edərkən həmişə Azərbaycanın tərəfini saxlayıb, onun səsinə səs verib. 22 il bundan əvvəl SSRİ Ali Sovetinin sessiyalarında olduğu kimi.

 

Onun Bakıya hər gəlişi xalqımızın tarixində silinməz izlər buraxır. Qazax xalqının böyük oğlu Oljas Süleymenov da Azərbaycana hər gəlişindən böyük təəssüratlarla ayrılır. Yalnız bir dəfə - 1990-cı ilin Qanlı Yanvar faciəsindən sonra Bakını qəm-qüssə içərisində tərk edib.

- Getsin o günlər bir də qayıtmasın - deyən Oljas bəy xatırlayır, - mən Azərbaycanın həm həyəcanlı, həm də fərəhli günlərini görmüşəm. Yadımdadır, ilk dəfə buraya 1975-ci ildə, sovet ədəbiyyatı günlərində iştirak etmək üçün gəlmişdim. Bu, yay mövsümünü yaşayan, bayramsayağı, çiçəklənən, beynəlmiləl Azərbaycan idi. Sovet İttifaqının hər yerindən çoxlu yazıçı gəlmişdi. Bir çoxları Azərbaycana birinci dəfə gəlmişdi, bu çiçəklənən diyarla ilk görüşləri idi. Biz bütün Azərbaycanı gəzdik, Qarabağda, Şuşada olduq. Sağlıqlar deyildi, şənliklər, görüşlər oldu, təəssürat çox güclü idi. Sonra mən Nizaminin yubileyinə gəldim, o da böyük bayrama çevrildi. Heydər Əlirza oğlu bizi, şair həmkarlarımı qəbul edəndə, mən maraqlandım ki, niyə 840 illik yubiley keçirilir, axı bu, yuvarlaq tarix deyil? Cavabında o, öz məşhur kəlamını söylədi və mən bunu dəfələrlə demişəm. Onun sözləri məni valeh etdi: belə şairlərin yubileyini yüz ildən bir yox, imkan daxilində, hər on ildən bir keçirmək lazımdır. Onun isə belə imkanı var idi və o, bundan yetərincə istifadə edirdi...

Ümumiyyətlə, 1980-ci illərin əvvəllərindən, o dramatik illərdən başlayaraq, mən bütün "qaynar nöqtə"lərdə olmuşam, mümkün olan yerdə sakitliyi qorumağa cəhd göstərmişəm, yeni siyasətçilərlə söhbətlərdə, onlarla ünsiyyətdə öz təcrübəmi bölüşməyə çalışmışam, ehtirasları cilovlamağa, onları təmkinli və səbirli olmağa çağırmışam. Gürcüstanda, Çeçenistanda, İnquşetiyada olmuşam, 1990-cı il faciəsinin acılarını bakılılarla birlikdə yaşamışam, bütün gördüklərim qəlbimə əbədi həkk olub, Berqmanın filmindəki kadrlar kimi...

O vaxt mən SSRİ Ali Soveti deputatının mandatından istifadə edərək, hansısa yarıhərbi təyyarədə gəldim, çünki adi reysləri artıq ləğv etmişdilər. Səhərə yaxın yerə enib şəhəri tələsik tərk edən adamlarla dolu olan aerovağzala piyada yollandıq. Vahimə həddinə çatan basırıqda içəri keçə bilmədim. Nəqliyyat, təbii ki, işləmirdi, komendant saatı idi. Məni hərbi maşında ən yaxın metro stansiyalarının birinə çatdırdılar. Təsəvvür edin, metroda mən yeganə sərnişin idim: Qapılarında qara matəm lentləri asılmış qatarlar boş gedirdi. Şəhərin mərkəzində metrodan çıxdım, hər tərəf bomboş idi, bir nəfər də olsun gözə dəymirdi. Patrullarla bir-iki "görüşdən" sonra gəlib "Azərbaycan" mehmanxanasına çatdım. Ora qaranlıq və boş idi. Qapını döyəndə, birdən kimsə şüşə qapının arxasından boylandı, sonra qapını açdı:

- Oljas bəy, buyurun- dedi. Yəqin tanımışdı - o vaxt mən teleekranlarda tez-tez görünürdüm, o cümlədən SSRİ xalq deputatları qurultayının tribunasında. Onu da deyim ki, gəlmək ərəfəsində soyuqlamışdım, qızdırmam 39 dərəcəyə çatmışdı. Gecə isə zəng vurub Bakıdakı hadisələr barədə xəbər verdilər. Xəstə olduğumu bildirib gəlməmək yaxşı düşməzdi: burada qan tökülür, sən isə qızdırmadan danışırsan. Rastıma çıxan ilk maşına oturub aeroporta tələsdim. Bax, belə təəssüratlar qalıb...

Sonra təbii ki, işə başladıq, bir həftə burada qaldım, Azərbaycanın tarixinin dramatik məqamlarını, qara səhifələrini öz gözlərimlə gördüm.

Yadımdadır, o vaxt Primakov, Girenko, Yazov, Varennikov burada idilər. Onlar məndən xahiş etdilər ki, qəzetlərin nəşrini yoluna qoyum, bir neçə gün idi ki, qəzet çıxmırdı. Nəşriyyata getdim, fəhlələrlə görüşdüm, onları başa salmağa çalışdım ki, siz qəzetləri çap etmirsiniz, camaatın vəziyyətdən, baş verənlərdən xəbəri yoxdur. Sizin isə vəziyyət barədə məlumatınız var, ancaq onların adamlara çatmasına mane olursunuz, indiki şəraitdə bu, yolverilməzdir. Özü də mən zəmanət verirəm ki, heç bir senzura olmayacaq, çünki bütün şərtləri razılaşdırmışam. Ümumilikdə, kollektiv mənim dəlillərimi nəzərə alıb razılaşdı...

Sonra yeni xahiş oldu: televiziyanın işə düşməsinə kömək edərsinizmi?.. Telestudiya əyninə səhra forması geymiş general Varennikov başda olmaqla hərbçilərlə dolu idi. Jurnalistlərlə söhbət zamanı dedim: "Plenum keçirilib, respublikanın rəhbərliyi dəyişib, xalqın isə bundan xəbəri yoxdur. Respublikanın təzə birinci şəxsinin plenumdakı çıxışını göstərmək olmazmı?" Cavabında dedilər: "Yox, imkan verməyəcəyik. Siz çıxış edin, sonrasına baxarıq". Mən təkid edirdim: "Gəlin, mənim çıxışımı lentə yazın, ancaq siz həmin lenti birinci katibin çıxışından sonra verərsiniz, yoxsa nəsə yaxşı düşmür". Axırda belə də etdilər...

Hə, o vaxt TV ilə çıxışımda dedim: "Mən daha Azərbaycana gəlib onu belə vəziyyətdə görmək istəmirəm. Mən şən, sevincli günlər yaşayan Azərbaycana gəlmək istəyirəm. Ümid edirəm ki, bu küçələrdə əvvəllər olduğu kimi yenə xoşbəxt insanları görəcəyəm..."

Oljas Süleymenov Bakıda gördüklərindən dəhşətə gəldiyini Moskvada xalq deputatlarına ürək ağrısı ilə danışırdı. Bakı hadisələrinə siyasi və hüquqi qiymət verilməsini tələb edirdi. Onun fəal iştirakı ilə SSRİ Ali Sovetinin sessiyası Bakıya hərbi təcavüzün nəticələrini araşdırmaq üçün xüsusi deputat komissiyası yaratmışdı.

 

 

Telman ƏLİYEV

 

Xalq qəzeti.- 2012.- 20 yanvar.- S. 4.