Azərbaycan musiqi sənətinin canlı əfsanəsi

 

Müsahibimiz görkəmli bəstəkar Arif Məlikovdur

 

Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi, keçmiş SSRİ-nin və Azərbaycanın xalq artisti Arif Məlikovun professional Azərbaycan musiqisinin dünya miqyasında təbliği sahəsindəki xidmətləri əvəzsizdir. Xalqımızın düşüncə və təfəkkür xəzinəsindən faydalanan və onu öz yaradıcılığında böyük ustalıqla tətbiq edən bu sənətkar çox tez məşhurlaşmışdır. 1961-ci ildə "Məhəbbət əfsanəsi" baleti Leninqrad Opera və Balet Teatrında tamaşaya qoyulanda A.Məlikovun hələ 28 yaşı tamam olmamışdı. Böyük türk şairi Nazim Hikmətin librettosuna bəstələnmiş bu əsər o zamankı sovet xoreoqrafiyasında əsl hadisə kimi qiymətləndirildi və tezliklə dünyanın bütün qitələrini dolaşmağa başladı. Azərbaycan musiqisinin ecazkar melodiyası Nyu-York, Paris, Tokio, London, Belqrad, Vyana, Pekin... teatrlarının geniş salonlarında səsləndirildi. Ümumiyyətlə, "Məhəbbət əfsanəsi" baleti indiyədək dünyanın 65 teatrında böyük uğurla tamaşaya qoyulmuş, müəllifinə və onun candan artıq sevdiyi Azərbaycana bol-bol tamaşaçı alqışı qazandırmışdır.

 

Arif Məlikov daha iki baletin, 8 simfoniyanın, 7 simfonik poemanın, 1 operettanın, 50-dən çox mahnının, bir neçə romansın, kantatanın, süitanın müəllifidir. O, ilhamlı yaradıcılığını bu gün də davam etdirir. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Heydər Əliyev mükafatı və dövlət mükafatı laureatı, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kafedra müdiri Arif Məlikovun sənəti dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirilmiş, o, bir neçə orden və medalla, o cümlədən xarici dövlətlərin mükafatları ilə təltif olunmuşdur. Ancaq Arif müəllim müstəqil Azərbaycanın ali ordenini - ulu öndər Heydər Əliyevin şəxsən təqdim etdiyi "İstiqlal" ordenini özü üçün ən böyük mükafat hesab edir.

Həmişə sakit və təmkinli, ağır təbiətli bir insan olan Arif Məlikov 1990-cı ilin yanvarında xalqımızın başına gətirilən müsibətlərə laqeyd qala bilmədi. Əsl vətəndaş mövqeyindən çıxış edərək SSRİ xalq deputatı kimi ölkənin o vaxtkı rəhbərliyinin riyakar siyasətini cəsarətlə ifşa etdi. Yəqin ki, orta nəsil televiziya tamaşaçıları SSRİ xalq deputatlarının sessiyasında mətin addımlarla tribunaya qalxan, M.Qorbaçovun və onun əlaltılarının etirazlarına məhəl qoymadan 20 Yanvar faciəsi ilə əlaqədar Azərbaycan deputat qrupunun bəyanatını oxuyan Arif Məlikovu yaxşı xatırlayırlar. Onun təkidi ilə bütün salon Bakı faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdi.

 

- Arif müəllim, o vaxt tribunaya çox hiddət və qəzəblə qalxdınız. Bu, səsinizin ahəngindən də aydın hiss olunurdu...

- Azərbaycan xalqının başına çox ağır müsibətlər gətirilmişdi və bu dəhşətli hadisələr bir an da olsun bizi - Azərbaycan deputat qrupunun üzvlərini rahat buraxmırdı. Həmin çıxışda M.Qorbaçovun və keçmiş SSRİ-nin digər rəhbərlərinin əleyhinə tənqidi fikirlər səsləndirdim. Mən əvvəllər də M.Qorbaçovu tənqid etmişdim və onu "qatil" adlandırmışdım. Hələ 1988-ci ildə Siyasi Büroda Azərbaycan və Ermənistan deputat qruplarının birgə görüşü oldu. Mən o vaxt M.Qorbaçova dedim ki, Azərbaycan xalqının başına gətirilən bu bəlaların əsas günahkarı sizsiniz və vaxt gələcək tökülən bu günahsız qanlara görə siz cavab verəcəksiniz.

Mən bunları deməliydim. Bir azərbaycanlı, bir deputat kimi susmağa haqqım yox idi. Həm də o vaxt tək mən yox, SSRİ Ali Sovetinin deputatı olan digər yoldaşlarım da çox kəskin çıxışlar edir, öz etirazlarını bildirirdilər. M.Qorbaçov bir dəfə bizim deputat qrupunun üzvlərini qəbul edəndə dedi ki, mən hamınızla dil tapıb danışa bilərəm, ancaq bəstəkar Arif Məlikovla dil tapmaq mümkün deyil. Çünki o, çox inadkar adamdır və dediyinin üstündə möhkəm dayanır. Həqiqətən də o dövrdə həm Bakıda, həm də Moskvada - SSRİ Ali Sovetinin sessiyasında siyasi diskussiyalarda fəal iştirak edirdim. Moskva Universitetində çıxışlar edir, moskvalılarla görüşüb respublikamızda törədilən dəhşətləri onlara çatdırmağa çalışırdım.

Heç şübhəsiz, bütün bunlar o vaxtkı dövlət rəhbərlərinin xoşuna gəlmirdi. Mən Ali Sovetin tribunasından D.Yazova dedim ki, sən bir neçə ay əvvəl general idin, Azərbaycanda günahsız insanları qətlə yetirəndən sonra marşal rütbəsini aldın. Nə qədər gizlətməyə çalışsan da o paqonlardan həmişə qan damcılayacaq.Tökdüyünüz qanlar üçün siz də cavab verəcəksiniz.

O günlərdə minlərlə adamı həbsxanalara salmışdılar. Onları incidir, işgəncə verirdilər. SSRİ Ali Sovetinin deputatı kimi - qadın olmasına baxmayaraq Adilə xanım Namazova da həmişə bizimlə idi - tez-tez həbsxanalara gedir, günahsız tutulanların azad olunmalarına çalışırdıq. 20 Yanvar hadisələri zamanı zərər çəkmiş yaralılara baş çəkirdik. İndi də təəccüb edirəm ki, o vaxt bütün bunlara necə vaxt çatdıra bilirdik. Bakıda komendant saatı tətbiq olunurdu. Mən və deputat yoldaşlarım heç nədən çəkinmədən lazımi yerlərə gedirdik. Bu işlərin görülməsində SSRİ Ali Sovetinin deputatı olmağımız köməyimizə çatırdı, deputat vəsiqəsi çox bağlı qapıları açırdı.

İndi bütün bunlar tarixə çevrilib. Ancaq bəzi ailələr üçün 20 Yanvar hadisələri heç vaxt unudulmayacaq, qan verən yara kimi həmişə sızlayacaq.

- Həmin çıxışdan sonra sizə qarşı münasibətdə bir dəyişiklik hiss edirdinizmi?

- Bilirsiniz, o günlərdə mənə göstərilən münasibətə heç fikir vermirdim. Sadəcə, öz vətəndaşlıq, insanlıq borcumu yerinə yetirirdim. Mən heç vaxt vəzifə kürsüsündə oturmamışam. 1958-ci ildən konservatoriyanın müəllimi olmuşam və həmişə də haqqa, ədalətə söykənmişəm, arxamda xalqın gücünü hiss etmişəm. Bir də heç şübhəsiz, əsərlərimin xarici ölkələrdə səslənməsi köməyimə çatıb. Yoxsa məni çoxdan məhv edərdilər.

O dövrdə "Mən ittiham edirəm" adlı bir kitabım da nəşr olundu. Həmin kitabda çox həqiqətləri oxuculara çatdırmağa çalışmışam, kömək etdiyimiz adamların əksəriyyətinin adı orada verilib. Mən istəyirdim ki, onların adları tarixdə qalsın. İndi həbsxanalardan çıxardığımız gənclərin çoxu yaşayır. Ata-anaları ilə qarşılaşanda sonsuz mninətdarlıqlarını bildirir, övladlarını onlara qaytardığımız üçün təşəkkür edirlər.

- 20 Yanvar hadisələri xalqımıza qarşı törədilən bir vandalizm aktı idi. Bu sizin yaradıcılığınızda hansı formadasa bədii həllini tapıbmı?

- Konkret olaraq 20 Yanvar faciəsinə aid əsər yazmamışam. Ancaq həmin hadisədən sonra qələmə aldığım bütün əsərlərdə həmin faciənin izləri var. Hərdən məndən soruşurlar ki, əsərlərinin kədər yükü nə üçün bu qədər ağırdır. Nə etmək olar, biz ancaq xoşbəxt günlər yaşamırıq. Azərbaycanımızın kədərli günləri çox olub. Bundan başqa, əgər Afrikada insanlar acından ölürsə, bunun mənə dəxli yoxdur? Bizim hər brimizin şəxsi faciəmizdən əlavə digər insanların da faciələri var. Onlar da bizi kədərləndirir, məyus edir. Bu gün ərəb ölkələrində yüzlərlə insan ölürsə, İraqda, Əfqanıstanda, Pakistanda terror aktlarında günahsız insanlar qırılırsa, bunlara biganə qalmaq mümkün deyil axı...

- Sizin peşəkar musiqiyə gəlişinizdə, şübhəsiz ki, ananızın mühüm rolu olub. Bəs dünyaşöhrətli bir bəstəkar kimi yetişməyinizdə kimlərin xidmətlərini qeyd etmək istərdiniz?

- Təbiidir ki, hər bir valideynin övladları qarşısında həm borcu, həm də tələbi var. Mənim bir bəstəkar və insan kimi formalaşmağımda anamın yeri və zəhməti çox böyük olub. Atam hərbçi olub, anamsa ədəbiyyatçı idi, uşaq yaşlarımdan onun ədəbiyyat, şeir-sənətlə bağlı söhbətlərini böyük həvəslə dinləmişəm. Anam həm də gözəl kamança çalardı. Düzgün ailə tərbiyəsi yəqin ki, mənim həyat yolumu müəyyənləşdirib.

İnsanın formalaşmasında ətraf mühitin da təsiri böyükdür. Bizim gənclik illərimizdə Azərbaycanda gözəl musiqi mühiti vardı. Dahi Üzeyir bəy hələ sağ idi. 1948-ci ildə A.Zeynallı adına musiqi məktəbinin tar sinfinə qəbul olundum. Üzeyir bəy o zaman çoxları üçün, o cümlədən gələcəyin musiqiçiləri olacaq bizlər üçün canlı əfsanə idi. Bir dəfə onun konservatoriyadan çıxıb getdiyini gördüm və istər-istəməz üzünü yaxından görmək üçün dalınca düşdüm. Onu ötüb keçmək və yandan da olsa üzünə baxmaq istəyirdim. Gözümə heç nə görünmürdü, nəzərlərim ancaq Üzeyir bəyə dikilmişdi. Birdən orta yaşlı bir kişi ilə bərk toqquşdum, onun məni acılamasına baxmayaraq üzr istəyib yoluma davam etdim və Üzeyir bəyin nurlu çöhrəsini kənardan görəndən sonra dünyanın ən xoşbəxt adamı kimi geri döndüm.

...İkinci görüşümüz onun izdihamlı dəfn mərasimində oldu. Mən bir neçə məşhur adamların vida mərasimlərində iştirak etmişəm. Ancaq Üzeyir bəyin dəfn mərasimi onların heç birinə bənzəmirdi. Bu mərasim böyük sənətkara ümumxalq məhəbbətinin əsl təzahürü idi. Dəfn karvanının bir ucu Fəxri Xiyabanda, bir ucu da Elmlər Akademiyası binasının qarşısında idi.

Konservatoriyada oxuduğum illərdə görkəmli bəstəkarımız Qara Qarayevdən 5 il dərs almışam. İndi tez-tez bu böyük sənətkarı hədsiz minnətdarlıq hissi ilə yad edirəm. O dövrdə Azərbaycan musiqisini şöhrətləndirən bir böyük şəxsiyyət də vardı - Niyazi. Onunla ünsiyyəti mən özüm üçün böyük məktəb hesab edirəm. Niyazi çox böyük dirijor, eyni zamanda, çox böyük bəstəkar idi. O, "Xosrov və Şirin" operasının, "Çitra" baletinin, "Rast" kimi simfonik poemanın müəllifi idi...

- Sizin böyük rus bəstəkarı Dmitri Şostakoviçlə də sıx əlaqəniz olub...

- D.Şostakoviç böyük bəstəkarımız Qara Qarayevin müəllimi olub. Sonra həyat elə gətirdi ki, Leninqradda "Məhəbbət əfsanəsi" baletini səhnəyə qoyanda bu dahi bəstəkarla görüşməli oldum. Uzun müddət bir oteldə qalırdıq və onun təşəbbüsü ilə hər gün yeməyimizi birlikdə yeyirdik.

"Məhəbbət əfsanəsi" baletinin ilk tamaşaçı haqqında resenziyanı da D.Şostakoviç yazdı. Bu vaxta qədər minlərlə resenziya yazılıb, ancaq onların ən dərini və ən mükəmməli D.Şostakoviçin yazdığı resenziyadır. O mənə deyirdi ki, "Sən mənim sənətdə nəvəmsən". D.Şostakoviç Q.Qarayevə dərs demişdi, mən də Q.Qarayevdən dərs almışam. Q.Qarayevin çox tələbələri olub. Həmin tələbələr arasında D.Şostakoviç təkcə mənə nəvə deyib, həmişə də böyük qayğı və diqqət göstərib. Bir dəfə Leninqrad Bəstəkarlar İttifaqının plenumu keçirilirdi. Çıxışının sonunda zala müraciətlə dedi: "Yoldaşlar, sabah Marinski teatrında mənim nəvəm Arif Məlikovun baleti göstəriləcək, hamınızı ora dəvət edirəm".

D.Şostakoviç çox səmimi insan idi. Birincisi, dahi bəstəkar idi. Sonra da çox böyük şəxsiyyət idi. Xoşbəxtəm ki, onunla dəfələrlə görüşmüşəm, ünsiyyətdə olmuşam. Mən 2-ci sinfoniyamı bu dahi insana həsr etmişəm. Bu əsər radioda səslənəndə D.Şostakoviç xəstəxanada yatırdı. Əlində əsərin partiturasını tutaraq qulaq asmışdı və mənə səmimi bir məktub yazmışdı: "Bu gözəl musiqi əsəri münasibətilə müəllifi təbrik edirəm. Əsəri mənə həsr etdiyinə görə fəxarət hissi keçirir və sevinirəm".

Bu yaxınlarda "Məhəbbət əfsanəsi" baletinin tamaşaya qoyulmasının 50 illiyi tamam oldu. Yarım əsrdən çoxdur ki, bu əsər dünyanın məşhur teatrlarının səhnəsində sevilə-sevilə tamaşaya qoyulur. Maraqlıdır ki, Moskvada 50 illik yubiley tədbirində də tamaşanı onu ilk dəfə səhnəyə qoymuş Leninqradın Marinski teatrı gəlib göstərdi. Tamaşa azərbaycanlı biznesmen Araz Ağalarovun tikdirdiyi 5500 nəfərlik möhtəşəm teatr binasında keçirildi. Sənətsevərlərin xahişi ilə əsər bir neçə dəfə göstərildi. Fikir verirdim, hər dəfə də salonda bir dənə belə boş yer olmurdu.

Hərdən mənə deyirlər ki, ürəyin niyə ağrıyır? Mən üç baletin müəllifiyəm. Onların heç biri Azərbaycan səhnəsində tamaşaya qoyulmayıb. "Məhəbbət əfsanəsi" baleti 50 ildən çoxdur ki, dünyanın ən məşhur teatrlarında oynanılır, ancaq Azərbaycanda bir dəfə də olsun tamaşaya qoyulmayıb. Bu gün səhər mənə Ukraynadan zəng vurmuşdular, "Məhəbbət əfsanəsi" baletini yeni quruluşda tamaşaya qoymaq istəyirlər. Bilirsiz, həyatda sevinclə kədər həmişə qoşa addımlayır. Mənim üçün çox ağırdır ki, bu gün ukraynalı, özbək, rus və s. gedib "Məhəbbət əfsanəsi"nə baxır, mənim öz həmvətənim isə ona həsrət qalıb.

Mənim özümə qalsa, heç bir çətinlik yoxdur. Nəvəmi də götürüb getdim Moskvaya və Marinski teatrında "Məhəbbət əfsanəsi"nə baxıb qayıtdım. Mən istəyirəm ki, mənim həmvətənlərim də bu bayramı yaşasınlar. Onu da deyim ki, bu arzuda olanların sayı minlərlədir. Görüşlərdə, ünvanıma gələn məktublarda təəssüflənərək soruşurlar ki, bu əsərə Bakıda nə vaxt baxa biləcəklər...

Digər tərəfdən də ölkə rəhbərliyindən həmişə böyük diqqət və ehtiram görmüşəm. Müstəqil Azərbaycanın ən ali mükafatı olan "İstiqlal" ordeni, Heydər Əliyev mükafatı ilə təltif olunmuşam. Yaradıcılığıma yüksək səviyyədə qayğı göstərilir. Ancaq əlaqədar təşkilatlardan bir soruşan da yoxdur ki, bəs bu əsərlər sadə azərbaycanlı tamaşaçısına nə vaxt çatdırılacaq. Bizim mətbuatımız da fəal deyil. Bir dəfə görməmişəm ki, bir mətbuat orqanı bu haqsızlığa öz etirazını bildirsin...

- "Məhəbbət əfsanəsi" baletinin belə uzunömürlü olmasının səbəbini nədə görürsünüz?

- Bu balet başlayanda orkestr beş dəfə güclü akkord çalır. Hər akkord bu baletin yaradıcılarından birinə həsr olunub. Birinci zərb N.Hikmətin şərəfinə, ikincisi xoreoqraf quruluşu üçün Yuri Qriqoroviçin, üçüncüsü səhnə qrafikası üçün Simon Virsaladzenin, dördüncüsü dirijor Niyazinin və beşincisi bəstəkarın şərəfinə vurulur.

Təbii ki, musiqi əsərində əsas sima musiqinin müəllifidir. Səhnə əsəri sintetik yaradıcılığın məhsulu olduğuna görə onun uğurunda liberetta müəllifinin, rəssamın, xoreoqrafın və dirijorun da eyni dərəcədə payı var. "Məhəbbət əfsanəsi"nin bəxti onda gətirib ki, müəlliflər öz üzərlərinə düşən işi böyük müvəffəqiyyətlə yerinə yetiriblər. 50 il ərzində "Məhəbbət əfsanəsi" baleti müxtəlif ölkələrdə müxtəlif millətlərin nümayəndələri tərəfindən tamaşaya qoyulub, hamısı da bir-birindən maraqlı və baxımlı...

Deməli, məsələ ondadır ki, sən elə əsər yazmalısan ki, teatrlar o əsəri axtarsınlar, o əsərə ehtiyac olsun. ABŞ teatrı Moskvanın Böyük Teatrını bu şərtlə Amerikaya dəvət edir ki, onun repertuarında mütləq "Məhəbbət əfsanəsi" baleti olsun. Moskvanın Böyük Teatrı özünü yaşatmaq üçün məcbur olub bu əsəri də yaşadır.

- Söhbətlərinizin birində xatırlamısınız ki, Nazim Hikmət "Məhəbbət əfsanəsi" baletinin dünyanın məşhur teatrlarında, o cümlədən İstanbulda tamaşaya qoyulmasını çox arzulayırdı. Bu əsərin İstanbulda N.Hikmətin ölümündən sonra tamaşaya qoyulmasını necə xatırlayırsınız?

- Mən xoşbəxt adamam ki, D.Şostakoviç mənə nəvə, Nazim Hikmət oğul deyirdi. İlk tanışlıqdan o vəfat edən günə qədər biz sıx təmasda olmuşuq. Sağlığında Moskvada, Leninqradda "Məhəbbət əfsanəsi" baletinin bütün tamaşalarına dostları ilə birlikdə baxardı. N.Hikmət əsl türk idi və Türkiyəni ürəkdən sevirdi. Bir dəfə Moskvada onun evində idik. Dostları ilə birlikdə tamaşadan qayıtmışdı. Nədənsə çox təsirlənmişdi: "Oğlum - dedi, - bir gün gələcək, bu balet sevgili şəhərim İstanbulda da gedəcək. Sən onu görəcəksən, ancaq mən görməyəcəyəm". Dedi və yaşlı gözləri yol çəkməyə başladı. İki ildən sonra N.Hikmət vəfat etdi.

Onun vəfatından xeyli sonra - 1979-cu ildə "Məhəbbət əfsanəsi" baletinin Türkiyədə tamaşaya qoyulması ilə bağlı dəvət aldıq. İlk tamaşanı Ankarada hazırladıq. Tamaşaya iki gün qalmış dedilər ki, libretto müəllifi kimi N.Hikmətin adı afişalardan çıxarılmalıdır. Mən qəti etiraz etdim, 6 ay gərgin işləməyimizə baxmayaraq Bakıya döndüm.

İki ildən sonra Türkiyə hakimiyyətində dəyişiklik oldu və məni təzədən dəvət etdilər. Tamaşa böyük müvəffəqiyyətlə keçdi. Sonra mən dedim ki, N.Hikmətin ən böyük arzularından biri bu əsərin İstanbulda tamaşaya qoyulması idi. Ölkə Prezidenti göstəriş verdi və onu İstanbula gətirdik. Bir neçə ildən sonra İstanbulun öz teatrında, İzmirdə "Məhəbbət əfsanəsi" baletini tamaşaya qoyduq.

- Siz həm də ciddi musiqi janrı olan simfoniyalar müəllifi kimi də tanınırsınız. Son illərdə bu sahədə hansı yenilikləriniz var?

- Sonuncu - 8-ci simfoniyamı ulu öndərimiz Heydər Əliyevə həsr etmişdim. Sox təəssüflər olsun ki, bu əsər onun vəfatından sonra səsləndirildi. 8-ci simfoniyanın da orta hissəsində çoxlu kədərli məqamlar var. Ancaq sonluğu nikbin notlarla bitir. Arzu edirdim ki, simfoniya bitəndən sonra zalda tam sükut olsun. Nəzərdə tutduğumdan da artıq sükunət yarandı və deməli, mən istədiyimə nail olmuşdum...

8-ci simfoniya Bakıda bir neçə dəfə səsləndirilib. İndi istəyirəm ki, 7-ci və 8-ci simfoniyaları birlikdə Türkiyədə ifa edək. 7-ci simfoniya İhsan Doğramacıya həsr olunub. Bu iki şəxsiyyət yaxın dost idilər. İstəyirəm ki, onlara həsr olunmuş əsərlər bir gecədə səslənsin.

- Müasir gənclik barədə nə demək istərdiniz? Onların arasında sabahın Üzeyir bəylərini, Qara Qarayevlərini, Arif Məlikovlarını görürsünüzmü? Ümumiyyətlə, müasir gəncliyə hansı tövsiyələriniz var?

- Sizdən əvvəl bu auditoriyada gələcəyin bəstəkarlarından imtahan götürürdüm. İstedadlı gənclərimiz çoxdur. Deyə bilmərəm ki, onların hamısı məşhur sənətkarlar olacaqlar. Ancaq onların arasında, heç şübhəsiz, Azərbaycan musiqisini qabağa aparacaq istedadlar var. Bu yaxınlarda Qəbələdə musiqi festivalı keçirildi. Bir axşamda üç tələbəmin fortepiano konserti səsləndi. Bu o deməkdir ki, istedadlı gənclərimiz çoxdur. Ancaq bu istedadların inkişafına mane olan amillər da az deyil. 9 il konservatoriyada, 11 orta məktəbdə təhsil alan gənc ailə qurmalı, evlənməlidir. Onun maddi durumu çətin olanda yaradıcılıq uğurları da arzu olunan səviyyədə olmayacaq. Gündəlik ehtiyacları haqda fikirləşməyə məcbur olacaq. Ölkəmizdə istedadlı gənclərə böyük qayğı göstərilir, ancaq fikirləşirəm ki, bu qayğı daha da artırılmalıdır.

Bir də istedadla zəhmət yarıdır. Ən istedadlı insan belə yorulmadan, inadla öz üzərində işləməlidir. Şəxsən mən gənclik illərində hər gün 18-20 saat işləyirdim. Təəccüblənirdilər ki, bəs sən nə vaxt dincəlirsən. Mənim dincəlməyim üçün 3-4 saat bəs edirdi. Adam ürəkdən bağlandığı işlə məşğul olanda vaxt, zaman məfhumunu unudur. İndinin özündə də istirahətə çox az vaxt ayırıram. Musiqi ilə bərabər sənətin digər sahələri ilə maraqlanıram. Milli və dünya ədəbi proseslərini, rəssamlıq və teatr aləmində baş verən yenilikləri maraqla izləyirəm. Bu prosesdən bir gün kənar düşəndə elə bil ki, nəyisə itirmişəm. Müasir gəncliyə də belə ömür arzulayıram. Onlar bir həqiqəti bilməlidirlər ki, şöhrətə gedən yol gərgin zəhmətdən, inadlı mübarizədən keçir.

 

 

Müsahibəni apardı: Əlipənah BAYRAMOV

 

Xalq qəzeti.- 2012.- 26 yanvar.- S. 6.