Hər zaman və hər yerdə etimadı doğrultmaq əzmi ilə...

 

Görkəmli alim-ekoloq, Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, akademik Qərib Şamil oğlu Məmmədov müasir Azərbaycan torpaqşünaslıq, torpaq ekologiyası elminin görkəmli nümayəndələrindən biridir. Onun 45 ildən çox davam edən zəngin elmi fəaliyyəti torpaqşünaslıq elminin ayrı-ayrı aktual istiqamətlərini, o cümlədən torpağın coğrafi yayılması, onun bonitirovkası, ekoetikası, hərbi topoqrafiyası, geodeziyası, yerquruluşus. sahələri əhatə edir.

Həyatının mənasını elmə, dövlətçiliyimizə xidmət etməkdə görən Qərib Məmmədov 1970-ci ildə indiki Azərbaycan Dövlət Pedoqoji Universitetinin coğrafiya-biologiya fakültəsini bitirdikdən sonra fəaliyyətini, məhz o illərdə elmin ən mürəkkəb sahələrindən biri olan, Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Eroziya Sektorunda başladı. Şübhəsiz ki, bu elm ocağında Vladimir Volobuyev, Həsən Əliyev, Məmməd Emin Salayev, Kazım Ələkbərov kimi elm xadimlərinin əhatəsində çalışmaq, onun torpaqşünas-alim kimi formalaşmasında böyük rol oynamışdır.

Elmə olan böyük həvəsi və bu çətin fəaliyyət sahəsində bütün bilik və məsuliyyətini səfərbər etmək qabiliyyətinə malik Qərib Məmmədov 1978-ci ildə namizədlik dissertasiyasını, 1991-ci ildə isə doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir. O, Azərbaycanda ekologiya ixtisası üzrə elmlər doktoru elmi dərəcəsinə və professor elmi adına layiq görülmüş ilk alimdir.

Görkəmli torpaqşünas-alim, akademik Q.Məmmədov uzun bir zaman - 1972-96-cı illər ərzində Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunda çalışmış, bu möhtəşəm elm ocağında elmi işçidən laboratoriya rəhbəri və institutun direktoru vəzifəsinə yüksəlmişdir.

Akademik Qərib Məmmədov uzun illər ərzində Azərbaycanın torpaq ehtiyatları və onlardan səmərəli istifadə olunması, torpaq örtüyü quruluşunun qiymətləndirilməsi, deqradasiya olunması, torpaqların qiymətləndirilməsi, Azərbaycan torpaqlarının aqroekoloji xüsusiyyətlərinin və bonitirovkasının öyrənilməsi, ilk dəfə Azərbaycan Respublikası torpaqlarının ekoloji qiymət xəritəsinin tətbiqi, torpağın iqtisadi (pulla) qiymətləndirilməsinin elmi əsasları, torpaq münbitliyinin konseptualriyazi modelləşdirilməsi, Azərbaycan torpaq kadastrının rayonlaşdırılması və monitorinqi, Azərbaycan torpaq atlası, meşəaltı torpaqların qorunması məqsədilə bərpa olunan enerji (əsasən külək və günəş) mənbələrindən istifadənin ekoloji qiymətləndirilməsi və s. sahələrdə apardığı elmi araşdırmaları 50-yə yaxın sanballı elmi əsərdə, 600-dən artıq elmi məqalədə öz əksini tapmışdır. Görkəmli alim 50-dən çox elmlər namizədi və elmlər doktorunun hazırlanmasına bilavasitə rəhbərlik etmişdir.

Qərib Məmmədovun elmi avtobioqrafiyasına nəzər salsaq görərik ki, son 10 ildə onun təhsilə, elmə və bu sahədə məşğul olan mütəxəssislərə təşrif etdiyi onlarla monoqrafiya, dərslik və atlas ekologiya və torpaqşünaslıq sahəsində uzun illər mövcud olan boşluğu zəngin informasiya və məlumat bazasına çevirmişdir.

Keçən əsrin 90-cı illərinin əvvəlində ikinci dəfə müstəqillik əldə edən ölkəmiz xaricidaxili düşmənlərimizin birgə səyi nəticəsində dağılmaq ərəfəsində olduğu dövrdə xalqımızın tələbi ilə hakimiyyətə gələn ulu öndər Heydər Əliyev üzərinə olduqca çətin və məsuliyyətli missiya götürərək, Azərbaycanı bu bəladan xilas edə bildi. Ölkədə torpaq islahatlarının aparılması zərurəti gündəmə gələndə bu məsul vəzifənin icrası akademik Qərib Məmmədova etibar edildi. 1997-ci il iyunun 25-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı ilə Qərib Məmmədov Dövlət Torpaq Komitəsinin, 18 aprel 2001-ci ildən isə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri vəzifəsinə təyin edildi.

Ulu öndərimiz Heydər Əliyevin torpaq siyasətinin icraçısı kimi Qərib Məmmədov öhdəsinə düşən bu məsul və şərəfli vəzifəni bacarıqla yerinə yetirməklə yanaşı, bir alim olaraq torpaqşünaslıq elminin inkişafı üçün elmi axtarışlarını da davam etdirdi. Bu ərəfədə onun "Azərbaycanda torpaq islahatları", "Azərbaycan torpaqlarının ekoloji qiymətləndirilməsi", "Torpaqların bonitirovkası", "Azərbaycan torpaqlarının bonitirovkası və aqroekoloji xüsusiyyətləri", "Dağ əkinçiliyi üzrə kollektiv topoqrafiya" və digər bu kimi elmi əsaslara söykənən onlarca kitabı nəşr olundu.

Dövlət Torpaq Komitəsi 1992-ci ildən fəaliyyət göstərməsinə baxmayaraq, icra strukturu kimi bütün gücü ilə yalnız 1993-cü ildən işləməyə başladı. 1996-cı ildə dövlət başçısı Heydər Əliyev tərəfindən torpaq islahatlarının gerçəkləşdirilməsi üçün xüsusi əhəmiyyət daşıyan mühüm iqtisadisiyasi qərarların qəbul edilməsindən və "Torpaq islahatı haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Prezident fərmanının 16 iyun 1996-cı ildə qüvvəyə minməsindən sonra Dövlət Torpaq Komitəsi islahatların keçirilməsi üçün kompleks yerquruluşu layihələrinin sənədləşdirilməsi və hazırlanması işlərinə başladı.

Torpaq islahatının uğurla həyata keçirilməsinə hüquqi baza yaratmaq məqsədilə Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən qısa müddət ərzində bir çox qanun, fərman və normativ-hüquqi aktlar imzalandı.

1997-ci ilin ikinci yarısından başlayaraq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində kadrstruktur dəyişiklikləri başladı və bu da torpaq islahatının normativ hüquqi əsaslarla həyata keçirilməsinə böyük təsir göstərdi. Məhz bundan sonra torpaq islahatı böyük sürət götürdü. İslahatla bağlı təbliğat işinin gücləndirilməsi, yerlərdə vətəndaşlara torpaq islahatı qanununun izah edilməsi, onların hüquq və vəzifələrinin aydınlaşdırılması, dövlət, bələdiyyə və özəlləşdirilən torpaqların normaları, torpaq balı və s. məsələlər barədə geniş izahat işlərinin aparılması da müsbət nəticələr verirdi. Xüsusi qeyd etmək lazımdır ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səmərəli işinə daim diqqət və qayğı göstərən Azərbaycan Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə 1998-1999-cu illərdə torpaq kadastrı, monitorinqi və məlumatı mərkəzinə yeni avadanlığın alınması da Dövlət aktlarının çapını və onların payçılara çatdırılmasını bir neçə dəfə sürətləndirdi...

Akademik Qərib Məmmədov təkcə torpaqşünaslıq və aqroekologiya elminin tədqiqatçısı kimi deyil, həm də Azərbaycanda geodeziyakartoqrafiya sahəsində böyük xidmətləri olan alim kimi tanınır.

Məlumdur ki, hər bir dövlətin sərhədlərinin delimitasiyası, demarkasiyası və redemarkasiyası yüksək dəqiqlikli geodeziya ölçmələrinin nəticəsinə istinadən müvafiq təyinatlı xəritələr üzərində əks etdirilir. Ölkənin müdafiəsinin, milli təhlükəsizliyinin, neft-qaz sənayesinin, kənd təsərrüfatının, şəhərsalma, nəqliyyat və digər bir çox sahələr üzrə inkişafında geodeziyakartoqrafiya fəaliyyətinin rolu danılmazdır.

Hələ SSRİ dövründə geodeziyakartoqrafiya fəaliyyətinin Azərbaycan üçün nə qədər mühüm əhəmiyyət daşıdığını nəzərə alan ulu öndər Heydər Əliyev, o zaman respublikada bu xidmət sahəsinin yaradılması üçün SSRİ Nazirlər Soveti qarşısında məsələ qaldıraraq 1970-ci ildə onun müsbət həllinə nail olmuşdu.

Müstəqilliyimizin ilk illərində respublikamızın qarşılaşdığı çətinliklər, həm iqtisadi, həm də siyasi vəziyyət geodeziyakartoqrafiya sahəsinə də mənfi təsir göstərdi. Belə ki, bu cür spesifik bir sahənin komitə kimi formalaşması, strukturların yaradılması və fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, dövlət tərəfindən müvafiq maliyyə dəstəyinin təmin edilməsi məsələlərini o zamankı hakimiyyət təmsilçiləri ilə həll etmək çox çətin idi.

Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizdə vüsət alan dövlət quruculuğu, respublikanın sürətli inkişafı, beynəlxalq və regional layihələrin həyata keçirilməsi geodeziyakartoqrafiya fəaliyyətinin əhəmiyyətini bir daha açıq göstərir və akademik Qərib Məmmədovun rəhbərliyi altında özünün ən dinamik inkişaf dövrünü yaşamağa başlayır. Bu illərdə ölkəmizin sərhədlərinin müəyyən edilməsində, Milli Orduda və digər güc strukturlarında, beynəlxalq statuslu hava limanlarımızda, Dəniz Limanında, su-elektrik stansiyalarımızda, neftqaz kəmərlərinin tikintisində geodeziyakartoqrafiya işlərinin milli kadrlarımızdan ibarət dövlət icra orqanı tərəfindən yerinə yetirilməsi olduqca vacib amillərdən birinə çevrilir.

Torpaqşünaslıq və ekologiya elminin müxtəlif sahələrində danılmaz xidmətləri olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, Milli Elmlər Akademiyasının Aqrar Elmlər bölməsinin akademik-katibi Qərib Məmmədovun "Azərbaycanın iqtisadi-coğrafi rayonlaşdırılması", "Azərbaycan torpaqlarının ekoloji qiymətləndirmə xəritəsi", "Naxçıvan MR-in siyasi-inzibati xəritəsi", "Azərbaycan və həmsərhəd ölkələr", "Dünyanın siyasi xəritəsi", "Dünyanın yarımkürələri", "Dünyanın fiziki xəritəsi", "Azərbaycanın fiziki xəritəsi", "Azərbaycanın zoocoğrafi xəritəsi", "Azərbaycanın siyasi-inzibati xəritəsi", "Azərbaycan Səfəvi dövləti", "Bakının inzibati planı", "Azərbaycanın ümumcoğrafi məlumat xəritəsi" və hətta məktəblilər üçün lazımi atlasların, kontur xəritələrinin hazırlanmasında da böyük zəhməti vardır. Məhz onun rəhbərliyi ilə 2009-cu ildə Azərbaycan və rus dillərində nəşr edilən "Ekoloji atlas" dünyadakı və Azərbaycandakı ekoloji vəziyyəti hərtərəfli təsvir edir. Bu atlasa daxil olan xəritələrdə atmosferin, hidrosferin, litosferin ekoloji problemləri öz əksini tapmışdır.

Bu gün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində Azərbaycan Respublikasının Vahid Torpaq Fondu üzrə bütün informasiyanı əhatə edən məlumat bankı yaradılmışdır. Bundan başqa, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi torpaqların alqı-satqısı və icarəyə verilməsi, dövlət, bələdiyyə və özəlləşdirilmiş torpaqlara dair dövlətlə vətəndaşların münasibətlərinin tənzimlənməsi üzrə icraçı orqan kimi ona tapşırılmış funksiyaları uğurla həyata keçirmişdir.

Akademik Qərib Məmmədovun Azərbaycan təhsilinin inkişafında da xidmətləri az deyil. Bakı Dövlət Universitetində məhz onun təşəbbüsü ilə əvvəlcə torpaqşünaslıq kafedrası, bir müddət sonra isə ekologiya və torpaqşünaslıq fakültəsi yaradılmışdır. Hazırda həmin fakültədə tələbələr bir neçə ixtisas üzrə, o cümlədən torpaqşünaslıq, ekologiya, aqrokimya, yerquruluşutorpaq kadastrı ixtisası üzrə bakalavrmagistr pillələrində təhsil alırlar. Qərib müəllim bu gün həmin fakültəni bitirən savadlı, bacarıqlı və ümidverici gənc mütəxəssislərə də qayğı ilə yanaşır, onların ixtisaslarına uyğun işlə təmin olumasına daim diqqət göstərir.

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə bacarıqla rəhbərlik edən və torpaqşünaslıq elminin inkişafında böyük xidmətləri olan, ölkə başçısı tərəfindən torpaqla bağlı imzalanmış bütün qanun, sərəncam və tapşırıqların, Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi torpaq islahatları siyasətinin yerinə yetirməsi işinin elmi əsaslarla praktiki tətbiqini uğurla davam etdirən, dövlətçiliyimizə sadiq olan akademik Qərib Məmmədov bu gün də ölkə Prezidenti cənab İlham Əliyevin torpaq siyasətini uğurla davam etdirir.

 

 

Mirdaməd SADIQOV,

ADAU-nun rektoru,

 iqtisad elmləri doktoru,

professor

 

Amin BABAYEV,

ADAU-nun kafedra

müdiri, kənd təsərrüfatı elmləri

doktoru, professor

 

Xalq qəzeti.- 2012.- 29 yanvar.-S. 5.