Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır

 

Azərbaycanda həyata keçirilən uğurlu islahatlar və iqtisadi sahədə qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması ölkəmizin dünya birliyindəki nüfuzunu xeyli artırmışdır.Təkcə bir faktı diqqətə çatdırım ki, Azərbaycanın müstəqilliyinin 20 illik tarixi ərzində ən parlaq qələbəsini məhz yola saldığımız 2011-ci ildə qazandı.Böyük fəxr və qürur hissi ilə qeyd etmək istərdim ki,ölkəmiz BMT kimi nüfuzlu bir qurumun Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi.Bu seçkidə Azərbaycana dünyanın 155 ölkəsinin dəstək verməsi ölkəmizin beynəlxalq aləmdə reytinqinin sürətlə artmasından xəbər verir.

Azərbaycanın son illərdəki nailiyyətlərinə nəzər saldıqda bir daha aydın olur ki,ölkəmiz bütün sahələr üzrə inkişaf dinamikasını qoruyub saxlamışdır.Son 8 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfə, dövlət büdcəsi isə 20 dəfəyə yaxın artmışdır.Yola saldığımız 2011-ci ildə qarşıya qoyulan bütün sosial və iqtisadi vəzifələr uğurla icra olunub.Bu da ölkədə həyata keçirilən strategiyanın düzgün müəyyənləşdirilməsinin nəticəsidir.Bütün bunlar barədə Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında geniş məlumat verildi.

Möhtərəm Prezidentimiz İlham Əliyevin ötən ilin yekunları ilə əlaqədar ətraflı məlumat verməsindən sonra bir daha məlum oldu ki, Azərbaycan bütün sahələr üzrə inkişaf tempini qoruyub saxlaya bilmişdir. Ümumu iqtisadi artım 0,1 faiz təşkil etsə də, qeyri-neft sektorunun inkişafı 9,4 faiz olmuşdur. Bu da həm iqtisadi,həm də sosial inkişafa öz təsirini göstərmişdir. Qeyri-neft sektorunun inkişafı yeni iş yerlərinin yaradılmasında da böyük rol oynayıb.Qeyd olunmuşdur ki, ötən il böyük investisiya proqramları icra edilmiş və ilk dəfə olaraq Azərbaycanın bütün valyuta ehtiyatları 41 milyard dollar səviyyəsinə çatmışdır. Bu da imkan verir ki,qarşıdakı illərdə nəzərdə tutulmuş proqram və layihələrin həyata keçirilməsində maliyyə problemləri ilə qarşılaşmayaq.

Hər hansı bir dövlətin nüfuzunun artması, beynəlxalq aləmdə mövqelərinin möhkəmləndirilməsi onun iqtisadi qüdrətindən, maliyyə resurslarından daha çox asılıdır. Bu baxımdan ölkəmiz hər hansı bir layihənin reallaşdırılmasında ciddi problemlə qarşılaşmır. Artıq Azərbaycan özünü tam təmin edən bir ölkəyə çevrilib. Ölkənin valyuta ehtiyatı artdıqca əhalinin sosial rifah halı da yaxşılaşır. Bir faktı diqqətə çatdırım ki,2011-ci ilin dekabrında dövlətimizin başçısı bir-birinin ardınca çoxsaylı sərancamlar və fərmanlar imzaladı. Bunların böyük əksəriyyəti əhalinin həyat səviyyəsinin yüksəldilməsi, sosial müdafiəsinin gücləndirilməsi, əmək haqqlarının artırılması və digər problemlərin aradan qaldırılması ilə əlaqədar idi. Artıq maaşlar, pensiyalar artırılmış, 900 minə yaxın pensiyaçının aldığı pensiya 40 faiz çoxalmışdır. Hazırda 120 min ailə ayda 106 manat sosial yardım alır. Əlbəttə, bu çox böyük bir hadisədir. Mənfur qonşumuz olan Ermənistanda əhali nəinki ünvanlı sosial yardım, heç yaşa görə pensiya ala bilmir. Bizim ölkəmiz də isə aztəminatlı ailələrə dövlət tərəfindən hər cür qayğı göstərilir. Fakt üçün diqqətə çatdırım ki, hazırda Azərbaycanda orta pensiyaların səviyyəsi 180-190 dollar, orta maaş isə 460 dollardır. Bu, MDB məkanında ən yüksək göstəricidir.

Ötən il regionların sosial-iqtisadi inkişafı da diqqət mərkəzində saxlanılan əsas məsələlərdən biri olmuşdur. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının qarşıya qoyduğu vəzifələrin uğurla icra olunması bölgədəki vəziyyəti daha da yaxşılaşdırmış, yeni müəssisələrin açılmasına şərait yaratmışdır. 2011-ci ildə 94 min yeni iş yerlərinin yaradılması da bundan xəbər verir. Bunun 73 mini daimi iş yerləridir. Ümumiyyətlə,2003-cü ildən bu günə qədər ölkədə 1 milyondan artıq yeni iş yeri açılmışdır. B u da işsizlik probleminin aradan qaldırılmasında böyük rol oynamışdır. Dövlət Proqramının qarşıya qoyduğu vəzifələrin uğurlu icrası nəticəsində işsizliyin səviyyəsi 5,4 faizə,yoxsulluğun səviyyəsi isə 7,6 faizə düşmüşdür. Dövlət başçımızın səkkiz il əvvəl xalqa verdiyi vədlər artıq həyata keçirilib.

Nazirlər Kabinetinin iclasında vurğulanmışdır ki, 2011- ci il xalqımızın yaddaşında tarixi nailiyyətlər ili kimi qalacaq. Müstəqilliyimiz dövründə Azərbaycan dünya xəritəsində özünə layiq yer tutmuş, dünya birliyinin mütləq əksəriyyətinin rəğbətini, hörmətini, inamını qazanmışdır.İstər siyasi,istər iqtisadi, istərsə də mədəni sahələrdə qazanılan uğurlar Azərbaycanı dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşmuşdur. Azərbaycan hazırda regionun və Avropanın enerji təhlükəsizliyi məsələlərinin həllində əsas söz sahibi olan dövlətlərdən biridir. Bu gün ölkəmizin iştirakı olmadan regionda hər hansı bir layihənin reallaşdırılması mümkün deyil. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi transmilli neft-qaz kəmərlərinin reallaşdırılması, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata vəsiqə alması artıq Azərbaycanı beynəlxalq miqyasda iri layihələrin reallaşdırılmasında böyük təcrübəsi olan dövlət kimi tanıdıb.

Azərbaycan Prezidenti 2012-ci ildə də qarşıya qoyulmuş vəzifələrin uğurla həyata keçiriləcəyinə əminliyini bildirib. Dövlət başçısı bildirib ki, 2012-ci ildə görüləcək işlər çoxdur:"Hamıdan fəallıq, fədəkarlıq,vicdan və qələbə əzmi gözləyirəm".

Ötən ilin yekunları, qazanılan uğurlar, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi, iqtisadi qüdrətinin artması xalqın gələcəyə olan inamını daha da artırıb. İndi hər bir soydaşımız əmindir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən həyata keçirilən daxili və xarici siyasət Azərbaycanın dünya birliyindəki mövqelərini daha da möhkəmləndirəcək.

 

 

Rüstəm XƏLİLOV,

Milli Məclisin deputatı

 

Xalq qəzeti.- 2012.- 31 yanvar.- S. 4.