Dövlət gənclər siyasəti parlaq gələcəyin təminatıdır

 

Azərbaycanda gənclər məsələsi dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. "Bugünkü gənc sabah ölkəmizi idarə edəcəkdir"-deyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi və dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə kompleks tədbirlər həyata keçirir. Gənclərimiz vətənpərvərlik, azərbaycançılıq, dünyəvilik prinsipləri əsasında tərbiyə olunur.

Bakının mərkəzi rayonu olan Səbaildə də dövlətin gənclər siyasəti uğurla həyata keçirilir. Səbail Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayonda gənclər arasında məqsədyönlü tədbirlər reallaşdırılır.

İdarənin rəisi Vüqar Mürsəlovla görüşümüz zamanı o, rayonun ərazisində yerləşən idarə, müəssisə, təhsil ocaqları və bələdiyyələrlə birgə əməkdaşlıq şəraitində işlədiklərini bildirdi:

- Bakı şəhərinin Xəzər dənizi sahili boyu yerləşən mərkəzi rayonu Səbaili mübaliğə etmədən tarixi və memarlıq abidələrinin əsl xəzinəsi adlandırmaq olar. Təşkil etdiyimiz tədbirlər zamanı rayonumuzun, eləcə də paytaxtın görməli yerləri ilə tanış olan yeniyetmə və gənclərimiz ölkəmizin şanlı tarixi, adət-ənənələrimiz barədə geniş məlumat alır, vətənpərvərlik, milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunurlar. Səbail Rayon Gənclər və İdman İdarəsi "Gənclər siyasəti haqqında" Azərbaycan Respublikasının Qanununu və digər normativ hüquqi sənədləri əldə rəhbər tutaraq bir sıra tədbirlər həyata keçirmiş, əsas diqqət qəbul edilmiş qanunların, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, həmçinin Gənclər və İdman Nazirliyinin və Səbail Rayon İcra Hakimiyyətinin normativ hüquqi sənədlərinin icrasına yönəldilmişdir. Bu tədbirlərin keçirilməsi ilə yanaşı, yaradıcı və istedadlı gənclərin üzə çıxarılması, onlara dövlət qayğısının artırılması, həmçinin gənclərin asudə vaxtlarının səmərəli təşkili daim diqqət mərkəzində olmuşdur.

Müsahibimiz daha sonra bildirdi ki, qan yaddaşımız olan 20 Yanvar facəsinin 22-ci ildönümünü xalqımız bir neçə gün bundan əvvəl böyük ürək ağrısı ilə qeyd etdi. Səbail Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Qanlı Yanvar günü münasibətilə bu rayonda da gənclər arasında bir çox tədbirlər həyata keçirilmiş, tədbirlər çərçivəsində gənclərin Şəhidlər Xiyabanına ziyarəti təşkil edilmişdir. Rayon ərazisində yerləşən ali təhsil və orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında 20 Yanvar faciəsinin XXII ildönümünə həsr olunmuş "Müstəqilliyə gedən yol" mövzusunda inşa yazı müsabiqəsi, rəsm sərgisi yeniyetmə və gənclərin marağına səbəb olmuşdur. Rayon ərazisində yerləşən ali təhsil müəssisələri tələbələrinin, eləcə də rayonun fəal gənclərinin iştirakı ilə bir sıra tədbirlər və anma mərasimləri keçirilmişdir.

Ötən il Xocalı soyqırımı günü münasibətilə rayonun ümumtəhsil müəssisələri şagirdləri arasında "Xocalı harayı" mövzusunda keçirilən rəsm və inşa yazı müsabiqələrində 236, 239 və 91 saylı orta məktəblərin şagirdləri fərqləniblər. Yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, onların ordu sıralarına hazırlanması məqsədilə orta məktəblərin yuxarı sinif şagirdləri arasında hər il ənənəvi olaraq keçirilən "Şahin" və "Cəsurlar" hərbi idman oyunlarına da rayon məktəbliləri böyük maraq göstərirlər.

Bundan başqa, orta təhsil müəssisələrinin şagirdləri arasında mütəmadi olaraq vətənpərvərlik mövzusunda şeir qiraəti və mahnı müsabiqələri də təşkil edilir. Rayonun hərbi hissələrində də Gİİ-nin təşkilatçılığı ilə vətənpərvərlik mövzusunda toplantılar keçirilmiş və xidmətdə fərqlənən əsgər və zabit heyəti fəxri fərmanlarla təltif olunmuşdur.

Yeniyetmə və gənclər arasında hüquq pozuntuları, narkomanlıq, QİÇS və digər neqativ halların profilaktikası ilə əlaqədar Səbail rayonunda həyata keçirilən tədbirlər təqdirəlayiqdir. Rayonun orta məktəblərində bu məqsədlə təşkil edilən dəyirmi masalar, Narkomaniya Əleyhinə Ümumdünya Mübarizə Günü münasibətilə "Səbail rayon gəncləri narkomaniyaya yox deyir!" mövzusunda toplantıda yüzlərlə gənc iştirak etmişdir. Ötən ilin noyabr ayında orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında "Narkomaniyamüasir həyat tərzi" mövzusunda inşa yazı müsabiqəsi, "Narkomaniya gənclərin gözü ilə" mövzusunda rəsm müsabiqəsi yüksək səviyyədə təşkil edilmişdir.

Ölkəmizin hər yerində olduğu kimi Səbail rayonunda da Gənclər Günü geniş miqyasda qeyd edilir. Ötən il Azərbaycan Gənclərinin I Forumunun XV ildönümü və 2 Fevral - Gənclər Günü ilə əlaqədar gənclərin Fəxri Xiyabanda ümummilli liderimiz Heydər Əliyevin məzarını ziyarəti təşkil olunmuş, ziyarətdən sonra Səbail Rayon İcra Hakimiyyətində "Azərbaycan gəncliyi bu gün" mövzusunda toplantı keçirilmişdir. Bu görüşdə rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə fərqlənən 29 gənc fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunmuşdur.

Rayonda gənclər arasında bədən tərbiyəsi və idmanın təbliğinə, bu sahənin kütləviləşməsinə və inkişafına da xüsusi diqqət yetirilir. Təsadüfi deyil ki, müxtəlif idman növləri üzrə də Səbail rayonunun gəncləri ölkədaxili və beynəlxalq miqyaslı yarışlarda çoxlu uğurlar qazanıblar. Hər il rayonda 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş silsilə tədbirlər təşkil edilir. Ötən il Gİİ-nin "Sağlam bədəndə sağlam ruh olar!" mövzusunda keçirdiyi tədbirdə rayonda bədən tərbiyəsi və idmanın gənclər arasında təbliğində göstərdiyi fəal xidmətlərə və idmanda qazandığı uğurlara görə 20 nəfər idarənin fəxri fərmanları və qiymətli hədiyyələri ilə təltif olunmuşdur.

Səbail rayonunda ənənəvi olaraq əlamətdar günlər, bayramlar münasibəti ilə gənclər arasında bir sıra tədbirlər təşkil edilir. Ötən il ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında "Heydər Əliyev və müstəqil Azərbaycan" mövzusunda inşa yazı müsabiqəsi və bilik olimpiadası keçirilmişdir. Bilik olimpiadasında birinci yeri 190, inşa yazı müsabiqəsində isə Beynəlxalq Təhsil Kompleksinin şagirdləri tutublar. Ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş "Heydər Əliyev və müasir Azərbaycan" mövzusunda tədbir, ali təhsil müəssisələrinin tələbələri arasında "Heydər Əliyev və Azərbaycan gəncliyinin vətənpərvərlik tərbiyəsi" mövzusunda bədii-publisistik əsərlərin müsabiqəsi rayonda gənclər tərəfindən böyük maraqla qarşılanıb.

Xalqımızın milli bayramı olan Novruz bayramı münasibəti ilə orta təhsil müəssisələri arasında "Novruz xonçaları" müsabiqəsində 91, 239 və 50 saylı orta məktəblərin şagirdləri fərqləniblər. Müsabiqəyə təqdim olunan xonçalar hərbi hissələrə paylanılıb. Bununla yanaşı, Novruz bayramı münasibəti ilə hərbi hissələrdə Səbail Rayon İcra Hakimiyyəti ilə birlikdə bayram konsertləri keçirilmiş və hərbi qulluqçulara bayram xonçaları paylanmışdır. Ötən il Səbail Rayon Gənclər və İdman İdarəsi tərəfindən gənclər arasında Türk Dünyasının Həmrəylik Günü münasibəti ilə "Yaşa, Türküm yaşa, yaşa, Turanım yaşa", "Qanımız bir, canımız bir" mövzularında inşa yazı, şeir müsabiqələri, Beynəlxalq Ailə Günü münasibəti ilə "Mənim ailəm" mövzusunda inşa yazı və rəsm müsabiqələri, Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə "Mənim kiçik dünyam" mövzusunda rəsm müsabiqəsi, Müəllimlər Günü münasibətilə orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında "Müəllim müqəddəs varlıqdır" mövzusunda inşa yazı müsabiqəsi, "Konstitusiya əsas qanunumuzdur" mövzusunda bilik yarışması, Müstəqillik Günü münasibətilə "Müstəqilliyimiz qürur mənbəyimizdir" mövzusunda inşa yazı, məqalə müsabiqələri, "Müstəqilliyimiz əbədidir, sarsılmazdır və dönməzdir" mövzusunda dəyirmi masa, Dövlət Bayrağı Günü münasibətilə orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında "Mənim bayrağım" mövzusunda inşa yazı, rəsm və şeir müsabiqələrində yeniyetmə və gənclər öz bacarıqlarını nümayiş etdiriblər.

Ötən il ərzində Gİİ tərəfindən gənclər arasında keçirilən Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir, 26 İyul - Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 17-ci ildönümü ilə əlaqədar tədbir, Beynəlxalq Gənclər Günü münasibətilə toplantı, Bilik Günü münasibətilə müəllimlərin, valideynlərin və şagirdlərin iştirakı ilə görüşlər, Beynəlxalq Sülh Günü ilə əlaqədar "Regionda sülhün bərpa olunmasında beynəlxalq təşkilatların yerirolu" mövzusunda tədbir, Milli Dirçəliş Günü münasibətilə "Dirçəlişdən inkişafa gedən yol" mövzusunda toplantı, Milli Qurtuluş Günü münasibəti ilə "Tariximizin qayıdış səhifəsi" mövzusunda dəyirmi masa, Beynəlxalq Əlillər Günü münasibətilə "Əlillərin cəmiyyətə inteqrasiyası" mövzusunda toplantı, və s. tədbirlərdə yüzlərlə gənc iştirak etmişdir.

Səbail Rayon Gənclər və İdman İdarəsinin rəisi sonda 2011-ci ilin Azərbaycan üçün uğurlu olduğunu və ötən il bütün sahələrdə yüksək inkişafın müşahidə olunduğunu qeyd edərək yeni vəzifələrə də toxundu:

- 2012-ci il qarşımıza daha böyük vəzifələr qoyur. Cəmiyyətin avanqard qüvvəsinə çevrilmiş Azərbaycan gəncliyi bu il səylərini daha da artırmalı, öz üzərinə düşən vəzifələri əzmlə yerinə yetirməyə çalışmalıdırlar. Bu il Avropanın ən böyük musiqi yarışması olan "Eurovision-2012"yə doğma Bakı ev sahibliyi edəcək. Səbail gəncləri, eləcə də paytaxtımızın və respublikamızın hər bir gənci avropalı qonaqları xalqımıza olan qonaqpərvərliklə qarşılamalı və sübut etməlidirlər ki, Azərbaycan gənci, doğrudan da, yüksək mədəniyyətli, müasir gəncdir.

 

 

Leyla QURBANOVA

 

Xalq qəzeti.- 2012.- 31 yanvar.- S. 6.