Müstəqil Azərbaycan
dövlətinin QURUCUSU və XİLASKARI
Azərbaycan xalqı dünya tarixinə neçə-neçə böyük mütəfəkkirlərlə
yanaşı, Cavanşir, Məhəmməd
Cahan Pəhləvan, Qızıl Arslan, Uzun Həsən, Şah İsmayıl Xətai kimi
müdrik dövlət xadimləri də bəxş
etmişdir. Əsrlər keçdikdən
sonra XX yüzillikdə
xalqımız daha bir
qüdrətli şəxsiyyət yetirdi.
Dünyanın Atatürk, Vaşinqton,
Cəvahirləl Nehru kimi
nadir tarixli simaları
sırasında Heydər Əliyev şəxsiyyəti öz layiqli yerini tutdu.
Zəhmətkeş
bir azərbaycanlı ailəsində dünyaya gələn,
sonsuz maneələrdən, çətinliklərdən
keçərək Yer kürəsinin altıda bir hissəsini
əhatə edən SSRİ adlanan nəhəng dövlətin
rəhbərlərindən biri səviyyəsinə yüksələn
Heydər Əliyev, həm də Azərbaycan tarixinə
xilaskar kimi daxil oldu.
Heydər
Əliyev XX yüzilliyin son dərəcə mürəkkəb
və ziddiyyətli tarixi şəraitində fəaliyyət
göstərmiş dahi şəxsiyyətdir. Ən çətin
anda, ən yaxşı çıxış yolu tapmaq
bacarığı Allahın ona bəxş etdiyi vergi, qabiliyyətdir.
O,
sözün həqiqi mənasında, böyük azərbaycanlıdır.
Azərbaycan xalqının misilsiz təəssübkeşi, XX
əsrin 90-cı illərində yenidən müstəqilliyə
qovuşmuş dövlətciliyimizin xilaskarıdır. Həm
də müasir Azərbaycanın qurucusudur.
Heydər
Əliyevin doğma xalqına həsr olunmuş ömür
yolunu aşağıdakı dövrlərə bölmək
olar. Birinci dövr XX əsrin 40-cı illərindən 1969-cu
ildə Azərbaycanın rəhbərliyinə gəlməsinə
qədərki illəri əhatə edir. Hüquq-mühafizə
orqanlarında fəaliyyətə başlayan Heydər Əliyev
son dərəcə ağır maneələri və çətinlikləri
dəf edərək, Azərbaycanda SSRİ-nin əsas dayağı
olan Dövlət Təhlükəsizliyi Komitəsinin sədri
vəzifəsinə qədər yüksəldi. Onun gərgin,
səmərəli və çox çətin şəraitdə
göstərdiyi məqsədyönlü fəaliyyəti nəticəsində
ilk dəfə olaraq xalqımızın övladları təhlükəsizlik
orqanlarında geniş surətdə işə cəlb olunmağa
başladı. O zaman ulu öndər xalqımızın vətənpərvər
oğullarını, milli əhval- ruhiyyəli
ziyalılarını təqiblərdən qorudu və bununla, əslində,
milli oyanışımızın başında durdu.
İkincisi ümummilli liderin Azərbaycana rəhbərliyinin
birinci dövrüdür. 1969-1982-ci illəri əhatə edən
bu dövr müstəqilliyə doğru böyük
dönüş və milli oyanışın
başlanması, doğma xalqa həsr olunmuş çoxsahəli
fəaliyyətlə yaddaşlarda qalmışdır.
Ulu
öndər həmin illərdə min cür maneələri dəf
edərək Sovet hökumətinin Azərbaycanın hərtərəfli
inkişafını təmin edən xüsusi qərarlar qəbul
etməsinə nail oldu.
Heydər
Əliyevin dərindən düşünülmüş
uzaqgörən planları və yorulmaz fəaliyyəti sayəsində
ötən əsrin 70-ci illərində respublika ərazisində
yüzlərlə zavod, fabrik, istehsal sahələri
yaradıldı. Azərbaycanda istehsal olunan 350 adda məhsul
dünyanın 65 ölkəsinə ixrac olunurdu. Həmin illərin
Azərbaycanı nəhəng tikinti meydanını
xatırladırdı. Həmin dövrdə əldə olunan ən
mühüm tarixi nailiyyətlərdən biri də xalqın
uzaq gələcəyini nəzərdə tutan güclü
kadr potensialının, o cümlədən nadir ixtisaslar
üzrə mütəxəssislər ordusunun
yaradılmasına nail olması idi. Buna görə də XX
yüzilliyin 90-cı illərində böyük Sovetlər
Birliyi parçalanarkən məhz Heydər Əliyevin
uzaqgörən, gərgin, səmərəli və cəsarətli
dövlətçilik fəaliyyəti nəticəsində Azərbaycan
müstəqil yaşamağa tamamilə hazır idi.
1982-1987-ci illərdəki dövlətçilik fəaliyyətini əks etdirən üçüncü dövr dahi şəxsiyyətin Sov. İKP MK siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini kimi yüksək vəzifə və geniş səlahiyyətlər əldə etməsi idi. Bu dövrdə Heydər Əliyev sübut etdi ki, heç bir qüvvə onun zəngin, tükənməz və hərtərəfli dövlət idarəçilik istedadının qarşısını almağa qadir deyildir. Böyük idarəçilik səriştəsinə malik olan Heydər Əliyev az müddət içərisində nüfuz sahibi oldu. Həmin dövrdə Heydər Əliyev Siyasi Büroda bütün sovet dövlətini idarə etməyə və onu tənəzzüldən çıxarmağa qadir olan yeganə dövlət xadimi idi. Onun bu qabiliyyətini görən ermənipərəst Qorbaçov Heydər Əliyevi SSRİ rəhbərliyindən uzaqlaşdırdı. Bu, əslində, həmin dövrdə xalqımıza vurulan ən ağır zərbə idi.
1987-1990-cı illəri əhatə edən dövr Heydər Əliyevin Vətən yolunda mücadiləsi dövrüdür.
Həyatının bütün dövrlərində
olduğu kimi, Heydər
Əliyev həmin illərdə də doğma
xalqı üçün
yaşamış, Azərbaycanı düşdüyü
ağır böhrandan çıxarmaqdan
ötrü bütün
qüvvəsini sərf etmişdir. Lakin o zaman Azərbaycana
başçılıq edən səriştəsiz rəhbərlərin
Moskva qarşısındakı mütiliyi və xəyanətkar siyasəti nəticəsində
Azərbaycan xalqı bu dövrdə öz böyük oğlunun zəka potensialından məhrum edilmişdi.
1990-1993-cü
illəri əhatə edən dövr Heydər Əliyevin Azərbaycan
naminə mübarizə yolunda xüsusi yer tutur. Həmin
vaxt Azərbaycanın müstəqilliyi təhlükə
altında idi. Vətənin
ümid çırağı yalnız
Heydər Əliyev idi. 1990-cı il yanvarın 21-də həyatını təhlükə
qarşısına qoyaraq Azərbaycanın
Moskvadakı daimi nümayəndəliyinə
gəlib doğma xalqına
başsağlığı verən, Bakıda kütləvi
qırğın törədənlərin cəzalandırılmasını tələb edən Heydər
Əliyev, əslində, doğma xalqının
qurtuluş mübarizəsinin önünə
keçdi. 1990-cı il
iyun ayının 20-də Bakıya gələn,
lakin o vaxtkı rəhbərlik
tərəfindən qısqanclıqla qarşılanan Heydər
Əliyev 2 gün sonra
Naxçıvana getməli oldu. Heydər Əliyev Naxçıvanda bütün
Azərbaycanın qurtuluş mübarizəsinə
o zaman milli
müstəqilliyimizin ilk addımları da məhz Naxçıvanda atıldı. Muxtar Respublikanın adından “sovet”
və “sosialist” sözlərinin
çıxarılması, Naxçıvan Ali
Sovetinin Milli Məclis
adlandırılması, Azərbaycan Xalq
Cümhuriyyətinin bayrağının ilk dəfə Naxçıvan Muxtar
Respublikasının bayrağı kimi qəbul
edilməsi və qaldırılması, Kommunist
Partiyası yerli orqanlarının fəaliyyətinin
dayandırılması SSRİ-nin
saxlanılması barədə referendumdan
imtina edilməsi, 1990-cı ilin 19-20 yanvar faciəsinə
siyasi qiymət verilməsi, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün
qeyd edilməsi barədə tarixi qərarlar çıxarılması, Yeni Azərbaycan Partiyasının
yaradılması, ulu öndərin Azərbaycanın
xilası naminə, xalqın tələbi və istəyi ilə
Yeni Azərbaycan Partiyasına rəhbərlik
etməyə razılıq verməsi dahi
siyasətçinin böyük siyasətə
qaydışının əsasını qoydu.
1992-ci
ilin noyabrın 21-də Naxçıvan şəhərində
Yeni Azərbaycan Partiyasının təsis konfransı
keçirildi. Azərbaycanın müasir
taleyində mühüm rol
oynayan Yeni Azərbaycan
Partiyası yaradıldı. Bütün
varlığı, fəaliyyəti ilə xalqa
bağlı olan böyük
dövlət xadimi Heydər Əliyev
partiyanın sədri seçildi.
1993-cü
ilin may-iyun aylarında hökumət böhranının son dərəcə
kəskinləşməsi ilə ölkədə vətəndaş
müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi
yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə
gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o
zamankı rəhbərləri Heydər Əliyevi rəsmən
Bakıya dəvət etməyə məcbur oldular.
Heydər Əliyev 1993-cü il
iyun ayının 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də
işə Milli Məclisinin qərarı
ilə Azərbaycan Respublikası Prezidentinin
səlahiyyətlərini həyata keçirməyə
başladı. 1993-cü il oktyabr ayının 3-də Azərbaycan
Respublikası Prezidenti seçildi.
Heydər
Əliyevin respublika rəhbərliyinə bu böyük
qayıdışı siyasi-iqtisadi böhran içində
boğulan Azərbaycanı böyük fəlakətlərdən
xilas etdi. Müdrik rəhbərin qısa zaman kəsiyində
həyata keçirdiyi tədbirlərlə
cəbhə xəttində atəşkəsə nail olundu, qanunsuz
silahlı dəstələr zərərsizləşdirildi,
dövlət çevrilişi cəhdlərinin
və terror aktlarının
qarşısı alındı. Bununla da respublika ərazisində
sabit, normal həyat
bərqərar oldu. Heydər Əliyevin həyatı
və fəaliyyəti öz vətəninə,
xalqına məhəbbətin təkrarsız təcəssümü,
millətə xidmətin nümunəsi kimi
daim yaşayacaq. Biz bu gün böyük
iftixar, qürur hissi ilə qeyd edirik ki, müstəqil Azərbaycan
dövləti ulu öndərimizin şah əsəridir, onun
öz xalqı qarşısında əvəzsiz
tarixi xidmətidir. Ümummilli
liderimizin bir kəlamı
hər bir qiymətləndirmədə meyar olmalıdır: “Heç
vaxt fikirləşməyin ki,
Vətən sizə nə verib. Həmişə
öz-özünüzdən soruşun ki, siz Vətən üçün nə etmisiniz?”
Fakt
budur ki, Heydər Əliyev bütün fəal həyatı
boyu belə bir məfkurə ilə yaşadı, Vətəni,
xalqı üçün nə mümkündürsə etdi,
müstəqil Azərbaycan dövlətini qurdu. O,
çıxışlarının birində demişdir:
“Azərbaycan xalqının tarixi nailiyyəti
olan Azərbaycan Respublikasının
dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi
özüm üçün
ən əsas vəzifələrdən biri
hesab edirəm. Heç
kəsin şübhəsi olmasın ki, ömrümün bundan
sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan
Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə
həsr edəcəyəm. Azərbaycan Respublikası bundan sonra da
onun başına nə gəlirsə-gəlsin,
müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin
tərkibinə daxil olmayacaq,
heç bir dövlətin
əsarəti altına düşməyəcək”.
Heydər Əliyev respublikamızın davamlı inkişafı istiqamətində böyük islahatlara başladı və bu islahatları uğurla həyata keçirdi. 1994-cü ilin sentyabr ayının 20-də dünyanın aparıcı ölkələrinin böyük neft şirkətləri ilə “Əsrin müqaviləsi”nin imzalanmasına nail olmaqla Azərbaycanın bugünkü və gələcək uğurlarının möhkəm bünövrəsini qoydu. Milli neft strategiyası və Qədim İpək Yolunun bərpası konsepsiyası ulu öndərimizin yalnız öz xalqı üçün deyil, həm də onun bəşəri xidmətlərindəndir.
(ardı var)
Varaşil MƏMMƏDOV,
əməkdar
müəllim
Xalq qəzeti.- 2013.- 7 aprel.- S. 3.