Gənclərə örnək şərəfli ömür

 

Elə insanlar var ki, onlar fəaliyyəti ilə yaşadığı dövrdə cəmiyyətin parlaq bir simasına çevrilirlər.  Dünyasını dəyişəndən sonra onların  cəmiyyətdə yeri görünür. Belə insanların biri haqqında yazmağa qərar verəndə istər - istəməz arxivin saralmış sənədlərini qaldırmalı oldum. Ötən əsrin 70 - 80 - ci illərində SSRİ Elektrotexnika Sənayesi Nazirliyi rəhbərliyinin dəfələrlə Hikmət Əliağa oğlu Babayev haqqında Azərbaycana göndərdiyi məktub və teleqramlar dediklərimi bir daha təsdiq edirdi.

  1988 - ci il aprel ayının 19 - da nazirlik Azərbaycandakı eyniadlı nazirliyin ən böyük müəssisəsi olan Mərkəzi Elektriktökmə Zavodunun direktoru Hikmət Babayevə göndərdiyi məktubunda yazırdı:

“Çoxillik məhsuldar fəaliyyətinə, müəssisədə yaratdığı nizam - intizam, işgüzarlıq ruhu, işçilərin rifahı, istehsalın inkişafındakı ixtira və səmərələşdirici təkliflərinə və müəssisəni ümumittifaq miqyasda nümunəvi cərgəyə çıxardığına görə H. Ə. Babayevə nazirliyin Fəxri fərmanı təqdim edilsin.”

Doğrusu, bacarıqlı mütəxəssis, səriştəli rəhbər Mərkəzi Elektriktökmə Zavodunun  20 il fasiləsiz direktoru olmuş Hikmət Babayev haqqında bu ifadələri böyük qürurla oxudum.  Həmsöhbətimiz, Neft Akademiyasının baş müəllimi Səadət Babayevanın mərhum həyat yoldaşı ilə bağlı xatirələrini çözərkən qısa vaxt ərzində onunla bağlı nə varsa hamısını çatdırmaq istəyi heç də nəzərimdən yayınmadı. Lakin bir detal Hikmət müəllimin öz peşəsinin fədaisi olmasını qeyd - şərtsiz isbat edirdi. Səadət xanım söylədi ki, səhhəti ilə bağlı Hikmət müəllim istefa ərizəsini Nazirlər Kabinetinə təqdim edəndə bir ilə yaxın müddətdə onun ərizəsinə qol çəkilmədi.  Gözləyirdilər ki, bu bacarıqlı direktor sağalıb yenidən işlədiyi müəssisəyə dönəcək. Onun böyrək çatışmazlığı problemi var idi. Mən onu Moskvaya apardım. Mənsub olduqları nazirliyin xəstəxanalarını bir - bir gəzdik, lakin təəssüf ki, bütün əzab - əziyyətlərimiz boşa getdi. Mən hətta öz böyrəyimi ona verməyə razılıq vermişdim. Zalım fələk yarıda qoydu hər şeyi. Söz verdiyim kimi Hikməti sağaldıb övladlarına və onun kollektivinə çatdıra bilmədim...     Heç yadımdan çıxmaz, ömrünün son günlərində belə bir hadisə olmuşdu:

Xəstə olarkən kollektivindən bir qrup işçi ona baş çəkməyə gəlmişdi. Müəssisənin vəziyyəti haqqında soruşanda sex rəislərindən biri dedi ki, Hikmət müəllim, keçmiş şöhrətimizdən təkcə xarab olmuş avadanlıqlar qalıb. Bu zaman o, əlləri ilə başını tutdu və göz yaşları sakitcə yanağına süzüldü.

Doğrusu, xanımının söylədiyi bu kiçik  xatirə əslində   rəhbəri olduğu müəssisəyə can yanğısı ilə yanaşan bir insanın əsl portret cizgisi idi. Hikmət Babayevin ömür yoluna nəzər salarkən onun necə şərəfli, gənclərə örnək olası həyatı gözlərimiz önündə canlanır. 

Adlı - sanlı mühəndis, metallurgiya üzrə görkəmli mütəxəssis Hikmət Babayev  1938 - ci ildə Salyan şəhərində qulluqçu ailəsində anadan olmuşdu. Salyan şəhərində orta məktəbi bitirdikdən sonra M. Əzizbəyov adına Azrbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Neft Akademiyası) mexanika fakültəsinə daxil olmuş, ali təhsil ala-ala Mərkəzi Elektriktökmə Zavodunda   işləməyə başlamışdır. Bu zavod o dövrdə yenicə qurulurdu. İlk gündən burada o, usta vəzifəsində çalışmış, sonradan baş usta, sex rəisi və 1967 - ci ildə baş mühəndis olmuşdur. Bacarıqlı mütəxəssis kimi vəzifə tramplinini uğurla aşan Hikmət Babayev yeni texnologiyanın tətbiqinə, istehsalat fəaliyyətinin tənzimlənməsinə ciddi səy göstərmiş, elektik məmulatlarının texnoloji proseslərə uyğun istehsal olunması üçün var qüvvəsini sərf etmişdir. 1980 - ci ildə işgüzarlığı və təcrübəsi nəzərə alınaraq o, Mərkəzi  Elektriktökmə Zavodunun direktoru vəzifəsinə təyin edilmişdir. Bu vəzifədə fasiləsiz olaraq 20 il, yəni ömrünün sonuna qədər işləmişdir. H. Babayev təcrübəli, nəzəri cəhətdən hazırlıqlı əsl elm fədaisi idi. O, çoxsaylı ixtiralar, səmərələşdirici təkliflər müəllifi kimi yeni texnika və texnologiyanın geniş tətbiq olunması üçün var qüvvəsini sərf etmiş, bu sahənin inkişafına diqqəti, təşəbbüskarlığı və fəallığı ilə təkcə respublikada deyil, keçmiş ittifaqda böyük nüfuz qazanmışdır. Mövcud vəziyyətlə əlaqədar yaranmış iqtisadi çətinliklərə baxmayaraq kollektivin şərəfini, əmək qanunçuluğunu həmişə uca tutmuş və zavod əməkçiləri arasında ruh düşkünlüyü yaranmasına imkan verməmişdir. Onun rəhbər kimi  gözəl xüsusiyyətlərindən biri də kollektiv üzvlərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına səy göstərməsi idi. Bu xeyirxahlığı özünün ən başlıca mənəvi borcu sayır, kollektiv üzvlərinin  problemlərini öz problemi hesab edirdi. İctimai mənafeyi hər şeydən üstün tuturdu.

  Son illərin çətinlikləri, ictimai - siyasi problemlər onu daim narahat edir və bütün bunlar səhhətinə  təsir göstərirdi. Həmişə haqq, ədalət, düzgünlük tərəfdarı kimi düşünər və bu müqəddəs amalla yaşayardı. Ümumittifaq əhəmiyyətli zavoda rəhbərlik edərkən, onun xidmətlərindən biriistehsal mexanizmini təkmilləşdirərək, zavodu sahə strukturlarından ayırıb Mərkəzi Elektriktökmə zavoduna çevirməsi idi. Yüksək istehsalat nailiyyətlərinə görə zavod 3 dəfə dalbadal Azərbaycan KP MK - nın, Respublika Nazirlər Sovetinin və Azərbaycan Həmkarlar İttifaqı Şurasının  Keçici Qırmızı Bayrağına layiq görülmüş, Fəxri fərmanla təltif edilmişdi.

1982 - ci ildə SSRİ elektrotexnika sənayesi naziri A. İ. Mayorets onun direktor işlədiyi müəssisəyə gələrək Azərbaycan KP MK -nın katibi Həsən Həsənovla və Mərkəzi Komitənin şöbə müdiri Artur Rəsizadə ilə birlikdə yenidənqurma və texniki təchizat proseslərinə və köməkçi sexlər üçün inşa ediləcək korpuslara baxmış, Yeni  avtomat xəttin bazasında hazır məhsulların keyfiyyəti ilə tanış olmuşdur.

1986 - cı ildə “Şərəf nişanı”, 1987 - ci ildə Qırmızı Əmək Bayrağı ordeni, yubiley və digər medallarla təltif olunan Hikmət  Babayevin səmərələşdirici təkliflərinin - müəlliflik şəhadətnamələrinin sayı - hesabı yoxdur.   Hikmət BabayevRamiz Zadəyev (Bakı Poladtökmə və Baku Steel Company zavodlarının sabiq mərhum direktoru) kimi ağır sənaye azmanlarının rəhbərliyi ilə müəssisənin şöhrəti ildən-ilə artaraq  ümumittifaq miqyasında yüksək istehsal göstəricilərinə malik bir zavod kimi şöhrət tapmışdı. Çox təəssüf ki,belə bir istehsal nəhəngi bu gün tənəzzüldədir...

Yüksək idarəçilik və rəhbərlik bacarığına malik olan Hikmət Babayev həm də səmimi və qayğıkeş ailə başçısı idi. Səadət xanımın kövrələrək ömür - gün yoldaşı haqqında belə fəxr və qürurla danışmağı onun əsl Azərbaycan xanımı, anası, qadını obrazını yaradırdı.

Amansız ölüm 2001 - ci il mayın 22-də həssas, xeyirxah, azadlıqsevər insanı, gözəl mütəxəssis və tələbkar istehsalat rəhbərini aramızdan aparsa da, ailəsində yolunu və ənənəsini şərəflə davam etdirən bir oğlu və bir qızı onun ömür çırağını yandırırlar. Bütün şüurlu həyatını və fəaliyyətini xalqa və Vətəninə həsr etmiş Hikmət Babayev yaşasaydı, bu günlərdə onun 75 yaşı tamam olacaqdı. Səd heyif ki, indi bu gözəl insanın təkcə xatirəsi onu tanıyanların qəlbində xeyirxahmüdrik insan kimi əbədi olaraq yaşayır. Bu o deməkdir ki, Hikmət Babayev cəmiyyət tərəfindən rəhmətlə və rəğbətlə anılan  ömrünü hədər yaşamamışdır.

 

 

 M.FƏRZƏLİYEVA,

 Yazıçılar və Jurnalistlər birliklərinin üzvü

 

Xalq qəzeti.- 2013.- 14 aprel.- S. 10.