Heydər Əliyevin hüquq islahatları Azərbaycan polisini yeni inkişaf mərhələsinə qaldırmışdır

 

 Azərbaycan polisi yüz illik ağır və şərəfli bir inkişaf yolu keçmişdir. 1918-ci il iyulun 2-də yaradılmış polis orqanlarımızın Şərqin ilk demokratik dövləti olan Azərbaycan Demokratik Respublikasının ərazi bütövlüyünün, vətəndaşlarının əmin-amanlığının qorunmasında, erməni təcavüzünün dəf olunmasında, həqiqətən böyük xidmətləri olmuşdur.

ADR-in süqutundan sonra SSRİ tərkibində olan Azərbaycan milisi bu cəmiyyətin yaşadığı bütün problemlərin həllində, cinayətkarlıqla mübarizədə, ictimai asayişin qorunmasında, xüsusən, faşist Almaniyasına qarşı qanlı müharibədə misilsiz fədakarlıq və qəhrəmanlıq göstərmişdir. Ümumilli liderimiz Heydər Əliyevin Azərbaycana birinci  rəhbərliyi dövründə — 1969 - 1982-ci illərdə respublikanın daxili işlər orqanları SSRİ-nin müvafiq strukturunun tərkibində olsa da, milli mentalitetə uyğun formalaşdırılırdı. Ulu öndər uca təfəkkürünün zirvəsindən Azərbaycanın gələcək müstəqilliyini görərək, respublikanın iqtisadi bazasını yaratdığı kimi, müstəqil dövlətə xas olan bütün institutların, o cümlədən daxili işlər orqanlarının milli kadr potensialının formalaşdırılmasının qayğısına qalırdı.

Azərbaycan ikinci dəfə öz dövlət müstəqilliyini əldə etdikdən sonra çox böyük çətinliklərlə üzləşmişdi. Hər imkanlı adam bir silahlı dəstə yaradırdı, hər silahlı dəstəsi olan hakimiyyətə gəlmək iddiası ilə yaşayırdı. Ölkə daxilində qızışan hakimiyyət mübarizəsi, bu mübarizənin körüyü ilə alovlanan xaos və anarxiya respublikanı vətəndaş müharibəsinə sürükləyirdi. Xarici qüvvələrin dəstəklədiyi Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun acı nəticələri vəziyyəti daha da çətinləşdirirdi. Həmin dövrdə bütün bu çətinliklərin əsas yükü məhz ulu öndər Heydər Əliyevin birinci rəhbərliyi dövründə formalaşmış Azərbaycan polisinin üzərinə düşürdü:  Qarabağ müharibəsi, dövlət çevrilişi cəhdləri, keçid dövrünün, kriminal durumun problemləri... Müharibənin ilk illərində Azərbaycanın nizami ordusu yox idi, ona görə də ön cəbhədə torpaq uğrunda polis vuruşurdu, şəhidlər verirdi. Ulu öndər Azərbaycan polisinin bu dövrdəki fədakar xidmətlərini çox yüksək qiymətləndirmişdir: “Azərbaycan polisi şanlı bir tarix keçibdir. Xüsusən, 1988-ci il hadisələri başlanandan sonra, Qarabağ müharibəsində Azərbaycan polisinin 932 nəfər əməkdaşı şəhid, 681 nəfəri isə əlil olubdur. Eyni zamanda, 67 nəfər polis əməkdaşı Milli Qəhrəman adına layiq görülübdür. Bu, böyük rəşadət, qəhrəmanlıq və dövlətçiliyə sədaqət nümunəsidir”.

 Belə ağır bir zamanda, dövlətçilik, müstəqillik təhlükə altında qalanda xalqın ziyalıları ümummilli lider Heydər Əliyevə müraciət etdi, hakimiyyətə gəlməyi, dövləti və milləti xilas etməyi xahiş etdi. Azərbaycan xalqı öz ziyalılarının səsinə səs verdi, öz dahi oğlunun hakimiyyətə qayıtmasını tələb etdi. Ümummilli lider 1993-cü ilin iyun ayında xalqın tələbi ilə hakimiyyətə qayıtdı və özünün müqəddəs xilaskarlıq missiyasını həyata keçirməyə başladı. Qısa bir zamanda dahi rəhbərin siyasi iradəsi və xalqın dəstəyi sayəsində ölkədə ictimai-siyasi sabitlik bərqərar olundu, Ermənistan - Azərbaycan müharibəsində atəşkəs elan edildi və iqtisadi inkişafımızın əsası olan “Əsrin müqaviləsi” imzalandı. Dövlət və ordu quruculuğu ilə məşğul olmaq, iqtisadi və siyasi islahatlara başlamaq üçün vaxt və imkan yarandı.

 Ulu öndərin 1994-cü il avqustun 9-da imzaladığı “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” fərman mütəşəkkil cinayətkarlıqla mübarizənin təşkilati-hüquqi bazasının inkişafına, bu sahədəki uğurlara təkan verdi. Məhz Heydər Əliyevin rəhbərliyi və şəxsi nəzarəti altında görülən tədbirlər sayəsində əllərdə olan on minlərlə qanunsuz odlu silah və sursat yığıldı, qanunsuz silahlı birləşmələr ləğv edildi, hakimiyyət orqanlarına meydan oxuyan yüzlərlə cinayətkar dəstə zərərsizləşdirildi, qısa müddətdə cinayətkarlığın dinamikasında müsbət təmayüllər müşahidə olunmağa başladı. O dövrün cinayətkarlığının statistikası baş verən müsbət dəyişiklikləri tam aydınlığı ilə əks etdirir. 1992-ci illə müqayisədə  ölkədə qeydə alınan cinayətlərin açılması 61 faizdən 2002-ci ildə 83 faizə yüksəldi. Bu illərdə daxili işlər orqanları müstəqil dövlətin qurulmasının və sosial rifahın vacib şərti olan ictimai-siyasi sabitliyin təminatçılarından birinə çevrildi, dövlətçilik dəyərlərini hər şeydən üstün tutan, ən ali məqsədi vətənə xidmət etmək olan və Heydər Əliyev məktəbini keçmiş peşəkar hüquq mühafizə orqanı kimi  formalaşdı.

Ümummilli lider daxili işlər orqanları əməkdaşları qarşısında üç tələb qoymuşdu: intellektual səviyyəni yüksəltmək və peşəkarlığın dünya standartları səviyyəsinə çatdırılmasına nail olmaq, dünyanın ən qabaqcıl ölkələrinin müvafiq orqanlarının istifadə etdiyi ən müasir texnologiyalara yiyələnmək və nəhayət, Vətənə, dövlətə sadiq olmaq. Azərbaycanın daxili işlər orqanlarının müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər  Əliyevin bu siyasi kursunu uğurla icra etməsi dövlətin bütün strukturlarında olduğu kimi, polis orqanlarında da yeniləşmənin, modernləşmənin, beynəlxalq standartlar səviyyəsinə yüksəlişin əsasını qoydu. Sonrakı illərdə DİN sistemində islahatlar aparılaraq yeni struktur qurumlar yaradıldı, şəxsi heyətin sosial müdafiəsinə yönələn tədbirlər görüldü. 1996 - 2002-ci illərdə vəzifə və rütbəyə görə maaşların artırılması ilə bağlı beş sərəncam imzalandı, dövlətçiliyin qorunmasında,  cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsində xüsusi xidmətlərinə, göstərdikləri igidlik və xidməti borca sədaqətə görə yüzlərlə əməkdaş və hərbi qulluqçu yüksək dövlət mükafatlarına, habelə ali xüsusi rütbələrə layiq görüldü.

Azərbaycanda müəllifi ulu öndər Heydər Əliyev olan, dövlətin inkişafına və xalqın rifahına əsaslanan mütərəqqi siyasət kursu indi möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Artıq ümummilli liderimizin bəyan etdiyi strateji hədəflər, qarşıya qoyduğu vəzifələr reallığa çevrilmişdir. Azərbaycan 2009-cu ildə iqtisadi keçid dövrünü başa çatdırmışdır və hazırda dünyanın müasir və inkişaf etmiş ölkələri ilə müqayisə olunan səviyyəyə çatmışdır. Son 10 ildə, dünya ölkələri maliyyə böhranından əziyyət çəksə də, dövlətimiz iqtisadiyyatı şaxələndirməyə, ümumi daxili məhsulu 300 faiz artırmağa, ən əsası, iqtisadiyyatın qeyri-neft sektorunu 2,4 dəfə yüksəltməyə nail olmuşdur. Ötən müddətdə ölkəmizin strateji valyuta ehtiyatları 30 dəfəyə yaxın çoxalaraq 46 milyard dolları ötmüşdür. Yoxsulluğun səviyyəsinin 49 faizdən 6 faizə, işsizliyin isə 5,2 faizə endirilməsi isə, haqlı olaraq, həyata keçirilən sosial siyasətin ən böyük uğuru hesab edilir. Respublikanın şəhər və rayonları, qəsəbə və kəndləri tanınmaz dərəcədə dəyişmiş və müasirləşmiş, sosial problemlər öz həllini tapmış, xalqın rifahı yüksəlmişdir.

Məlum olduğu kimi, Azərbaycanın dünyaya siyasi, iqtisadi, mədəni inteqrasiyası Prezident İlham Əliyevin əsas prioritetlərindən biridir. Möhtərəm Prezident dəfələrlə bəyan etmişdir ki, dünyada yaxşı nə varsa, öyrənilməli, Azərbaycana gətirilməli, tətbiq edilməlidir. Bu, dünyaya inteqrasiyanın formalarından biridir. Prezident İlham Əliyevin tövsiyə və göstərişlərini gündəlik fəaliyyətində əsas tutan Azərbaycan polisi dünyanın inkişaf etmiş ölkələrindəki həmkarları ilə geniş əlaqələr qurur, təcrübə mübadiləsi aparır. Onların qabaqcıl təcrübəsini öyrənir və özünün fəaliyyəti, nailiyyətləri ilə onları tanış edir. İndi Azərbaycan polisi, bir vaxtlar yalnız xarici filmlərdə gördüyümüz, qabaqcıl dünya ölkələrinin polislərinin istifadə etdiyi müasir texnika və avtomobillərlə, silah-sursat, rabitə vasitələri, elektron avadanlıqlarla təmin edilmişdir. Daxili işlər orqanlarına qəbul müsabiqə əsasında, tam şəffaflıqla həyata keçirilir, polisə yalnız ən yaxşılar qəbul edilir. Respublikada polisin iş şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilir, polis idarələri və şöbələri üçün onlarla yeni inzibati binalar tikilir və istifadəyə verilir. Təbii ki, bütün bunlar Azərbaycan polisinin öz xidməti vəzifələrini yüksək səviyyədə həyata keçirməsinə, ölkədə təhlükəsizliyin tam təmin olunmasına, ictimai asayişin, vətəndaşlarımızın konstitusion hüquqlarının fədakarlıqla qorunmasına öz müsbət təsirini göstərir. Ötən ilin nəticələrinə qısa bir nəzər salsaq,  bunu daha aydın və konkret görə bilərik.

Azərbaycan cinayətkarlıqla mübarizənin nəticələrinə görə 2012-ci ildə də MDB və Şərqi Avropa məkanında tutduğu öncül mövqeyi qoruyub saxlamış, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı azalaraq 266-dan 236-ya enmişdir. İl ərzində qeydə alınmış 21.897 cinayətin 86,2 faizinin açılması təmin edilmişdir. Bunların 88 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 12 faizini ağır və xüsusilə ağır növlər təşkil etmişdir. Prokurorluq orqanları ilə birgə, keçmiş illərdən bağlı qalmış 379, o cümlədən 81 ağır və xüsusilə ağır cinayətin açılması təmin edilmişdir.

 Cinayətlərin profilaktikasında, hüquqazidd əməllərə məruz qalmış şəxslərin həyat və sağlamlığının müdafiəsində, bu sahədə operativ tədbirlərin görülməsində müasir texniki vasitələrin və informasiya texnologiyalarının da böyük rolu olmuşdur. Təkcə “102” xidmətinə daxil olan məlumatlar əsasında 8502 hüquqazidd əməlin qarşısı alınmış, 2051 cinayət işi başlanmışdır. “Təhlükəsiz şəhər” xidmətinin texniki imkanları sayəsində 61 cinayət açılmış, 6656 yol-nəqliyyat qəzası, piyadaların vurulması ilə nəticələnən 111 hadisə aşkarlanmış, axtarışda olan 66 avtomobil saxlanılmışdır. Vahid məlumat-axtarış sistemi vasitəsilə məhkumluq, təqsirləndirilən şəxslər, avtonəqliyyat vasitələri, odlu silahlar və s. haqqında 455 minə yaxın sorğu cavablandırılmış, axtarılan 875 şəxs müəyyən edilmişdir.

 Mütəşəkkil cinayətkarlığa qarşı aparılan mübarizə də sistemli xarakter daşımış, həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri ilə 649 ağır və xüsusilə ağır cinayət, o cümlədən 15 qəsdən adam öldürmə, 61 quldurluq və 56 soyğunçuluq törətmiş 564 nəfərdən ibarət 200 cinayətkar qrup və dəstə zərərsizləşdirilmişdir. Əllərdə saxlanılan 713 odlu silah və 35 minə yaxın patron götürülmüş, qanunsuz olaraq odlu silah saxlama və daşıma cinayətlərinə görə 100 nəfər məsuliyyətə cəlb olunmuşdur. Nəticədə odlu silahla törədilən cinayətlərin sayı 57 fakt təşkil etməklə 2011-ci illə müqayisədə 22 faiz azalmışdır. Dövlətin iqtisadi təhlükəsizliyinin qorunması sahəsində həyata keçirilən əməliyyat tədbirləri nəticəsində 12 saxta pul hazırlama və satma cinayəti aşkarlanaraq qeyri-leqal dövriyyədən ümumi məbləği 270 min manat olan 3011 ədəd saxta əskinas çıxarılmışdır.

 Transmilli mütəşəkkil cinayətlərdən olan narkotraffikə və insan alverinə qarşı mübarizədə həyata keçirilən tədbirlər də məqsədyönlü olmuşdur. Narkotiklərlə əlaqədar 2453 cinayət, o cümlədən satışı ilə bağlı 713 fakt aşkarlanmış, 126 nəfərdən ibarət 51 cinayətkar qrup və dəstə zərərsizləşdirilmişdir. Qanunsuz dövriyyədən 596 kiloqram narkotik vasitə və 50 kiloqram prekursor çıxarılmış, 54,9 kiloqram narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınmışdır. İnsan alverinə qarşı Milli Fəaliyyət Planı əsasında həyata keçirilən əməliyyat tədbirləri ilə 29 faiz çox, yəni 89 cinayət faktı müəyyən olunaraq 22 nəfər məsuliyyətə cəlb edilmiş, 8 cinayətkar qrup zərərsizləşdirilmişdir.

 Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev Azərbaycan polisinin peşəkarlıq səviyyəsini, texniki təhcizatını diqqətdə saxladığı kimi, sosial rifahını da diqqətdə saxlayır. Daxili işlər orqanları əməkdaşlarının maaşlarının mütəmadi olaraq artırılması, öz əməyi, nümunəvi xidməti ilə seçilənlərin irəli çəkilməsi, mükafatlandırılması, təltif olunması, xüsusi rütbələr alması bu ali diqqətin, qayğının nəticəsidir.  Azərbaycan Prezidentinin 90 illik yubiley münasibətilə daxili işlər orqanlarına göndərdiyi təbrikdə deyilirdi: “Bu gün Azərbaycan polisi inkişaf və yeniləşmə mərhələsini yaşayır. Müasir dövrün çağırışlarına cavab olaraq aparılan islahatlar nəticəsində onun üzərinə qoyulan vəzifələrin dairəsi genişlənir. Cinayətlərin qarşısının alınması ilə yanaşı, insan hüquq və azadlıqlarının qorunması daxili işlər orqanlarının prioritetlərindən birinə çevrilir. Polis orqanlarının fəaliyyətini təkmilləşdirmək, iş keyfiyyətini, peşə hazırlığını və bilik səviyyəsini artırmaq məqsədilə yeni axtarış və informasiya texnologiyaları ilə təmini, maddi-texniki bazanın ən müasir tələblər səviyyəsinə çatdırılması və şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində lazımi tədbirlər görülür. Polisin inkişafına dövlət qayğısı bundan sonra da davam edəcəkdir”.

Hazırda Azərbaycan sürətli iqtisadi inkişafla yanaşı, cinayətkarlığın aşağı səviyyəsi, təhlükəsizliyin etibarlı təmin olunması və insan haqlarının  qorunması sahələrində də beynəlxalq aləmin diqqət mərkəzindədir. Avropa və dünya əhəmiyyətli tədbirlər respublikamızda həyata keçirilir, artıq Davos iqtisadi forumu paytaxt Bakıda keçirilir və Avropa Olimpiya oyunları gözlənilir. Bütün bunlar, sürətli iqtisadi inkişafın və nümunəvi ictimai-siyasi sabitliyin nəticəsində yaranmış, yüksək səviyyəli qonaqların gəlişi , beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi ilə əlamətdar olan  yeni  durum Azərbaycan polisinin üzərinə yeni vəzifələr qoyur. Azərbaycan polisi də dövlətin diqqət və qayğısı sayəsində sürətlə inkişaf edir, həm peşəkarlıq, həm texniki təhcizat, həm də mənəvi tələbat baxımından müasir standarlara cavab verəcək səviyyəyə yüksəlir və öz xidməti vəzifələrinin öhdəsindən layiqincə gəlir. Daxili işlər orqanlarında aparılmış struktur dəyişiklikləri, yeni xidmət sahələrinin açılması, müasir tələblərə cavab verən mükəmməl kadr potensialının yaradılması, texniki təhcizatın və iş şəraitinin yaxşılaşdırılması sözün əsl mənasında, fəxr etməli nailiyyətlərdir.

Azərbaycan Prezidenti İlham Əliyev bu nailiyyətləri yüksək qiymətləndirməklə yanaşı, daxili işlər orqanlarının qarşısına yeni vəzifələr qoymuşdur: “Polis həm qətiyyətli olmalıdır, cinayətkarlara qarşı barışmaz, sərt olmalıdır, eyni zamanda insanlara qarşı çox mədəni, mülayim olmalıdır, kobudluğa yol verməməlidir. Çünki biz hamımız - dövlət işində işləyən insanlar xalqa xidmət edirik. Bizi ona görə seçirlər, ona görə etibar edirlər ki, biz öz tərəfimizdən qərarların qəbul olunması ilə, öz xidmətimizlə, öz nümunəmizlə xalqa xeyir gətirək...”

 

 

Qalib ARİF

 

Xalq qəzeti.- 2013.- 16 aprel.- S. 8.