Binəqədi rayonunda “Heydər Əliyev və azərbaycançılıq ideologiyası” mövzusunda elmi-praktik konfrans

 

Binəqədi Rayon İcra Hakimiyyəti Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu ilə birgə “Heydər Əliyev və azərbaycançılıq ideologiyası” mövzusunda elmi-praktik konfrans keçirmişdir.

Heydər Əliyev muzey-lektoriyası ilə tanışlıqla başlayan konfransda rayon icra hakimiyyəti başçısının müavini Vüsal İsmayılov çıxışında demişdir ki, azərbaycançılıq ideyasının təbliği və formalaşması dünya azərbaycanlıları arasında milli həmrəyliyin əsasını təşkil edir. Heydər Əliyevin bu istiqamətdəki siyasəti danılmaz və əvəzolunmazdır. O, həmişə xarici ölkələrə gedəndə Azərbaycan icmaları ilə görüşməyə də vaxt tapırdı. Dahi öndər bunu çox önəmli hesab edir, bizi bir ideya-azərbaycançılıq ideologiyası ətrafında birləşdirməyə çalışırdı. Həmişə bunun vacib olduğunu söyləyirdi. Həmçinin bildirirdi ki, kim harada yaşamasından asılı olmayaraq öz ana dilini unutmamalıdır. Bunu xüsusi qeyd etməliyik ki, Heydər Əliyevin sayəsində Azərbaycan diasporu mütəşəkkil formaya düşmüş və milli həmrəylik yaranmışdır.

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Milli Məclisin deputatı Nizami Cəfərov, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutun rektoru, professor Asəf Zamanov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Nizaməddin Şəmsizadə qeyd etmişlər ki, Heydər Əliyev nəinki müstəqil Azərbaycan dövlətinin yaradılması konsepsiyasını həyata keçirmiş, eyni zamanda, Azərbaycan vətəndaşlarını birləşdirən, xalqımızı beynəlxalq aləmdə vahid amal, əqidə, məqsəd və məram ətrafında səfərbər edən milli təlim-azərbaycançılıq ideologiyasını da yaratmışdır.

Azərbaycançılıq ideyası ölkəmizin müstəqilliyinin bərpası ilə bilavasitə bağlı olmuşdur. 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa edəndən sonra azərbaycançılıq ideyasında yeni istiqamətlər, yeni təşəbbüslər, qayğılar özünü büruzə vermişdir. Bu mənada azərbaycançılıq ideologiyasının inkişafında, bir Heydər Əliyev mərhələsi var. Heydər Əliyev mərhələsində sözügedən ideologiya öz məzmununu bir az da genişləndirmiş,  bir sıra ciddi addımlar atılmışdır.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2013.- 20 aprel.- S. 4.