HEYDƏR ƏLİYEV müstəqil Azərbaycanda hüquqi-demokratik dövlətin yaradıcısıdır

 

Müasir Azərbaycan tarixi dedikdə öncə gözümüz önündə ulu öndər, bütün varlığı ilə xalqına bağlanmış Heydər Əliyevin siması canlanır. O, özünün dediyi kimi, azərbaycanlı olması ilə daim fəxr etmiş, ən yüksək kürsülərdə belə bu məhəbbəti etiraf etmişdir: - “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”.

Ümummilli lider Heydər Əliyev dünya tarixində ən ziddiyyətli yüzilliklərdən biri olan iyirminci əsrdə müasir Azərbaycanın qurucusu zirvəsinə yüksəlmişdir. 40 ildən artıq olan bir dövrdə xalqımızın taleyi Heydər Əliyev şəxsiyyəti ilə, onun quruculuq fəaliyyəti və ölkənin tərəqqisi naminə mübarizəsi ilə bağlıdır. Heydər Əliyev Azərbaycan torpağının xalqımıza bəxş etdiyi ən böyük tarixi  şəxsiyyətdir. O, sovet dövründə Azərbaycanın tarixi inkişaf prosesinə təkan vermiş, müstəqil Azərbaycan dövlətinin memarı kimi dövlətçiliyimizin əsaslarını yaratmışdır.

Ulu öndər Heydər Əliyev təkrarolunmaz, özünəməxsus keyfiyyətlərə malik müstəsna bir dahidir. Azərbaycan tarixinin önəmli bir dövrü - XX əsrin ikinci yarısı — XXI əsrin başlanğıcı onun adı ilə bağlıdır. Xalqın bütün maddi və mənəvi həyat sferasına onun gətirdiyi zənginliklər ölçüyə gəlməzdir. Bu dahi insanın taleyi xalqın taleyi, Azərbaycanın taleyi Heydər Əliyevin taleyi idi. O, xalqın ayrılmaz hissəsi olan əbədi şəxsiyyət idi. Millətin dərdi, ağrısı onun dərdi, xoşbəxtliyi onun xoşbəxtliyi idi.

Heydər Əliyev müdrikcəsinə öz xalqının dilini, tarixini, mədəniyyətini dünyaya tanıtdırdı. O, bilirdi ki, dil də, tarix də, mədəniyyət də millətsiz mövcud ola bilməz. Hər hansı bir milləti yer üzündən izsiz olaraq silmək üçün onun dilini, mədəniyyətini, tarixini əlindən almaq kifayətdir. Həyata keçirdiyi tədbirlərdə böyük öndər bu həqiqətə sadiq qalmış və milli varlığımızı ucaltmağa çalışmışdır. Bu uzaqgörənliyi ilə dahi şəxsiyyət hələ SSRİ tərkibində olan Azərbaycanın 1978-ci ildə qəbul olunan Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunmasına nail olmuşdur. Bu, Heydər Əliyevin milli dəyərlərimizə dərin bağlılığının, əsl vətəndaş qətiyyətinin parlaq təzahürüdür.

Heydər Əliyevin hələ sovet Azərbaycanına rəhbərliyi dövründə həyata keçirdiyi çoxşaxəli fəaliyyəti xalqımızda milli qürur və mənlik şüurunun formalaşmasına, azadlıq, müstəqillik duyğularının baş qaldırmasına gətirib çıxarmışdır. Taleyinə Tanrı tərəfindən yalnız qurmaq və yaratmaq missiyası yazılmış bu böyük insan Azərbaycana rəhbərliyinin ilk günlərindən köklü dəyişikliklərə təşəbbüs göstərdi. Bunun üçün müasir tələblərə cavab verən yeni kadrların hazırlanması işinə önəm verdi. O, kadrları xalqın qızıl fondu sayırdı.

Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən az sonra siyasi böhran yarananda xalqın tələbi ilə xilaskarlıq missiyasını öz üzərinə götürən Heydər Əliyevin müdrikliyi, uzaqgörənliyi, dəmir iradəsi sayəsində ölkəmiz bir çox bəlalardan xilas oldu. Vətəndaş müharibəsinin qarşısı alındı, ayrı-ayrı siyasi qüvvələrə və şəxslərə tabe olan silahlı birləşmələr ləğv edildi, vahid komandanlığa tabe olan ordu yaradıldı.

Ümummilli lider Heydər Əliyevin müstəqil dövlət quruculuğu işində ilk ciddi addımlarından biri “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi tədbirləri haqqında” 9 avqust 1994-cü il tarixli fərmanı idi. Həmin fərman müstəqil dövlət quruluşunun mühafizəsində, insan hüquq və azadlıqlarının qəsdlərdən qorunmasında, cinayətkarlığa qarşı mübarizədə və qanunçuluğun möhkəmləndirilməsində əsaslı dönüş yaratdı.

Azərbaycan Respublikasının 1969-cu ildən başlayan yeni tarixi, müstəqil dövlət kimi ölkəmizin və xalqımızın taleyi, ölkə həyatında əldə edilmiş nailiyyətlər yalnız və yalnız dahi şəxsiyyət Heydər Əliyevin adı və müdrik dövlətçilik siyasəti ilə bağlı olmuşdur. “Azərbaycan tarixinin Heydər Əliyev dövrü” kimi qiymətləndirilən bu zaman kəsiyində ulu öndər tərəfindən görülən böyük işlərin, onun həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyasının məntiqi nəticəsidir ki, bu gün xalqımız müstəqil, demokratik və hüquqi dövlətdə yaşamaq imkanı əldə etmişdir. Ölkə öz xoşbəxt gələcəyini təmin etmək üçün bütün təminatlara, ən başlıcası siyasi və iqtisadi müstəqilliyə nail olmuşdur.

Prezident Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən müdrik dövlətçilik siyasəti nəticəsində Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda böyük işlər görülmüşdür. Ötən illərdə milli dövlətçilik ənənələrinə və beynəlxalq standartlara uyğun köklü hüquq islahatları aparılmışdır. Memarı Heydər Əliyev olan müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi, çoxpartiyalılıq prinsipi əsasında demokratik prezident, parlament və bələdiyyə seçkiləri təcrübəsinin formalaşması tarixi gerçəkliyə çevrilmişdir. Plüralizm, söz və mətbuat azadlığı, siyasi partiyaların və ictimai təşkilatların fəaliyyəti üçün qanunvericilik təminatı olan əlverişli şəraitin yaradılması, demokratik dövlət quruculuğu yolunda atılan mühüm addımlar vətəndaş cəmiyyətinin formalaşması ilə nəticələnmişdir.

Ulu öndər Heydər Əliyevin bir siyasətçi kimi bənzərsizliyi ondan ibarətdir ki, Azərbaycanın çiçəklənməsi yollarını hamıdan yaxşı bilirdi. O, bilirdi ki, dünya təcrübəsinin öyrənilməsi və tətbiqi yalnız o vaxt bəhrə verə bilər ki, inkişafın Azərbaycan yolu tapılmış olsun. Heydər Əliyev respublikamızda quruculuq tədbirlərinə neft strategiyasının yaradılması və həyata keçirilməsi ilə başladı. Yeni neft strategiyası respublikamızdakı indiki iqtisadi inkişafın təməlidir. Dünyada analoqu olmayan “Əsrin müqaviləsi”ndən sonra 19 ölkənin 41 şirkətini əhatə edən 26 neft müqaviləsi ərsəyə gəldi.

Düzgün işlənmiş və müvəffəqiyyətlə həyata keçirilən neft strategiyası, Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi vaxtdan başlayaraq bərqərar olmuş iqtisadi-sosial və siyasi sabitlik bu ölkələrin  Azərbaycana marağını artırmış, xarici investisiyaların güclü axınına şərait yaratmışdır. Əmək qabiliyyətli əhalinin üçdə birini özündə birləşdirən aqrar sahədə islahatların mühüm əhəmiyyətini yetərincə qiymətləndirən dahi siyasətçi bu sfera ilə bağlı da zəruri addımlar atmışdır.

Heydər Əliyev Azərbaycan xalqının malik olduğu potensialı, qabiliyyəti, ali şüuru, milli təfəkkürü  ən  yüksək səviyyədə təcəssüm etdirmişdir. Xalqımız əsrlər boyu qazandığı nailiyyətləri, ali keyfiyyətləri  Heydər Əliyev  epoxasında təkmilləşdirmiş və millət kimi mövcudluğunu, dövlət qurmaq haqqını, özünü idarə etmək bacarığını dünyaya nümayiş etdirmişdir. Dünya ədəbiyyatının korifeyi böyük qırğız yazıçısı Çingiz Aytmatov  Heydər Əliyevi tarixi, həm də əfsanəvi şəxsiyyət adlandırırdı. Heydər Əliyev çağdaş dünyanın siyasi tarixində öz izini qoymuş, adını əbədi olaraq tarixə həkk etmiş böyük şəxsiyyətdir.

Qədim yunan filosofları o kəsləri dahi hesab edirdilər ki, onlar heç kəsin bacarmadığı işi görə bilsinlər. Heydər Əliyev məhz belə dahilərdən idi.

Heydər Əliyev Azərbaycanın adını bir dövlət kimi dünya tarixinə böyük hərflərlə və birdəfəlik yazdı. Heydər Əliyevin qeyri-adi istedadı, dərin zəkası, fenomenal qabiliyyəti, unikal dövlətçilik məharəti dünya nəhəngləri arasında onun yerini müəyyənləşdirirdi. Heydər Əliyev tarixi yaradan şəxsiyyət idi. O, zamanla ayaqlaşan, bəzən də onu qabaqlayan siyasətçilər cərgəsində idi.

Ulu Yaradan ümummilli lider Heydər Əliyevə çox şey vermişdi: fenomen yaddaş, dərin təhlil qabiliyyəti, vətəninə bağlılıq, sadəlik, dözüm, səlis nitq, hətta yaraşıqlı qamət və tarix yaratmaq bacarığı.  Bu gün hər bir azərbaycanlı fəxr edir ki, məhz o, Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanın vətəndaşıdır, onun bütün varlığı ilə sevdiyi bir xalqın övladıdır.

Müstəqil Azərbaycanın Prokurorluğu mövcudluğuna, inkişafına, formalaşıb təşəkkül tapmasına, dövlət hakimiyyəti orqanlarında mövqeyinə görə Prezident Heydər Əliyevə minnətdar olmalıdır. Cinayətkarlığa qarşı mübarizə, hüquq qaydalarının möhkəmlənməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində  prokurorluq  orqanlarının əldə etdiyi bütün uğurlar Heydər Əliyev zəkasının məhsuludur. Ulu öndər xalqımızın əldə etdiyi tarixi nailiyyətlərə üstünlük verərək, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1 oktyabr 1918-ci il qərarı ilə Bakı Dairə Məhkəməsi tərkibində prokurorluq orqanının fəaliyyətə başlanmasını əsas götürərək hər il oktyabrın 1-nin Azərbaycan Respublikası Prokurorluğu işçiləri günü kimi qeyd olunması barədə 17 iyul 1998-ci ildə sərəncam imzalamışdır.

Həmin gün hər bir prokurorluq işçisi fərəh duyur ki, onlar Heydər Əliyev kimi memarı olan gözəl bir ölkədə çalışır. Bütün bacarığı və işgüzarlığını xalqının daha layiqli təmsil olunmasına, qanunların qorunmasına xidmət edir.

Müstəqilliyimizin əbədiliyini və dönməzliyini təmin etmək üçün ulu öndər yeni, dünyəvi qanunlar yaradılması, dövlətimizin daxili və xarici siyasətinin inkişaf istiqamətlərinin nizamlanması, dünyəvi normalara cavab verən qanuni islahatların aparılması üçün baza yaratmışdır.  Onun  rəhbərliyi ilə “Məhkəmələr və hakimlər haqqında”, “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və sair qanunlar qəbul edilmişdir. Ölkəmizdə demokratiyanın yaradıcısı olan Heydər Əliyevin apardığı hüquqi islahatlar nəticəsində Azərbaycanda ədalətli prezident, parlament, bələdiyyə seçkiləri keçirilmişdir. Ölkədə  demokratik seçki qanunları qəbul olunmuş, ölüm hökmü ləğv olunmuş, vətəndaşların Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ təmin olunmuşdur.

Prokurorluq orqanlarının dövlət hakimiyyətinin bir qolu olan məhkəmə hakimiyyəti sisteminə daxil edilməsi, əsas qanunda əlavə və dəyişikliklər aparılaraq Baş Prokurorluğa qanunvericilik təşəbbüsü hüququ verilməsi Heydər Əliyev zəkasının nümunəsidir. Azərbaycan Prokurorluğu dövlətə və xalqa sədaqət rəmzidir. Bütün düşüncəsini və elmini xalqının güzəranının yaxşılaşmasına həsr edən Heydər Əliyevin prokurorluq orqanlarına inanması, güvənməsi sahə işçilərini daha məsuliyyətlə işləməyə sövq etmişdir. Ölkəni və xalqı məhvə aparan qüvvələrin üzə çıxarılaraq cinayət məsuliyyətinə alınmasında, mütəşəkkil cinayətkar dəstələrin vaxtında ləğv edilməsində və bu sistemin xüsusi xidmətləri olmuşdur.

Heydər Əliyev dühasından qüdrət alan Azərbaycan Respublikası beynəlxalq təşkilatlarda nüfuz, hörmət qazandıqca, diqqətəlayiq məsələlərin həllində konkret təkliflərlə çıxış etdikcə qarşılıqlı hüquqi yardımlar barədə daha çox müqavilə və sazişlər bağlanmış, prokurorluq orqanlarının xarici əlaqələri genişlənmişdir. Azərbaycan Respublikası Prokurorluğunun ulu öndərin tövsiyəsi ilə Beynəlxalq Prokurorlar Assosiasiyasına üzv seçilməsi ölkəmizdə beynəlxalq hüquq normalarının düzgün tətbiq edilməsində mühüm rol oynamışdır. Azərbaycan prokurorluğunun demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda mühüm rol oynayan bir dövlət orqanı kimi beynəlxalq aləmdə tanınması da ulu öndərin adı ilə bağlıdır.

Prokurorluq işçilərinin həyatında ən əlamətdar günlərdən biri də 2000-ci ilin aprelində keçirilmiş görüşdə ulu öndərimizin çıxışı olmuşdur. O, prokurorluq əməkdaşlarına yüksək münasibət bildirərək qeyd etmişdir: “Mən prokurorluqda işləyən insanların əksəriyyətini sədaqətli və peşəkar işçi hesab edirəm. Təbii ki, belə adamlara etimad göstərmək, etibar etmək lazımdır”.

Hər yerdə kadrların aparıcı rolunu qeyd edən ulu öndər prokurorluq sistemində də kadrların işə götürülməsində demokratik üsulun həyata keçirilməsi üçün “Prokurorluqda işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi haqqında” 19 iyul 2001-ci ildə fərman imzaladı. Yeni Əsasnamənin tələblərinə uyğun olaraq 2002-ci ildən başlayaraq prokurorluq orqanlarında kadr korpusunun komplektləşdirilməsinin ən demokratik və mütərəqqi vasitəsi kimi qulluğa qəbulun yeni qaydaları tətbiqi olundu. İşə qəbulun TQDK ilə birlikdə tam aşkarlıq şəraitində, şəffaf keçirilməsi kadrların seçilməsində xüsusi rol oynayır.

Ulu öndərin diqqət və qayğısı ilə prokurorluq orqanlarında sağlam iqlim yaradılmış, prokurorluq əməkdaşları mənəvi cəhətdən daha da sağlamlaşdırılmışdır. “Azərbaycan Respublikası Prokurorluq orqanlarında işləyən işçilərin maddi və sosial təminatı haqqında” 8 oktyabr 2002-ci il tarixli sərəncamı ulu öndərin prokurorluq işçilərinə atalıq qayğısının bariz təzahürü olmuşdur.

Azərbaycanda hüquqi dövlətin banisi, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi strateji xəttin onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən müasir dövrün yeni keyfiyyət tələblərinə uyğun səviyyədə uğurla həyata keçirilməsi nəticəsində ölkəmiz misli görünməyən sürətli inkişaf dinamikası əldə edərək regionun lider dövlətinə çevrilmişdir. Bu yüksək inkişafa və böyük uğurlara ulu öndərin hazırladığı, sosial-iqtisadi və ictimai-siyasi həyatın bütün sahələrini əhatə edən demokratik və köklü islahatlar zəmin yaratmışdır.

Zaman keçdikcə, ümummilli lider Heydər Əliyevin gördüyü işlərin möhtəşəmliyi, həyata keçirdiyi qətiyyətli siyasi tədbirlərinin əhəmiyyəti daha aydın görünür. Xalqımız Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi, onun gələcəyə istiqamətləndirilmiş tövsiyələrinin həyata keçirilməsi üçün bütün zəruri işləri görür və ümummilli liderinə dərin hörmətini nümayiş etdirir və Heydər Əliyev ideyalarına sonsuz sədaqət göstərir.

 

 

Dağlar ZEYNALOV,

Sumqayıt şəhər prokuroru,

baş ədliyyə müşaviri

 

Xalq qəzeti.- 2013.- 21 aprel.- S. 4.