“Naxçıvan Open-2013” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilmişdir

 

Aprelin 22-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş “Naxçıvan Open-2013” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilmişdir.

Festivaldan əvvəl Azərbaycanda idmanın, eləcə də şahmatın inkişafından bəhs edən videoçarx nümayiş etdirilmişdir.

Açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Naxçıvan Open-2013” Beynəlxalq Şahmat Festivalının öz işinə başlaması münasibətilə festival iştirakçılarını təbrik edərək demişdir: Azərbaycanda şahmatın inkişafı qədim tarixə malikdir. İdmanın bu növünün inkişafının zəruriliyini əsaslandıran ulu öndər Heydər Əliyev deyirdi: ”Qədim ənənələrə malik olan şahmatın inkişafı əsas məqsədlərdən biridir. Biz şahmatın inkişafına və istedadlı şahmatçıların yetişdirilməsinə bundan sonra da diqqət yetirməliyik".

Ali Məclisin Sədri demişdir: Bu gün həyata keçirilən dövlət siyasəti şahmatın və onun infrastrukturunun daha da inkişaf etdirilməsinə, beynəlxalq səviyyəli şahmatçıların, məşqçilərin və hakimlərin hazırlanmasına yönəldilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il 5 may tarixli sərəncamı ilə “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı” qəbul olunmuşdur. Bütün bunlar ölkəmizdə şahmatın inkişafına, onun maddi-texniki və kadr potensialının gücləndirilməsinə göstərilən qayğının parlaq ifadəsidir.

Yarışların əsl idman mübarizəsi şəraitində keçəcəyinə, idmançıların ölkələrini layiqincə təmsil edəcəklərinə əminliyini bildirən Ali Məclisin sədri onlara qələbə əzmi arzulamış, “Naxçıvan Open-2013” Beynəlxalq Şahmat festivalının təşkilatçılarına təşəkkürünü bildirərək festivalı açıq elan etmişdir.

Mərasimdə çıxış edən Azərbaycan Respublikası Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov bildirmişdir ki, ümummilli liderimizin rəhbərliyi ilə ötən əsrin 70-80-ci illərindən başlayaraq Azərbaycanda şahmatın inkişafına hərtərəfli qayğı göstərilmiş, şahmat populyar və sevilən idman növlərindən birinə çevrilmişdir. Bu gün əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan idmana qayğı siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Naxçıvan Muxtar Respublikasında şahmatın inkişafı üçün güclü maddi-texniki baza yaradıldığını bildirən Elman Rüstəmov “Naxçıvan Open-2013" Beynəlxalq Şahmat festivalının burada keçirilməsinin mühüm əhəmiyyət daşıdığını qeyd etmiş və şahmatın inkişafı sahəsində yaradılan şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə minnətdarlığını bildirmişdir.

Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və beynəlxalq dərəcəli hakim, festivalın baş hakimi Faiq Həsənov çıxış edərək ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında şahmatın inkişafına göstərilən diqqət və qayğıdan danışmış, turnir barədə məlumat vermişlər.

Qeyd olunmuşdur ki, “Naxçıvan Open-2013” Beynəlxalq Şahmat festivalında 16 ölkədən 260-a yaxın şahmatçı iştirak edir. Turnir üç yarımqrupda keçiriləcəkdir. Şahmatçılar şəxsi əmsallarına görə “A”, “B” və “C” qruplarında mübarizə aparacaqlar. İsveçrə sistemi üzrə keçiriləcək beynəlxalq festival 9 turdan ibarət olacaq və mayın 2-də yekunlaşacaq. Yarışda keçmiş dünya və Avropa çempionları, 31 beynəlxalq qrossmeyster, 13 beynəlxalq usta və 5 FİDE ustası iştirak edir. Muxtar respublikanı festivalda 62 şahmatçı təmsil edir.

Sonra festivalın püşkü atılmışdır.

Açılış mərasimində Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestri konsert proqramı ilə çıxış etmişdir.

 

*   *   *

 

Həmin gün Naxçıvan şəhərindəki Şahmat Mərkəzində “Naxçıvan Open-2013” Beynəlxalq Şahmat Festivalı start götürmüşdür.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov muxtar respublikanın şahmat üzrə ilk beynəlxalq usta Talıb Babayevə “Beynəlxalq usta” adının diplomunu və nişanını təqdim etdikdən sonra Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmovla birlikdə turnirin başlanmasını bildirən ilk rəmzi gedişləri etmişlər.

 

 

Xalq qəzeti.- 2013.- 23 aprel.- S. 6.