Nizami rayonu: sosial-iqtisadi inkişaf sürətlənir, quruculuq işləri vüsət alır

 

Dünən Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətində 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş  hesabat yığıncağı keçirildi. Rayonun sənaye, təhsil, səhiyyə, mədəniyyət, xidmət sahələrinin, hüquq-mühafizə orqanlarının, eləcə də ictimaiyyət nümayəndələrinin iştirak etdikləri yığıncağı Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov açaraq Nazirlər Kabinetinin 2013-cü ilin ilk rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyevin proqram xarakterli nitqinin bəzi məqamlarına toxundu.

Rayon icra hakimiyyəti başçısının müavini İldırım Mehdiyev  2013-cü ilin ötən üç ayı  ərzində  rayonun sosial-iqtisadi  inkişafının  yekunları və qarşıda duran vəzifələrə dair hesabat məruzəsi ilə çıxış etdi. Cari ilin ötən dövrünü Azərbaycan Respublikası üçün kifayət qədər uğurlu və yüksək nailiyyətlərlə zəngin bir dövr olduğunu qeyd edən natiq bildirdi ki, aprel ayının 14-də Prezident Sarayında dövlət başçısı cənab İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün  sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında son illər ölkə iqtisadiyyatında müşahidə olunmuş iqtisadi artımın hazırda da davam etməsi müsbət hal kimi qiymətləndirilmişdir. Belə ki, Prezident İlham Əliyev statistik göstəricilər əsasında Azərbaycanda sənaye istehsalının,  qeyri-neft bölməsinin, o cümlədən kənd təsərrüfatının və digər bütün sahələr üzrə istehsalın artdığını qeyd etmiş, ölkədə  sosial  proqramların  uğurla icra olunduğunu vurğulamış, makroiqtisadi vəziyyətin sabit qaldığını diqqətə çatdırmışdır.

Ölkəmizin dinamik inkişafının təmin olunmasında  paytaxtın Nizami rayonunun da yaxından iştirak etdiyini vurğulayan məruzəçi bildirdi ki, cari ilin birinci rübündə rayonun iqtisadi göstəricilərində xeyli artım müşahidə olunmuş, sənaye məhsulunun və bu sahədə göstərilən xidmətlərin  həcmi 106,8 milyon manat təşkil etmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,3 faiz çoxdur. Hesabat dövründə  sənayenin dövlət sektorunda 73 milyon manatlıq və ya ümumi istehsalın 68,4 faizi qədər məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. İstehsal olunmuş sənaye məhsulunun 31,6 faizi isə qeyri-dövlət sektorunun payına düşmüşdür. Qeyd olundu ki, rayon üzrə ötən ilin eyni dövrü ilə müqayisədə qarğıdalı yağı istehsalı 72,5 faiz, spirtli içkilər istehsalı 13,7 faiz, rezin və plastmas məmulatlarının istehsalı 78,2 faiz, beton, gips və sement məmulatlarının   istehsalı 24,4 faiz, mədənçıxarma sənayesi üzrə istehsal isə 78,5 faiz artmışdır. Müəssisələr tərəfindən bazar münasibətlərinin düzgün qurulması nəticəsində cari ilin yanvar-mart aylarında istehlakçılara 108,1 milyon manatlıq məhsul göndərilmişdir. Natiq bildirdi ki, hesabat dövründə daxili imkanlar hesabına yerinə yetirilən podrat işlərinin həcmi 72,5 milyon manat təşkil etmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 19,1 faiz çoxdur. Cari ilin üç ayında rayon iqtisadiyyatının və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş 2,1 milyon manatlıq investisiyanın hamısı  dövlət müəssisələrinin payına düşmüşdür. İlin ilk üç ayı ərzində istifadə edilmiş investisiyaların 0,9 milyon manatı və ya 42,9 faizi  tikinti-quraşdırma işlərinə sərf olunmuşdur. Bütün maliyyə mənbələri hesabına 2,1 milyon manatlıq əsas fondlar istifadəyə verilmişdir.

Məruzəçi qeyd etdi ki, 2013-cü ilin ilk rübündə rayon üzrə əmtəə dövriyyəsi və pullu xidmətlərin səviyyəsi də xeyli yüksəlmiş,  sözügedən sahənin real həcmi 34,7 faiz artaraq 446 milyon manat, əhaliyə göstərilmiş pullu xidmətlərin real həcmi isə 62,8 milyon manat təşkil etmişdir. Hesabat dövründə pərakəndə ticarət dövriyyəsinin 100 faizi, pullu xidmətlərin isə 83,8 faizi özəl müəssisələrin payına düşmüşdür. Pullu xidmətlərin 27,2 milyon manatı hüquqi şəxslər, 35,6 milyon manatı isə fiziki şəxslərin fəaliyyəti hesabına olmuşdur. Bundan əlavə, rayondakı ayrı-ayrı məişət obyektləri tərəfindən ilin ilk üç ayı ərzində əhaliyə 13,6 milyon manatlıq pullu xidmətlər göstərilmişdir.

2013-cü ilin ötən üç ayı ərzində rayon üzrə rabitə xidmətləri sahəsində 16,2 milyon manat, nəqliyyat üzrə isə 13,5 milyon manat dəyərində xidmətlər göstərilmişdir. Məşğulluq strategiyasının həllinə diqqətin getdikcə  artırıldığını bildirən məruzəçi dedi ki, hesabat dövründə rayonda 469 yeni iş yeri yaradılmışdır. Bütövlükdə isə 2003-cü ildən 2013-cü il aprelin 1-dək Nizami rayonunda 21836 yeni iş yeri açılmışdır ki, bunun da hamısı daimidir. Cari ilin yanvar-mart aylarında rayon üzrə orta aylıq əmək haqqının 413,9 manat təşkil etdiyini diqqətə çatdıran məruzəçi ayrı-ayrı sahələr üzrə artımın baş verdiyini bildirdi. Bununla yanaşı, natiq rayon əhalisinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilmiş  tədbirlərdən də geniş bəhs etdi.

2013-cü ilin ötən dövrü ərzində  rayonda elektrik enerjisi, istilik, qaz və içməli su təchizatı ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumat verən İ.Mehdiyev  abadlıq və quruculuq işlərinə də xüsusi diqqət yetirildiyini bildirdi. Natiq, həmçinin rayonun təhsil, səhiyyə, mədəniyyət və idman sahələri üçün də yüksək nailiyyətlərlə zəngin olduğunu diqqətə çatdırdı, bu sahədə əldə olunmuş uğurları sadaladı.

Məruzə ətrafında çıxış edən digər natiqlər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən mühüm işlərdən, sosial və iqtisadi sahələrdə əldə olunmuş uğurlardan söhbət açdılar. Azərbaycanın sosial-iqtisadi inkişafında paytaxtın Nizami rayonunun da mühüm rol oynadığını vurğulayan natiqlər rəhbərlik etdikləri sahələrin işi ilə bağlı hesabat verdilər, il ərzində görüləcək işlərdən bəhs etdilər.

Hesabat yığıncağına yekun vuran Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasında ölkə Prezidenti İlham Əliyevin proqram xarakterli yekun nitqindən irəli gələn vəzifələrin icrası ilə bağlı görüləcək işlərdən, həmçinin  rayonda həllini gözləyən bir sıra məsələlərdən söhbət açdı, bununla bağlı müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verdi.

 Tədbirdə  Milli Məclisin deputatları Sədaqət Vəliyeva və Rasim Musabəyov  iştirak edirdilər.

 

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2013.- 25 aprel.- S. 13.